"Həyatım mənim, kinematoqraf!"
Bu sözləri söyləmiş
ilk professional Azərbaycan kinorejissorunun 100 yaşı tamam olur
II yazı
Səməd Mərdanov 1909-cu ildə Tiflis (indiki
Tbilisi) şəhərində anadan olmuşdur. O, görkəmli kino və teatr xadimi Mustafa Mərdanovun
qardaşıdır. 1935-ci ildə ÜİDKİ-nin
rejissorluq fakültəsini (S.Eyzenşteynin
emalatxanasını) bitirmişdir. S.Mərdanovun institutu bitirməsi
tarixi barədə məlumat müxtəlif mənbələrdə
ayrı-ayrı rəqəmlərlə oxuculara təqdim
olunmuşdur. Məsələn,
"Kommunist" qəzetində (6 avqust 1939-cu il) bu rəqəm
1931-ci il, "Azərbaycan Sovet Ensiklopediyası"nda (1982,
Bakı, VI cild) 1935-ci il, "İstoriya sovetskoqo kino"
fundamental kitabında (1973, Moskva, II cild) 1936-cı il qeyd
olunmuş, 1986 və 1970-ci illərdə Moskvada çapdan
çıxmış "Kinoslovar"larda isə bu barədə
ümumiyyətlə heç bir rəqəm göstərilməmişdir.
Kinorejissor S.Mərdanovun
tələbəlik illəri gah Moskvada parta arxasında, gah da
Bakıda çəkiliş meydançalarında
keçirdi.
"Köçərilər"
tammetrajlı sənədli filmini məhz tələbəlik
dövründə, 1933-cü ildə çəkmişdir. Filmin operatoru B.Pumpyanski, operator
assistenti M.Dadaşov idi. Köçərilərin təsərrüfat
həyatından lirik planda söhbət açan bu kinolentdə
konkret olaraq onların oturaq həyata keçmələri
üçün görülən tədbirlərdən
danışılır. Filmdə respublikamızda yeni kəndlərin,
şəhərlərin salınması, köhnəliklə
yeniliyin mübarizəsi əyani misallarla poetik tərzdə təsvir
olunmuşdur.
Maraqlıdır ki,
tanınmış rus kinorejissoru B.Barnet "Mavi dənizin
sahilində" kinokomediyasının çəkilişinə
başlayanda S.Mərdanov institutu hələ
qurtarmamışdı, sonuncu kursda oxuyurdu. Buna baxmayaraq o, filmə
ikinci rejissor təsdiq olunmuşdu.
1986-cı ildə
"Mavi dənizin sahilində" kinokomediyasının
yaradılmasının 50 illiyi münasibətilə Lənkəranda
Sara adasında keçirdiyimiz yubiley gecəsində Alyoşa
rolunun ifaçısı N.Kryuçkov söhbət zamanı
mənə dedi ki, B.Barnetlə Səmədin bir-birini
yaxşı başa düşmələri,
mehribançılığı bütün çəkiliş
qrupunda işgüzar əhval-rühiyyə yaratmışdı.
Səməd cavan
olmasına baxmayaraq, öz işini yaxşı bilirdi. O, cəsarətli fikirlər irəli
sürürdü, aktyorlarla işləməyi
xoşlayırdı. Onun mənimlə, Yusif rolunun
ifaçısı L.Sverdlinlə və Y.Kuzmina ilə məşqləri
bütün aktyor ansamblında xoş ovqat
yaratmışdı. Bu gün, həmin çəkilişlərdən
neçə illər keçməsinə baxmayaraq, inana
bilmirsən ki, filmdə mənim tərəf-müqabilim Yusifi
azərbaycanlı deyil, bu rolu başqa millətin nümayəndəsi
oynayır, özü də necə oynayır! Filmdə
Sverdlin bir mahnı oxuyur, həmin mahnını ona da, mənə
də Səməd öyrətmişdi. Mahnı belə
başlayırdı:
"Uca
dağlar başında bir sürü qoyun,
Uzaqdan baxmaq ilə mən
necə doyum…"
Nikolay Afanasiyeviç bu
mahnını filmin yubiley gecəsində yadına salıb
avazla elə oxudu ki, hamımız heyran qaldıq. Axı, Rusiyada
yaşayıb-yaratmış görkəmli rus aktyoru azərbaycanca
mahnı oxuyurdu. Özü də 50 il bundan əvvəl
öyrəndiyi xalq mahnısını.
