Mədəniyyət Nazirlərinin VI Konfransı
başa çatdı
Bakının 2009-cu ildə
İslam mədəniyyətinin paytaxtı elan edilməsi
çərçivəsində burada keçirilən
İslam Konfransı Təşkilatına üzv dövlətlərin
Mədəniyyət Nazirlərinin VI Konfransına yekun
vuruldu.
Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin sədrlik etdiyi
konfransda üzv dövlətlərin nümayəndə heyətlərinin
bəyanatları və onların İslam dünyası
üçün mədəni strategiyasının tətbiqi səyləri
barədə fikirləri dinlənildi, burada qəbul olunan sənədlərin
anlaşma və dialoq üçün mühüm rol
oynayacağına əminlik ifadə olundu.
Tədbirdə “Mədəniyyət
və kommunikasiya sahəsində İSESKO-nun fəaliyyəti”,
“Dialoq və mədəni müxtəliflik, İslama və
müsəlmanlara KİV tərəfindən ləkə yaxma
kampaniyalarının təkzib edilməsi” mövzuları barədə
qətnamə layihələri müzakirə olunaraq qəbul
edildi.
Sonra 2015-ci ildən
2024-cü ilədək İslam mədəniyyətinin paytaxt
şəhərlərinin müəyyənləşdirilməsi
üçün verilən təkliflər müzakirə
edildi və Naxçıvan şəhərinin 2018-ci ildə
İslam mədəniyyətinin paytaxtı seçilməsi təsdiqləndi.
Konfransda Ermənistanın
işğalı nəticəsində Azərbaycan abidələrinin
dağıdılması İSESKO-nun qətnaməsinə
daxil edildi. Dağlıq Qarabağdakı abidələrin
dağıdılmasının araşdırılması ilə
bağlı İSESKO-da xüsusi komitə yaradılması,
İslam Ölkələri Mədəniyyət Nazirlərinin
7-ci Konfransının 2011-ci ilin oktyabr ayında Əlcəzairin
Tlemçen şəhərində keçirilməsi qərara
alındı. İslam dünyası ölkələrinin ortaq
maraq və məramlarının müzakirə predmeti
olduğu 3 günlük konfrans bununla da öz işini başa
vurdu.
Həmidə
Mədəniyyət.- 2009.- 16 oktyabr.- S. 4.