Quba səyahət
turizmi üçün
əlverişlidir
Quba Regional Turizm İnformasiya Mərkəzinin rəhbəri
Könül Hacıyeva: «Mərkəzimizə müraciət
edən xarici və yerli turistlərə istənilən məlumatı
veririk»
Azərbaycan hökuməti ilə Birləşmiş
Millətlər Təşkilatının birgə layihəsi əsasında
yaradılan Bakı Turizm İnformasiya Mərkəzi 2006-cı
ilin sonlarından fəaliyyət göstərir. Getdikcə
öz işini genişləndirən mərkəzin artıq
bir neçə rayonda, o cümlədən Quba, Xaçmaz, Gəncə,
Şamaxı, Şəki, Zaqatala, Naxçıvan və Lənkəranda
regional mərkəzləri qurulub. Bu mərkəzlər vasitəsilə
regionlarda turizm imkanları araşdırılır, tarixi abidələrimiz,
yaşayış kompleksləri, hotellər, turbazalar,
müalicəvi istirahət mərkəzləri, ov məkanları
və ümumiyyətlə, turizm anlayışına daxil olan
yerlər haqqında məlumatlar toplanılır və
Bakı Turizm İnformasiya Mərkəzinə
ötürülür. Bugünlərdə Quba Regional Turizm
İnformasiya Mərkəzinin rəhbəri Könül
Hacıyeva ilə həmsöhbət olduq. O, mərkəzin fəaliyyəti
ilə bağlı suallarımızı cavablandırdı.
- Quba Regional Turizm
İnformasiya Mərkəzi 2006-cı ildən Quba şəhərində
fəaliyyət göstərir. Mərkəzin əsas
vəzifəsi Quba bölgəsi, habelə qonşu Qusar və Xızı bölgələrinin turizm
imkanları haqqında
məlumatları özündə
əks etdirən əyani vəsaitlər hazırlamaq, onların dərc edilməsi və yayılmasını
təşkil etməkdən
ibarətdir. Bundan əlavə, Quba TİM bu bölgələrdə
turist axınının
statistika məlumat bazasının yaradılması
üzrə tədbirlər
görür, bu məlumatların təhlilini,
turizm bazasının marketinqini təşkil edir. Mərkəzimiz habelə şimal
bölgəsində yerləşən
turizm təşkilatlarının,
turizm sahəsində fəaliyyət göstərən
fərdi sahibkarların,
ailə-kəndli təsərrüfatlarının və qanunvericiliyə müvafiq olaraq yaradılmış digər
turizm qurumlarının
mənafelərini müdafiə
edir və eyni zamanda xarici ölkələrin analoji təşkilatları
ilə informasiya mübadiləsi aparır.
- Məlumdur ki, ölkəmizdə
turizm sahəsinin inkişaf etdiyi bölgələrdən biri
də Qubadır. Sizin mərkəzin bu inkişafda payı nə
qədərdir?
- Quba TİM qısa
müddətdə fəaliyyət göstərməsinə baxmayaraq,
bir sıra təşkilati tədbirlər həyata
keçirib. Şimal bölgəsində,
əsasən Quba ərazisində yerləşən
turizm təşkilatları,
istirahət zonaları
və digər turizm qurumları ilə sıx əlaqələr yaradılıb,
onlarla mütəmadi olaraq informasiya mübadiləsi aparılır. Demək olar ki, Quba
bölgəsində yerləşən
əksər turizm müəssisələri haqqında
məlumatlar toplanılıb,
onların həm xaricdən, həm də daxildən fotoşəkilləri çəkilib.
Quba rayonu gözəl və füsunkar təbiətə
malikdir. Bu, turistlərin daim diqqətini cəlb edir. Bu səbəbdən
də regionun səfalı yerlərini gəzmək məqsədilə
uyğun istiqamətlərdə
ekskursiya marşrutları
təşkil edilib.
Bu marşrutlar Quba-Xınalıq və Quba-Afurca istiqamətlərindədir.