Dünya kinosunun 100
illiyi münasibətilə müxtəlif ölkələrin ən
nüfuzlu kino tənqidçiləri, tarixçiləri və
nəzəriyyəçiləri arasında sorğu
keçirilmişdir. Təsadüfi deyil ki, bu sorğuya əsasən
"Mavi dənizin sahilində" kinokomediyası Bernar
Eyzenşisin (Paris) dünya kinosunun bütün dövrlərinin
ən yaxşı 12 əsərinin adıçəkilən
I siyahısına (kino sənət kimi tarixi inkişafda) daxil
edilmişdir.
Eyni zamanda bu film
sıravi tamaşaçı kimi Naum Kleymanın (Moskva)
bütün dövrlərin ən yaxşı 12 əsərinin
adıçəkilən III siyahısına (sıravi
tamaşaçı kimi) daxil edilmişdir.
Təəssüf ki,
"Kəndlilər" S.Mərdanovun müstəqil
quruluş verdiyi ilk və son bədii film oldu. Buna baxmayaraq, o
elə "Kəndlilər" filmi ilə də adını
Azərbaycan kino tarixinə əbədi yazdı.
Məsələ
burasındadır ki, "Kəndlilər"i çəkmək
S.Mərdanovun planında yox idi. O, C.Məmmədquluzadənin "Ölülər"ini
ekrana çıxarmağa hazırlaşırdı. Hətta
filmin rejissor ssenarisini də yazıb qurtarmışdı.
Özü bununla əlaqədar belə demişdir: "Bir gün kinonun rəhbərləri mənə
dedilər ki, "Ölülər"i bir yana qoyun, XIX əsrin
Azərbaycan və ya Rusiya şəraitində gənclərin
əhvalatları ilə məşğul olmaq vaxtı deyil,
Sovet Azərbaycanının XX ildönümünə
lazım olan film çəkin. Ona görə də mən
"Kəndlilər"i lentə almağı qərarlaşdırdım.
Səmədin məramı,
hər şeydən əvvəl, qabarıq və dolğun
xarakterlər yaratmaq idi. Rejissor aktyorlarla işləməyi sevir və
bacarırdı. Ona görə də "Kəndlilər"də
biz müxtəlif məktəb görmüş və müxtəlif
xarakterli aktyorların vahid və parlaq ansamblı ilə
qarşılaşırıq.
S.Mərdanov 1937-1938-ci
illərdə Bakı Teatr Texnikumunun kino şöbəsində
dərs deyirdi. O, hətta
kino aktyorlarının düzgün və məqsədyönlü
tədrisi ilə əlaqədar proqram da
hazırlamışdı. Kinostudiyada keçirilən
istehsalat müşavirələrinin birində S.Mərdanov
çıxış edib ürək ağrısı ilə
demişdir: "Bizim kino şöbəsinin texnikumda heç
bir hüququ yoxdur. Kinodramaturgiya, bədən tərbiyəsi,
Şərq rəqsləri, qrim yoxdur, optika öyrədilmir,
ixtisas fənlərinə xüsusi diqqət yetirilmir, hər
şey ümumtəhsil fənləri üzərində
qurulur. Fabrikin günahı ondadır ki, tələbələri
təcrübə ilə təmin etmir… Dəfələrlə
məsələ qaldırmışam ki, kino şöbəsində
dərs demək üçün pedaqoqları fabrikdən
çağırmaq lazımdır".
"Kəndlilər" filmi maraqlı rejissor işi ilə də diqqəti cəlb edir.
