Müstəqilliyimizin yaşıdı «Təhsil» nəşriyyatı
Bəhruz Axundov: «Kitabla bağlı
bütün beynəlxalq müsabiqələrə dəvət
alırıq»
Azərbaycanın nəşriyyat sferasında önəmli
yeri və özünəməxsus dəst-xətti olan «Təhsil»
nəşriyyatı 1993-cü ildən fəaliyyət göstərir.
Bu müəssisənin özəlliyi həm də
ondan ibarətdir ki, müstəqilliyimizin bərpasından
sonra respublikada yaranan ilk və son dövlət nəşriyyatı
olub. Hazırda müstəqil iş prinsipi əsasında
çalışan müəssisədə nəşrlərin
yüksək səviyyədə hazırlanmasını təmin
etmək üçün ixtisaslaşmış redaksiyalar və
ən müasir poliqrafya bazası mövcuddur.
Müstəqillik illərində
Azərbaycanda kitab nəşrinin inkişafına, xüsusilə
milli təhsil quruculuğu konsepsiyasının əsasını
təşkil edən dərsliklərin və digər
elmi-metodik ədəbiyyatın hazırlanmasında «Təhsil»
nəşriyyatının xüsusi əməyi var.
Nəşriyyatın
qurucusu və rəhbəri Bəhruz Axundov deyir ki, müəssisə
fəaliyyətə cəmi 8 nəfər yaradıcı heyətlə
başlayıb və ilk aylarda heç bir maliyyə imkanı,
hətta oturmağa binası belə olmayan nəşriyyat az
bir zamanda yığcam, bacarıqlı, öz işinə
güvənən professional bir kollektiv yaradaraq məqsədinə
nail olmağı bacarıb: «Müəssisə respublikada hər
il keçirilən kitab sərgisində mütəmadi
iştirak edir. Nəşriyyat yarandığı gündən
keçən qısa vaxt ərzində 8-9-cu siniflər
üçün «Azərbaycan dili», 10-11-ci siniflər
üçün «Azərbaycan dili» dərslikləri «İlin ən
yaxşı dərsliyi», «Təhsil millətin gələcəyidir»,
«Heydər Əliyev məktəblilərin gözü ilə»
topluları, «Naxçıvan ensiklopediyası», professor Misir Mərdanovun
«Azərbaycan təhsili dünən, bu gün, sabah»,
E.Abdullayevin «Böyük yolun davamçısı»,
A.Abbasın «Dolu» kimi müxtəlif nominasiyalarda ilin kitabı
adını qazanmış kitablar nəşr edilib.
2003-cü ildən
başlayaraq 5-ci siniflər üçün tarix dərsliyi
olan «Ata yurdu» hər il «İlin kitabı», müəssisənin
özü isə 2003-2008-ci illərdə «İlin ən
yaxşı nəşriyyatı» adına layiq
görülüb».
Qeyd etdiyimiz kimi, nəşriyyat
bu günə qədər çap etdiyi kitabların keyfiyyətinə
görə bir sıra müsabiqələrdə qalib
adını alıb. «Qarabağ-
real tarix, faktlar, sənədlər» kitabı və şair
Çingiz Əlioğlunun «Atlantlar» bədii kitabları
2005-ci ildə Moskvada keçirilən MDB ölkələrinin
II Beynəlxalq «Kitab sənəti» müsabiqəsində ən
yüksək balla - I yerə layiq görülüb. B.Axundov
AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov tərəfindən
yazılan «Qarabağ: real tarix, faktlar, sənədlər»
kitabının da bu müsabiqədə qalib olmasını «Təhsil»
nəşriyyatının ən böyük uğuru kimi qiymətləndirir:
«Ümumiyyətlə, hər iki kitabın müsabiqədə
birinci yer tutmasının səbəbi çap mədəniyyəti,
dizaynı və mövzu seçimi ilə bağlı olub. Həmin
müsabiqənin münsiflər heyətinə daxil olan 11 nəfərdən
2-si erməni, 4-ü isə erməni xislətli şəxslər
idi. Azərbaycanı müsabiqədə səs
çoxluğu ilə təmsil edən nümayəndə heyəti
olmadığı bir halda, ermənilər nə qədər
cəhd etsələr də, ən yüksək xalı bu
kitablar topladı. Sevinirik ki, bu gün beynəlxalq səviyyədə
tanınmış nəşriyyat olduğumuzdan kitabla
bağlı bütün beynəlxalq müsabiqələrə
dəvət alırıq. Hətta ötən il Pakistanın
keçmiş baş naziri Pərviz Müşərrəf
özü şəxsən mənimlə telefonla
danışdı, Amerikada çap olunmuş kitabının
«Təhsil» nəşriyyatı tərəfindən nəşr
olunmasını xahiş etdi. Kitab çıxandan sonra nəşriyyata
öz minnətdarlığını bildirdi. Yəqin ki, bizim
çap etdiyimiz kitabları görüb.
