Kamera və
o...
Sərdar Vəliyev: “Mən özümü xoşbəxt
insan hesab edirəm!”
Təbii ki, hər bir kinooperator kimi o da daha çox
xoşbəxt, deyib-gülən, daim başqaları ilə
ünsiyyətdə olan, enerjili insanları çəkmək
istərdi. Amma reallıq
çox vaxt onun bu istəyi
qarşısında maneələr
yaradırdı. Operatorun
özü demiş, insanda qəmgin hisslər oyadan ölən uşaq, ağlayan ana, dağılan yuva, yanan ev və
s. kimi görüntüləri
də lentə almaq lazım gəlirdi. Lakin
əsl kinooperator elə çəkdiyi kadrlarla insana təsir etməyi, onu düşündürməyi
bacarmalıdır.
Mənə bu qənaəti kinooperator Sərdar Vəliyevin
ömür yolu diktə edir. Operatorluq sənətinin sirlərindən
xəbərdar olmaq üçün bu il 70 illik yubileyini qeyd
edən Sərdar müəllimin şəxsən özü
ilə söhbət etdik:
- Ənənəni pozmayaraq
lap başdan başlayaq. Necə oldu ki, operatorluq sənətini
şəxsi peşənizə çevirdiniz?
- Mən
doğulduğum, böyüyüb boya-başa
çatdığım Cəlilabadda orta məktəbi
bitirmişəm. Elə bu vaxtlar qəzetlərin
birində oxuduğum elan, belə demək mümkünsə,
mənim bütün gələcək taleyimi həll etdi. Elanda C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kinooperator
və rejissor assistenti hazırlığı
ilə bağlı qəbula başlanıldığı
yazılırdı. Seçim
zamanı peyzaj, portret və digər janrlarda bir neçə maraqlı fotokadr tələb olunurdu. Mən hələ uşaq yaşlarımdan fotoqrafiya ilə maraqlanırdım. Bu zamana qədər çoxlu maraqlı, qeyri-standart fotokadrlar çəkmişdim. Qalereyamdakı
ən maraqlı və ən fərqli fotoları götürüb kinostudiyaya
yollandım. Evə sevindirici xəbərlərlə
döndüm. Məni
kinostudiyaya işə
qəbul etdilər. Çünki fotolarım öz orijinallığı,
qeyri-adiliyi ilə münsiflərin diqqətini
cəlb etmişdi. Ən çox da portret janrında
olan işlərim bəyənilmişdi. Deyilənə
görə, onlarda xarakter sezilirdi.
Beləcə operator assistenti kimi, 25 nəfərlik bir qrupa daxil oldum. Bütün
ili biz yalnız
və yalnız öyrəndik. Keçdiyimiz birillik təcrübə
kino sənətinin bütün incəliklərindən
xəbərdar olmağımız,
onun ən xırda sirlərinə belə bələd olmağımız üçün
bəs etdi. Sonra mən kinostudiyada operator assistenti vəzifəsinə
təyin olundum. İş zamanı yığdığım
təcrübə də
mənim köməyimə
yetdi. Mən artıq sənətimin
ən incə məqamlarını belə
bilirdim, lakin yenə də bilmədiyim şeyləri
öz peşəkar müəllimlərimdən soruşmaqdan
çəkinmirdim. Onlar da hər şeyi mənə sevə-sevə
başa salırdılar.
Daha sonra mənə Moskvada kinooperatorluq kursunu keçmək təklif olundu. Bu təklifi alanda
sevincimin həddi-hüdudu
yox idi.
Bir neçə ildə mən onlarla filmin operatoru olmuşam. Bir şeyi də
xüsusilə qeyd etmək istərdim. Mən bədii filmlərdə də operator kimi çalışmışam. Lakin indi düşünürəm:
nə yaxşı ki, sənədli filmləri seçdim. Kameramı kimlərə doğru yönəltmədim, kimlər
mənim çəkiliş
obyektimə çevrilmədi
ki?!
- İndiyə qədər
təxminən nə qədər filmə onun operatoru kimi imza atmısınız?
- 120 qısametrajlı və 5 tammetrajlı sənədli
filmə. Onların arasında xüsusilə
seçilənlər ulu
öndərimiz Heydər
Əlirza oğlu Əliyevə aid olanlardır.
Digər filmlərimə
“Qızıl balıq”,
“Şirvan qoruğu”,
“Azərbaycan təbiəti”,
“1994-cü ilin adamı”
və başqa qısametrajlı sənədli
filmlərimi aid edirəm.
Açığını deyim ki, heyvanlar aləminə aid maraqlı filmlər çəkməyi daha çox sevirəm. “Qızıl balıq”ı
biz rejissor Cəmil Fərəcovla birgə işlədik. O vaxtlar
Çaykənddə qızıl
balıq yetişdirməklə
məşğul olan bir zavod vardı.
Həmin
zavodda balıqlardan süni yolla kürü alırdılar.
Kürülər 4 aya yaxın
bir müddət ərzində təmiz suda saxlanılmalı idi. Bu müddət
keçdikdən sonra
kürülərdən balıqlar
çıxmağa başlayırdı.
Biz həmin bu
anı tutmuş, kürüdən balığın
necə çıxmasını
lentə almışdıq.
Bu kadrlar, həqiqətən
də, tapıntı idi.
“Şirvan qoruğu”
ilə də bağlı maraqlı bir şey danışmaq
istərdim. Bu filmi çəkənə
qədər mən hələ həyatımda
ceyranın dənizdən
su içdiyini nə eşitmiş, nə də görmüşdüm. Belə bir
yazılmamış təbiət
qanununun olduğunu biləndə “onu mütləq lentə almaq lazımdır” deyə düşünmüşdüm.
Bu hadisənin necə baş verdiyini çəkdik.
Həmin
filmimiz Moskvada “Kinosəyahətçilər klubu”
verilişində də
nümayiş olundu.
Azərbaycan kinosunun 100
illiyinə həsr etdiyimiz “Ailə” filmi də böyük
marağa səbəb olmuşdu. Bir çox
filmim yaxşı mənada beləcə səs-küyə səbəb
olub. Lakin yaradıcılığımın ən maraqlı dövrünü ümummilli
liderimizə həsr etdiyim 20 ili
sayıram.
- Ailəniz də çəkiliş obyektinizə
çevrilibmi?
- Hə, olub. Ailəmlə bağlı ən
xoş günlərimizi
də lentə almışam. Mən, ümumiyyətlə,
özümü xoşbəxt
insan hesab edirəm. Şükürlər olsun, iki gözəl qızım
var. Yeri gəlmişkən,
deyim xanımım gürcüdür. Xoşbəxtliyimi dörd şirin nəvəmdə tapmışam.
İstədiyim sənətə yiyələnmiş, istədiyim
insanları kameramla çəkmişəm. Daha nə
olsun?
Söhbətləşdi:
Könül NƏCƏFOVA
Mədəniyyət.-
2009.- 21 oktyabr.- S. 11.