Rəfdəki sevimli kitab

 

Atalar məsəlidir, deyirlər, niyyətin hara, mənzilin də ora... Kitaba, mütaliəyə həvəsim azalmadığından ilk dəfə qonaq getdiyim evdən tutmuş baxdığım yeni filmlərdə, hətta vərəqlədiyim mebel kataloqlarında belə mənzil interyerindəki kitablar, yaxud onların yoxluğu nəzərlərimdən yayınmır. Hərçənd təxminən 25-30 il əvvəl kitabların bir yerdə toplanmasına, şəxsi kitabxanalara münasibət eyni deyildi. Məsələn, gah deyirdilər ki, kitabların bir nəfərin evində yığılıb qalması düzgün deyil - gərək bir kitabı xeyli adam oxusun. Belə bir əks fikir də söylənilirdi ki, yox, şəxsi kitabxana elə xəzinə kimidir, xeyli kitabın bir yerdə səliqə ilə qorunub saxlanması, nəsildən-nəslə ötürülməsi müsbət haldır.

Hər halda bir neçə dildə elmi, dini, bədii kitabların əhatəsində böyüdüyümdən şəxsi kitabxana, mütaliə mənimçün doğma və son illər isə həm də ağrılı mövzudur.

 

«Uşaqlarınıza kitab versəniz, elə bilin ki, onlara qanad taxmısınız»

 

İndiki uşaqlara deyəndə ki, məndən böyük qardaş-bacımdan mənə «miras keçmiş» iri və şəkilli kitabın adı, şəkilləri, uşaq kitabxanasına abunə olduğum gün hansı kitabı almağım da yadımdadır, bir az təəccüblənirlər. Hətta uşaq ikən ad günü hədiyyəsi kimi aldığım kitabı da - Astrid Lindqrenin «Uzuncorab Peppi»sini də indiyədək (daha doğrusu, ömür vəfa edənədək) öz şəxsi kitablarım arasında saxlayıram, bir qədər xəyala dalırlar... Üzə vurmasalar da, anlayıram ki, böyüyüb xala-dayı yaşına çatanda özlərindən balacalara gerçək uşaqlıq xatirəsi göstərmək çətin olacaq. Niyə? Ona görə ki, uşaqlara ad günü, ya da bayram hədiyyəsi kimi daha kitab bağışlamırlar.

 

Balalarınıza oxuyun. Harada? Nə?

 

Yadımdadır, əvvəllər təkcə «Azərbaycan qadını» kimi xanımlar üçün dərgidə deyil, həm də «Azərbaycan», «Ulduz» jurnalı kimi ədəbi jurnallarda da təxminən «Balalarınıza oxuyun!» səhifəsi verilərdi. Həmin səhifədə bir-iki dəfə oxumaqla rahat əzbərlənən şeirlər, kiçik hekayələr dərc edilərdi. Əslində 3-6 yaşlı uşaqlar üçün nəzərdə tutulan həmin rubrikada yer alan, daha çox nəsihətamiz ruhlu xırda əsərlər uşaq psixologiyasına heç şübhəsiz ki, müsbət təsir göstərərdi. Təbii ki, bugünkü uşaqlara bir qədər fərqli nağıllar, şeirlər gərəkdir ki, onları maraqlandırmaq, düşündürmək mümkün olsun. Əgər yenə də 30-40 il öncəki tərzdə «adam belə eləməz» sayaq didaktik yüklü nağılları, hekayələri XXI əsrin uşaqlarına oxutmaq istəsək, heç nə alınmayacaq.

 

İndiki nəsil hansı ədəbiyyatı seçir?

 

Bir dəfə bu günümüzün ən sanballı uşaq yazarlarından olan Sevinc Nuruqızı ilə bu mövzuda söhbət edirdik. Ali pedaqoji təhsilli Sevinc xanım uşaq psixologiyasına yaxşı bələd olduğundan onun həm şeirləri, həm də hekayə və povestləri tez yadda qalır. Sevinc xanımın müşahidəsinə görə, hələ hərfləri tanımayan, sərbəst kitab oxumağı bacarmayan 3-7 yaşlı uşaqlar şeirə daha çox maraq göstərirlər. 7-12 yaşlılar isə nəsri mütaliə etməyi xoşlayırlar. 12 yaşından sonra, erkən yeniyetməlik dövrünü keçirən məktəblilər böyüklər üçün ədəbiyyata, tarixi mövzuda yazılan hekayələrə meyil edir, heyvanlar, təbiət hadisələri barədə elmi-populyar əsərləri seçirlər.

Şəxsi müşahidəmə əsasən (bizim evdə də uşaq böyüyür) deyə bilərəm ki, nə bugünkü 14-15 yaşlı qızlar təxminən 30 il əvvəlki yaşıdları kimi romantik əsərlərə meyillidir, nə də oğlanlar macəra ədəbiyyatına. Bunun nə qədər yaxşı, ya pis olduğunu indiki uşaqlar müstəqil insan həddinə çatanda biləcəyik. Ola bilsin ki, bu işdə televiziyanın - məhəbbəti ülvilikdən çıxarıb adiləşdirən bəsit serialların, bir də kompyuter qrafikasının sayəsində göbələk kimi artan müasir macəra film və kompyuter oyunlarının da əməyi az deyil.

 

Bizə necə kitab lazımdır, yaxud hər şey «Beşik»dən başlayır

 

Beşik başında duran varsa, deməli, beşikdə yatan körpəyə layla deyən də var. Əgər layla deyilirsə, deməli, layla deyilən körpənin mənəviyyatını, könül rahatlığını, milli kökə bağlılığını düşünən var. Əslində, ilk kitab da beşik başında oxunan layla kimidir. Ötən il yaradılmış «Beşik» nəşriyyatında çap edilən kitablar da elə beşik başında oxunulası kitablardır. Nəşriyyatın direktoru Nərgiz Cabbarlı deyir.

