Bakı turistlərin diqqətindədirmi?
Mütəxəssislərin fikrincə,
paytaxtımızı turizm mərkəzinə çevirmək üçün onun qədimliyini
qorumalıyıq
Hər
bir ölkənin paytaxtı turistlər uçun cəlbedicidir və əcnəbi
turist mütləq getdiyi ölkənin paytaxtına səyahət etməyə
meyillidir. Ölkəmizin paytaxtı olan Bakı da bu
qəbildən olan şəhərlərdəndir.
Qədim tarixə, bir neçə
əsrlik yaddaşı olan maddi-mədəni irsə malik olması, maraqlı relyefi onu əcnəbilərin
diqqət mərkəzinə çevirib. Lakin təəssüflər olsun ki, Bakını sözun əsl mənasında turizm şəhərinə çevirmək
imkanımız olsa da, bunu lazımi səviyyədə edə bilmirik.
Onu
da qeyd edək ki, bugünlərdə Londondakı “ECA İnternational”
konsaltinq şirkəti turistlər və ezamiyyətə gedənlər
üçün dünyadakı ən bahalı şəhərlərin yeni reytinqini
açıqlayıb.
Şirkətin
gəldiyi nəticəyə görə, 2009-cu il üçün dünyanın nə
bahalı şəhəri Anqolanın paytaxtı Luandadır. Bu reytinqin
əsas nəticəsi ondan
ibarətdir ki, maliyyə
böhranına baxmayaraq, Asiyada
yaşamaq Avropa və Amerikadan daha bahalıdır. Belə ki, Luandanın münasib ərazisində
2 otaqlı mənzilin aylıq icarə qiyməti 15 min
dollar, 1 litr südün qiyməti 3 dollar, Avropadan gətirilən pendirin 200 qramı 15 dollardır. Kafedə nahar
etmək isə 100 dollardan baha başa gəlir. Sonrakı 4 yeri Yaponiyanın Tokio, Naqoya, Yokoqama və Kobe şəhərləri
tutur.
Avropanın
ən bahalı şəhəri Danimarkanın Kopenhagen şəhəridir.
Rusiyanın paytaxtı Moskva 23-cü yerdədir.
ABŞ-da
ən bahalı şəhər Nyu-Yorkdur. Bu şəhər ən bahalı şəhərlərin
siyahısında 84-cü yerdən 17-yə qalxıb.
Müstəqil Dövlətlər
Birliyi məkanında isə ən bahalı şəhər Bakıdır. Azərbaycanın
paytaxtı reytinqdə 20-ci yerdədir. Keçən ilin
sonunda açıqlanmış reytinqdə
isə Bakı 109-cu yerdə olub.
Qeyd
edək ki, “ECA İnternational” araşdırmalarını dünyanın 270 iri şəhərində
aparıb. Bu şirkətin mütəxəssisləri
125 növ xidmət və məhsulun qiymətini araşdırıblar.
Maraqlıdır,
Bakının bahalı şəhər olması turistlərin ona doğru yolunu
bağlamır ki? Ümumiyyətlə, paytaxtımızı maraqlı turizm obyektinə çevirmək üçün nə etməliyik?
Turistlərə pul mənbəyi kimi
baxmamalıyıq
Turizm
üzrə mütəxəssis, «Sevgün Travel» turizm şirkətinin rəhbəri
Bahadur Bilalovun dediyinə görə, Bakının bahalı şəhər
olması ilə bağlı xəbəri ürəkağrısı ilə oxuyub: «Ona
görə ürəkağrısı ilə ki, belə xəbərlər mütləq
ölkəyə turist axınına mənfi təsir edir. Dəfələrlə müxtəlif toplantılarda mütəxəssislərin, əlaqəli
dövlət orqanlarının diqqətinə bu məsələni çatdırmışam
ki, əgər biz ölkə prezidentinin turizmin inkişafı üçün müəyyən etdiyi kursa yardım
etmək və onun həyata keçirilməsini
istəyiriksə, turistlərə olan münasibətimizi kökündən dəyişməliyik. Söhbət
bütün əlaqəli orqanlardan - AZAL-dan tutmuş sərhəd və gömrük, miqrasiya və polis, konsulluqlarımız, mehmanxana və restoran, nəqliyyat və turizm şirkətləri və digər aidiyyəti sahələrdə
çalışanların turistlərə münasibətindən gedir.
