Qalada mehmanxana tikiləcək
Arxeoloji Etnoqrafik Muzey Kompleksinə 9 ayda 9000 turist gəlib
Gözəl təbiəti, zəngin mədəniyyəti
ilə tanınan Azərbaycan son illər dünyada iqtisadi
sıçrayışları ilə öndə gedir. Ölkəmizin infrastrukturu
günü-gündən genişlənir. Ölkə
başçısının xüsusi diqqəti nəticəsində
Bakı və regionlarımızda bir-birindən fərqli,
möhtəşəm və qeyri-adi istirahət mərkəzləri,
hotellər tikilir, muzeylər, qoruqlar yaradılır, yeni
parklar salınır, bəziləri isə müasir standartlara uyğun qurulur. Bu yenidənqurma
işləri ölkəmizə xarici turistlərin cəlb
edilməsi baxımından da xüsusi əhəmiyyət kəsb
edir. Uzaq keçmişimizin bir çox arxeoloji,
mədəni və memarlıq abidələrini qoruyub saxlayan,
Abşeron yarımadasında yerləşən, 2008-ci ildə
Heydər Əliyev Fondu tərəfindən bərpa edilərək
istifadəyə verilən və minlərlə yerli və
xarici turistlərin axışdığı muzeylərdən
biri də Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksidir.
Tarixi yaddaşına həkk edən alınmaz Qala...
Muzeyin direktoru Fikrət
Abdullayevin dediyinə görə, Qala Arxeoloji Etnoqrafik Muzey
Kompleksi əsas iki ideyadan qaynaqlanaraq yaranıb: "Bir tərəfdən
turistlərə Abşeron yarımadasının tarixini və
mədəniyyətini göstərmək, digər tərəfdən
isə bu mərkəz vasitəsilə interaktiv turizmi inkişaf
etdirmək bizim əsas məqsədimizdir. İnteraktiv turizm hazırda
bütün dünyada geniş yayılıb və inkişaf
edir. Bizim muzey kompleksində Tunc dövründən
başlayaraq, XIX-XX əsrlərə aid olan külli miqdarda
tarixi materiallar və tapıntılar var. Bundan başqa,
yaşayış tərzini bərpa etmək üçün
həyətlər, evlər, emalatxanalar bərpa olunub və
istifadəyə verilib".
İnteraktiv turizmin
inkişafı üçün bir neçə turlar təşkil
etdiklərini deyən direktor bildirdi ki, bu turlar xüsusən
kiçik yaşlı uşaq və gənclərə aiddir:
"Amma onu da söyləyim ki, yaşlı nəslin də
sözügedən turlara marağı çoxdur. Turları təşkil
etməkdə isə məqsədimiz odur ki,
iştirakçılar əsasən haqqında
danışdığımız muzey kompleksində olan
emalatxanalarda (xalçaçılıq, dulusçuluq, dəmirçixana,
təndirxana) özləri işləsinlər və hər
bir iş prosesi ilə yaxından tanış olsunlar.
Çünki biri var bu sahələrlə bağlı olan stendlərə
kənardan seyrçi kimi baxasan, biri də var ki, birbaşa sənətlə
ünsiyyətdə olasan. Beləliklə biz muzeyə gələn
gənclərlə, turistlərlə tariximiz və mədəniyyətimiz
arasında canlı bir ünsiyyət yaratmağa
çalışırıq və bir illik təcrübə də
göstərir ki, artıq buna nail ola bilmişik".
Fikrət müəllim
bildirir ki, Qala kəndi tarixən şəhər olub: "Bu məkanda
e.ə. III minillikdən başlayaraq XX əsrə qədər
Abşeron tarixinə aid materiallar, eksponatlar, müxtəlif
dövrlərdə inşa olunmuş binalar, qədim
yaşayış yerləri və qayaüstü rəsmlər
toplanıb. Burda
arxeoloji və etnoqrafik materiallar var. Muzeydə qədim tarixin mədəni
irsi ilə yanaşı, orta əsrlərin də
yaşayış tərzi əks etdirilir və gələn
qonaqlara təqdim edilir. Karvan yolunun üstündə yerləşən
ərazidə emalatxana və ticarət mərkəzi olub. Elə
bu səbəbdən də hazırda muzeydə dəvələr
rəmzi olaraq saxlanılır".
