Musiqi haqqında
düşüncələr
Musiqi
nədir? Bu sual əsrlər boyu insanları düşündürmüşdür və indi
də düşündürür. Cavablar da müxtəlifdir. Qədim yunanlar musiqini
Allahın töhfəsi kimi qiymətləndirir,ona insanın qəlbini fəth
edən, qeyri-adi qüvvə kimi yanaşırdılar. Beləliklə, ən
qədim zamanlardan bu günə kimi musiqinin bir möcüzə olduğunu,
onun insan əhval-ruhiyyəsinə, ümumiyyətlə daxili aləminə
böyük təsir göstərdiyini hamı etiraf etmişdir.
Musiqi
həyatımızın ayrılmaz hissəsidir. Bu bağlılıq insan ömrünün ilk
anlarından başlayır. Beşikdə yatan körpə anasının şirin laylasına
qulaq asdıqca rahatlaşır. Həyatımızın sevincli, qürurlu, eləcə də
kədərli anları müxtəlif xarakterli musiqilərlə müşayiət
olunur. Göründüyü kimi musiqi insanın bütün həyatını müşahidə edir.
Dünyada
elə bir xalq yoxdur ki, onun özünəməxsus musiqi mədəniyyəti
olmasın. Musiqi millətləri birləşdirən, onların qarşılıqlı
anlaşmasını təmin edən universal bir dildir.
Musiqidən,
hətta təbabətdə də istifadə edilir. Hesab olunur
ki, musiqi insan orqaniziminə, xüsusilə də əsəb
sisteminə olduqca müsbət təsir göstərir. Ona görə də
bəzi xəstəliklərin müalicəsi zamanı dərmanlarla
yanaşı, musiqinin bəzi növlərindən də istifadə olunur.
Musiqi
aləmi sanki ucsuz-bucaqsız bir dəryadır. Həyatımızın müxtəlif
məqamlarında biz musiqinin müxtəlif növləri ilə
rastlaşırıq: filarmoniyada daha çox klassik musiqini, şən məclisdə
- populyar və yaxud xalq musiqisini, dostlarımızla - caz, rok, pop musiqilərini
dinləyirik. Bəs görəsən sənətin sadaladığımız
növləri barədə nə bilirik? Bax, bu barədə fikirləşməyə
dəyər. Belə bir fikir var ki, hər yaşın öz musiqisi var. Məsələn:
orta nəsil-klassik növ, eləcə də xalq musiqisini, gənc
nəsil pop musiqisini, yeniyetmələr isə rok musiqisini
sevirlər. Bəzən hər hansı qüsursuz, mükəmməl
musiqi əsəri eşidəndə “bu, əsl klassik musiqidir”
deyirik. XVIII əsrin ikinci yarısında Avropa incəsənətində
təşəkkül tapmış “klassisizm” cərəyanının nümayəndələri
kimi, bir çox bəstəkarları saymaq olar. Lakin əksər
hallarda “klassik musiqi” anlayışı əsrlər boyu bəstəkarlar
tərəfindən yaradılan, yazılı sürətdə
qorunub-saxlanılan dərin məzmunlu bütün musiqi əsərlərinə
şamil edilir. Rok və pop musiqisi XX əsr musiqi mədəniyyətinin
ən mühüm nailiyyətlərindəndir. Rok musiqisi ötən əsrin
50-ci illərinin əvvəllərində Amerika Birləşmiş
Ştatlarında təşəkkül tapmışdır. İncə, sakit balladalar, ifadəli
gitara sədaları ilə zənginləşmiş mahnılar bu və digər
kompozisiyalar rok musiqisinə aiddir. Bu gün rok və pop musiqisi, demək
olar ki, dünyada geniş yayılmış, sevilən və maraqla dinlənilən
musiqi növüdür.
Şərh
etdiyimiz musiqi növlərinin arasında fərq qoymaq, hansınısa o birindən
üstün tutmaq düzgün olmazdı. Cünki, musiqi vahid, bütöv bir aləmdir.
Mövcud vəziyyətdə belə fikirləşmək olar ki,
musiqi iki cür olur, yaxşı və yaxud pis musiqi. Yəni hər sahədə
- istər klassik musiqidə, istərsə də rok, caz, pop
musiqilərinin içində də həm yüksək səviyyəli,
incəzövqlü əsərlər, həm də bəsit, məzmunsuz
nümunələrə rast gəlmək mümkündür.
Bədii
zövqü tərbiyə etmək, yaxşını pisdən ayırmaq bəzən
çətin olsa da, səy göstərmək, çalışmaq lazımdır. Çünki, bu
qabiliyyət insanın mənəviyyatını ucaldır, onun daxili aləmini
zənginləşdirir.
Ülkər Rəhmanqızı
Mədəniyyət.- 2009.- 4 sentyabr.- S.
3.