«Pis kitab yoxdur, pis naşir var»
Nəşriyyatlar
elmi-metodik ədəbiyyat, dərsliklə yanaşı, həm
də bədii kitablar nəşr edir. Məlumdur ki,
hazırda digər sahələrlə müqayisədə
kitab biznesi kölgədə qalıb. Bunun başlıca səbəbi
respublikada kitab marketinqi ilə məşğul olan qurumun
olmamasıdır. Respublikamızda kitab bazarı tamamilə
dağıdılıb, demək olar ki, yox səviyyəsindədir.
Halbuki əvvəllər kitabla bağlı böyük bir
şəbəkə mövcud idi. Ən böyük problem isə
ondan ibarətdir ki, bu gün bazarın təlabatı əsla
nəzərə alınmır. Sifarişlər əsasında
kitablar çap olunur ki, onların da orta tirajı 500 ədəddir.
Təbii ki, həmin kitablar da müəlliflərin özlərinin
vəsaitləri hesabına işıq üzü
görür. Müəllif kitabının nəşri ilə
bağlı bütün xərcləri ödəyir, nəşriyyat
kitab çap edir və sahibinə qaytarır. Bundan əlavə,
kitabların alınmamasının bir səbəbi də oxucu
zövqünü oxşayan kitabların olmamasıdır. Həmsöhbət
olduğum naşir də kitab bazarında belə problemin
yaşandığını təsdiqləyir.
Bizim
şüarımız belədir: «Pis kitab yoxdur, pis naşir
var». Nəşriyyatlar elə əsərlər
buraxmalıdır ki, satılsın və xeyir gətirsin. Məsələn,
Aqil Abbasın «Dolu» kitabını bir həftəyə
buraxdıq. Tarixi mövzuda yazılmış bu əsər
oxucular arasında böyük marağa səbəb
olduğundan çox tez satıldı. Oxucu zövqünü
oxşayan digər kitab bu yaxınlarda nəşr etdiyimiz Qəzənfər
Paşayevin Nostradamus haqqında yazdığı kitabdır.
Kitab çox satıldığından oxucular onun ikinci dəfə
nəşrini istədilər. Deməli, bu kitablar bu gün
oxucu zövqünü oxşayır ki, onların təkrar
çapını istəyirlər».
Bu gün özəl nəşriyyatlar
nəşr etdikləri kitabların dəyəri, ad göstəriciləri,
sayı baxımından yetərincədir. Lakin təəssüfləndirici
haldır ki, özəl nəşriyyatların əksəriyyətində
nəinki ayrı-ayrı redaksiya və şöbələr, əksinə,
redaksiyaların özü və şöbələri olur. B.
