Həmişə Yaşar
Zaman-zaman
Azərbaycan incəsənəti çox böyük sənətkarlar
yetişdirib. Teatr və kino sahəsində də çox böyük uğurlarımız
olub. Mirzağa Əliyev, Abbas Mirzə
Şərifzadə, Mərziyə Davudova, Münəvvər Kələntərli, Mustafa Mərdanov, Ağadadaş Qurbanov, Ağahüseyn Cavadov, Möhsün Sənani, Bəşir
Səfəroğlu, Lütvəli Abdullayev, Məmmədsadıq Nuriyev, Həsənağa
Salayev, Nəsibə Zeynalova və başqaları yaratdıqları gözəl
sənət əsərləri, obrazlarla Azərbaycan incəsənətini, Azərbaycan
səhnəsini çox-çox yüksəklərə
qaldırıblar. Bu sənətkarlardan
sonra çox istedadlı yeni bir nəsil də formalaşdı ki, onlar öz sələflərindən
heç də geri qalmadılar. Mən bu gün onlardan biri-
respublikanın xalq artisti, sevimli sənətkarımız Yaşar Nuri haqqında söhbət açmaq istəyirəm.
Mən onun haqqında çoxdan yazmaq istəyirdim. O, həm bir
aktyor, həm də bir
insan kimi hər zaman diqqətimi çəkib. Onun yaratdığı obrazları ürəkdən oynadığının, sənətə
can yanğısının şahidi olduqda sənətkarlığına heyran qalmışam.
Bugünlərdə
Yaşar müəllimin 58 yaşı tamam oldu. O, ömrünün müdriklik mərhələsinə
doğru bir addım da atdı.
Yaşar Nuri mənalı
bir ömür yolu keçib. Tanrının verdiyi ömrü özündən
çox, xalqı üçün yaşayıb. Y.Nuri içdən azad olan, içdən yanan və bu yanğı ilə tamaşaçısını da yandıran bir
sənətkardır. Təkcə elə Dadaşov
obrazını («Qatarda») yada salmaq kifayətdir
ki, bu aktyorun
böyüklüyünün fərqində
ola bilək. Cəmiyyətdə olan neqativ hallara,
haqsızlıqlara, rüşvətxorluğa, yaltaqlığa və riyakarlığa qarşı Y. Nurinin yaratdığı bu obraz əslində, həmin
antipodların, onların həyatdakı prototiplərinin sifətlərinə
dəyən çox güclü bir sillədir: “...Cavab verə bilmirsiniz, çünki hamınız gözükölgəlisiniz!”
Bu sözləri Yaşar Nuri o qədər
ürəkdən, yana-yana deyir
ki, onun sənət yanğısına, yaratdığı obrazı özününkü etmək bacarığına, vətəndaş
həssaslığına heyran qalmaya
bilmirsən.. Düşünürəm ki, bəlkə də, başqa bir aktyor bu
obrazı oynasaydı, bu cür - məhz Yaşar kimi
yarada bilməzdi və tamaşa
da bu qədər güclü alınmazdı... Çünki Yaşar müəllim ifa etdiyi obrazı
yaşayır, onunla birlikdə
özü də “ölüb-dirilir” və bəlkə də
ürəyində saxlayıb deyə bilmədiklərini məhz
yaratdığı obrazlarla deyir,
cəmiyyətdə baş verən əyintilərə, insanların biganəliyinə,
saxtakarlığına etirazını bildirir. Biz hamımız “Qatarda” televiziya tamaşasına dönə-dönə
baxsaq da, bezmirik, usanmırıq, əksinə, daha
da dərindən düşünürük və bu əsəri yazan unudulmaz böyük yazıçımız İsi Məlikzadəyə rəhmət diləməklə, Yaşar müəllimə “Əhsən!” deyirik.
Bundan başqa, “Səni axtarıram” televiziya
tamaşasında Y.Nurinin
yaratdığı Elçin obrazını yada salaq: postsovet
məkanında ali məktəblərdə baş
alıb gedən rüşvətxorluğa qarşı Elçinin apardığı mübarizə, atasının hesabına ali təhsil alaraq elmi iş
müdafiə etməyə hazırlaşan gənc aspirant Gülnara qarşı olan
saf məhəbbəti
və bu məhəbbətlə
istədiyi qızı eqoistlikdən, insanlara yuxarıdan aşağı baxması kimi pis vərdişlərdən
uzaqlaşdıraraq doğru yola çəkməsi diqqətimizi cəlb edir. Y. Nuri bu obrazı o
qədər təbii oynayır ki, tamaşaçı bütün olaylara inanır. Həmin məqamda insan saflaşmaq, içdən təmizlənmək,
mərhəmətli olmaq, sevmək
istəyir.