Təəssüflər olsun ki, sadaladıqlarım və adını çəkmədiyim
sahələrin bütün işçiləri
ölkəyə gələn turistə qonaq kimi - onun
arxasınca yüzlərlə
yeni qonağın gələ biləcəyi bir
subyekt kimi deyil, daha çox
pul - xarici valyuta qoparılması mümkün olan obyekt kimi yanaşırlar. Bunun nəticəsi olaraq da Bakı
ən bahalı şəhərlərdən elan olunur».
Son
zamanlar bizdə hər şeyi Avropa standartlarına bağlamağa meylin gücləndiyini
deyən mütəxəssis, nədənsə bu məsələlərdə
bu standartların yada düşmədiyini bildirir. Şirkət rəhbəri
deyir ki, hazırda xidməti
ezamiyyətdə olduğu Bolqarıstanda
gördükləri sözün əsl mənasında onu valeh edib:
«Taksi xidmətindən
istifadə edirsən, heç
bir problem yox, sayğac nəyi
göstərib onu ödəyirsən
və əvəzində qəbz alırsan. Bütün nəqliyyat sistemi bu qayda
ilə işləyir. Kafe-restoranlarda
bir şüşə su içsən belə
mütləq qəbz verəcəklər. Mağazalardan
alış-veriş də bunun kimi.
Yəni burada sistem elə qurulub ki, hər bir sahədə dəqiq hesabatlar aparılır. Qəbz verməyənlər
isə ciddi cəzalandırılır. Qanuni ödəmələrdən başqa
isə vergi orqanları
obyektlərdən əlavə ödəmə istəmir və istəyə
də bilməz.
Təsəvvür
edin ki, paytaxt Sofiyada və ya kurort şəhəri olan Varnada 3
ulduz hoteldə iki nəfərlik otaq 35-40 manatdır. Bundan əlavə,
adambaşına 10 manat ödəməklə 240 km məsafə qət
etmək üçün həyata keçirilən ekskursiyada iştirak etmək
mümkündür.
Bu,
Avropa ölkəsindəki qiymətdir. Bizdəki qiymətləri
isə hamımız bildiyimizdən, məncə, əlavə şərhə
ehtiyac yoxdur».
Öyrənəcəklərimiz çoxdur
O
ki qaldı Bakını turizm şəhərinə çevirməyimizə, mütəxəssisin
fikrincə, bunun üçün imkanlarımız böyük olsa da, həmin imkanlardan
yararlana bilmirik: «Götürək elə Bakının yaraşığı, onun vizit karti
olan İçərişəhəri. Ölkə rəhbərliyi səviyyəsində
qadağalar olmasına baxmayaraq, buranın əvvəlki görkəmindən
əsər-əlamət qalmayıb. Və yaxud,
dünyanın heç bir şəhərində, tarixi-memarlıq binalarının
sökülərək yerində müasir göydələnlərin tikilməsini
görə bilməzsiniz. Bu hala
ancaq Bakıda rast gəlinir.
Son dövrdə hətta Nazirlər Kabinetinin tarixi abidələr siyahısında adı olan
nə qədər
binaların izsiz yoxa çıxdığı hamımıza məlumdur».
Mütəxəssis
bildirir ki, bizə mane olan ikinci məsələ paytaxtımızda
ucuz qiymətli hotellerin olmamasıdır: «Bakı şəhərində fəaliyyət
göstərən hotellerin, demək olar ki, hamısı biznes turistlər
uçun nəzərdə tutulub. Təbii ki, «Əsrin müqaviləsi» imzalandıqdan sonra
ölkəmizə işlə
bağlı gələn biznes turistlərin
sayı artıb. O səbəbdən də hotellərin
hamısı həmin turistlərlə işləməyə üstünlük verdiyindən qiymətlər digər ölkələrdən xeyli baha olur.
Yenə də təəssüflə qeyd etməliyəm ki, bizim sahibkarlar
nəzərə almırlar ki,
ölkəyə biznes
turistlərdən başqa həm
də mədəni turizm
həvəskarları - yəni ölkənin tarixi və mədəniyyəti ilə tanış olmağa gəlmək istəyənlər də var.
