Üç kitab - üç tale
Qarşımda üç kitab
var. Bu kitablardan üç imza boylanır. Tanış imzalar. O imzalar ki, sahiblərinin kimliyini ortaya qoyur. O imzalar ki, sahiblərindən qabaq onları tanımışam. Müəlliflərdən biri xanımdı: Zemfira Qafarova. Zemfira xanım digər baxımdan da fərqlənir. O biri kitabları ərsəyə gətirənlər bilavasitə mətbuatla bağlı insanlardı, həmkarlarımızdı. Zemfira Qafarovasa ixtisasına və
məşğuliyyətinə görə musiqişünasdı. Yarım əsrdən bəridi taleyini musiqiylə bağlayıb, bütün ömrü Bakı Musiqi Akademiyasında keçib, qırx ildən artıqdı pedaqoji fəaliyyət göstərir. İyirmi beş il öncə
sənətşünaslıq namizədi elmi dərəcəsini almış,
1993-cü ildən professor olan Zemfira xanım bir müddət qardaş Türkiyədə çalışıb.
Zemfira Qafarova Azərbaycan musiqişünasları arasında yetərincə tanınır. Onun bəstəkarlarımızın yaradıcılığına həsr etdiyi «Tofiq Bakıxanov», «Ramiz Mustafayev», «Şəfiqə Axundova», «Hacı Xanməmmədov» monoqrafiyaları, onlarla elmi məqalələr alim və
tədqiqatçı əməyinin bəhrəsidi. Haqqında danışdığım «Azərbaycan musiqi incəsənəti» kitabınasa alimin ötən illər ərzində qələmə aldığı elmi məqalələrin, resenziyaların, oçerklərin bir qismi daxil edilib. Bunların sırasında dahi Üzeyir bəyin yaradıcılığı, o cümlədən, «Koroğlu» operasının tədqiqiylə bağlı araşdırma xüsusilə diqqəti çəkir. Həmin yazıdan bir parçanı nəzərinizə çatdırmaqla, musiqişünasla bağlı fikirlərimi əyaniləşdirmək istərdim: «...«Koroğlu» operasının musiqi-dramaturgiya xətti bir sıra «məhəlli» kulminasiyalardan keçərək zirvəyə doğru can atan vahid dinamik dalğa şəklində inkişaf edir.
...Qeyd
etmək lazımdır ki, operanın musiqi-kompozisiyasının həlli klassik teatr
normalarına uyğunlaşdırılmışdır. Bu formanı musiqili səhnə
realizmi yaratmışdır. Ü.Hacıbəyov burada da klassik ənənələrin layiqli davamçısı kimi çıxış etmişdir. Verdinin son operalarında - «Falstaf»dakı fuqalarda, «Otello»dakı septenin sonata qanunauyğunluqlarına qədər, Qlinkanın «Susanin»dəki xor introduksiyasının kupletliyi, variasiyalığı və polifonik inkişafına qədər olan ənənələrdən yaradıcı şəkildə istifadə edir...»
Qarşımdakı ikinci kitab «Tanış mövzuda variasiyalar» adlanır. Baza təhsili jurnalist olan, uzun illərdən bəri kino sənətini sistemli şəkildə öyrənən və
artıq bunun nəticəsi kimi sənətşünaslıq namizədi, alimlik dərəcəsini daşıyan Əlisəfdər Hüseynovun imzası şübhəsiz sizlərə də tanışdı. Bundan əvvəl kino mövzusunda üç kitabı çıxan müəllifin növbəti görüşü
bir növ hesabata bənzəyir. Əlli illik yubileyi ilə
eyni vaxtda düşdüyünə
görə. Yaradıcılığa «Bakı» qəzetində başlayan, ömrünün 14 ilini Azərbaycan Silahlı Qüvvələrində bir zabit, hərbi jurnalist kimi keçirən Əlisəfdər Hüseynovun kinonun nəzəri-estetik problemlərindən bəhs edən çeşidli yazıları- məqalə
və resenziyaları peşəkarlıqla qələmə
alındığından həm sıravi oxucu da, həm də
mütəxəssislər də
böyük maraq oyadır. Kitaba cəm olan yazıları birər-birər sadalamaq imkanının məhdud olduğundan yaxşısı onu əldə eləyib, oxumaqdı. Hələliksə, əminlik üçün bir parça da kifayətdi: «...Açığı «Yoxlama» filmində də süjetin sxemi seriala verilən tələblərə
uyğun olaraq ənənəvi ölçülərdə qurulub. Vergilər Nazirliyinin müfəttişi Habil Dadaşov (aktyor Ə.Həmidov) böyük bir metallurgiya kombinatını yoxlamağa gəlir və
elə ilk gündən Habillə birlikdə biz tamaşaçılar da bilirik ki, burada iri məbləğdə
vergidən yayınma, dövlət büdcəsinə
keçməli olan pulun mənimsənilməsi halları var.