Qala kəndində və ətraf ərazidə 215
memarlıq və arxeoloji abidə var
Abşeron
yarımadasının tarixinin eramızdan əvvəlki
dövrləri əhatə etdiyini deyən F.Abdullayev söylədi
ki, burada aparılan arxeoloji qazıntılar zamanı aşkar
edilən kurqanlar, ocaq izləri və qəbirlər bunu bir
daha sübut edir: "Ölkəmizin ən qədim
yaşayış məskənlərindən biri Abşeron
yarımadasının şimal-şərqində yerləşən
Qala kəndidir. Qala kəndində
və ona bitişik olan ərazidə 215 memarlıq və
arxeoloji abidə mövcuddur. Burada e.ə
III minilliyə aid tarixi mühit qorunub saxlanılır. Qala
kəndinin ərazisində 5 məscid, 4 ovdan,
yaşayış evləri, kənd təsərrüfatı təyinatlı
binalar, sərdabələr, məqbərələr, kurqanlar,
qəsrin qalıqları və s. var. Beş min illik tarixə
malik Qala kəndində bir neçə məhəllə olub.
Bunlardan Tərəkəmə, Balaverdi, Hacı
Ramazan, Çəmbərəkənd bu günədək
qalıb".
Abşeron
yarımadasının şərq hissəsində aşkar
olunmuş abidələrin geniş öyrənilməsinə
XX əsrin 60-cı illərindən
başlanıldığını deyən F.Abdullayev qeyd etdi
ki, aparılan elmi tədqiqatlar nəticəsində aşkar
edilən çoxsaylı petroqliflər orta Tunc və Dəmir
dövrlərini əhatə edir: "Yarımadada
tapılmış e.ə III-II minilliklərdən
başlayaraq eramızın orta əsrlərinə qədərki
tarixi əhatə edən qayaüstü rəsmlər öz
mövzu və süjetlərinə görə çox rəngarəngdir.
Burada ov, insanı qurban vermə, müqəddəs nikah
və s. səhnələr təsvir olunub. Yarımadanın
şərq hissəsinə aid olan ibadət mərkəzlərindən
biri olmuş Bəndüstü abidəsində müqəddəs
nikah əfsanəsi, heyvanların qurban verilməsi təsvirləri
var. Qayaüstü təsvirlərdə nöqtəli, həndəsi,
xonça görünüşlü nişanlar mühüm
yer tutur».
Muzeyə gələn xarici turistlərin sayı
artır
Muzey kompleksinə gələn
turistlərdən danışan F.Abdullayevin dediyinə görə,
onların əksəriyyətini - təxminən 80 faizini gənclər
və tələbələr təşkil edir: "Əslində
elə qoruğun yaranması da bilavasitə gənclər
üçün nəzərdə tutulub. Gənclər burda həm
mədəniyyətimizin bərpasını görürlər,
həm də qədim sənət nümunələri ilə
tanış olurlar».
Muzey direktoru deyir ki,
qoruğa gələn xarici turistlərin sayı hər ay
artır: «Hazırda ölkəmizdə olan xarici ölkə səfirlərinin
hamısı muzeydə olublar. Maraqlıdır
ki, indi də səfirliklər öz qonaqlarını bu məkana
göndərirlər və özləri də ailə üzvləri
ilə tez-tez bura gəlirlər. Məsələn,
bu yaxınlarda Rusiyanın, ABŞ-ın ölkəmizdəki
səfirləri adi bir turist kimi bizim muzey kompleksinə gəlmişdilər.
