Qız qalası haqqında eyniadlı film
85 il əvvəl çəkilib
1920-ci
ilin aprel ayında Azərbaycan XI Qırmızı Ordu tərəfindən
işğal olunduqdan sonra milli kino tariximizin də yeni mərhələsi
başlandı. Kinematoqraf bolşevik ideologiyasının güclü təbliğat vasitəsinə
çevrildi. Sənədli filmlər çəkilməklə bərabər
kinematoqrafiyanın inkişafına yönəldilmiş bir sıra təşkilati tədbirlər
də həyata keçirilirdi. Belə tədbirlərdən biri də
Azərbaycanda ilk kinofabrikin yaradılması ilə bağlı idi. 1923-cü il
aprelin 28-də I Dövlət kinofabrikinin rəsmi açılışı oldu. Bu
münasibətlə həmin il avqustun 29-da “Bakinskiy raboçiy” qəzetində
“Kinofabrik” məqaləsi dərc edildi. Məqalədə
deyilirdi: “...Burada lentlər aşkarlanır və yenidən çəkiliş
aparılır. Fabrikin nəzdində kostyum tikilən, dekorasiyalar
hazırlanan emalatxanalar var. Burada heykəltəraşlıq və başqa işlər
görülür. “Qız qalası” kinoromanı üçün bir sıra çəkilişlər aparılır,
kostyumlar və dekorasiyalar hazırlanır. İşləmək üçün çox yaxşı
operator və istedadlı rejissorlar dəvət olunmuşdur...”
Kinofabrikin
istifadəyə verilməsi ilə filmlərin istehsalı üçün tam
təminat yaradıldı. Birinci olaraq ikiseriyalı “Qız qalası” bədii
filmi istehsala buraxıldı, 1923-cü il sentyabrın 12-də filmin çəkilişlərinə
başlanıldı. Bu film həm sovet Azərbaycanın ilk kino əsəri,
həm də Şərqdə müstəqil kinematoqrafik həyatın
inkişafına doğru ilk addım idi. Filmə quruluş vermək Moskvadan dəvət
olunmuş rejissor və rəssam V. Ballyuzekə tapşırıldı (operator
V.Lemke). Rejissor filmin çəkilişlərinə Azərbaycan
aktyorlarından İ.Hidayətzadəni, R.Darablını, K.Ziyanı, A.Gəraybəylini,
İ.Azərini, Ə.Məmmədovanı, H.M.Qafqazlını, Ə.Hüseynzadəni,
Möhsün Sənanini, Hənəfi Terequlovu dəvət etdi. Xanın
arvadı və qızı rollarında S.Jozeffi, xan rolunda isə V.Papazyan (təəssüflər
olsun ki, o vaxtdan ta SSRİ dağılana kimi filmlərimizdə erməni
aktyorlara rast gəlinir) çəkilmişlər.
Kinodram
Bakıda Xəzər dənizinin sahilində ucalan XII əsrin
tarixi memarlıq abidəsi - Qız qalası ilə bağlı Azərbaycan xalq əfsanəsinin
motivləri əsasında çəkilmişdir.
Bu
film mövzu və süjetinə görə maraqlıdır. Sözsüz və səssiz
olmasına baxmayaraq, hadisələrin gedişi aydın və anlaşıqlı idi. Bununla
belə filmdə süjetlə möhkəm bağlı olmayan əlavə məhəbbət
xətləri, üsyan epizodları verilmişdir. Rejissor Azərbaycan
xalqının tarixini, onun mədəniyyətini və məişətini
yaxşı bilmədiyindən bu, mövzunun real traktovkasına və milli
koloritinə mənfi təsir göstərmişdir.
Filmdə
Şərqi xatırladan hər şey vardır: gözəl fəvvarələr,
naxışlı tağlar, bəzəkli pərdələr, xanın hərəmxanası,
rəqs edən qızlar. Məhz bütün bunlar (filmin rəssamı da
V.Ballyuzekdir) insan xarakterlərini ört-basdır etmişdir. Bununla belə
bəzi epizodlarda etnoqrafik xarakterli detallar, xarakterik tiplər
uğurlu alınmışdır.
“Qız
qalası” ekranlara buraxılandan sonra “Pravda”, “Kinoqazeta” və
“Kinonedelya” qəzetləri filmi mövzunun aktual olmamasına və
rejissor işinin nöqsanlı həllinə görə tənqid etsələr
də, tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. O dövr
üçün çox mürəkkəb olan filmin çəkilişlərinə Azərbaycan
Foto-Kino İdarəsinin müdiri Hənəfi Terequlov yaxından köməklik
göstərirdi. Filmin istehsalı üçün vəsaiti o, Azərbaycanın müxtəlif
xalq komissarlıqlarından alırdı.
Bir
sıra yazılarda və Azərbaycan kinosuna həsr edilmiş kitablarda
qeyd olunur ki, “Qız qalası” filminin əsasını C.Cabbarlının eyniadlı
poeması təşkil edir. Bu fikirlə ona görə razılaşa bilmərik
ki, görkəmli dramaturqun məqalələrinin heç birində bu
barədə qeydə belə rast gəlmirik. Sadəcə
olaraq filmdə Qız qalası ilə bağlı əfsanədən istifadə
edilmişdir.
Filmin
ssenarisini N.Breslav-Lurye yazmışdır. “Bakinskiy raboçiy” qəzeti filmə
münasibətini belə bildirmişdir: “Qız qalası” filminin çəkilişi
kino sənətinin ilk inkişaf dövrü üçün səciyyəvidir və
o sovet Azərbaycanının birinci tammetrajlı bədii filmidir”.
Çəkiliş
prosesində istifadə olunan şərq-ekzotik atributlar, bədii cəhətdən
zəif olan dekorativ səhnə avadanlığı, filmin rekvizit və
kostyumlarla həddindən artıq yüklənməsi və ayrı-ayrı
epizodlrda göstərilmiş sosial motivlər süni təsir
bağışladığından ekran əsərinin bədii dəyərini aşağı
salır. Bununla belə “Kommunist” qəzeti Bakı kinofabrikinin bədii
filmlər sahəsində fəaliyyətə başladığını nəzərə
alaraq yazmışdır: “Qız qalası” Şərqdə müstəqil kinematoqrafik həyatın
inkişafına doğru ilk addımdır və buna görə də filmin böyük əhəmiyyəti
vardır.”
“Şərq
ekzotikası” adlandırılan və çəkilişlərində 1500 adam
iştirak edən “Qız qalası” filminin istehsalı 1924-cü ildə başa çatmış
və o həmin il mayın 27-də ekranlara buraxılmışdır.
Artıq
85 ildir ki, “Qız qalası” melodramı tamaşaçılara el arasında genış yayılmış
xalq əfsanəsi barədə söhbət açır.
Aydın Kazımzadə
Mədəniyyət.- 2009.- 2 sentyabr.- S. 11.