TÜRKSOY Daimi Şurasının XXVI görüşü
Tədbir Bakıda keçirilir
Bu gün 15.00-da “Qafqaz
Point” mehmanxanasında TÜRKSOY Daimi Şurasının XXVI
Toplantısının açılış mərasimi
keçiriləcək. Mərasimində Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevin təbrik -
salamlama məktubu oxunacaq, TÜRKSOY Daimi Şurasının
Müvəqqəti Koordinatoru, Azərbaycan Respublikası mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev, TÜRKSOY-un Baş
direktoru Düsen Kaseinov və təşkilata üzv dövlətlərin
mədəniyyət nazirləri çıxış edəcək.
Həmin gün Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin Muzey Mərkəzində TÜRKSOY rəssamlarının
XI Laboratoriyasının rəsm və TÜRKSOY
fotoqraflarının V Laboratoriyasının fotosərgisinin
açılış mərasimi və həmçinin Adilbek
Bayterekovun (Qırğızıstan Respublikası) - TÜRKSOY
rəssamlarının X Laboratoriyasının qalibinin
mükafatlandırılması baş tutacaq. Oktyabrın 17-də
“Qafqaz Point” mehmanxanasının konfrans zalında yekun sənədlərin
- TÜRKSOY Daimi Şurasının XXVI Toplantısının
Bəyannaməsi və İşçi Protokolun imzalanması
mərasimi olacaq. Təşkilatın növbəti koordinatoru
və iclasın keçiriləcəyi ölkə müəyyənləşəcək,
türkdilli ölkələrin Mədəniyyət Nazirlərinin
iştirakı ilə mətbuat konfransı keçiriləcək.
TÜRKSOY Daimi
Şurasının XXVI Toplantısının gündəliyinə
aşağıdakı məsələlər daxil
edilmişdir;
- Keçən müddət
ərzində Təşkilatın fəaliyyəti;
- Keçən müddət
ərzində Təşkilatın maliyyə fəaliyyəti;
- TÜRKSOY-un hüquqi
sənədlərinə düzəlişlər və əlavələr;
- TÜRKSOY-un 2010-cu il
üçün fəaliyyət Proqramının müzakirəsi
və təsdiqi.
Təşkilatın
Daimi Şurasının növbəti toplantısı 2009-cu
il 16-17 oktyabr tarixlərində Bakı şəhərində
Türkdilli ölkələrin Mədəniyyət Nazirlərinin
Daimi Şurasının müvəqqəti koordinatoru, Azərbaycan
Respublikası mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin sədrliyi və TÜRKSOY-un Baş katibi Düsen
Kaseinov və təşkilata üzv dövlətlərin mədəniyyət
nazirlərinin iştirakı ilə keçiriləcək. Beynəlxalq
təşkilat olan TÜRKSOY Avrasiyanın türkdilli
arealı çərçivəsində milli dil, tarix, mənəvi
irs və müasir mədəniyyət və incəsənət
yaxınlığı ilə birləşən ölkə və
xalqların regional mədəni əməkdaşlığını
həyata keçirir. TÜRKSOY təşkilatının əsası
1992-ci ilin yazında İstanbul şəhərində
(Türkiyə) türkdilli dövlətlərin Mədəniyyət
nazirlərinin Birinci görüşü keçirildiyi zaman
qoyulmuşdur. Təşkilatın strukturu, idarəetmə
orqanlarının və fəaliyyət mexanizmlərinin
formalaşmasında təşkilatın 1992-ci ilin
dekabrında Bakıda keçirilmiş İkinci
Toplantısının böyük əhəmiyyəti oldu. Bu
görüş TÜRKSOY Daimi Şurasının sayca
Bakıda keçiriləcək 5-ci toplantısı olacaq. “TÜRKSOY-
un yaradılması və fəaliyyət prinsipləri
haqqında Müqavilə” 12 iyul 1993-cü ildə Almatı
şəhərində (Qazaxıstan) altı təsisçi-dövlət
və Təşkilatın daimi üzvləri - Azərbaycan
Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan
Respublikası, Türkmənistan, Türkiyə Respublikası
və Özbəkistan Respublikası tərəfindən
imzalanmışdır. Daha sonra TÜRKSOY haqqında
müqaviləyə müşahidəçi dövlət
qismində Tatarıstan Respublikası, Başqırdıstan
Respublikası, Şimali Kipr Türk Respublikası, Rusiya
Federasiyası tərkibində Tıva Respublikası, Xakasiya
Respublikası, Altay Respublikası və Saxa-Yakutiya
Respublikası və Moldova Respublikası tərkibində TAO
Qaqauz Yeri qoşulmuşdur. TÜRKSOY-un əsas məqsədləri
aşağıdakılardır:
