Məcnunun məcnunu - Mənsum
İbrahimov
Nadanlıqla
silahlananları tərk-silah eləmək lazımdı,
ağlıma gələn birinci cümlənin sonunda nöqtə
qoymağa yer tapmıram, nöqtənin, bəlkə də,
yeri yoxdu, amma cümlənin yeri var; o, güc orqanında
işləmir, müstəqil detektiv də deyil, amma hücum
eləməyi əla bacarır, qarşısındakı
nadandısa... Üzeyir Hacıbəyov, opera, balet, Məcnun,
Füzuli kimi orta statistikadan da "aşağı"
sözləri çoxları ilk dəfə onun dilindən
eşidib.
O - öyrədəndi…
Balaca uşaq kimi, kitab-dəftər
əlindən düşmür, üst-başına mürəkkəb
tökülsə heyrətlənmərəm, heç bir
çəkilişə məşqsiz getmir, dərs dediyi
akademiya - gimnaziya - orta məktəbdə ən səliqəli
tələbə - şagird o özüdü, səsdən
söz, sözdən səs almağın yolunu bilir, bəlkə,
kiməsə adi görünər, dünyada ən çətin
iş kimləsə, nəyiləsə nəfəs
almaqdı, o kimlə, nəylə nəfəs almağın
yolunu bilir.
O - öyrənəndi…
Adı olmayanda da
utancağıydı. Xalq artisti, Prezident
mükafatçısıdı, dəyişməyib, yenə
özüdü.
Opera və Balet
Teatrında heç kim işləməyəndə o, səhnədən
düşmürdü. İndi hamı teatral olub, o yenə
sakitcə Məcnunun məşqlərinə tələsir.
Otuzunda səsinin
başını yığmaq olmurdu, gələn il
yaşı yarım əsri haqlayacaq, nə olsun, zilinin təqvimdən
xəbəri yoxdu.
Vaxtıyla öyrəndiklərindən
indi çox bilir, amma hələ də onları
"ustad" deyə öyməyində.
Sənət evinə gətirdiyi
yeniliklər də bünövrənin üstündə
dayanıb.
O - dəyişməyəndi…
Toyda elə oxuyur, deyirsən,
Heydər Əliyev Sarayında dövlət konsertidi. Ona
görə kimsə cibinə pul qoymağa cürət eləməz.
İlahi, o, yüz kərə
Məcnun olub! Adam bir yol özünü
Məcnuna oxşadanda
(Məcnun olanda yox ha, oxşadanda!)
ağlı başından
oynayır, evini - eşiyini, itini - pişiyini, arvadını
- uşağını atıb
çöllərə düşmək
istəyir - yoxsa yüz kərə! Leylini ona düz
eləyib vermirlər,
o, Leylinin yox, Məcnunun məcnunudu.
Hər dəfə adımı onun dilindən eşidəndə sevinirəm. Elə bilirəm, məni Məcnunun özü çağırır. Axı, Füzulinin yazdığına görə, Məcnunun da gözəl səsi olub. Poema yadınızdadı:
Avazı idi bəsi-mülayim,
Üslubi dürüst, üsuli-qaim.
Təhrir ilə hər çəkəndə
avaz,
Quşlara tutardı rahi-pərvaz.
Gahi qəzəlü, gahi qəsidə
İnşa qılıb ol sitəmrəsidə.
Suz ilə oxurdu
gahü bigah,
Bir neçə əziz onunla həmrah.
O - Məcnundu…
Muğam çölləri onun müridləriylə doludu. Azərbaycan muğam müsabiqəsində birinci yer - onun şəyirdinin, Beynəlxalq Muğam Müsabiqəsinin qalibi - onun boğazından sənət körfəzinə yan alıb, ən balaca muğam ustası Elməddin İbrahimov və bugünlərdə əməkdar artist adına layiq görülmüş ən gənc xanəndə Təyyar Bayramovun adlarını çəkmək bəsdi. Tələbələri təkcə oxumağı yox, nitq mədəniyyətini də ondan əxz eləyiblər. Onun məktəbi həm də "Vətən eşqi məktəbi"di (M.Şəhriyar). Onun səsi Qarabağın səsiylə açılır, sözü Qarabağın sözüylə bitir. Dost kimi hələ bir kəsi xəcil eləməyib. Elçi gedib, dava yatırıb, sülh imzaladıb, adamı həmişə özünə çəkib, özündən itələməyib. Ata kimi də xoşbəxtdi, oğul kimi də, ər kimi də, sənətçi kimi də. Allah onu sübh çağı - şər dağılanda xəlq eləyib.
O - məsumdu.
O - Mənsumdu.
Qulu AĞSƏS
Mədəniyyət.- 2009.- 21 oktyabr.- S. 9.