Muzey kompleksində müasir muzey
texnologiyalarından istifadə olunması və muzeyin
açıq səma altında yerləşməsi
seyrçilərin bura axınına səbəb olur. Buna görə də bura gələn xarici turistlərin
sayı get-gedə artır".
Hazırda orta məktəblərlə
də sıx əlaqə yaratdıqlarını deyən
F.Abdullayev söylədi ki, bu işdə onlara interaktiv texniki
vasitələr - e-mail, sayt və muzeylə bağlı
xüsusi hazırlanmış CD-lər çox böyük
kömək edir: "Eyni zamanda böyük şirkətlərlə
də əlaqə saxlayırıq ki, onlar internat məktəblərində
və uşaq evlərində xeyriyyə aksiyaları
keçirdikdə, bu muzey kompleksini maraqlı bir məkan kimi
seçsinlər. Bu hal uşaqların
maariflənməsinə kömək edir. Onu
da bildirim ki, muzeyə doqquz ay ərzində 7 minə yaxın
turist gəlib. Bundan başqa, kompleksdə
iki böyük tədbirimiz olub. Bunlardan
biri Novruz bayramı ilə əlaqədar müxtəlif səpkili
tədbirlər, digəri isə Mədəniyyət və
Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin
təşəbbüsü ilə “Xalq Dekorativ-Tətbiqi Sənəti"
adlı sərginin təşkilidir. Bu tədbirlərə
3500-dən artıq iştirakçı
qatılmışdı. Ümumilikdə
götürdükdə, doqquz ay ərzində kompleksə 9
mindən artıq turist gəlib".
Problem: bələdçi...
"Bu gün çoxlu
sayda turistlərin axışdığı muzeydə peşəkar
bələdçilər varmı" sualımızı
F.Abdullayev belə cavablandırdı:"Siz çox vacib bir
mövzuya toxundunuz. Bu gün bizdə cəmi
iki bələdçi var. Əlbəttə, iki bələdçinin
bu qədər turisti əhatə etməsi və onlara ətraflı
məlumat çatdırması çətindir. Elə bu səbəbdən də mən və elmi
işçilər də ekskursiyalar zamanı bələdçilik
edirik. Bələdçi üçün iki amil əsasdır;
birincisi mütləq xarici dil bilməlidir (ən azı rus,ingilis,fransız), ikincisi isə onlarda ümumi
savadın olması vacibdir. Çünki turistlər
bəzən muzeydən əlavə, digər mövzuda da
suallar verirlər. Məsələn, Azərbaycan
tarixinə, mədəniyyətinə, ədəbiyyatına,
dünya ölkələrinin tarixinə və s. Onların bu
sahələrdə mükəmməl bilgiləri
olmalıdır ki, bu sualları cavablandırsınlar. Deyə bilmərəm ki, hazırda bu kompleksdə
işləyən bələdçilər 100 faiz bu sahədə
biliklərə yiyələnib. Amma kifayət
qədər elmi bilikləri olan və bir neçə dil bilən
mütəxəssislər kompleksdə işləyirlər.
Gələn il bələdçilərin
sayını artırmağı nəzərdə tuturuq".
Söhbət əsnasında
o da məlum oldu ki, muzeyə təşrif buyuran turistlərin
burda qalmaq imkanları yoxdur. Fikrət müəllim
bildirdi ki, etnoqrafik turizmin inkişafı üçün
Qalada mehmanxana tikintisini nəzərdə tutulub: "Qala qəsəbəsində
iki yüzdən çox qədim tarixi abidə var. Bəzi
yaşayış evlərini bərpa edib, turistlərin
qalması üçün imkan yaratmaq olar. Burada
onlara milli adət-ənənələrimizə uyğun xi mət etmək də
mümkündür. Bu işin
reallaşması həm maddi tərəfdən sərfəlidir,
həm də yaşayış tərzimizi təbliğ etmək
sarıdan faydalıdır».
Fəxriyyə ABDULLAYEVA
Mədəniyyət.- 2009.- 21 oktyabr.- S. 6.