Yollar dağlardan
keçir
III yazı
(əvvəli ötən saylarımızda)
İş
gününün axırı olsa da, Zaqatala rayon mədəniyyət
və turizm şöbəsinin müdiri yerində idi. Günün
əksər hissəsini iş-güc ucundan otağında
keçirən Səfər Ramazanov gəlişimlə əlaqədar
yaxşıca fürsət qazandı. Beş-on
addımlıqdakı güllü-çiçəkli parkda
oturub dincini almaq üçün məni ona Allah yetirmişdi.
Əlüstü ünsiyyətə girməyi bacaran Səfər
müəllim heç bir-iki dəqiqə keçməmiş
şöbənin fəaliyyətindən danışmağa
başladı. Şəbəkənin əhatə etdiyi
yüz qırxdan artıq mədəniyyət müəssisəsində
560 nəfərin çalışmasından, kitabxana fondunun
450 mini ötməsindən, bu boyda rayonda vur-tut bir uşaq incəsənət
məktəbinin olmasından, xalq teatrının
qayğılarından tutmuş, ən müxtəlif məsələlərəcən
söhbət saldı. Bəlli oldu ki, böyük turizm
potensiallı Zaqatalada bu istiqamətdə işin qurulması
üçün əllərində yetərincə imkan yoxdu.
Amma müəyyən şərait yaranarsa, həm rayon, həm
də şöbə fayda götürə bilər.
Ayağa qalxıb gəzişməyi
lazım bildik. Ötən əsrin ortalarında istifadyə
verilmiş mədəniyyət evi, görkəmli Azərbaycan
şairlərinin büstlərindən ibarət guşə, vətən
yolunda canlarından keçənlərin uyuduğu Şəhidlər
xiyabanıyla tanışlıq çox vaxt aparmadı. Nədən
ki, hamısı yan-yanadı. Yaşı əllini
haqlamış, yola saldığı illərin yarıdan bir
az çoxunu şöbədə inspektor və müdir kimi
keçirmiş Səfər müəllimlə ilk söhbətimizi
beləcə bitirdik. Sabahkı günlə bağlı qərarımızı
dəqiqləşdirdik. Rayonun agsaqqal mədəniyyət
işçisi Allahverdi Məmmədovla, düzəltdiyi musiqi
alətiylə mütəxəssislərin diqqətini çəkmiş
Zahid Mustafayev, mərhum Sevil Qazıyevanın bacısı Sona
xanımla görüşməyi tarix-diyarşünaslıq
muzeyinin fəaliyyətilə tanış olmağı qərarlaşdıq
və «inşallah səhər o başdan görüşərik»
deyib, ayrıldıq.
Zaqatala inzibati rayon kimi
yetmiş doqquz il əvvəl yaradılıb. Ərazisi 1348
kvadratkilometrdi. Bakı-Yevlax marşrutuyla gedən yolla rayona məsafə
445 kilometrdi. Qəbələdən keçməkləsə
yolu təqribən 65 kilometr qısaltmaq mümkündü.
Rayon mərkəzindən sonra iri yaşayış məntəqələri
- Əliabad qəsəbəsi, Muxax, Yuxarı və
Aşağı Tala, Danaçı kəndləridi. Əhalinin
ümumi sayı təqribən 118 min nəfərdi. Bunun təqribən
beşdə biri mərkəzdə yaşayır. Şimaldan
Böyük Qafqaz sıra dağlarıyla əhatəyə
alınmış Zaqatalanın zaman-zaman qonşu
Dağıstanla yaxın əlaqələri olub. İyirmi millətin
nümayəndəsi yaşayan rayonda əslən
Dağıstandan gələnlər, oradakılarla qohumluq
münasibətləri bu baxımdan səbəbsiz deyil. Quton
dağı (3648 m) Balakənlə Zaqatalanın
arasındadı. Mənbəyini Böyük Qafqazdan
götürən Tala, Katex və Muxax çayları
Qanıxa (Alazan) tökülür. Zaqatala Dövlət
Qoruğunun bir hissəsi bu rayonun ərazisindədi. Diyarın
maraqlı tarixi var. Məsələn, çar Rusiyası
dövründə Zaqatala Dağıstan vilayəti, Tiflis və
Yelizavetpol quberniyalarıyla sərhəddə yerləşirdi.