Bundan başqa, Qubanı turistlərə tanıtmaq
məqsədilə rayonun
maraqlı görüntülərini
əks etdirən fotoşəkillər çəkilib
və Quba rayonunun görməli yerlərini təsvir edən açıqca komplektləri hazırlanıb.
Müasir zamanda internet
texnikanın ən gözəl nailiyyətlərindən biri
hesab olunur. Bu vasitə
ilə dünyanın
istənilən guşəsinə,
istənilən məlumatı
ötürmək mümkündür.
Quba haqqında dünyanın hər hansı bir ölkəsindən məlumat almaq imkanı yaratmaq məqsədilə Quba
TİM tərəfindən
www.guba.azeriblog.com bloq səhifəsi
hazırlanıb. Bu səhifədə
Quba haqqında, rayonun tarixi abidələri, muzeyləri,
istirahət mərkəzləri,
mənzərəli kəndləri
və s. barədə
maraqlı məlumatlar
var. Onu da bildirim ki, bloqdakı
məlumatlar, görüntülər
tez-tez yenilənir və zənginləşdirilir.
Mərkəzimizin
uğurlu işlərindən bir də Quba haqqında turist məlumat
bukletinin 2 dildə çap olunmasıdır. Bu bukletdə
rayonun tarixi, gəzməli-görməli yerləri, abidələri
öz əksini tapıb.
- Hazırda Qubada turizmin
inkişafı hansı səviyyədədir?
- Qubada son vaxtlar
aparılan quruculuq işləri rayona turistlərin cəlb
edilməsi baxımından böyük əhəmiyyət kəsb
edir. Heydər Əliyev adına muzeyin tikintisi, “Soyqırım” xatirə-abidəsinin yaradılması, Qubada xalçaçılıq sənətini
əks etdirən xalçanın daş üzərində əks edildiyi monument, “Şəhidlər muzeyi”nin yenidən təmiri, yolların bərpası və s. işlər şəhərin gözəlləşməsi
ilə yanaşı, turistlərin rayona
cəlb edilməsi üçün çox vacib şərtlərdəndir.
Ümumiyyətlə götürdükdə
isə Qubada dövlət və müxtəlif təşkilatlar
tərəfindən bir
sıra layihələr
hazırlanır ki, bu da gələcəkdə
rayonumuzda turizm sahəsində daha da çox nailiyyətlər əldə edilməsi üçün
zəmin yaradır.
- Qubaya gələn turistləri ən çox nə cəlb edir?
- Turistlər əsasən
rayonumuzun simvolu olan Şahdağ, ucu-bucağı
görünməyən sıx meşələr, şəlalələr,
Qubanın qədim tarixi, nağıllar aləmini xatırladan
Xınalıqla daha çox maraqlanırlar. Bundan əlavə,
rayonumuzda hələ də qorunub-saxlanan qədim
xalçaçılıq sənəti, Qubanı hər yerdə
məşhur edən alma bağları, bir də əlbəttə
ki, tariximizin qanlı səhifəsini əks etdirən, 1918-ci
il soyqırım qurbanlarının məzarlığı
rayonumuza gələn turistlərin diqqətini daha çox cəlb
edir.
Bildiyiniz kimi, Azərbaycan tolerant bir ölkədir. Burda müxtəlif dinlərə
hörmət və ehtiram göstərilir.
Quba bunun canlı nümunəsidir. Rayonda
bir çox millətlər, o cümlədən
ləzgilər, tatlar,
ruslar, türklər, yəhudilər və s. mehriban yaşayırlar. Qubada yəhudilərin qədim zamanlardan məskunlaşdığı
Qırmızı Qəsəbə
adlanan məkan var. Bu da xarici və
yerli turistlərin marağına səbəb
olur.
- Könül xanım, məlumdur ki, turisti gəldiyi ölkədə maraqlandıran
amillərdən bir də o ölkənin mətbəxidir. Maraqlıdır, bu baxımdan
Qubaya gələn turistləri daha çox hansı yemək cəlb edir?
