Kitab biznesi: orada vəziyyət necədir?
Bakıda 300 min adama 1 kitab mağazası
düşür
Danılmaz faktdır ki, Azərbaycanda, xüsusilə
Bakı şəhərində kitab mağazalarının
sayı getdikcə azalır. Əldə etdiyimiz statistika da
bunu təsdiq edir. Belə ki, hazırda Bakıda 10-a yaxın
kitab mağazası fəaliyyət göstərir. Halbuki sovetlər
dönəmində bu rəqəm 150-dən çox olub.
Paytaxtda 3 milyona yaxın adamın yaşadığını
nəzərə alsaq, təqribən 300 min nəfərə
bir kitab mağazası düşür. Görəsən,
kitab mağazalarının sayının azalmasının səbəbi
nədir: azərbaycanlı oxucuların azlığı, yoxsa
kitab biznesinin gəlirsizliyi? Ümumiyyətlə, ölkə
insanı bilik mənbəyi adlandırılan kitabları
oxuyurmu? Hansı kitablara daha çox maraq var: elmi, bədii,
yoxsa dini? Mövcud durumu araşdırmaq üçün
Bakıdakı kitab mağazalarının bir neçəsində
olduq.
Son vaxtlar kitab biznesinə maraq artıb
Kitab dizaynı ilə məşğul
olan Vəfadar Əliyev bildirdi ki, Azərbaycanda kitab bazarı
kiçik olduğu üçün obyektiv səbəblərdən
ölkədə çap edilən kitabın orta tirajı
çox aşağı olur: “Məsələn, ölkədə
orta tiraj 500 nüsxədir. Bu isə kitabın maya dəyərinə təsir edir. Qiymətin yüksək olması da alıcılıq qabiliyyətinə mənfi
təsir göstərir”.
Həmsöhbətimizin sözlərinə
görə, Azərbaycandakı
nəşriyyatların 90 faizi
sifarişlə işləyir:
“Müəllif əlyazmasını
nəşriyyata verir,
bütün xərclərini
cibindən ödəyir,
nəşriyyat da kitabları nəşr etdirir və sifarişçiyə qaytarır.
Kitabın satışı müəllifin öhdəsinə
buraxılır. O da
bir hissəsini dost-tanışa bağışlayır,
bir hissəsini kitab mağazalarına verir. Bir hissəsi də
“vozvrat” olub qalır arxivində”.
V.Əliyev hesab edir ki, ölkədə kitab ticarətinin qurulması və reklam olunmaması kitab mütaliə edənlərin sayının azalmasının səbəblərindən biridir: “Deyə bilmərəm ki, bu sahədə vəziyyət bir neçə il əvvəlki kimidir. Son vaxtlar kitab biznesinə maraq artıb. Artıq iş adamlarının kitabla, ümumilikdə çap məhsulları ilə maraqlandığı müşahidə edilir. Bir zamanlar kitab mağazalarını söküb yerində başqa təyinatlı, məsələn, geyim mağazası açırdılarsa, indi hiss olunur ki, kitab mağazaları diqqət mərkəzinə gəlib. Lakin bu diqqət hələlik duruma nəzərəçarpan dəyişiklik etməyə bəs edəcək səviyyədə deyil”. Mütəxəssis dünyada kitab satışının effektinə təsir edən üsullardan da söhbət açdı: “Bir sıra xarici ölkələrdə kafe-kitab mağazalarına rast gəlmək mümkündür. İnsanları kitab almağa cəlb etmək üçün mağazanın xaricində kafe təşkil olunur. Yaxud da elə kitab mağazaları var ki, müştərilər orada oturub saatlarla kitab oxuya bilər. Təəssüflə qeyd etməliyik ki, Bakıda fəaliyyət göstərən çox az sayda kitab mağazalarının heç birində bu şərait yoxdur. «Akademiya» kitab mağazasında kifayət qədər geniş yer olsa da, orada da belə bir şərait yaradılmayıb. Bu isə kitabın qiymətini görüb məzmunundan xəbəri olmayan alıcıların itirilməsi deməkdir».
Elmi kitablara maraq çox azdır
Olduğumuz kitab
mağazalarında rastlaşdığımız vətəndaşlarla
sorğu apardıq: son bir ildə hansı kitabı oxumusuz? Oxucular ən müxtəlif yazıçıların əsərlərini,
dini kitabları qeyd etməklə yanaşı, qiymətlərin
baha olmasından, yaxud da axtardıqları
kitabı tapa bilməmələrindən şikayətləndilər.
Respondentlərimizdən birinin olduqca
maraqlı cavabı oldu. Sən demə, minə
yaxın kitab oxuyan ortayaşlı bir insanın oxuduğu kitablar arasında bir dənə də bədii əsərin olmaması mümkünmüş.
Bu, 50 yaşlı Müşfiq
Hüseynovdur: “Deyirlər
ki, guya adam bədii
kitablar oxumasa, oxuduqlarını qavraya bilməz, mən, vallah, elə gözəl qavrayıram ki. Gərək adam nə
oxuduğunu, niyə oxuduğunu bilsin, onda qavramaq asan
olar. İndiki gənclərimizə bir məsləhətim var: bir istiqamətdə inkişaf etməyə çalışsınlar. Yeddi dərənin
suyunu bir-birinə qatsalar, hər şeydən yarımçıq
qalacaqlar”. Sorğunun
ortaya çıxartdığı
bir məqam isə ən az oxunan
kitabların elmi əsərlər olması
oldu. 10-a yaxın
vətəndaşdan yalnız
M.Hüseynov elmi kitab oxuduğunu bildirdi.
Araşdırmamız
zamanı o da aydın oldu ki, kitab mağazaları başqa
ölkələrdən də sifarişlə kitab gətirdirlər.