Onların heç birinə tabe olmadan, Zaqatala dairəsi kimi
ayrıca statusa malik idi. Dairəni hərbi, mülki və
inzibati hakim hüquqlu şəxs - hərbi rəis idarə
edirdi. Məşhur «Potyomkin» zirehli gəmisinin cəzalanmış
matrosları hərbi dairənin mərkəzindəki Zaqatala
qalasına gətirildikdən sonra burada bolşevik əhval-ruhiyyəsi
güclənib. Gəlmələrlə yerli inqilabçı
ruhlu insanlar birləşib quruluş əleyhinə mübarizəyə
başlayıblar. Təsadüfi deyil ki, 1863-cü ildə
burada tarixə düşmüş Zaqatala üsyanı
baş verib. Yüz il əvvəlsə çar hökuməti
inqilabi əhval-ruhiyyədən qorxaraq bir müddət dairədə
hərbi vəziyyət elan edib.
Hazırda 19-cu əsrin
30-cu ilində rusların gəlişindən sonra tikilmiş
Zaqatala qalası dövlət tarix mədəniyyət
qoruğu kimi mühafizə edilir. Amma, açıq demək
lazımdı ki, yaranışından son illərədək
hərbçilərin məskəninə çevrilmiş bu
abidə kobud rəftar və tarixə etinasızlıq
üzündən müəyyən mənada öz
simasını itirib. Yaxınlarda qaladakı hərbi hissə
köçürüldükdən sonra vəziyyətin
yaxşılaşacağını güman etmək olar. Məsələn,
qaladan üç istiqamətə aparan bir neçə
kilometrlik yeraltı yollar bərpa edilib əvvəlki görkəminə
salınarsa, hər şey bir yana, ən azı turistlər
üçün böyük maraq doğurar. Necə ki,
buradakı fauna muzeyi gəlib-gedənlərin diqqətindən
kənarda qalmır.
Yeri gəlmişkən,
rayonda 108 tarixi-memarlıq abidəsi var. Əksəriyyəti
yerli əhəmiyyətlidi. Yuxarı Çardaqlar kəndində
dağiçi qala və bir qismi uçmuş Zaqatala səddi
abidələr içərisində ən
yaşlılarıdı. Təqribən 1500 illik tarixə
malikdilər. Burada 150 il öncə Zaqatalaya sürgün
edilmiş polyakların kilsəsi də mövcuddu. Hərçənd
həmin polyakların nəslindən kimsə qalmayıb.
Onların sonuncu nümayəndəsi artıq neçə il
bundan qabaq Azərbaycanı tərk edib.
Ötən əsrin
63-cü ilində Balakən və Qax rayonları ləğv
edilərək, qısa müddətə Zaqatalanın tabeliyinə
verilib. O zaman, bir vaxtlar olduğu kimi, Zaqatalanın ərazisi
yenidən xeyli genişlənib. Bu gün rayon ölkəmizdə
ərazisinə və əhalisinə görə ilk yerlərdə
olmasa da, Şəkidən o yana bölgədə xüsusi əhəmiyyətə
və çəkiyə malikdi. Qonşu Balakən və Qaxdan
varlı olması faktısa çoxlarına bəllidi.
…Növbəti gün səhər
yenə şöbə müdiriylə üz-üzəydim. Mənə
kim lazımdırsa, hamısını məlumatlandırdığını
söylədi. «Bəs, Əliabada, Allahverdi Məmmədovla
görüşməyə nə vaxt gedəcəyik»
sözüm ağzımda qaldı. «Allahverdi dayı
özü kənddən bura gələcək» cavabı
vaxtıma qənaət demək idisə də, o yaşda
kişiyə nahaq əziyyət verdiyimizdən
sıxıldım. «Müəllim, siz tanımırsız, necə
kişidi o. Başqa aləmdi. Bilsə kimsə onunla
maraqlanır, qoymaz həmin adam əziyyət çəkə.