Mən cəmi iki obrazın adını
çəkdim. Yaşar müəllimin ustalıqla
yaratdığı mənfi və müsbət qəhrəmanları
saysız-hesabsızdır. Özü də
təkcə teatr sahəsində deyil, kino sahəsində də yaddaqalan obrazlar yaradıb. Ən maraqlı və diqqətçəkən
budur ki, bu obrazlar bir-birindən tamamilə fərqlidir:
hərəsinin öz həyat
yolu, düşüncə tərzi. Amma Y.Nuri öz
qəhrəmanlarını onların xarakterinə uyğun
elə məharətlə
yarada bilir ki, heyran qalmaya
bilmirsən. Və istər-istəməz düşünməli olursan: Tanrının bizləri sınağa çəkdiyi,
torpaqlarımızın düşmən tapdağı altında olduğu, əsəblərin tarıma çəkildiyi
günlərdə nə yaxşı ki, öz nurlu siması, təbəssümü,
gülüşü ilə yorğunluğumuza sığal çəkən bu
cür istedadlı sənətkarlarımız
var. İnanmıram Azərbaycanda elə bir adam tapıla ki,
Yaşar Nurini efirdə və
ya səhnədə görəndə üzünə təbəssüm qonmasın, ona məhəbbət dolu baxışlarla baxmasınlar. Bu gülüş insanlara sevinc, müsbət enerji bəxş edir. Gərgin olduğumuz anlarda onun oynadığı
səhnələrə baxanda bütün yorğunluğumuz, stresslərimiz
yox olur. Böyük yunan filosofu
Aristotel yazırdı: «Təfəkkür
təəccübdən başlayır». İnsanları bəzən təəccübləndirən,
bəzən güldürən, bəzən də gülə-gülə ağladan bu böyük
aktyorun yaratdığı obrazlar bir çox
yatmış vicdanları oyadır, paslı beyinləri təmizləyir,
intellektual səviyyələrinin artmasına yardımçı olur.
Yaşar
Nuri insanları güldürsə də, onlara hər zaman xoş ovqat bəxş
etsə də, amma həyatında çox ağrı-acılar yaşamış bir sənətkardır.
Yadımdadır ki, təxminən 7-8 il bundan əvvəl
qızının həyat yoldaşı faciəli surətdə həlak olmuşdu. Mən o zaman qəzetlərin
birində çalışırdım və Akademik
Dram Teatrına Yaşar müəllimin iştirak etdiyi bir tamaşaya baxmağa
getmişdim. Həmin tamaşada
Y.Nuri komik bir rolda gedirdi.
Həyatında yaşadığı sarsıntılara baxmayaraq, yenə də çox məharətlə
oynayırdı. Mən heyran qaldım. Fasilədə
Yaşar müəllimlə görüşdüm. İnanın, onun içindəki o ağrı-acını, nisgili gördüm və dəhşətə gəldim ki, bu qədər
ağrını necə gizlədə bilir tamaşaçı qarşısında?.. Heç şübhəsiz ki, bir sənətkar kimi bu da
onun böyüklüyündən irəli gəlirdi. Tamaşa qurtarandan sonra hamı onu alqışlayırdı.
Deyirlər, Tanrı çox sevdiyi
bəndələrini həmişə imtahana çəkir. Düşünürəm ki,
Yaşar müəllim də
Tanrının sevimli bəndələrindədir.
Tanrı onu yaxın illərdə hamımızı qorxuya
salan daha bir imtahandan keçirdi. Ciddi bir xəstəliklə üzləşdi.
Amma bu sınaqdan
da uğurla çıxdı.
Tanrı
bizlərə ərməğan etdiyin gülüş payını sənin özündən
də əskik etməsin, Yaşar müəllim!
Südabə Sərvi
Mədəniyyət.- 2009.- 4 sentyabr.- S. 5.