Lakin oxucular deyirlər
ki, bəzən onlara lazım olan kitabı sifariş vermək istəyəndə problemlə
üzləşirlər. Bu hal ən çox elmi kitablarla bağlı olur. Belə problemlə rastlaşan
oxuculardan bəziləri
internetin xidmətindən
istifadə edirlər.
Lakin nəzərə almaq lazımdır ki, internetlə kitab sifarişi daha baha gəldiyi üçün üçün
bundan istifadə edənlərin sayı çox azdır.
Kitabın tərtibatı onun qiymətinə təsir
edir
İstər
mağazalarda, istər səyyar satış nöqtələrində
daha çox satılan kitablar əsasən sovet
dövrünün məhsullarıdır, qiymətləri də
elə baha deyil. “İllər əvvəl 5
manata satılan kitabı indi 3 manata satanda sevinirəm”. Bunu “Gənclik” metrosunun çıxışında kitab
satışı ilə
məşğul olan Raqib deyir. Həmçinin
qeyd edir ki, alıcılardan asılı olaraq qiymətlər həm arta, həm də azala bilər:
“Bəzi alıcılar
var ki, kitabı
sifariş edir, sifarişlə gətirilən
kitab isə başqalarına nisbətən
baha olur. Baha deyəndə ki, söhbət 1-2 manatdan gedir. Bəzən alıcının
sifarişinə uyğun
dərs kitabları da tapırıq. Amma dərs kitablarını tapmaq çətindir, köhnə
dərsliklər az adamın evində qalıb, əksəriyyəti
də rus dilindədir”.
Raqibin sözlərinə
görə, alıcılar
arasında qadınlar
üstünlük təşkil
edir. Onlar ən çox məhəbbət romanlarına
maraq göstərirlər.
Kişi alıcılar
detektivləri seçirlər.
Uşaq ədəbiyyatına
da maraq var, amma valideynlər
uşaqlarına daha çox yeni çapdan çıxan kitabları alırlar: “Halbuki köhnə uşaq ədəbiyyatı
olduqca maraqlıdır.
Bizim vaxtımızda “Afrika nağılları”, “Kapitan
Qrantın uşaqları”,
“Dor ağacı” kimi uşaq kitabları vardı ki, oxumaqla doymaq
olmurdu. İndi nə o kitablar
var, nə də onlarla maraqlananlar. İndi elə nağıl kitabları satılır ki, 5-6 vərəqdir, onun da cəmi
1-2 vərəqi nağıldır,
qalanları əcaib-qəraib şəkillərlə
doludur”. Bir şeyi də aşkar etdik ki, uşaqlar üçün nəzərdə
tutulan kitabların qiyməti digər kitablara nisbətən bahadır: “Qiyməti müəyyənləşdirən amillər sırasında kitabın tərtibatı xüsusi əhəmiyyət
daşıyır. Başqa
sözlə, uşaqları
da, onların valideynlərini də cəlb etmək üçün müxtəlif
üsullardan istifadə
olunur. İndi artıq uşaqlar üçün nağıl
kitablarının musiqilisinə
də rast gəlmək olur. Uşaq kitabı açır, onu mətndən əvvəl
musiqi sədaları salamlayır və bütün səhifələri
musiqi sədaları müşayiət edir. Təbii ki, belə kitablar balacalar üçün maraqlı görünür.
İçində yazılanlardan
daha çox, musiqini dinləmək üçün alınan
kitabların qiyməti
də ucuz deyil, 9 manatdan 12 manatadəkdir”.
Nağıl kitabları
arasında ucuzluğu ilə fərqlənən xarici ölkə
müəlliflərinin tərcümə edilmiş kiçikhəcmli
əsərləridir. Bir neçə vərəqdən
ibarət olan bu kitablar az
qala birdəfəlik istifadə üçün
nəzərdə tutulub.
Kitabın keyfiyyətsizliyi
baxan kimi seçilir. Nağıla çəkilən şəkillər
isə məzəli görünüşü ilə
heç də ciddi təsir bağışlamır. Bu
kitabların qiyməti
1 manatdan başlayaraq
3 manata qədər dəyişir. Satıcılar
bildirirlər ki, valideynlər daha çox belə kitabları almaqda maraqlıdır, amma uşaqlar qalın üzlüklü, şəkilləri
bol olan kitablara üstünlük
verir. “Valideynlərin əksəriyyətinin imkanı
uşaq üçün
10-12 manat verib kitab almağa çatmadığından 1-3 manatlıq
kitablarla onların başını qatmağa
çalışırlar” deyə
Raqib bildirir. Həmsöhbətimiz yerli çap
məhsullarının arasında
da tərtibatına görə fərqlənən,
diqqəti cəlb edən kitabların olduğunu vurğuladı.
Raqib onu da bildirdi ki,
hazırda kitab bazarında Rusiyada balacalar üçün çap olunan kitablar keyfiyyətinə görə daha böyük maraqla qarşılanır,
yerli mallar qiymətinə görə
ucuzluğu ilə fərqlənsə də,
keyfiyyət baxımından
çox zaman rəqabətə davam gətirə bilmir.
Dini kitabların
satışı artıb
Araşdırmamız
zamanı o da məlum oldu ki, son vaxtlar dini kitabların
satışı xeyli artıb. “Neftçilər” metrosunda
çap məhsullarının
satışı ilə
məşğul olan Eyvaz kişi bildirir ki, alıcılar
arasında üstünlüyü
gənclər təşkil
edir: «Orta yaşlılar dini kitablara meyil göstərmirlər. Bir də gənclərin detektiv əsərlərə
marağı çoxdur”.
Fəxriyyə ABDULLAYEVA
Mədəniyyət.-
2009.- 10 sentyabr.- S. 14.