Axundovun fikrincə, bunun səbəbi peşəkar naşirlərin
olmamasıdır: «Ən acınacaqlı hal burasındadır
ki, Azərbaycanda mətbəə açmaq həvəsində
olanlar kommersiya məqsədi güdürlər. Müasir
standartlara uyğun nəşriyyat böyük pul tələb
edir, amma onun qazancı qəpik-qəpik gəlir. Elə mətbəələr
var ki, saxta mal buraxır, qarşısı da vaxtında
alınmır. Nəşriyyat həmişə pul gətirən
sahə deyil. Deməli, nəşriyyatda kommerisiya ön planda
deyil, həm də bir mənəvi borc var. Nəşriyyat
işində dövlətinə, millətinə, xalqına, gələcəyinə,
dövlətçiliyinə, müstəqilliyinə bir ehtiram
olmalıdır. 5 manat pul qazanacaqsan deyə, niyə saxta kitab
nəşr edib millətin, həmçinin özünün də
balalarını məhv edirsən?
Heç yadımdan
çıxmaz, Heydər Əliyev bir kitab müəllifinə
dedi ki, 500 tirajlı kitabı kimin üçün
buraxmısan? 8 milyon əhalisi olan bir respublikada ən
azı 15 min tirajı olan kitab buraxılmalıdır. «Azərkitab»ın
Bakıda 500-dən yuxarı kitab mağazası var idi. Amma
indi onların çoxu ayaqqabı mağazasına
çevrilib. Bu da səbəbsiz deyil. Mağazanı
açıb içinə nə qoysun. Nəşriyyatlar
yaxşı kitab buraxmalıdırlar».
Təcrübəli
naşir poliqrafiya mütəxəssislərinin
hazırlanmasını sevinci hissi ilə vurğuladı: «Mən
çox sevinirəm ki, artıq Bakı Dövlət
Universitetində və Mədəniyyət və İncəsənət
Universitetində naşir hazırlayan fakültələr var. Mədəniyyət
və İncəsənət Universitetinin baş müəllimi
olduğumdan həmin fakültədə dərs deyirəm. Bu
sahə ilə məşğul olan mütəxəssis kimi
deyə bilərəm ki, indi Azərbaycanda peşəkar
naşirlərə çox böyük təlabat var. Elə
ona görə də, 2006-cı ildə nəşriyyat
işinin öyrənliməsi sahəsində yeganə dərslik
olan «Azərbaycanda nəşriyyat işinin əsasları»
adlı dərslik yazdım».
Nəşriyyatları koordinasiya edən qurum
olmalıdır
Bu gün ölkəmizdə
kitabın təbliği və reklamı da dünyanın bir
çox ölkələrindən fərqlənir. Belə
ki, əksər ölkələrdə kitabın reklamı
çapdan çıxmamışdan əvvəl
başlanırsa, bizdə bu iş kitabın çapından
sonraya qalır. Bu sahdə yaranmış problemləri aradan
qaldırmağın yollarından biri də nəşriyyatların
işinə təkan verməkdir. Təəssüflə deməliyik
ki, onlar hələ də bir qurum ətrafında birləşməyiblər.
B.Axundov hesab edir ki, belə bir qurumun yaranması vacibdir: «Bu nəşriyyatlar
dövlətin tabeliyində olmadıqları
üçün, hər biri müstəqil sayılır. Sayları
az olduğundan təşkilatlanmırlar. Əlbəttə,
onları koordinasiya edən təşkilatı lazımdır
və həmin təşkilatda hər bir nəşriyyatın
nümayəndəsi olmalıdır ki, dövlət
qarşısında hər hansı məsələ qəldıra
bilsin. Azərbaycanda nəşriyyatın, poliqrafiyanın
çox ciddi problemləri mövcuddur. İndi heç bir
özəl nəşriyyat dövlət qarşısında məsələ
qaldırmaq səlahiyyətində deyil. Bunu yalnız nəşriyyatlara
kömək məqsədilə yaradılan hər hansı bir
qurum edə bilər».
