"İndi daha məsuliyyətlə çalışmaq
zamanıdır"
Mərahim Fərzəlibəyov: "Heç vaxt
arxayınlaşmamışam"
Akademik Milli Dram Teatrının baş rejissoru, xalq
artisti, çağdaş Azərbaycan teatrının
tanınmış nümayəndələrindən biri Mərahim
Fərzəlibəyov indiyə kimi bir bədii filmin ("Mənim
ağ şəhərim") 3 televiziya filminin
çoxsaylı televiziya və səhnə əsərlərinin
("Qırmızı qan", "Canavar balası",
"Doğan günəş") rejissoru olub. Bir neçə
filmdə aktyor olaraq rol alan M.Fərzəlibəyov bu işin də
öhdəsindən özünəməxsus gələ bilib.
"Ölülər"də Şeyx Əhməd, "Qəm
pəncərəsi"ndə Uçitel Həsənov
rollarını yaradıb. Onun teatr
yaradıcılığı isə xüsusi bir söhbətin
mövzusudur. Ümumiyyətlə, M.Fərzəlibəyov
indiyə kimi 60-a yaxın əsərin quruluşçu
rejissoru olub. 40 ildir sənətdə olan rejissor 60 yaşı
ömrünün ən məsuliyyətli dövrü
sayır: "İndi daha da məsuliyyətlə
çalışmaq zamanıdır. Ümumiyyətlə,
heç vaxt arxayınlaşmamışam".
Bu gün Azərbaycan
tamaşaçısını maraqlandırmaq, onun diqqətini
teatra sözün əsl mənasında cəlb etmək
çətindir. Son illər teatr üçün həm də
təmirlə bağlı çətin keçib. Ancaq bu
müddətdə teatr nəinki dayanmayıb, əksinə,
yeni-yeni tamaşalar üzərində işlər gedib, truppa
ardıcıl olaraq, Azərbaycanın müxtəlif bölgələrində,
habelə xarici ölkələrdə qastrollarda olub. "Çalışırıq
ki, teatrın əməkdaşlıq etdiyi müəlliflər
bura daha tez-tez əsər təqdim etsinlər. Çalışırıq
ki, dünyanın məşhur dram əsərlərini, habelə
Azərbaycan dramaturqlarının yeni əsərlərini
tamaşaçılara təqdim edək. Təmir labüd idi;
hazırda Avropa teatrları müasir texniki imkanlarla təchiz
olunduqlarından onların təqdim etdikləri əsərlər
daha professional təsir bağışlayır".
Son illər rejissorun
quruluşunda "Füzuli və Əsmər",
"Körpüdə mənzərə" tamaşaları
seyrçilərin rəğbətini qazandı. Artur
Müllerin "Körpüdə mənzərə" əsərinin
mövzusu çox aktualdır, imiqrantların taleyi ön plana
çəkilib. Narahat taleli insanların sevgisi, kədəri,
gizli şəkildə yaşamaları, hətta bizneslə məşğul
olmaları əks olunur. A.Müller 20-ci yüzilin
tanınmış dramaturqlarındandır. Rejissor deyir ki, bu əsər
hazırda bütün dünyadakı vəziyyəti aydın
dərk etmək baxımından çox aktualdır. Teatr
xarici rejissorlarla daimi əməkdaşlıq etmək, ildən-ilə
bu əməkdaşlığı artırmaq niyyətindədir:
"Habelə, bizim rejissorların xarici ölkələrdə
təcrübə mübadiləsi aparmaları nəzərdə
tutulub. Dünya teatrlarının mövcud inkişaf səviyyəsi
tələb edir ki, olanları təhlil edək,
inkişafımız üçün daim yaradıcı stimul
əldə edək".
M.Fərzəlibəyovun
son illərdə quruluş verdiyi əsərlərdən biri
də mərhum rejissor Tofiq Kazımovun "Muradın kələkləri",
yaxud "İmzanın hökmü" komediyasıdır. Bu
əsər 70-ci illərdə yazılıb: "Bilirik ki,
Tofiqin atası - XX yüzilin əvvəllərində
yaşamış məşhur şair Səməd Mənsur
öz şeirlərində sovet hakimiyyətinin ideya cəhətdən
çürüklüyünü göstərirdi. T.Kazımov
sovet dövründə yaşayıb sosializm-realizmi
mövzusunda çoxsaylı əsərlər səhnələşdirsə
də, o, həmişə müstəqil düşüncəsi
ilə çoxundan seçilirdi. Həmçinin səhnələşdirdiyi
əsərlərdə daim tamaşaçını
düşündürən məqamlar çoxluq təşkil
edirdi. Bu baxımdan onun "Ölülər", "Pəri
Cadu" əsərlərini özünəməxsus səhnələşdirməsi
diqqətəlayiqdir. Vaxtilə mən Sumqayıt teatrında
baş rejissor işləyərkən Tofiq Kazımov bu teatrda
baş rejissor idi. Yadımdadır, mənə
"İmzanın hökmü"nü təqdim etdi ki,
baxarsan, burada işlədiyimdən əsərimi səhnələşdirə
bilmərəm. 1977-ci ildə bu əsəri səhnələşdirdim.