Təsadüfi deyil ki,
görkəmli rus kinorejissoru M.Romm deyirdi ki, hər dəfə
Azərbaycanın gənc kinematoqrafçılarının
adı çəkiləndə, hər şeydən əvvəl,
Azərbaycan bədii filmlərindən bəzi epizodlar aramla,
öz koloritli nüansları ilə gözümün
qabağından keçir. "Şaxsey-vaxsey"
("Bismillah"), "26-ların qumlu səhrada güllələnməsi
("26 komissar"). "Təyyarədən çadranın
uçması" ("İsmət"), "Barmaqlıqlar
arasından qara çadranın çətinliklə
süzülüb düşməsi" ("Sevil"), "Əlifba"
("Səbuhi"), "Toy-döyüş" ("Kəndlilər")
və başqa epizodları xatırlayanda, həmin mənalı
və özünəməxsus kinematoqrafiyanın əsasını
qoyan sənətkarlar gözlərimin qarşısında canlanırlar.
Bunların arasında həmişə bizim Səmədi
görürəm. Sədini, Hafizi, Füzulini, Xəyyamı əzbər
oxuyan Səməd Mərdanovu…
"Kəndlilər"in
ədəbi ssenarisi zəif olduğuna, həm də bəzi
epizodlar ideoloji baxımdan Moskvanın xoşuna gəlmədiyinə
görə, o bir neçə dəfə, hətta filmin
çəkilişi prosesində dəyişikliklərə məruz
qalmışdır. Məsələn,
"Kəndlilər"in ssenarisi ilə bağlı rəydə
yazılmışdır: "Kəndlilər"in ssenarisinin
təqdim olunmuş 2-ci variantı bizim əvvəlki rəylərimizdə
göstərdiyimiz səhvlərdən hələ də tamam
azad olmamışdır. Belə bir göstərişi
yenidən təkrar etməyimiz lazım gəlir ki, "Kəndlilər"in
ssenarisi (hətta yeni variantda belə) Azərbaycanda kəndli hərəkatını
bədii cəhətdən kifayət qədər dolğun
aça bilmir. Hadisələrin məhdud mənada
göstərilməsi, kəndli hərəkatı rəhbərlərinin
yaddaqalan və parlaq obrazlarının olmaması hələ də
onun başlıca çatışmazlıqlarındandır.
Ssenarinin 2-ci variantında müəlliflər
bir sıra səhvləri aradan qaldırmışlar. Əşyaların
ekspozisiyası yaxşılaşdırılmışdır.
Eldar obrazı indi daha düzgün və həyati təsvir olunur.
Göydəmirin azad edilməsi epizodunda detektiv və ştamp
elementləri çıxarılmışdır. Lakin bu düzəlişlər ssenaridəki
başlıca çatışmazlığı aradan
qaldırmağa, Azərbaycanın sovetləşməsi
uğrunda kəndli inqilabının tarixi kimi belə bir məsul
siyasi mövzunu tələb etdiyimiz bədii səviyyəyə
qaldırmağa kömək etməmişdir. BKİ-nin
rəis müavini (Usiyeviç).10.IV.1937".
Müəlliflərin
qarşısında ssenarinin həddindən artıq siyasiləşdirilməsi
və inqilabiləşdirilməsi, ayrı-ayrı
epizodların yenidən işlənməsi tələbi onunla nəticələndi
ki, əsərin vahid üslubda həll olunmasına mənfi təsir
göstərdi.
Ədəbi ssenariyə
görə film belə başlanmalı idi: Mehmandar bəy,
oğlu, pristav, onun qonaqları-rus zabitləri ovdan
qayıdırlar, hamı sərxoş haldadır. Onların qarşısına
ceyran çıxır. Bəy əmr edir ki, ceyran diri tutulsun.
