Hamıya doğma
məkan...
Mərdəkan MKS bu gün də keçmiş
şöhrətini qoruyub-saxlayır
Kitabxana önündə düşüncələr...
Heç şübhəsiz
ki, Ulu Tanrının bu dünyada insanlara nazil etdiyi ən qiymətli
nemət müqəddəs kitablardır. Tövrat, Zəbur,
İncil, Quran olmasaydı, bəşəriyyətin
qətrə-qətrə
əldə etdiyi biliklər kitab halında toplanmasaydı, o zaman mədəni
cəmiyyət də yaranmazdı. Bu da bir həqiqətdir
ki, dünyanın ən qiymətli kitabları zaman-zaman məşhur kitabxanalarda hifz olunub, bu
günümüzədək gəlib çatıb. Hər bir kitabxana
xalqın mənəvi
sərvətlər xəzinəsidir.
İnsan ocaq başında isindiyi kimi, kitabxanalar da qəlb dünyamızın,
ruhumuzun isindiyi əvəzsiz mədəniyyət
ocağıdır. Antik
mənbələrdə, tarixi
qaynaqlarda, minilləri
adlayıb gələn
məlumatlarda kitabxanalar
haqqında da saysız bilgilər var. Bu bilgilərə
görə, Azərbaycanda
da lap qədim
zamanlardan tarixi, elmi, bədii əsərlərin, padşah
fərmanlarının, sonralar
isə daşbasma (litoqrafiya) üsulu ilə çap olunan kitabların qorunub-saxlandığı
xüsusi saxlanc yerləri - müasir dillə desək kitabxanalar olub. Hətta bir çox məşhur tarixi şəxsiyyətlər öz
şəxsi kitabxanalarını
yaratmış, dünyanın
müxtəlif ölkələrindən
topladıqları kitabları
böyük bir qayğı və məhəbbətlə hifz
edərək gələcək
nəsillərə çatdırmışlar.
Sovetlər zamanında,
digər respublikalarda olduğu kimi, Azərbaycanda da kütləvi
kitabxanalar sürətlə artaraq ən ucqar
yaşayış məskənlərinə qədər gedib
çıxmış, xalqın savadlanmasında,
dünyagörüşünün formalaşmasında əvəzsiz
rol oynamışdır. Bu gün respublikamızda
zəngin fondlu kütləvi kitabxanalar çoxdur. Bunların arasında maraqlı tarixi, özünəməxsus
ənənələri, daimi
oxucuları olan kitabxanalardan biri də Mərdəkandakı
Mərkəzləşdirilmiş Kitabxana sistemidir.
Ənənələr yaşayır
Mərdəkanda, Sergey
Yeseninin adını daşıyan küçədə, 6
saylı binanın qarşısındakı böyük bir
lövhə diqqəti lap uzaqdan cəlb edir. Lövhədəki
yazılardan bəlli olur ki, Heydər Əliyev Fondu tərəfindən
2005-ci ildə inşa edilərək mərdəkanlılara hədiyyə
edilmiş bu binada mərkəzləşdirilmiş kitabxana
sistemi yerləşir.
Kitabxanaya keçib,
qarşımızda yaraşıqlı dəhliz boyu irəlilədikcə
müxtəlif şöbələr, qiraət salonu, cildlərlə
kitabın yüksək zövq və səliqə ilə
düzüldüyü rəflər, dibçəklərdəki
yaraşıqlı çiçəklər, təmizlik və
bir də kitabxana mühiti üçün əsas olan sakitlik
insanın qəlbini oxşayır.
Mərdəkan MKS-in
müdiri Ofelya xanımla da elə dəhlizdə
qarşılaşıram. “Mədəniyyət”
qəzeti olaraq, ölkə kitabxanalarının
işi ilə maraqlandığımı bildirirəm.O,
kitabxanalarımızın vəziyyəti,
bu sahədə mövcud olan problemlər, kitab təbliği, maarifçilik
və bu kimi mövzularda müntəzəm olaraq yazılar dərc edən qəzetimizin təşəbbüsünü ürəkdən
bəyəndiyini bildirir.
Ofelya xanımla çağdaş kitabxanaşünaslıq,
bu sahədəki nailiyyətlər, mütaliə
mədəniyyəti və
sair mövzular ətrafında səmimi söhbət edirik.
Haşiyə: Qeyd edim
ki, Ofelya xanım respublikanın zəngin təcrübəyə
malik, savadlı, professional, çağdaş
kitabxanaşünaslığın aktual problemlərinə bələd
olan, yüksək ünsiyyət mədəniyyəti ilə fərqlənən
mütəxəssislərindəndir. Bu təvazökar,
çalışqan, yüksək mədəniyyət sahibi
olan xanım fəxri ad almağa layiq olan
ziyalılarımızdandır.
Bu arada kitabxananın əməkdaşları
Sevda Zöhrabova, Xalmana Musayeva, Xuraman Quliyeva, İlahə
İsgəndərova, Səmayə Həsənova, Afaq Babayeva,
Pərvanə Məmmədova da söhbətə qoşulur,
müzakirə olunan məsələlərlə bağlı
öz fikirlərini bildirirlər. Söz əsl mətləb üstə gəlir. Kitabxana və oxucu fəallığı
əslində həmişə
ən aktual problem olub. Bəs
Mərdəkan MKS-də
bu sahədə vəziyyət necədir?
Kitabxananın qocaman
işçilərindən olan Xalmana Musayeva deyir ki, Mərdəkan
MKS-in fondunda 50 minədək kitab saxlanılır.
2005-ci ildə Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın şəxsi təşəbbüsü
ilə tikilib istifadəyə verilən yeni kitabxana
binasında hazırda 4 şöbə fəaliyyət göstərir.