Aydın
məsələdir ki, belə məqamlarda ucu ələ keçmiş
kələfi dolaşdırmaq, izi itirmək üçün illərin (və müxtəlif
mafiyaların) sınağından çıxmış metodlar - rəsmi rəislərin, qeyri-rəsmi
patronların göstərişi ilə şantaj hədələri, bunlar bir nəticə
vermədikdə, adam kimi yaşamağın ləzzətini bilməyən
binəva Don Kixotu ələ almaq, ona adam olmağın fəlsəfəsini
başa salmaq üçün külli miqdarda rüşvət, bıçaq sümüyə dirənəndə
isə fiziki təzyiq, aradangötürmə variantları işə düşəcək.
Bütün ənənəvi janr kanonları «Yoxlama»da da var. Fəqət «Yoxlama»nın poetikası yalnız bu sadalanan sxemlərlə məhdudlaşsaydı biz təbii ki, hazır qəliblər üzərində qurulmuş növbəti bir boyevikdən danışmaq zorunda qalardıq ki, xoşbəxtlikdən belə
alınmamışdır. Çünki öz üslubuna, təhkiyəsinə sadiq qalan V. Mustafayev yoxlamanın gedişini, gözlənilən və
gözlənilməyən məqamlarını ənənəvi formanın məngənəsindən, tanış, yorucu təhkiyənin yeknəsək ritmindən, bəzən belə
filmlərin etiketinə çevrilmiş pafoslu nitq sistemindən yan keçirir, filmin poetik strukturunu tamam fərqli və
gözlənilməz bir müstəvi üzərində qurur, personajları yeni qiyafədə təqdim edərək mövzunun, süjetin, gülüş, lətifə estetikası ilə fərqli yozumunu verir...»
...Bu gün bir təzə söz yedim-
Dadı-duzu qaçmamış.
Ləpələr
uğunub gedir
Külək
ağzın açmamış.
...Neynəsən sevirəm səni,
Qulunam, gəl min boynuma!..
Bu
şeiri də sən yazmısan,
Babalı
mənim boynuma...
Qulu Ağsəsin
«Nabran novellası» kitabındandı bu şeirlər. Az qala birnəfəsə,
ləzzət ala-ala oxuduğum kitabdan. Üçüncü «həmsöhbətim»dən.
Bunları yaradıcılığı bir yana, təxəllüsüylə də seçilən
Qulu ağlı kəsəndə yazıb. Bu isə Qulunun hələ orta
məktəbdəykən redaktor müavini olduğu qəzetdə
çıxan şeirləridi. Öz təbirincə desək, komsomol əxlaqına
yaraşmayan iki şeiri.
Günəşə
bənzəməkçin
Yarpaqlar saraldılar.
Yerə
şölə salmayıb,
Yenə
kölgə saldılar.
Dodaqların Füzulinin
İki
şirin misrasıdı,
Özün
tap oxu, hansıdı...
Gözlərin
yazılmayıb hələ
Nazın
çəkilməyib hələ
Eh,
işimiz var bundan belə...