beynəlxalq münasibətlərin humanistləşdirilməsi və stabilləşdirilməsinə istiqamətlənən beynəlxalq ictimaiyyətin mənəvi inkişafının prioritetlərinin regional və planetar səviyyədə qəbul və təsdiq edilməsi;
beynəlxalq dialoqun təşkili və inkişafı və TÜRKSOY-a üzv dövlətlərin mədəni oxşarlığının dəstəklənməsi;
türkdilli xalq və ölkələr arasında dost münasibətlərin və qarşılıqlı anlaşmanın qurulması;
türkdilli xalqların etnogenezi, gerçək tarixi, ədəbiyyat, mədəniyyət və incəsənətinin öyrənilməsi sahəsində elmi araşdırmaların intensivləşdirilməsi;
öz xalqlarının milli tarixinin, doğma dilinin, ədəbiyyatının, mədəniyyət və incəsənətinin və ənənələrinin yeni nəsil tərəfindən öyrənilməsinə dəstək;
Türkdilli dövlətlərin rəhbərliyi tərəfindən TÜRKSOY-un fəaliyyəti daima dəstək və təqdir olunması öz əksini 2-3 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində TÜRKSOY-un Baş direktoru D.Kaseinov və TÜRKSOY Daimi Şurasının müvəqqəti koordinatoru, Azərbaycan Respublikası mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin də iştirakı ilə keçirilmiş Türkdilli dövlətlərin Dövlət Başçılarının IX Sammitində qəbul edilmiş Naxçıvan Deklarasiyasında öz əksini tapmışdır. Hesabat müddəti ərzində
Ankarada TÜRKSOY-un 15 illiyinə həsr olunmuş yubiley tədbirləri,
İstanbul, Ankara, Nide, Manisa şəhərlərində
Novruz bayramının qeyd edilməsi, TÜRKSOY rəssam və
fotoqraflarının Laboratoriyaları, “Türk dillərinin bədii
tərcüməsinin problemləri və müasir vəziyyəti”
( İstanbul ), “Sivilizasiyaların dialoqunda Türk
dünyasının rolu”(Almatı) adlı simpoziumlar, 17-ci beynəlxalq
“Xəzər” axşamları (Elazığ, Türkiyə),
türk dilinin 732 illiyinin qeyd edilməsi (Qaraman şəhəri
Türkiyə), Mərsinə, Girnə, İstanbul şəhərlərində
“Qız-Jibek” əfsanəsinin 500 illiyinə həsr olunmuş
XXII TÜRKSOY Opera günləri, İstanbulda Tatarıstan və
Başqırdıstanın mədəni mərkəzlərinin
açılması və Sabantuyun qeyd edilməsi, “Xan Mirqen” qədim
Xakasiya eposu kitabının Ankara və Abakanda və
İstanbulda “Başqırd şəcərəsi” nin
prezentasiyası, teatr və kino festivallar, ənənəvi və
populyar musiqi festivalları keçirilmişdir. 8-18 sentyabr
tarixlərində Bişkek, Almatı, Ankara və Bakı
şəhərlərində TÜRKSOY-un beynəlxalq layihəsi-
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə,
Başqırdıstan və Tatarıstanın opera teatrları
solistlərinin iştirakı ilə məşhur Azərbaycan
bəstəkarı Üzeyir Hacıbəyovun “Koroğlu”
operasının tamaşaya qoyulması böyük müvəffəqiyyətlə
həyata keçirilmişdir. 28 may 2008-ci ildə
keçirilmiş Daimi Şuranın 24-cü
toplantısında TÜRKSOY-un Baş direktoru seçilən
Düsen Kaseinov bu müddət ərzində TÜRKSOY ilə
YUNESKO, İSESKO, Avropa Şurası, Avrokomissiya, İRSİCA,
DHƏT (Dövlətlərarası Humanitar Əməkdaşlıq
Təşkilatı) və MDB arasında əməkdaşlığın
gücləndirilməsinə istiqamətlənmiş bir
sıra beynəlxalq tədbirlər həyata
keçirmişdir. 30 sentyabr 2009-cu ildə Novruz bayramı
YUNESKO-nun Qeyri-maddi İrs siyahısına daxil olmuşdur.
Bununla əlaqədar 2010-cu ildə TÜRKSOY Novruz
bayramını Parisdə YUNESKO-nun qərargahında qeyd etməyi
planlaşdırır. MDB-nin DHƏT ilə birgə Avrasiya
Türkoloqlarının Ensiklopediyasının nəşr
edilməsi işlərinə başlanmış, DHƏT və
Avropa Şurasının Təhsil, mədəni irs, gənclər
və idman məsələləri üzrə Baş
Direktorluğu ilə əməkdaşlıq haqqında
müqavilə layihələri hazırlanmışdır.
Turan
Mədəniyyət.- 2009.- 16 oktyabr.- S. 2.