Mərakeş yazıçıları ilə görüş keçirildi

 

Oktyabrın 17-də M.F.Axundov adına Milli Kitabxanada Azərbaycanda Mərakeş Mədəniyyəti Günləri çərçivəçində bu ölkənin yazıçıları ilə görüş keçirildi. Görüşdə qonaqları Mərakeş Krallığının mədəniyyət naziri cənab Bensalem Himmicin, Mərakeş Krallığının Azərbaycandakı səfiri cənab Hassan Hami, Mərakeşin Kitablar, Kitabxanalar və Arxivlər Komitəsinin direktoru, tanınmış şair cənab Hassan Najmi təmsil edirdi. Azərbaycan tərəfdən isə Mədəniyyət və Tuizm Nazirliyinin nümayəndələri-şair Vaqif Bəhmənli, şair Çingiz Əlioğlu, «Dünya ədəbiyyatı» dərgisinin baş redaktoru, şair Səlim Babullaoğlu, Gənc Ədiblər Məktəbinin dinləyiciləri olan gənc şairlər Qismət, Rəbiqə Nazimqızı, Zərdüşt və Aytən Təhmasib də iştirak edirdilər. Qonaqları mehribanlıqla salamlayan Milli Kitabxananın direktoru Kərim Tahirov Mərakeş Krallığının Azərbaycanda keçirilən mədəniyyət günlərinin çox önəmli mədəniyyət hadisəsi olduğunu, ümumiyyətlə Bakının son illər geniş miqyaslı mədəniyyət hadisələrinə ev sahibliyi elədiyini də dilə gətirdi. Mərakeş Krallığının mədəniyyət naziri Bensalem Himmicin çıxış edərək mədəniyyət günlərinin keçirilməsi ilə bağlı məmnunluğunu ifadə etdi, Azərbaycanla bağlı isti təəssüratlarını bölüşdü, hər iki xalqın oxşar mədəni-dini dəyərlərindən söz açdı. Şair Çingiz Əlioğlu qonaqlara Azərbaycan şeirinin keçdiyi inkişaf yolundan və müstəqillik dövrü poeziyamızın uğurlarından ətraflı danışdı. Şair Vaqif Bəhmənli isə öz çıxışını konkret təkliflər üzərində quraraq Mərakeş və Azərbaycan ədəbiyyatı arasında mübadilə işinin vacibliyindən söz etdi. Daha sonra Mərakeşin ölkəmizdəki səfiri öz təəssüratları və xalqlarımızın oxşar mədəni kökləri haqqında söhbət açdı. Milli kitabxanın əməkdaşı Xuraman xanım isə Şuşa ilə bağlı şeirini oxudu, bu bədii nümunə qonaqların marağına səbəb oldu. «Dünya ədəbiyyatı» dərgisinin baş redaktoru, şair Səlim Babullaoğlu çıxışına Mərakeş ədəbiyyatının keçdiyi yola qısa şəkildə nəzər yetirməklə başladı. Axırda isə Mərakeş poeziyasının müxtəlif nəsillərini təmsil edən iki şairin şeirindən etdiyi tərcümələrini oxudu. Görüşdən sonra qonaqlar mətbuatın suallarını cavablandırdı.

Biz isə öz növbəmizdə Səlim Babullaoğlundan Mərakeş ədəbiyyatı ilə bağlı düşüncələrini bölüşməyi xahiş etdik.

- Mərakeş ədəbiyyatı haqqında Azərbaycan oxucusunun məlumatını necə dəyərləndirmək olar?

- Bizdə peşəkar şərqşünaslar və tərcüməçilər olsa da, təəssüf ki, biz Mərakeş, yaxud onların özlərinin xoşladığı və dedikləri kimi məğrib ədəbiyyatı, xüsusən o ədəbiyyatın bu günü haqqında demək olar heç nə bilmirik. Bəzi nümunələri çıxmaq şərtilə xəbərsiz olduğumuzu etiraf etməliyik. Şəxsən mənim o ədəbiyyatla tanışlığıma gəlincə, mən o ədəbiyyatın tarixi keçmişi ilə bağlı bir-iki icmal məqaləsi oxumuşam. Amma XX əsr məğrib şeiri haqqında məlumatım əsasən rus dili vasitəsi ilə olub, bir də ingilis dilində hazırlanmış bəzi filoloji tərcümələrlə tanışam. Sovet dönəmində rus dilində Afrika xalqları ədəbiyyatı almanaxları hazırlanırdı, o almanaxlarda bəzi məğrib şairlərinin də şeirləri yer almışdı. Onları oxumuşam. Vaxtilə rus dilində məşhur nəşr olunmuş 200 cildliyə «Afrika poeziyası» kitabı daxil idi. Amma bunu dəqiq bilirəm ki, məğrib şairləri Afrika xalqları poeziyası arasında Əlcəzairdən sonra Avropa dillərinə daha çox tərcümə olunublar.

- Bizim ədəbiyyatların yaxınlığı varmı? Paralellər aparmaq olarmı?

