Kinomuz tamaşaçıların
gözüylə...
Neçə
vaxtdır ki, müşahidə edirəm. Camaatımız xarici filmləri sonadək səbir edib izləyə bilmədiyi halda, öz milli
filmlərimizi gözləri yorulmadan dəfələrlə seyr
edib, baxdıqca baxır. Görünür filmlərimizdəki
insan duyğuları, hiss və həyəcanları, məişət həyatı
ruhumuza yaxın olduğundandır ki, onları bu qədər maraqla izləyirik. Məhəbbətin tərənnümü,
xeyirxahlıq, qəhrəmanlıq, yaltaq və ikiüzlüyün ifşası
(“Atları yəhərləyin”), incə yumor,
özünə gülə bilmək
(“Bəxt üzüyü”), əsl
sevgi, cəmiyyət və onun
yazılmamış qanunları, insan
tənhalığı ( “Təhminə”
), adət-ənənələrimiz, toy koloriti ( “Bəyin
oğurlanması” ), gənclik çılğınlığı ( “Uşaqlığın son
gecəsi” ) və s. adlarını çəkə bilmədiyim,
özündə yüksək zəhmət tələb edən aktyor-rejissor işini birləşdirən filmlərimiz görəsən, bu gün nə
dərəcədə yaşayıb, sevilir?
Kinomuzun tarixçəsi
Bilməyənlərə
qısaca xatırlatma edib bildirmək istəyirəm ki, Azərbaycan
kinosunun tarixi 2 avqust 1898-ci ildən başlayır. İlk filmlərimiz
bakılı A. M. Mişon tərəfindən çəkilmiş
xronika süjetləri ( “Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft
fontanı”, “Qafqaz rəqsi”
və s. ) və bir bədii
kino süjetdən - “İlişdin”dən ibarət idi. İndiyə qədər 2000-dən artıq film
istehsal olunmuşdur. Bunlardan 300-dən çoxu bədii film, 100-dən çox cizgi
filmi, qalanı sənədli filmdir.
Kimdir günahkar?..
Kinomuzun
keçmişi və indiki durumu ilə bağlı paytaxt sakinləri arasında
kiçik bir sorğu keçirdik. Öncədən onu qeyd edim
ki, sorğuda iştirak edənlərin əksəriyyəti
son dövr kinomuzun durumundan, demək olar ki, xəbərsiz idi. Ən yaxşı halda isə “xəbəri olanlar” müasir filmlərimizdən yalnız “Məhəllə”
komediyasını qeyd edirdi. Təbii ki, günahı tamaşaçılarda axtarmaq özü günah olar.
TV məkanlarında duzsuz,
şit verilişlər ayaq açıb yeridiyi
halda, yeni istehsal olunan filmlərimizin yalnız bir dəfə Heydər Əliyev Sarayında və yaxud 200-300 nəfərlik insanlara kinoteatrlarda göstərilməsi elə axtardığımız problemin özüdür.
Ramilə
Əsədova (musiqiçi): “Azərbaycan kinosu sovet dövründə
ideologiyaya xidmət edirdi. Bu da aydındır ki, kinonun inkişafını
ləngidirdi. Amma buna baxmayaraq fraqmentar da olsa, nəsə arada görünürdü. İndi isə film çəkilir ki, onu geniş tamaşaçı
kütləsi izləsin. Amma təəssüf
ki, son çəkilən
filmlərin adlarını eşitsək də, özlərini
televiziyada nədənsə
görə bilmirik. Xoşuma gələn iki film vardır. O da “Yarasa” və
“Yaramaz” filmləridir. “Yarasa”da pornoqrafik səhnələrin görünməsi
Azərbaycan kinosu üçün
bir yenilikdi”.
İnsafla
danışsaq çox yox, bəzi sovet dövründəki filmlərimizi izləyərkən
sanki film ruhumuza, qanımıza yayılır. Bu zaman bir sual yaranır. Bəs son illər çəkilən bəzi
filmlərimiz niyə belə bayağı, süni, pafoslu aktyor oyunu, məntiqsiz söz yığnağından ibarət olan ssenarisi ilə adamı kinodan uzaqlaşdırır? Halbuki sovet dövründən kifayət qədər uzun
müddət keçib, inkişaf etmişik. Texnika müasir olmasa da, o
dövrlə müqayisədə
heç də pis deyil. Olmaya
həmin rejissorlar, aktyorlar daha yetişmir?