Yalan-gercək bu şeirlərin üstündə
onu müəllimlər otağında məşhər ayağına çəkiblər. Deyiblər,
yaman başından yekə danışırsan, daha doğrusu, yazırsan. İndi hələm-hələm
dilini tərpətməklə arası olmayan Qulu onda əl boyda
uşağıydı. Ona görə cıqqırını çıxarmadan bir yazdığına baxıb, bir də
böyüklərin üzünə. Onların da əvvəlcə ürəyi
yuxalıb, ta birinci şeirin üstündə dayanmayıblar. Növbə ikinciyə
çatanda iki ayaqlarını bir başmağa dirəyiblər ki, yox ey, belə
yazmaqda qəsdin nədi. Axırda hamının fağır bildiyi Qulu kirimiş
qalmaqdan bir şey çıxmadığını görüb, müdrikcəsinə dillənib: «Demək
istəmişəm ki, şeir belə olar, yoxsa sizin çap elədiyiniz
kimi...»
Fikrət Qocadan təsirlənib,
yazdığını, and-aman eləməyinə baxmayaraq, ona bağışlamadılar.
Tutduğu vəzifədən çıxardılar. O da eləməyib tənbəllik,
dar ayaqda adı-sanı dadına çatmayan Fikrət müəllimə «Açıq məktub»
yazıb. Özü də şeirlə.
Uzun illər sonra onlar üz-üzə gəldilər.
Görüşdülər, bölüşdülər. Bu səfər ikincinin birinciyə
quşu qondu. İş o yerə çatdı ki, həmin bu ikinci onu bizim yazımızdakı
birincilikdən hamının gözündə birinci eləmək eşqinə
düşdü. Qulunun bundan qabaqkı «Sənsən hər yer» kitabını qabağına
qoyub ürəyini boşaltdı. Gənc həmkarını tərif yağdırıb, göylərə
qaldırdı.
Amma öz aramızdı, Qulunun göylərdə nə
işi var? Onun yerdə görməli o qədər işi var ki, istəsə
də, göydə bir şey alınmaz. Bu da kitab deyil ha, başa gəlsin,
lap belə ürəyin istəyən kimi.
Vallah, dostumuz məzəsini yerə
qoyan deyil. Ömründə birinci dəfə istirahət evinə və
ömründə ilk dəfə Nabrana gedəsən, sonra bir qoşun
yazınının ağzını bir yerə yığıb kitab bağlayasan, adını da qoyasan «Nabran
novellası». Adına baxırsan, fikirləşirsən, yəqin romandan,
povestdən-zaddan olar. Amma kitabı vərəqləyəndə
görürsən, nə onnandı, nə bundan. Nabranın adı, dadı üçcə səhifəlik
yazıdadı...
Əvəzində birinci kərə
kitabla oxucu qarşısına 34 yaşında çıxan Qulu Ağsəsin qırxın tamamında
dördüncü görüş yerində bolluca esse, publisistik məqalə, hekayə
və müsahibələr var. Bunların bir qismi müxtəlif vaxtlarda qəzet-jurnallarda
çap olunduğundan, mənə tanışdı. Bir qismisə ilk dəfədi
işıq üzü görür. Bircə qalır sizin görməyiniz...
«
...Kimsən, nəçisən, ay Allah-
Heç səndən
baş tapammadıq.
Özün
qurduğun dünyada
Sənə
bir iş tapammadıq.
Günün
necə keçir barı,
Can
verib, can almağınan?..
Səni
nəynən bəndə salaq,
Tutaq
hansı qarmağınan?!
Görsək
heç nə eləmərik,
Bir
özünü göstər bizə!
Yaxşı
günün əgər busa,
Yaman
günü göstər bizə1
...Özünü görməsək də,
Xofun
yamandı, Allah!...
Bizi
qırıb qurtarmamış,
Ölmə,
amandı, Allah!...
Dedilər, Allah göydədi. Marsacan
uçduq, «gördüm» deyən olmadı.
Dedilər, Allah yerdədi. Torpağın
altını üstünə çevirdik, neftlə qazdan özgə əlimizə bir
şey keçmədi.
Dedilər, məscid Allahın evidi. Girdik
ki, molla moizə oxuyur.
Dedilər, Allah insanın bətnindədi.
Cərrah çağırdıq, açıb baxdı: bu öddü, bu mədədi, bu bağırsaqdı,
bu da...
Dedilər, Allah yoxdu. Dərilərini
soyduq».
Seymur Elsevər
Mədəniyyət.- 2009.- 4 sentyabr.- S.
12.