- Sualın birinci hissəsinə mən dəqiqliklə cavab verə bilmərəm. Ümumi şeyləri isə əlbəttə demək olar. Əvvəla onlar da, biz də İslam dininin və onun üzərində formalaşan mədəniyyətin daşıyıcılarıyıq. Klassik ədəbiyyatlarımıza təsir edən qaynaqlar bu mənada eynidir. Ümumiyyətlə, hər iki xalqın mədəniyyət və ədəbiyyat tarixini müəyyən şərtiliklə dörd dövrə-İslama qədərki, İslamdan sonrakı, Avropa meyilli (onlarda fransız və ispan təsiri ilə, bizdə isə rus təsiri ilə) və müstəqillik dövrlərinə bölmək olar. Dünyanın ən qədim universitetlərindən birini Mərakeşdə yaranıb. 12-ci əsrdən başlayaraq həmin universitetdə İbn-Xəldun, İbn Əl-Bitruci, İbn Xarəzm, İbn Məymun, İbn Vəzzən, hətta deyilənə görə, Avropaya ərəb rəqəmlərini aparan Papa İkinci Silvestr kimi adamlar təhsil alıb, dərs deyiblər. Əlmöhəd dövründə tikilən Kütubiyyə məscidi, yaradılan böyük kitabxana, buraya sığınan müxtəlif fəlsəfi-estetik cərəyanlara aid olan şair və filosoflar İbn Rüşd, İbn Tüfeyl, İbn Zühr sonradan bu mədəniyyətə, ümumislam mədəniyyətinə və elminə böyük töhfələr veriblər. Onların təsiri müasir dünyadan da yan keçməyib. Məşhur şair və hökmdar Əhməd Səədiyən əl-Mənsur (1578-1603) tərəfindən Təraudənt kitabxanasının zənginləşdirilməsi, Təmərqrout kitabxanasının yaradılması, sonra bəzi kitabların İspaniyaya, El-Eskoriala gedib çıxması bir tərəfdən Mərakeş mədəniyyəti haqqında məlumat verirsə, digər tərəfdən bizim mədəniyyətlərin oxşarlıqlarım təsdiqləyir. Bu fakt mənə daha çox Şah İsmayıl Xətaini xatırladır. Qaldı ki, müasir məğrib ədəbiyyatı və paralellərə. Məğrib ədəbiyyatı əsasən 3 dildə yazılıb. Ərəb, fransız və bərbər dillərində. Bu ədəbiyyatın müasir dövrü 30-cu illərdən başlayır. Yeri gəlmişkən, bu elə həmin dövrdü ki, XX əsr Azərbaycan ədəbiyyatı da öz yeni səhifələrini açırdı. Sonrakı dövrdə, 40-50-ci illərdə Mərakeş Avropa yazıçılarını özünə çəkirdi, Pol Boulz, Tennesi Vilyams, Kerouak və Uilyam Berrous kimi Avropa yazarlarını özünə cəlb etmiş, hətta həmin yazıçılar bir müddət burada yazıb yaradıblar. Bu dövrdə Mərakeş ədəbiyyatında Məhəmməd Çoukri, Driss Sraibi, Məhəmməd Zəfzəf, Dris əl Hauri kimi şair, yazar və romançıları yetişiblər. Bunlar Mərakeş ədəbiyatının 60-cıları sayılır. Burda da paralellər aparmaq olar. Amma yalnız bir şeyi demək istəyirəm ki, məğrib ədəbiyyatının dünyaya çıxışı fransız dili vasitəsilə baş verirdisə, bizdə bu proses rus dili vasitəsi ilə gerçəkləşdi. 50-60-cı illər Mərakeşin Fransa və İspaniya protektoratından çıxması, tam müstəqillik dövrü idi. Həmin dövrdə məğrib şeirində bizim də «sərbəst şeir» dediyimiz, onların isə «şiir hürr» dediyi formalı poeziya ənənəvi metrik (əruz və heca) poeziya ilə yanaşı inkişaf eləməyə başlayır. Bizdə də bu təxminən eyni dövrdə oturuşur. Amma, elə biz də olduğu kimi, bu sərbəst poeziya ənənəvi metrik poeziyanın ünsürlərini saxlamaqla baş verir. Məsələn, böyük şairimiz Rəsul Rzanın sərbəstində qayda-qanunu, ritmi, hecanın ünsürlərini hiss eləməmək olmur. Yaxud Mikayıl Müşfiqin poeziyası əslində əruzun üzərində milliləşdirilərək, qurulan-yaranan bir şair formasıdır. Mərakeş poeziyasında da bu təcrübəyə rast gəlinir. Götürün, Vaqif Səmədoğlunun, Ramiz Rövşənin və başqa şairlərmizin şeirlərini. Deməyim odur ki, «şiir hürr» Mərakeşdə «tafilah»la, metrik vəznlə tənzimlənirdi ki, bunun tamamilə aradan qalxması, bizdə də olduğu kimi, 80-90-cı illər ədəbi nəslinin boynuna düşdü. İndi baxsaq, görərik ki, bizdə tam ölçüsüz-biçisiz bir poeziya yaranır ki, çağdaş Mərakeş ədəbiyyatında buna «qəsidət ənnəthr», yaxud prosema, prozaya can atan şeir deyilir. Nəticə olaraq deyə bilərik ki, XX əsr məğrib ədəbiyyatı, xüsusən poeziyasının dönüş nöqtələri ilə bizim ədəbiyyatdakı proses üst-üstə düşür. XX əsr məğrib poeziyasının Məhəmməd Əziz Ləhbəbi, Abdəl Kərim Təbbal, Əhməd Couməri, Əhməd Mejjati, Bena Yunes Majen, Mustafa Nissaburi, Muhəmməd Bennis, Calal əl Hokmaouri və yeni nəsli təmsil edən Əl Quazzani, Abdəl İlah Salhi, bugünkü görüşdə iştirak edən Hassan Najmi, Əhməd Bərəkət, Bakouri Əl-Əminə kimi nümayəndələri var. Yaxın gələcəkdə tanınmış Mərakeş şairlərinin əsərlərini dilimizə çevirməyi qərara almışıq.

Yeri gəlmişkən, onu da deyək ki, müasir Mərakeş şairləri Avropa poeziya festivallarında, konfranslarında ən fəal iştirak edən Afrika şairləridir.

 

 

Söhbətləşdi: Sabutay

 

Mədəniyyət.- 2009.- 21 oktyabr.- S. 13.