Təbii ki, mövcud hotel qiymətləri
həmin turistlərin ölkəmizə deyil,
qonşu dövlətlərə
üz tutmasına gətirib çıxarır. Moskva meri Y.Lujkov Moskva
şəhərinə bu tipli turistləri cəlb etmək üçün yaxın illərdə Moskvada 100 3 ulduz hotel tikilməsinə sərəncam
verib. Sual olunur: Bakı Şəhər İcra
Hakimiyyəti, ümumiyyətlə Bakının turizm
mərkəzinə çevrilməsi
üçün hansı işləri görür?»
Bahadur
müəllimin fikrincə, əslində aidiyyəti qurumlarda
çalışan hər bir məmur düşünməlidir ki, necə etmək olar
ki, ölkəyə gələn əcnəbi turistlərin sayı
artsın: «Amma bizdə tam əksi baş verir. Bugünlərdə mətbuatda
belə bir məlumat getdi ki, Binəqədi polisi rayon ərazisindəki
neft buruqlarının şəklini çəkən əcnəbi
turistləri həbs edib. Bu
insanlar nə hərəkət etdiklərinin
fərqindədirlərmi? Neft quyusu nə zamandan strateji obyekt olub? Neft
şəhəri Bakıya gələn əcnəbi
ömründə ilk dəfə
neft buruğunu görür və onu
geri qayıdanda
dost-tanışına göstərmək üçün fotosunu və ya tutalım videosunu
çəkirsə, burada nə
qəbahət iş var? Bir daha
təkrar edirəm, ölkəyə gələn
hər bir turistə ayrı-ayrı fərdlər üçün pul dağarcığı
kimi deyil, dövlət xəzinəsinə
gəlir ödəyən bir vasitə
kimi yanaşmaq lazımdır. Belə
olarsa hər bir şəxs dərk edər ki,
ölkəyə gələn
turistlərin sayı nə qədər çox olarsa, dövlət büdcəsinə daxilolmalar
artar, bu isə dövlətin
iqtisadi qüdrətinin artmasına gətirib çıxarar».
Haşiyə:
Bu yerdə qeyd etmək lazımdır ki, xarici ölkələrdə hətta
dövlət əhəmiyyətli strateji obyektlərin şəklini çəkmək
istəyən turistə polis və ya həmin obyektin mühafizəçisi
tərəfindən sadəcə çox nəzakətlə xəbərdarlıq
edilir.
London nümunəsini
tətbiq etməli
Tez-tez
xarici ölkələrdə səfərdə olan «Bakı tur» turizm şirkətinin
rəhbəri Fayis Məmmədov da deyir ki, paytaxt şəhərlərin
qədimliyinin qorunub-saxlanması həmin şəhərə turistlərin
marağını artırır: «Bildiyiniz kimi, Böyük Britaniya dünyada turizmdən ən
çox gəlir götürən ölkədir. Bunun bir səbəbi
də burada haqqında danışdığımız fakta olduqca həssas
yanaşılmasıdır. Mənim bir turist
kimi diqqətimi cəlb edən paytaxt Londonun qədimliyinin qorunub-saxlanılmasıdır. Şəhərin
içərisində demək olar ki, bütün binalar
qədimi binalardır, bir
dənə də yeni bina tikilmir.
Hətta bizim qaldığımız
hotel dördulduzlu hotel idi. Hotelin
binası çox qədimdə
inşa edilib və olduğu kimi də qalıb. Təsəvvür
edin ki, binanın pəncərələri
XIX əsr üslubunda olduğu
kimi aşağıdan qaldırılırdı. Hotel
rəhbərliyi buna da toxunmamışdı. Şəhərdə yerləşən tarixi abidələr də həmçinin. Onların hamısı əvvəlki
görünüşündə idi. Yalnız
bu abidələri çox yaxşı bərpa ediblər. Məncə, bizim Londondan bu baxımdan götürməli
olduğumuz çox şeylər var. Çünki Bakıda arxitektur
cəhətdən turistlərin
diqqətini cəlb edən tarixi binalar bir ucdan
dağıdılır, yerində müasir tipli
yüksəkmərtəbəli binalar inşa edilir.
Bu da turistlərə
təqdim etmək üçün nəzərdə
tutulan ekskursiya obyektlərinin sayını
azaldır».
Fəxriyyə ABDULLAYEVA
Mədəniyyət.- 2009.- 4 sentyabr.- S. 7.