 

- Nəşriyyatın həyata keçirdiyi layihənin özü əslində məqsədlidir. Belə ki, biz, Azərbaycanın bu günü, gələcəyi olan uşaqlarımızın vətən tarixini bilən və bu tarixi yaradan olmasını istəyirik. Bizə valideynlərimizin və böyüklərimizin uşaqkən öyrətməli olduğu, amma müəyyən səbəblər üzündən öyrədə bilmədikləri həqiqətləri onlara çatdırmaq istəyirik. İstəyirik ki, onlar tarixdən, tarixi keçmişdən, tarixi ərazilərimizdən, babalarının itirdikləri torpaqlardan və nəsildən-nəslə ötürərək qorumağı bacardıqları mənəvi dəyərlərdən xəbərdar olsunlar. Düşmənlərini və dostlarını tanısınlar. Kimdən ehtiyatlanmalı olduqlarını bilsinlər. Məntiqli, siyasətli böyüsünlər.

Yəni bir sözlə, istər «Güvəncin nağılları» seriyası, istər «Muğamlarımız və xalq mahnılarımız» seriyası, istərsə də «Məntiqli oyunlar» seriyası buna hesablanıb. Amma biz təkcə bizim uşaqlarımızın deyil, başqa xalqların, millətlərin nümayəndəsi olan dünya uşaqlarının da bizim nağılları oxuya bilməsi üçün onların türk, rus, ingilis dillərinə çevrilməsini nəzərdə tuturuq və artıq bu istiqamətdə iş gedir.  

 

 Ən yaxşı hədiyyə: həm uşaq yazarları üçün, həm də uşaqlar üçün

 

Uşaq və yeniyetmələri mütaliəyə meyilləndirmək təkcə bizim üçün problem deyil. Başqaları da bu barədə düşünürlər. Düşünürlər və çıxış yolu tapırlar.

Məsələn, artıq yeddi ildir ki, İsveçdə məşhur uşaq yazıçısı Astrid Lindqren adına beynəlxalq mükafat təsis edilib. Bu mükafata həm yazıçılar, həm rəssamlar, həm də uşaq və yeniyetmələr ilə çalışan təşkilatlar layiq görülür. Məsələn, iki il əvvəl ğu mükafatı Venesueladakı «Banko de libro» kitab mərkəzi qazanıb. Mərkəz «Venesuela uşaq və yeniyetmələri arasında mütaliəyə məhəbbət yaratmaqda böyük töhfəsinə görə» fərqlənib. Maraqlıdır ki, həmin mərkəz 1960-cı ildə uşaq və yeniyetmələrin dərslik mübadiləsi etdikləri yer kimi yaradılıb. İllər keçdikcə mərkəzin fəaliyyəti genişlənib. Bu gün artıq onun həm şəhərlərdə, həm də ölkənin ucqar yaşayış məskənlərində şöbələri var. Mərkəz həm kitabxanalar təşkil edir, həm də uşaq ədəbiyyatının, uşaqlar üçün jurnalların nəşri ilə məşğul olur.

Astrid Lindqrenin xatirəsinə beynəlxalq ədəbi mükafatı İsveç hökuməti məşhur yazıçı xanımın vəfatından sonra təsis edib. Mükafatın məbləği 5 milyon İsveç kronudur (təxminən 540 min avro). Bu mükafat uşaq və yeniyetmə ədəbiyyatının inkişafında xidmətlərinə görə verilən ən böyük mükafatlardan sayılır.

 

Niyə bizdə bu mükafatdan yoxdu?

 

Bir növ «Bəyin oğurlanması» filmindəki əjdaha barədə suala oxşasa da, cavabım fərqli olacaq: Bəli, bizə belə bir mükafat lazımdır! Axı, niyə də yox? Ölkəmizin barmaqla sayılacaq qədər telekanalları az qala ayda bir dəfə «Qaraca qız» filmini göstərirlər. Amma həmin nağılın müəllifi, bütün ömrünü uşaqlara həsr etmiş görkəmli pedaqoq və yazıçı Süleyman Sani Axundovun «Qorxulu nağılları»na daxil olan o biri hekayələri oxuyan yoxdur. Niyə görə bizim gənc, orta yaşlı, qocaman uşaq ədiblərimiz, uşaq ədəbiyyatını dirçəltməyə çalışan nəşriyyatlar, böyük təcrübəsi olan uşaq kitabxanaları həmin mükafatın laureatı olmasınlar? Bu, həm də uşaq ədəbiyyatının inkişafına ciddi stimul olar. Bu gün milli ədəbiyyatın vasitəsilə milli mənəvi dəyərlərə bağlanan, öz ana dilini sevən balaca insan sabahın daha savadlı, daha vətənpərvər Azərbaycanlısı, daha millətsevər vətəndaşı kimi yetişər.

Hələ 1956-cı ildə Hans Xristian Andersen adına beynəlxalq ədəbi mükafatın təsis olunmasını təklif edən görkəmli alman yazıçısı, dünya uşaq ədəbiyyatı sahəsində böyük ictimai xadim Yella Lepmanın belə bir fikri var: «Uşaqlarınıza kitab versəniz, elə bilin ki, onlara qanad taxmısınız».

Qanadlarımız heç zaman qırılmasın!

 

 

Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2009.- 10 sentyabr.- S. 16.