Kitabxananın 2 mindən artıq oxucusu vardır. Fondda saxlanılan kitabların 6
min nüsxədən
çoxu latın qrafikalı əlifba ilə olanlardır. Kiril əlifbası ilə nəşr edilmiş 30 minə yaxın kitab isə bu gün
də oxucular tərəfindən istifadə
olunmaqdadır. Kitabxanada
həmçinin bir sıra xarici dillərdə nəşr
olunmuş 200 nüsxəyədək
kitab saxlanılır ki, bundan da
müxtəlif kateqoriyalı
oxucular - tələbələr,
elmi tədqiqat işi ilə məşğul olanlar və başqaları istifadə edir.
Ümumilikdə kitabxananın
2 mindən artıq oxucusu var. MKS hər il yeni
alınan kitablar hesabına zənginləşir.Təkcə bu il 800 nüsxəyə yaxın yeni nəşr almışıq.
Səliqə ilə tərtib edilmiş kataloq sistemi oxucuların istədikləri
kitabı dərhal əldə etməsinə
imkan verir. Deyilənlərə görə,
ötən əsrdə
Mərdəkan kitabxanasının
sorağı bütün
ittifaqa yayılıbmış.
Qiraət zalındakı
“Xatirə kitabı” bu deyilənləri bir daha təsdiq
edir.
Deyilən söz yadigardır...
Mərdəkan MKS-in qiraət
zalındakı “Xatirə kitabı” ayrı bir aləmdir. Bizcə, Azərbaycanda
bu qədər tanınmış şəxsin
- ədəbiyyat, mədəniyyət,
elm, incəsənət,
siyasət adamının
qonaq olduğu, öz ürək sözlərini yazdığı,
fotoşəklini bağışladığı
ikinci bir kitabxana yoxdur. Bəli, Mərdəkan MKS-i məşhurların avtoqraf və digər izlərini qoruyub-saxlayan muzey də adlandırmaq olar. Hələ ötən əsrdə tərtib edilmiş “Xatirə kitabı” bu gün ulu
öndər Heydər
Əliyevin şəkli
olan guşədə saxlanılır.
Maraqlıdır ki,
“Xatirə kitabı”na öz ürək sözlərini yazanlar
həm də müəllifi olduqları, çap etdirdikləri
kitabların bir çoxunu bu kitabxanaya hədiyyə ediblər.
Belə nadir və unikal hədiyyələrdən biri xalq
şairi Rəsul Rzanın ölümündən bir neçə
gün əvvəl Mərdəkan kitabxanasına öz
avtoqrafı ilə hədiyyə etdiyi şeirlər
kitabıdır.
Vaxtilə Mərdəkan
kitabxanasında keçirilən maraqlı müzakirələr,
diskussiyalar, dəyirmi masa söhbətləri, müxtəlif
məramlı tədbirlər, şair və
yazıçılarla görüşlər bu gün də
unudulmayıb. Xalqımızın Qarabağ müharibəsi
ilə bağlı mübarizəsi, gənclərin hərbi vətənpərvərlik
tərbiyəsi, milli-mənəvi dəyərlərimizin
qorunub-saxlanması, qloballaşma və milli şüur kimi
mövzularda keçirilən müzakirələr ənənənin
yaşadıldığını göstərir.
Maraqlı guşələr
Maraqlı və
baxımlı guşələr Mərdəkan kitabxanasında
müsbət ənənələrin yaşadığına
bariz nümunədir. Həyatda yaxşı nə varsa onu
yaşatmaq, gələcək
nəsillərə çatdırmaq
üçün kitabxanalarımız
çox əlverişli
məkandır. Bu mənada ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı guşə diqqəti xüsusilə cəlb edir. Burada dahi rəhbərin
çoxşaxəli, zəngin
və maraqlı həyat yolunu, təhlükəsizlik orqanlarındakı
fəaliyyətini, müstəqillik
dövründə gördüyü
işləri və apardığı mübarizəni
əks etdirən çoxlu sayda sənədlər və fotoşəkillər vardır.
Kitabxanadakı digər
maraqlı guşə isə Heydər əliyev Fondunun
prezidenti, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri,
Milli Məclisin deputatı, Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın fəaliyyətinə həsr
edilmiş guşədir. Burada Mehriban xanımın
bütün dünyada alqışlanan xeyriyyəçilik fəaliyyəti,
onun həyata keçirdiyi tədbirlər, layihələr barədə
yazılmış kitablar oxucular tərəfindən
böyük maraqla qarşılanır.
Kitabxana
oxucularının müxtəlif vaxtlarda düzəltdikləri
və kitabxanaya hədiyyə etdikləri maraqlı əl
işlərindən ibarət guşə isə əsl sərgini
xatırladır. Burada ağac parçasından düzəldilmiş
nağıl qəhrəmanları, müxtəlif dekorativ tətbiqi
sənət nümunələri, ikebanalar kitabxanaya gələnlərin
zövqünü oxşayır.
Doğrusu, maddi tələbatın
mənəvi dəyərləri üstələdiyi indiki
zamanda, küçələrdə, metro girəcəklərində
dünya ədəbiyyatı nümunələrinin, dəyərli
və gərəkli kitabların qəpik-quruşa
satıldığı bir vaxtda Mərdəkan MKS-də
gördüklərimiz məni çox sevindirdi. Sevindim ki, bəzən
kitabsevərlərin əsl ziyalıların qınağa
çəkildiyi, kinayə ilə
qarşılandığı bir zamanda Mərdəkan
kitabxanası kimi mədəniyət ocaqlarımız və bu
ocağın keşiyində dayanan, öz peşəsini
ürəkdən sevən insanlar da az deyil.
C.Tağıyev
Mədəniyyət.- 2009.- 21 oktyabr.- S. 14.