Bir yerdə
olaq: siz səhnədə, biz salonda!..
Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrı Bakının Suraxanı
rayonundakı 87 saylı orta məktəbin qonağı olub.
Müdrik insanlardan biri
deyib ki, ən yaxşı yenilik yaddan çıxmış
köhnəlikdir. Yəqin ki, orta nəsil
oxucularımızın yadında olar: təxminən 20-26 il əvvələ
qədər orta və ali məktəblərdə,
kitabxanalarda ədiblər, sənət adamları, elm xadimləri,
hətta tanınmış əmək qəhrəmanları
ilə görüşlər adi hal, planlı tədbir
sayılırdı. Düzdür, həmin tədbirlər gənc
nəslin mənəvi-estetik
dünyagörüşünün genişləndirilməsi
adı altında daha çox sovet adamının ideoloji tərbiyəsinin
gücləndirilməsinə xidmət edirdi. Hər halda həmin
görüşlərdə daha bəşəri dəyərlər
təbliğ olunurdu. Sovetlər birliyinin dağılması ilə
həmin ənənə də unuduldu. Amma nahaq yerə. Bu
gün geniş dünyagörüşlü, yüksək mənəviyyatlı,
hərtərəfli Azərbaycan insanının yetişdirilməsi
heç də sovet dövründəkindən az lazım
deyil.
İyirmi il əvvəl
sabiq təhsil nazirinin əmri ilə məktəblərdə
teatr tamaşalarının göstərilməsinə və
bilet satışına qadağa qoyulandan sonra həqiqətən
məktəblə teatr münasibətində uçurum
yarandı. Gizlətmək nəyə lazım, bu
qadağanın qoyulmasında "xəkəndaz
truppası" düzəldib qapı-qapı gəzən əldəqayırma
xırda truppaların da "xidməti" az olmadı. Amma hər
halda ətlə dırnaq arasına girən tikanı
çıxarmaq əvəzinə, dırnağı irinləmiş
barmağın baltalanması kimi radikal qərar gənc nəsli
teatrdan, əsl sənətdən uzaq saldı. Hər cür
yeniliyə meyilli uşaq və yeniyetmələr mədəni
istirahət və əyləncə axtarışında ara-sıra
baxdıqları teatr tamaşalarının boşluğunu
doldurmağa nəsə tapdılar. Nəticə də göz
qabağındadır. Əslində, bu, başqa söhbətin
mövzusu olduğundan mətləbdən uzaq düşməyək.
Tədbirin
aparıcısı, Gənc Tamaşaçılar
Teatrının ədəbi-bədii hissə müdiri Rafiq Rəhimli
söylədi ki, keçmiş ənənələri bərpa
etmək işində 87 saylı məktəbin müəllim
və şagird kollektivi, eləcə də valideyn komitəsi
çox maraqlıdır. Bu görüş də yenicə əsaslı
təmirdən çıxmış, rəsmi
açılışa hazırlaşan teatrın salonunda gənc
tamaşaçıları həmişə görmək həvəsindən
irəli gəlir.
Respublikanın xalq
artisti Ağaxan Salmanov isə teatr-məktəb-ailə
münasibətləri barədə fikirlərini
bölüşdü. Teatr tamaşasına mütəşəkkil
baxışın uşaqların
dünyagörüşünün artmasında daha geniş
rol oynadığını söylədi: "Tutaq ki, bir
uşaq valideynləri ilə teatra gedir. Sabah məktəbə
gələndə isə təəssüratlarını kiminlə
bölüşəcəyini bilmir. Amma sinif yoldaşları
ilə, müəllimlə tamaşaya baxandan sonra onların hətta
bir neçə günlük söhbəti, müzakirə etmək
mövzusu olur".
Tanınmış teatr
rejissoru, xalq artisti Vaqif Əsədovun
çıxışı isə daha çox valideynlərə
ünvanlandı. O, övladın mədəni-estetik tərbiyəsini
məhz vətəndaşlıq tərbiyəsinin bir hissəsi
kimi səciyyələndirərək uşaqların teatra həvəsini
azaltmamağa çağırdı. Xalq artisti Tariyel
Qasımov teatrı həyatın güzgüsü
adlandıraraq bir maraqlı məqama toxundu ki, Gənc
Tamaşaçılar Teatrı həm də digər teatrlar,
xüsusən də Akademik Milli Dram Teatrı üçün
tamaşaçı yetişdirir. Aktrisa Almaz Mustafayeva da sənət
yoldaşının çıxışına qüvvət
olaraq, bir zaman doğma teatrlarında mövcud olmuş ənənənin
dirçəldilməsini arzuladı. Almaz xanım
xatırlatdı ki, vaxtilə hər ilin sentyabr ayında
teatrda I sinif şagirdlərinin "teatr
tamaşaçılığına qəbulu" mərasimi
keçirilərmiş. Birinciləri teatra gətirər,
onlara teatr barədə geniş məlumat verilər,
tamaşanın hazırlanma prosesi ilə tanış edərmişlər.