- Şimal bölgəsinin
əsrarəngiz, gözəl
təbiət mənzərələri
turistlərin diqqətini
daha çox cəlb etsə də, əlbəttə ki, Qubanın məşhur və dadlı yeməklərinin
də öz yeri var. Turistlər, adətən, təbiət
qoynunda istirahət etməyi üstün tuturlar. Onları daha çox
qubalı ustaların bişirdiyi tikə və lülə kabablar, quzu ətindən buğlama,
mal ətindən qızartma,
quş ətindən qovurma daha çox
cəlb edir. Bütün bunlardan sonra müxtəlif dağ otlarından dəmlənmiş
çayın yanında
Qubanın məşhur
paxlavası lap yerinə
düşür.
- Son dövrlər mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin bəzi hotellərin
yarıtmaz fəaliyyəti ilə bağlı verdiyi
açıqlamalarla yəqin ki, tanışsınız. Qubanın
hotel və istirahət məkanlarında vəziyyət necədir?
- Bölgəmizdə
40-dan çox hotel və istirahət obyekti fəaliyyət
göstərir. Düzdür, hər biri
müasir standartlara uyğun olmasa da, əksər hotel və istirahət guşələrində normal şərait
mövcuddur. Quba
Olimpiya Kompleksi, “Cənnət bağı”,
“Ahu”, “Quba”, “Terrase” və digər istirahət zonalarında rahat və yüksək xidmət, gülərüz
personal turistlərin xidmətində
dayanır.
- Hazırda müzakirə
mövzusu olan məsələlərdən biri də turizm sahəsində
peşəkar kadrların azlığıdır. Turizm
informasiya mərkəzinin rəhbəri kimi, Qubada turizm sahəsində
çalışan kadrların səviyyəsi sizi qane edirmi və
ümumiyyətlə, bu yöndə hansı tədbirlər
görülür?
- Rayonumuzda turizm sahəsində
işləyən xidməti personal əsasən yerli gənclərdən
ibarətdir. Onlar xarici və
yerli turistlərə yüksək səviyyədə
xidmət göstərməyə
çalışırlar. Lakin xaricilərin əksəriyyəti
ingilis, alman, fransız, rus dilində danışdıqlarından
personal onlara lazımi
məlumatları verə
bilmir. Digər tərəfdən isə ixtisaslı kadrların azlığı
Qubada da problemdir. Buna görə
də gələcəkdə
iri hotel və istirahət zonalarında xarici dil bilən
və turizm ixtisası üzrə təhsil alan
kadrların işləməsi
daha məqsədəuyğun
olardı. Bu barədə
turizm obyektlərinin rəhbərlərinə müvafiq
məsləhətlər veririk.
Bizim mərkəzin kollektivinə
gəldikdə isə
demək olar ki, mərkəzimizdə yüksək ixtisaslı gənclər fəaliyyət
göstərir. Onlar öz
işlərinin öhdəsindən
layiqincə gəlir, verilən tapşırıqları
vaxtında icra edirlər. Əməkdaşlarımız mərkəzə müraciət edən hər bir xarici
və yerli turistə istənilən məlumat və bilgini çatdırırlar.
Bugünlərdə Mədəniyyət
və Turizm Nazirliyi Ümumdünya Turizm Günü münasibətilə
turizm sahəsində fəaliyyət göstərən və
fəallığı ilə seçilən bir sıra
qurumları mükafatlandırdı. Onların sırasında
Quba Turizm İnformasiya Mərkəzi
də vardı. Qısa zamanda gördüyümüz
işlər yüksək
qiymətləndirildi. Azərbaycanda turizm inkişafda
olan perspektivli bir sahədir. İnşallah, görüləcək işlər hələ öndədir. Biz də çalışacağıq
ki, Azərbaycan turizmdən yüksək gəlir götürən
ölkələr sırasında
öz layiqli yerini tutsun.
Fəxriyyə ABDULLAYEVA
Mədəniyyət.- 2009.- 16 oktyabr.- S. 8.