Zindanları işıqlandıran şair
Türk
dünyasının böyük şairi Xəlil Rza
Ulutürk 21 oktyabr 1932-ci il tarixdə anadan olub. Keçməkəşli
yaradıcılıq yolu keçib. Qısa, lakin mənalı
ömrünü xalqına həsr edib. Zəmanəsinin qəhrəmanı
kimi xalqı köləlikdən azadlığa, mütilikdən
mübarizliyə, qovuşmağa çağırıb. Özü
də elə bir dövrdəki həmin vaxt azadlıq
sözünün özü bir vahimə yaradırdı. Haqqın,
ədalətin talandığı, haqq səsini
çıxaranın səsinin boğulduğu sovet
imperiyasının xalqımıza qara əllərinin
uzandığı bir vaxtda Xəlil Rza bir azadlıq günəşi
kimi parladı. Heç nədən qorxmadan, çəkinmədən
əsl vətəndaş şair, kişi cəsarəti ilə
AZADLIQ deyə, haray qopardı:
…Azadlığı istəmirəm
bir həb kimi, dərman kimi
İstəyirəm SƏMA kimi!
GÜNƏŞ kimi!
CAHAN kimi!
Üsyankar ruhlu şair
belə düşünürdü:
Vətəndaş olmasa boş
şeydir Vətən!
Beş günlük, on
günlük güney qarıdır.
Vətən məfhumunun özəyindəki
Vətənin vüqarlı
oğullarıdır!
Ötən əsrin 60-cı
illərindən başlayaraq şair bir vətəndaş kimi
vətənpərvər ideyaları ilə sanki oda-alova
dönmüşdü. Açıq-aşkar "Davam edir -
37" söyləyən şairin üsyankar poeziyasından
hürkən mürtəce qüvvələr onu izləyərək
şairə təzyiqlər göstərməyə
başladılar. O, işdən azad edildi və
yazılarının çapına
qadağalar qoyuldu. Ancaq Xəlil Rza xalqın şairi idi və heç
bir senzura onun şimşək kimi çaxan alovlu fikirlərinin, azadlıq mübarizəsinin
qarşısını ala bilməzdi.
…
…Döyüşüm qəbrədək davam edəcək,
Sevindirmək üçün yurdu, bəşəri.
Dəmiri doğrayan polad qayçıtək
Mənim hər addımım kəsəcək şəri.
Bütün varlığı ilə azadlıq uğrunda çalışıb-çarpışan şair 1988-ci ilin əvvəllərindən başlayan milli azadlıq hərəkatının önündə gedən aydınlarından biri oldu. O, Azərbaycanın bütün bölgələrini qarış-qarış dolaşıb həmvətənlərini ayıq-sayıq olmağa, mübarizəyə səslədi. O, bir ata kimi oğlunu, gözünün nuru Təbrizi bu mübarizəyə hazırlamışdı:
Bu gün yağış yağır … qorxma yağışdan,
Tufanda, şimşəkdə bərkimiş canın.
Sən mənim balamsan, mən sənin atan,
Biz bir cüt oğluyuq Azərbaycanın!
İllərdi özünü qəfəsdə, zindanda hiss edən şairin, nəhayət əsl məhbəs həyatı başlayır. Amma o, "Vaysınmıram" şeirində, söylədiyi kimi, bunu faciə qəbul etmir. Çünki şair çoxdan buna hazır idi və bilirdi ki bundan da betər müsibətlər qaçılmazdı:
Mənim kiçik kameram Azadlıq paytaxtıdır,
İşıq düşür gözümdən neçə zülmət qəfəsə.
Adicə iş stolum bir hökmdar taxtıdır,
Taqqıldadıb divarı oxuyuruq səs-səsə
İşıq düşür gözümdən neçə zülmət qəfəsə, - deyən şair dəmir barmaqlıqlar arasında da əqidəsinə sadiq qalır və alovlu misraları ilə həm də bir tarix yazır. Özü də ULUTÜRK imzası ilə. O həmçinin ağır zindan şəraitində tərcümələr edərək dünyanın poeziya çələngindən doğma vətənə hədiyyələr edir. Bu da millətlərarası münasibətləri "qızışdıran" şairin zindan yaradıcılığı…
Mənim azadlığım yalnız onundur,
Ölsəm də, yenidən gələrəm cana.
Dirilik suyutək qovuşa bilsəm,
Dodaqları yanıq Azərbaycana…
Beləcə nə əzab, nə də ölüm qorxusu sarsıdır onu. Çünki şair "mən" deyəndə bütöv bir xalq kimi hiss edir özünü və "Mən -Azərbaycanam" söyləyir. Elə bu güc, bu inam da onu xilas edir. Doğma vətəndə isə şairin azadlığı uğrunda müdafiə komitəsi mübarizə aparırdı.
Xəlil Rza Ulutürk Lefortovo həbsxanasının kameralarında 22 ay çəkdiyi əzablardan sonra, nəhayət, bəraət alır və doğma Bakıya qayıdır. Şair vətənə dönəndə Qarabağ müharibəsi daha genişlənmişdi. Onun məsləkdaşı, dostu, sirdaşı və doğma oğlu Təbrizin səsi artıq cəbhələrdən, ölüm-dirim savaşından gəlirdi. Bir gün ciyərparasının Vətən uğrunda şəhid olması xəbərini şair ürəkağrısı ilə qarşılasa da, doğma övladı, Azərbaycanın Milli Qəhrəmanı ilə qürür hissi də keçirir. Axı onlar ata-oğul Vətənə əsgər idilər.
Xəlil Rza poeziyası və şəxsiyyətindən danışarkən onun həyat yoldaşı, məsləkdaşı, bu gün də şairin irsini yaşadan, əsərlərini nəşr etdirən, cəfakeş Firəngiz xanımı əsla unutmaq olmaz!
Azərbaycanın incəsənət xadimi, M.F.Axundov mükafatı laureatı Xəlil Rza Ulutürk 1994-cü ildə Bakıda vəfat edib. Ölümündən sonra şair "İstiqlal" ordeni ilə təltif edilib.
Mina RƏŞİD
Mədəniyyət.- 2009.- 21 oktyabr.- S. 12.