Aqşin
Babayev (iqtisadiyyatçı): “Azərbaycan kinosu deyəndə ağlıma ilk
öncə köhnə kinolarımız gəlir. Çünki yenilərini film saymaq olmur.
“Məhəllə” və digərləri o
qədər keyfiyyətsiz, duzsuz çəkilirlər ki, yaddaşlarda da qala bilmirlər. Aktyor oyunu isə
bərbaddır. Elə bil bu
filmlər adi həvəskar kamerası ilə
çəkilib. Amma müasir dövrdə çəkilmiş filmlərimizdən yalnız “Arxada qalmış gələcək”i çox bəyənirəm”.
Amid
Cəfərzadə (tələbə): “Bizdə kino məktəbi
demək olar ki, zəifdi. TV-də
göstərilən filmlərimizin
də əksəriyyəri sovet təbliğatının bəhrəsidir. Vaxtilə
partiyanın sifarişiylə lentə alınan filmləri ekranda
nümayiş etdirmədən
öncə gərək mütləq izahat verilsin. Bolşevik ideologiyası
ilə xalqı çaş-baş salmaq
lazım deyil. Kino sahəsində bədii
zövqümüz çox aşağı səviyyədədir. “Təhminə” filmi bu mənada
istisnadır”.
Əzbərlədiyimiz kinoafişa...
Telekanallarımız çox şükür ki,
həftədə bir dəfə də olsa milli kinolarımızı
nümayiş etdirir. Lakin bu
yerdə bir anı xüsusilə
vurğulayacağam. Neçə dəfə şahidi olmuşam ki, bayram
günlərində “Qayınana”, “Əhməd
haradadır?” və s.eyni saatda
müxtəlif kanallarda
göstərilib. Filmlər nümayiş
etdirilməzdən öncə
evdə hamı bilir ki, Vətənimizin
tarixi günlərində
“Yalan”, “Arxada qalmış gələcək”, “Fəryad”, bayram günlərində isə bayaq adlarını qeyd etdiyim
filmlər göstəriləcək. Ən pisi isə bir
filmin eyni ayda eyni kanalda
bir neçə dəfə təkrar
verilməsidir.
Günel
Dadaşova (tibb bacısı): “SSRİ dövründə istehsal olunan filmlərimizi
çox bəyənirəm. Baxdıqca doymuram. Lakin bir şeyi qeyd
edim ki, çox zaman bir
filmi bir neçə dəfə
izləmiş oluruq. Halbuki
o filmin yerinə görmədiyimiz kinonu göstərə bilərlər.
Sevdiyim filmlər arasında ən çox “Şərikli çörək”, “Ögey ana” və “Qayınana”ı bəyənirəm”.
Lalə
Rzayeva (tələbə): “Bir neçə il bundan öncə ANS
“Qızlar” adlı serial çəkdi. Onun efirə verməzdən
əvvəl səviyyəsizcəsinə bir
şou da hazırlayıb reklam etdilər. Guya Zümrüd Qasımovanın nişanlısı bu kinolentin
nümayişinə icazə vermir.
Sizcə, kinomuz belə savadsız reklamlarla irəli gedə bilər? Görəsən, nə vaxtsa kinomuz keyfiyyətinə görə özünü
reklam etmək qabilliyyətinə
malik olacaq...”
Nəticə
Beləliklə,
sorğumuzun nəticəsindən keçmiş və müasir dövr filmlərimizin
tamaşaçıların gəldiyi ümumi qənaətə görə vəziyyəti
hamıya məlum oldu. Və ən əsas bu problemimizin- son dövr istehsal
olunan filmlərimizin də nə vaxtsa TV məkanlarından
hamının izləyəcəyinə ümid edirik. Sonluğu isə sevdiyim bir filmdən
olan fraqmentlə yekunlaşdırmaq istəyirəm.
“Na na nay nay nay nay,
evdə də uşaqlar diyir atamız
işə gedib” (“Bəyin oğurlanması”)
Yeganə Cansil
Mədəniyyət.- 2009.- 4 sentyabr.- S. 11.