Məlumlar, naməlumlar, bir də...
Müstəqillik dövrünün filmləri
Bir əsrdə ikinci dəfə müstəqillik
qazandığımız tarixi günün ərəfəsindəyik.
Dövlətin müstəqilliyi ilə yanaşı, insanın da öz müstəqilliyi var - kimi (dost,
həyat yoldaşı,
tərəfdaş, qonşu
və başqaları)
seçmək hüququndan
tutmuş nələrədək
(iş, peşə, əşya, oxumağa kitab, baxmağa film, dinləməyə musiqi - bu siyahını
nə qədər istəsək uzada bilərik)
seçim sərbəstliyimiz
var. Əslində insanın əsl hərəkət sərbəstliyi,
yaradıcılıq azadlığı,
fikir müstəqilliyi
onun vətəndaşı
olduğu dövlət
müstəqillik qazanmadan
mümkün deyil.
Əgər
yaradıcılıq, xüsusən də kino
yaradıcılığı məsələsinə bu
prizmadan yanaşsaq, son 17 ildə çəkilmiş tam və
qısametrajlı bədii filmlərimizi nəzərdən
keçirsək, o zaman müstəqil Azərbaycanda çəkilmiş
bədii lentlərin sovet Azərbaycanında çəkilənlərdən
xeyli fərqləndiyini hiss edərik.
Psevdotarixilikdən tarixin pafoslu vəsfinə
Bu gün bizim dövlət
müstəqilliyimizi hansı hadisələrin fonunda
qazandığımızdan uzun-uzadı danışmağa
ehtiyac yoxdur. Lakin bu da bir həqiqətdir
ki, Qarabağ münaqişəsinin qaynar
dövründə müstəqillik
qazanmağımız bizim
kinematoqrafın mövzu
seçiminə, tarixi
mövzuya münasibət
məsələsinə öz
təsirini göstərdi.
Əgər əvvəllər
çəkilmiş tarixi-vətənpərvərlik filmlərində
Azərbaycanın nicatı
Rusiya ilə birləşmədə ("Fətəli
xan"), avropalaşmaqda
("Səbuhi"), xilafətə
qarşı çıxmaqda
("Babək", hərçənd
ərəb xilafətinin
məqsədi işğalçılıq
yox, islam dinini yaymaq olub),
xalqımızın nicatının
yalnız bolşevik Rusiyasında (belə filmlər çox olduğundan adlarını çəkmirik) olduğu göstərilirdisə,
savaş mövzusu da Böyük Vətən müharibəsinə
həsr olunurdusa, müstəqillik dövründə
vəziyyət tamam dəyişdi. Hərçənd
insaf naminə deməliyik ki, sovet vaxtında da heç bir
ideoloji basqı duyulmayan "Tütək səsi", "Dədə
Qorqud", "Nəsimi"
kimi filmlər də çəkilmişdi.
Müstəqil Azərbaycanda
tarixi kino janrının bir başlıca mövsuzu var -
Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının
bütövlüyü uğrunda 200-250 il öncə
başlamış mübarizə! Bunu biz "Fəryad"da da
görmüşük, "Qala"da da, "Hökmdarın
taleyi"ndə də, "Cavad xan"da da
görürük.
1993-cü ildən bəri çəkilən
filmlərlə maraqlananda qəribə bir paradoksla
rastlaşdıq. Münaqişənin ilk illərində
Qarabağ savaşına dair xeyli qısa və tammetrajlı
film çəkilib. Amma onların heç biri "Fəryad"
qədər yadda qalmır. Çoxlarına hətta nə
vaxtsa mavi ekranda tamaşa etməyimiz də yadımızda
deyil. Hərçənd onların bəzilərini münasib
tarixi günlərin ildönümlərində nümayiş
etdirirlər. Səbəbi? Ola bilsin ki, pafos, bəsit kino
texnikasının, sırf kino texnologiyası baxımından
inandırıcı görünməyən döyüş səhnələri,
vətənpərvərliyin süni vəsfi... Yəqin ki,
müharibə aparan ölkədə savaşa ilk
kino-münasibət məhz belə olur. Hər halda bizim
1990-cı illərdə çəkilmiş müharibə
filmlərimizdə 1941-45-ci illərdə çəkilmiş
sırf təbliğat xarakterli sovet filmlərinin ruhu duyulur -
düşmən çox zəifdir, axmaqdır, biz hamıdan
güclüyük, qüdrətliyik, vətənpərvərik,
amma qələbəyə hələ çox var...