Eldar cəld tərpənib ceyranı tutur. Bəy ceyranı
rus polkovnikinə hədiyyə edir. Polkovnik Eldarı göstərib
deyir: "Əgər 20 min belə dəliqanlım olsaydı,
mən Rusiyada qayda-qanunu bərpa edərdim…"
Məlumdur ki, rus polkovnikinin
Eldar kimi qoçaq azərbaycanlı balalarına həsəd
aparması, Rusiyanın nicatını belə qanıqaynar
oğlanlarda görməsi heç vaxt mərkəzdəki
kino komitəsi başçılarının xoşuna gələ
bilməzdi. Ona görə
də filmin çəkilişi zamanı həmin epizod bu
gün bizim baxdığımız ilk səhnə ilə əvəz
olundu: "1919-cu il. Bakı komissarlarının
ölümündən sonra Azərbaycanda qanlı müsavat
hökmranlıq edirdi". Bu yazıdan sonra zümzümə
edən qoca kəndlinin səsi eşidilir. Bilmək olmur ki, o
ağlayır, yoxsa oxuyur. Təhməz kişi kiçik torpaq
sahəsində işləyib oxuyur, sonra deyir: "Payızda
toy edərəm… Hacı Həsən mənə yenə də
torpaq verər…". Atasını dinləyən Ülfət
oturub ağlayır. Təhməz qızına deyir: "Sən,
qızım, xoşbəxt olacaqsan! Dövlətli Hacı Həsənin
oğlu sənin ərin olacaq…Və sən də dövlətli
olacaqsan, uşaqların da sənin dövlətli olacaq. Daha mənim
kimi, bütün ömürləri boyu xışla
fırlanmayacaqlar…"
Dördüncü
epizodda polkovnik çayxanada Göydəmiri, onun sazını ələ
salır və s. Filmdə 20 epizod dəyişdirilmişdir. Bu
epizodların dəyişdirilməsində məqsəd bu idi
ki, guya Eldar kimi dəliqanlıların Rusiyada qayda-qanunu bərpa
etməklərindənsə, Bakı komissarlarının
ölümündən sonra Azərbaycanda "qanlı
Müsavat hökmranlığına" son qoymaları daha
yaxşı olardı.
"Toy" səhnəsi
kinostudiyanın həyətində gecə lentə
alınmışdı. Rejissor S.Mərdanov həm çəkiliş,
həm də texniki imkanlar baxımından bu çətin
epizodun çəkilişini bilərəkdən axıra
saxlamışdı.
S.Mərdanov vəfat edəndən
sonra onun öz xahişi ilə rejissor A.Beknazarov montaj işini
başa çatdırdı. Montajın strukturunu isə Səməd
özü hazırlamışdı. Moskvada yenicə montaj
olunmuş "Kəndlilər"ə baxandan sonra B.Barnet
Kislovodskda ağır xəstə yatan gənc dostu S.Mərdanova
belə bir teleqram
vurmuşdu: "Əziz Səmədcan. Lap indicə sənin
istedad nümunəsi, səmimi filminə baxdım. Ürəkdən
şadam. Ayrı-ayrı səhnələr sadəcə olaraq
adamı heyrətə gətirir. Hələ montaj etmək,
süjet xəttini sadələşdirmək, montajdakı
qırıqlığı yox etmək lazımdır. Kömək
etməyə söz verirəm. Sabah müfəssəl yazaram.
Tezliklə sağalmağını arzulayıram. Öpürəm,
qucaqlayıram, təbrik edirəm. Sənin Boris Barnetin. Təbrikə
qoşuluruq: Rayzman, Beknazarov.
Bu teleqramdan aydın
görünür ki, S.Mərdanov müalicə olunarkən
A.Beknazarov, sonradan B.Barnet filmi montaj etmişlər.
Azərbaycan kinorejissoru
M.Mikayılov "Kəndlilər"ə baxandan sonra
demişdir: "Mən şəxsən bu filmi, öz
dövrünə görə, kino sənətimizin ən
yaxşı nümunəsi hesab edirəm".
Azərbaycan filmlərinin
retrospektiv baxışında uğurla nümayiş
etdirilmiş, bu böyük film mövzunun gözəl rejissor
həlli, materialın dərindən öyrənilməsi və
hər bir aktyorun istedadının üzə
çıxarılması baxımından istər kino mütəxəssislərinin,
istərsə də fransız
tamaşaçılarının rəğbətini
qazanmışdır.
Onun arxivində
saxlanılan cib dəftərcəsində maraqlı bir qeydi
var: "Qartal həmişə zirvədə uçar". Sanki gözəl sənətkar
bu sözləri özü üçün
yazmışdı. Çünki qısa ömür yaşasa
da o artıq yaradıcılıq zirvəsini fəth
etmişdi. İrəlidə isə onu daha yüksək, daha
uca zirvələr gözləyirdi.
Aydın KAZIMZADƏ,
əməkdar incəsənət xadimi
Mədəniyyət.- 2009.- 16 oktyabr.- S. 11.