Sonradan hiss etdim ki, əsəri bu gün mənə tamamilə
aydın olan səviyyədə səhnələşdirə
bilməmişəm. Hər halda dövrün, zamanın təsiri
istər-istəməz özünü göstərmişdi. O
səbəbdən də əsərə yenidən
qayıtmalı oldum. Əsərdə hadisələr
hansısa bir Şərq ölkəsində cərəyan
edir. O, hadisələri məharətlə qeyri-müəyyən
bir məkan və zaman üzərinə köçürə
bilib".
Son illər teatrda M.Fərzəlibəyovun
yaradıcılığının timsalında bir neçə
oxşar mövzulu əsərin vahid süjetdə səhnə
həyatını tapması ideyası gerçəkləşdi.
Teatrın baş rejissoru bu yöndə işlərin
ardıcıl davam edəcəyini bildirir: "Yenə də
bu yöndə ideyalar var. Tamaşaçıya təqdim edilən
əsər çox ciddi şəkildə fikir süzgəcindən
keçirilir. Belə bir ideya adətən rejissorlara xas olur.
Rejissor müəyyən bir ideya xətti əsasında bu və
ya digər əsərin səhnə təcəssümünü
görür. Bu gün Azərbaycan şifahi xalq ədəbiyyatanın,
həm də yazılı ədəbiyyatımızın
nümunələri içərisində bu tipli əsərlər
üçün mövzular yetərincə var. Sadəcə,
bu yöndə daha ciddi və ardıcıl işləmək
gərəkdir".
Ümumən bu gün
teatrlara marağın əvvəlki onillərlə müqayisədə
azalması müşahidə olunur. Əsl sənətə
olan marağın öldürülməsində serialların
"rolu" danılmazdır. M.Fərzəlibəyovun
kinoseriallarla bağlı qənaəti maraqlıdır:
"SSRİ dövründə kinoseriallar cəmiyyətə
o qədər də daxil olmamışdı. Teleserialları
yazmağı özünə peşə edənlər insan
psixikasının ən zəif, həssas tərəflərini
qabartmağa, bununla da dünyanın müxtəlif ölkələrində
müxtəlif millətlərin əhvalına təsir
göstərməyin yolunu tapdılar. Amma bütün bunlara
baxmayaraq bugünün tamaşaçısı ağı
qaradan seçməyi bacarır. Mən şübhə etmirəm
ki, bir azdan ağıllı tamaşaçılar seriallara
münasibətdə daha ciddi seçimlərini edəcək
və yəqin ki, onlar hər seriala baxmayacaqlar. Əgər Azərbaycanda,
eləcə də dünyada klassik əsərlərə
müraciət edilən seriallar çəkilsə, bu,
tamaşaçı zövqünün formalaşmasına,
insanlarda düşüncə yönünün daha da irəliyə
doğru getməsinə səbəb olar. Azərbaycanda ciddi
serialların yaranmasına zəmin yaradan xeyli ədəbiyat
nümunələrimiz və bundan sonra yazılması zəruri
olan mövzularımız var".
Mərahim Fərzəlibəyov
bəzi serialları nəinki Azərbaycan, ümumiyyətlə,
Şərqin ruhuna təcavüz kimi də qəbul edir:
"Dünyanın Şərqə qarşı münasibətində
ziqzaqlı məqamlar artmaqdadır. Bu mənada seriallarda Şərqə
təsir etmək üçün müxtəlif priyomlardan
istifadə edildiyi açıq-aydın sezilir. İddia etmək
olmaz ki, seriallar xalqa o qədər də təsir göstərə
bilməz. Hər halda seriallar əhalinin müəyyən təbəqəsində
pis təəssürat yaradır".
Elçin Qaliboğlu
Mədəniyyət.- 2009.- 21 oktyabr.- S. 9.