Yeni metodun tətbiqi dünya praktikasına inteqrasiyadır
Son iki ildə dərsliklərlə
bağlı yeni metodun tətbiq olunmasından da söz
açan B. Axundov hazırda Azərbaycanda dərslik probleminin
olmadığını diqqətə çəkdi: «Uzun illər
Təhsil Nazirliyi ilə çalışan nəşriyyatlar
və nazirliyin müvafiq qurumları, o cümlədən
ictimai təşkilatların bu sahəyə diqqətlə
yanaşması uğurlu nəticələr verib. Azərbaycanda
ildən-ilə dərsliklərin səviyyəsi yüksəlir.
İndi bizim dərsliklər digər inkişaf etmiş
ölkələrin dərsliklərindən geridə
qalmır. Bu da gərgin əməyin bəhrəsidir. Bildiyiniz
kimi, respublikamızda 2 ildir ki, kurrikum proqramı həyata
keçirilir və yeni dərsliklər bunun əsasında
hazırlanır. Bu metodun tətbiqi Avropa və dünya
praktikasına inteqrasiya deməkdir. Bu dərslikələrdə
şagirdə və müəllimə daha çox
yaradıcılıq imkanları verilir: müəllimlər
öyrədən simadan istiqamətləndirən bir şəxsiyyətə
çevrilir. Təhsil nəşriyyatı tenderdə ingilis
dili və musiqi dərslərinin qalibi oldu və hər iki dərslik
məzmun və forma cəhətdən yüksək səviyyədə
nəşr olunub. Tender çox yaxşı mexanizmdir və
orada obyektivlik qorunub saxlanılır».
Onu da öyrəndik ki,
nəşriyyat bu günə kimi orta məktəb şagirdləri
üçün 25 adda müxtəlif çap məhsulları
buraxıb.
Nəşriyyat rəhbəri
Azərbaycan dövlətçiliyi, Qarabağ olayları ilə
bağlı bu günə kimi 100-dən çox kitab nəşr
etdiklərini vurğuladı. Ümumilikdə isə «Təhsil»
nəşriyyatı fəaliyyət göstərdiyi müddətdə
5000-dən çox adda, 30.000.000 nüsxədən çox
kitab araya-ərsəyə gətirib.
Bundan başqa Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə 2 cildlik «Darıxan
adam», Səttar Bəhlulzadənin «Yollar, mənzərələr»,
3 dildə buraxılan «Azərbaycan qayaüstü rəsmləri»
kimi kitablarını da nəşriyyatın uğurları
sırasına yazmaq olar. Təqdirəlayiq haldır ki,
yaxın günlərdə Mədəniyyət və Turizm
Nazirlyi tərəfindən təşkil ediləcək Beynəlxalq
kitab və sərgi yarmarkasında «Təhsil» nəşriyyatı
100- dən artıq kitabla iştirak edəcək.
B.Axundov sonda onu da
bildirdi ki, «Təhsil» nəşriyyatının çox tez
uğur qazanmasının sirri peşəkarlıq, müəssisənin
işçilərinin arasında yaranmış mənəvi
bağlılıqdır: «Biz böyük bir ailəyik və
heç kəs bu ailənin üzvü olaraq bizim daxili
qayda-qanunlarımızı poza bilməz. Mən bu
gün fəxr edirəm ki, bizim kitablarımız haqqında
Heydər Əliyev kimi böyük bir düha 2-3 dəfə
çox yüksək fikir söyləyib. Bu illərdə Azərbaycan
dövlətçiliyi, daxili və xarici siyasəti,
Qarabağla bağlı 100-də çox kitab nəşr
etmişik. Bundan başqa, müəssisə fəaliyyət
göstərdiyi müddətdə 5000-dən çox adda,
30.000.000 nüsxədən çox kitab çapedib. 16
yaşını qeyd edən «Təhsil» nəşriyyat Poliqrafiya
Birliyi öz şərəfli missiyasını bu gün də
uğurla davam etdirir».
Mehparə
Mədəniyyət.- 2009.- 17 sentyabr.- S. 17.