Gənc
Tamaşaçılar Teatrının redaktoru Səriyyə
İsmayılova əmək və ictimai fəaliyyətinə
Suraxanı rayonunda başladığı illəri
xatırladıb, şəhərdən bir qədər uzaqda
yaşamağın uşaqların sənət aləmindən
kənar düşməyinə səbəb
olmadığını vurğuladı. Məktəblərdlə
özfəaliyyət dərnəkləri yaratmaqla, müxtəlif
səviyyəli festival və müsabiqələr keçirməklə
uşaqları əsl sənət meyarları ilə
tanış etməyin mümkünlüyünü söylədi.
Elə 87 saylı məktəbin ibtidai sinif müəllimi Sona
Mövsümqızının öz şeirlərini
oxuması, onun şagirdi balaca Ayşənin də
böyük sənətkarlar qarşısında
sıxılmadan şeir söyləməsi də göstərdi
ki, həqiqətən hər yerdə istedadlar, sənət həvəsliləri
var. "Müasir Azərbaycan müəllimi" qəzetinin
redaktoru və pedaqoq İkram Sülemanov isə məktəbli
olduğu 50-ci illərin əvvəllərində təhsil
aldığı uzaq dağ kəndində məhz müəllimlərin
kənddə teatr həvəskarlarını bir yerə
yığdığını, özlərinin də klub səhnəsində
həvəskar aktyor kimi çııxış etdiyini
xatırlayaraq, bu görüşün əhəmiyyətini
vurğuladı.
Əməkdar artist
Ayşad Məmmədov, teatrın aktyorları Atabala Səfərov
və Elnur Kərimov da məktəbliləri hər zaman
tamaşa salonunda gözlədiklərini söylədilər.
Teatrın aktrisaları,
əməkdar artistlər Lətifə Əliyeva və Naibə
Allahverdiyeva isə söylədikləri poetik nümunələrlə
hər kəsin alqışlarını qazandılar. Əgər
hamımızın dramatik aktrisa kimi
tanıdığımız Lətifə xanımın
monotamaşa kimi təqdim etdiyi "Ananın
öyüdü" şeiri təsirli ifa tərzi ilə maraqlı
idisə, daha çox komik rollar ustası kimi şöhrətlənmiş
Naibə xanımın ifasında məşhur "Bir salama dəymədi"
şeiri həm də aktrisanı toplaşanlara tamam fərqli
baxımdan tanıtdı.
Gənc
Tamaşaçılar Teatrı bütün yaş həddinə
daxil uşaqlarla yanaşı, böyüklər
üçün də tamaşalar hazırlasa da, məktəblilərlə
görüşdə məhz onların yaş xüsusiyyətlərinə
uyğun üç tamaşadan fraqment göstərildi. "Tıq-Tıq
xanım" (A.Şaiq), "Qaraca qız" (S.S.Axundov və
A.Şaiq) və "Çimnaz xanım yuxudadır"
(S.Rüstəm) tamaşalarından göstərilən
parçalarda xalq artistləri Rafiq Hüseynov, Yasin Qarayev,
aktyorlar Sona Babayeva, Elnur Hüseynov, Günel Məmmədova və
Sevinc Mehrəliyevanın çıxışı da maraqla
qarşılandı.
Gənc
Tamaşaçılar Teatrının təməlini
qoyduğu "Məktəb və teatr" layihəsinə həvəslə
qoşulan 87 saylı məktəbin valideyn komitəsinin sədri
Aygün Tahirova da bu tədbirə həvəslə təşkilatçılıq
etdiyini bildirib teatrın kollektivinə təşəkkürünü
bildirdi.
Məktəbdən
ayrılanda görüşə ev sahibliyi məktəbin
direktoru Elmira müəllimə yaxşı bir fikir söylədi:
"Başqa məktəbləri deyə bilmərəm, amma
biz sizin tamaşalarınza həmişə gələcəyik!".
Elə aktyorların da
istəyi də budur - bir yerdə olaq: biz səhnədə,
siz salonda!
Gülcahan MİRMƏMMƏD
Mədəniyyət.- 2009.- 21 oktyabr.- S. 7.