Yeni nəslin
yeni iddiası
Müsahibim “Kənddə məktəb” filminə
görə tələbə rejissorlar arasında «Ən
yaxşı bədii film nominasiyası» ilə
mükafatlandırılmış, 2006-cı ildə “Bu meydan,
bu ekran” layihəsinin qalibi, “Qızıl çıraq”, “Start”
və bir sıra müsabiqələrin
iştirakçısı, bugünkü, filmlərimizin
inkişafı üçün bütün
yaradıcılıq bacarığını meydana qoyub, əlindən
gələni əsirgəməyən rejissor, prodüser Elnur Əliyevdir.
- Hazırda
çalışdığınız “Old City Film Azerbaijan”
şirkəti bu vaxtadək hansı layihələr üzərində
işləyib?
2008-ci ildən fəaliyyətdə
olan şirkətimiz bu müddət ərzində çox
maraqlı layihələr həyata keçirib. BMT, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Regional inkişaf uğrunda Qadınlar Cəmiyyətinin
dəstəyilə “Satılmış
həyat” bədii sənədli filmini uğurla başa vurmuşuq. Daha sonra, BMT-nin ikinci layihəsini, Ədliyyə Nazirliyi ilə birgə narkomaniyaya qarşı film çəkmişik. Hazırda son tamamlama işi gedən “Günahsız günahkarlar” sənədli
bədii filmimiz «Təmiz Dünya» - Qadınlara Yardım İctimai Birliyinin, Daxili İşlər Nazirliyinin və prezidentimizin qeyri-hökumət təşkilatlarına
dəstək fondunun maliyyə dəstəyilə
çəkilib. Filmi birbaşa olaraq prezidentin iki sərəncamını uşaq
ili və kino ilə bağlı
imzaladığı sərəncamlarını
əldə rəhbər
tutaraq, adlarını
sadaladığım təşkilatlarla
birgə çəkmişik.
-Filmin mövzusu nədən ibarətdir?
- İnsan alveri.
Bildiyiniz
kimi, insan alveri 21-ci əsrin ən böyük bizneslərindən hesab edilir. Ondan gələn gəlir
narkotik, silah və turizmdən sonra 4-cü yeri tutur. Azərbaycan da bu işlərdə adı hallanan ölkələr sırasında
olduğu üçün
bu filmi çəkmək qərarına
gəldik. Filmin baş qəhrəmanı
insan alverinin qurbanı olmuş 16 yaşlı qızdır.
Atası tüfeyli həyat tərzi keçirən, spirtli içkilər qəbul edən bir adamdır.
Valideynləri ayrılır.
Uşaq sahibsiz qalır və onu nənəsinin himayəsinə verirlər.
Burda da o, dayıları tərəfindən sıxışdırılır.
Sonda qız özü də bilmədən insan alverinin qurbanına çevrilərək Dubayda
satılır. Təbii
ki, film xoşbəxt sonluqla bitir.
- Yeni hansı layihələr üzərində
işləyirsiz?
- İndi bir
layihə üzərində
işləyirik. Bu “Güllələr
altında” adlı 15 dəqiqəlik film olacaq. Film döyüş
bölgəsində yaşayan
uşaqların həyatından
bəhs edir. 1988-ci ildən bu vaxtadək
uşaqların başına
gələn hadisələr
filmdə öz əksini tapacaq. Məsələn, burada uşaqların minaya düşməsi kimi təsirli səhnələr
var. Düşünürük
ki, film texniki parametrlər, yaradıcı heyət baxımından çox yüksək səviyyədə
olmalıdır. Çünki
filmi may ayında Kann festivalına göndərməyi
fikirləşirik. Ssenari
müəllifi mən
və Kamran Qasımovdur. Filmin çox bahalı texniki avadanlıqla çəkilməsi nəzərdə
tutulur. Azərbaycanda belə bir texnika
olmadığı üçün
biz onu Gürcüstandan
gətirməyi planlaşdırırıq.
Filmin çəkilməsində
Milli Məclisin bir neçə deputatının yaxından
köməyi olacaq. Dekabr ayından filmin çəkilişlərinə
başlayacağıq.
-Yaxşı kino... Bu
ifadəni bizim filmlərə də aid etmək olar?
- Bilirsiz, indi kinoda tamam
başqa bir tendensiya yaranıb. Bir vaxtlar rejissorluq sənəti
haqqında düşünməyən bəziləri
görürsən ki, bu gün film çəkir... Mən, ümumiyyətlə, dövlətdən alınan
layihələri düzgün
hesab etmirəm. Çünki dünyanın heç
bir yerində dövlət kinoya pul ayırmır. Film
çəkmək istəyən
adam özü
gedib pulu tapmalı, özü maraqlanmalıdır. Əgər prodüser,
yaxud hansısa bir şirkət üzərinə öhdəçilik
götürmürsə, heç
vaxt yaxşı kinodan danışmaq olmaz.
- Səhv etmiriksə, bu yaxında müğənnilərlə bağlı
film çəkmisiz...
- Bəli, müğənnilərlə
bağlı “Yol” filmini işləmişəm.
Hazırda filmin çəkilişləri
tamamlanıb. Filmi 2 seriyalı
etmək istəyirik.
Mövzu
yolda baş verən hadisələrdən
bəhs edir. Bir növ bizim “Sən niyə susursan” filminə bənzəyir. Macəra janrında
olan kommersiya xarakterli filmdir. Filmin məqsədi demək olar ki, müğənnilərin
reklamıdır. Hazırda filmin
səsləndirilməsiylə bağlı maliyyə çatışmazlıqlarımız var.
Film Azərbaycan tamaşaçıları
üçün nəzərdə
tutulmuşdur, hansısa
bir festivala göndərməyi nəzərdə
tutmuruq.
Yeganə CANSAİL
Mədəniyyət.- 2009.- 21 oktyabr.- S. 11.