İnşallah bir-iki saata özünü yetirəcək». Səfər
müəllimin bu sözlərindən sonra azca
rahatlaşdım. O gələnədək
tarix-diyarşünaslıq muzeyinə baş çəkmək
fürsətini əldən vermək istəmədim. Çünki
Sona Qazıyeva və Zahid Mustafayevlə görüşmək
imkanı da hələlik mümkünsüzüydü. Müəyyən
işləriylə əlaqədar, qəhrəmanlarım sonra
vaxt ayıra biləcəklərini
çatdırmışdılar.
Muzeyin
sürücüsü Akif Əliyevin müşayiətilə
onun çalışdığı yerə yollandım. Yeri gəlmişkən,
muzey uzun illər Zaqatala qalasının ərazisində yerləşib.
Müvəqqəti olaraq indiki birmərtəbəli xudmani
binaya köçürülüb. Nə gizlədim, direktor
Cahangir Sultanovun məni qarşılamasında soyuqluq duydum. Və
nədənsə mənə elə gəldi ki,
görüş belə başladısa, maraqlı söhbət
gözləməyə dəyməz. Amma
yanılıbmışam. Sən demə, Cahangir müəllimin
qaşqabaqlı görünməyinin səbəbi
varmış. Az sonra özü dedi ki, hər əlinə qələm
götürən muzeyə hücum çəkib, işin
mahiyyətinə varmadan, mənasız suallar verdiyindən cana
doyub. «Nə var, nə yox soruşmadan, öz məqsədlərinə
çatmaq üçün qan qaraltmaqdan başqa peşələri
yoxdu sanki». Səmimiyyətimə inanın, elələrinin
yerinə xəcalət çəkdim. Qərəz, Cahangir
müəllimlə dil tapmağın yolunu iş-güclə
bağlı söhbətdə görüb, ləngimədən
mətləbə keçdim. Öyrəndim ki, mezeyin qırx
yaşı var. Və burada 17 min eksponat qorunur. Hazırkı
yer dar olduğundan nümayiş etdiriləni azdı, əksəriyyəti
fonddadı. Bir məsələ var ki, eksponat qoruyanların
özünü qoruyan lazımdı. Ölkəmizin yetərincə
muzeylərində, xüsusən rayonlarda olan problem burda da
mövcuddu. Mühafizəyə polis və ya özəl
mühafizə xidməti əməkdaşını cəlb
etməkdən isə danışılası deyil. Vəsaitin
yoxluğu bir yana, silahsız mühafizəçiyə nə
dərəcədə bel bağlamaq olar? Bir sözlə, bu
gedişlə məsələnin həllini gözləməkdən
muzeydəkilərin gözünün kökü saralacaq. Və
o vaxtacan deyəsən eksponatlarla yanaşı, muzeyin xanım
əməkdaşlarını küçədən keçən
sərxoş və veyil adamlardan qorumaq vəzifəsi də
Cahangir müəllimin üzərinə düşəcək.
Baxmayaraq ki, Qazaxıstandakı analoji muzeylərdə belə
şeyləri eşitsələr, gülərlər. Ta ondan
danışmıram ki, direktor mənəviyyatla bağlı
apardığı təbliğatın hesabına adi
adamları dilə tutaraq pulsuz-parasız eksponatlar almaq,
münasib saxlama şəraitinin yoxluğundan xarab olmuş əşyaları
təmir etdirmək qayğısını da yaşayır. Üstəlik,
bir qeyrətli vətəndaş və doğma rayonunun təəssübünü
çəkən tarixçi kimi başqa arzularını həyata
keçirmək problemiylə üz-üzədi. Axı,
eksponatlara beynəlxalq standartlara uyğun pasport düzəltmək
asan məsələ deyil.
Beləcə, söhbətləşdiyimiz
yerdə zəng gəldi. Tələsmək
lazımıydı. Mədəniyyət və turizm şöbəsində
yolumu gözləyirdilər.
(ardı gələn sayımızda )
Seymur ELSEVƏR
Mədəniyyət.- 2009.- 21 oktyabr.- S. 8.