"Sarı gəlin" və "Girov" mübahisəsi
"Qala"da bitir
Qarabağ savaşına başqa
bir rakursdan - sadə kəndli, humanist insan taleyindən
baxışların qabarıq verildiyi iki filmimiz də var ki,
onları yada salmamaq olmaz. Daşnak təxəyyülünün
düşmənə çevirdiyi iki sadə insanın - bir
azərbaycanlı ilə erməninin cəbhəçi
taleyinin qabardıldığı "Sarı gəlin"
filmi o qədər çeşidli fikirlərə, mübahisələrə
səbəb oldu ki, həmin filmdən təxminən 8-9 il
sonra ekrana çıxan "Girov" da sadə zavallı erməni
ilə humanist azərbaycanlı motivini davam etdirsə də,
bir qədər sakit qarşılandı. Lakin ötən il təhvil
verilmiş "Qala" filmində artıq sadə
insanların vətən uğrunda savaşa tam gerçək,
ayıq və doğru münasibəti qabardıldı.
Sevilənlər, naməlumlar
Həyat davam edir, hansı
dövrdə yaşamağımızdan, milli mənsubiyyətimizdən
asılı olmayaraq, zaman və məkan fövqündə
duran mövzular var ki, onların ekran həlli həmişə
maraqlıdır. 1993-cü ildən sonra da məhz belə əbədi
tematikaya - insan taleyinə, məhəbbətə həsr
olunmuş maraqlı filmlər az çəkilməyib. "Təhminə",
"Özgə vaxt", "Həm ziyarət, həm ticarət",
"Güllələnmə təxirə salınır",
"Ovsunçu", "Nə gözəldir bu
dünya", "Yük", "Məkanın
melodiyası", "Küçələrə su səpmişəm"
belə əbədi mövzulara həsr edilib. Onların
arasında beynəlxalq miqyaslı kinofestivallarda mükafat
alanları da var, orta statistik azərbaycanlı
tamaşaçının doğma telekanallarda bircə dəfə
seyr edə bilmədikləri də.
Yeri gəlmişkən, naməlumlar barədə...
Azərbaycan filmlərinin
İnternet portalında bir neçə axtarış aparandan
sonra qəti əmin oldum ki, mənim də filmlərimizə bələdlik
baxımından orta statistik həmvətənlərimdən o
qədər də fərqim yoxdur. Həmin siyahıda müstəqil
ölkəmizdə istehsal olunmuş elə filmlərin
adlarına rast gəldim ki, annotasiyaları olmasaydı,
onların bizim kinomuz olduğuna inanmazdım…
"Təbəssüm",
"Adəmin yaranması", "Müqəddəs
torpaq", "Çalışan adam", "Xalqlar
dostluğu muzeyi", "Ləqəbi
"İKA"dır"... Bu siyahını uzatmaq olar... Həm
də onların yaradıcı heyətinin siyahısında elə
insanların adları var ki, bu filmlərin tamam maraqsız, zəif,
böyük və ya mavi ekranda nümayiş etdirməyin
qeyri-mümkünlüyünü düşünmək
ağlabatan deyil. Amma nə gizlədək ki,
özbaşınalıq həddinə çatan
"yaradıcılıq" sərbəstliyinin bəhrəsi
olan filmcikləri televiziya ekranlarımızda da, video-audio
mağaza və kirayə məntəqələrində də
görmək problem deyil. Hər halda bu, başqa bir
yazının mövzusudur. Vətən tarixinin önəmli
günlərində qanqaraldan, utanc gətirən nümunələrdən
danışmaq istəməzdik. Qalsın başqa vaxta.
Gülcahan MİRMƏMMƏD
Mədəniyyət.- 2009.- 16 oktyabr.- S. 6.