Əlyazmalar kitaba çevrilir
Söhbət Məhəmməd Füzuli adına
Respublika Əlyazmalar İnstitutundan gedir
Hər bir xalqın mədəni inkişafının,
onun keçmişini, dünya xalqları içərisindəki
yerini və mövqeyini öyrənmək üçün
yeganə və əvəzedilməz mənbə həmin
xalqın mənəvi sərvətlərinin, qədim əlyazmalarının,
kitabların, tarixi qaynaqların saxlanc yeri olan muzeyləri,
arxivləri, fondları, elmi müəssisə və
institutlarıdır. Bu gün dünyanın bütün
inkişaf etmiş ölkələri təkcə
özünün elmi-texniki nailiyyətləri, maddi sərvətlər
bolluğu, qüdrətli sənaye və istehsal qüdrəti
ilə deyil, həm də öz xalqının milli mənəvi
dəyərləri ilə tanınır. Bu heç də təsadüfi
deyildir. Məlum bir həqiqətdir ki, mənəvi sərvətlər
hər bir millətin, xalqın “şəxsiyyət vəsiqəsi”,
mənəvi “pasportu”, onun milli mədəniyyətinin səviyyəsini
təyin edən “lakmus kağızıdır”.
Bu baxımdan Məhəmməd Füzuli adına
Respublika Əlyazmalar İnstitutunun milli elmimizin
inkişafındakı yeri və rolu əvəzsizdir.
80 ilin institutu
Əsası 1924-cü
ildə qoyulmuş Əlyazmalar İnstitutu 85 il bundan əvvəl
Bakıda keçirilən Diyarşünasların Ümumazərbaycan
Qurultayında, “Ölkədə əlyazmaların bir mərkəzdə
toplanması haqqında” qəbul olunmuş qərara əsasən
1929-cu ildə yaradılıb. Sonralar Əlyazmalar Fondu Azərbaycan
Tarixi Muzeyinin “Azərbaycanı tədqiq və tətəbbö
Cəmiyyəti”nin, SSRİ EA-nın Zaqafqaziya və Azərbaycan
filialı Şərq kitabxanasının və nəhayət
Nizami adına Ədəbiyyat və Dil İnstitutunun
şöbəsi olmuşdur.
1950-ci ildən Azərbaycan
EA-nın Respublika Əlyazmalar Fondu kimi fəaliyyətə
başlayan elmi müəssisə 1986-cı ildən institut
statusu alıb. Bu institut Azərbaycan ədəbiyyatı,
ümumən mədəniyyəti ilə bağlı əlyazmaların
saxlandığı əsas mərkəz hesab olunur.
Ötən günlərə ötəri bir nəzər...
İnstitutun direktor
müavini, filologiya elmləri namizədi Paşa Kərimovla
söhbət edirik. Paşa müəllim
deyir ki, Əlyazmalar Fondu yarandığı zaman,
XIX-XX əsr Azərbaycan
mədəniyyətinin görkəmli
nümayəndələrinin A.Bakıxanov, M.Axundov, Ədülqəni Əfəndi,
Hüseyn Əfəndi
Qayıbov, Bəhmən
Mirzə Qacar, Mirmöhsün Nəvvab kimi görkəmli şəxsiyyətlərin şəxsi kolleksiyaları,
arxivləri fondun əsasını təşkil
etmişdir. Molla Pənah Vaqif,
Qasım bəy Zakir, Mirzə İsmayıl Qasir, Əbülqasım Nəbati,
Əmir Şah Səbzəvari, Xurşidbanu
Natəvan, Əbülxaliq
Cənnəti, Nəcəf
bəy Vəzirov, Cəlil Məmmədquluzadə,
Ədürrəhim bəy
Haqverdiyev, Cəfər
Cabbarlı, Yusif Vəzir Çəmənzəminli
kimi şair və yazıçıların əsərləri,
Firidun bəy Köçərli, Salman Mümtaz. Əlabbas Müznib kimi ədəbiyyatşünas alimlərin,
Ü.Hacıbəyov, Zülfüqar
Hacıbəyov, Müslüm
Maqomayev, Niyazi kimi bəstəkarların,
Mirzağa Əliyev, Hüseynqulu Sarabski kimi teatr xadimlərinin
arxivləri də fondun yaradılmasında xususi rol oynayıb.
Hazırda Əlyazmalar
İnstitutunda 34 görkəmli mədəniyyət xadiminin
şəxsi fond materialları mühafizə edilir. Burada 40 mindən artıq əlyazma,qədim çap kitabları, inqilabaqədərki
dövri mətbuat və şəxsi fond materialları saxlanılır. Bunun 11.463-ü ərəb qrafikalı abidədir ki, bunlar da
Azərbaycan, türk,
özbək, fars, ərəb və başqa dillərdə IX-XIX
əsrlərdə yazılmış
və ya üzü köçürülmüşdür.
12.100 nüsxə əlyazma
isə XIX-XX əsr Azərbaycan elm və ədəbiyyatının
görkəmli xadimlərinin
şəxsi əsərlərini təşkil edir. İnstitutda eyni zamanda 2458 tarixi sənəd və fraqmentlər, 12.479 qədim çap kitabları, o cümlədən inqilabdan
əvvəl nəşr
edilmiş qəzet, jurnal, məcmuə və xüsusi ədəbiyyat da saxlanılır. Yaxın və Orta Şərq
klassiklərinin bədii
əsərləri, astronomiya,
mineralogiya, tibb, fəlsəfə, poetika, tarix, coğrafiya, hüquq, qrammatikaya aid elmi-bədii
əsərlər böyük
qayğı ilə mühafizə olunmaqdadır.
Bu əsərlər əsasən
Azərbaycan mədəniyyətinə
və ədəbiyyatına
aid olsalar da, onların içərisində İspaniyadan,
Mərakeşdən tutmuş
Hindistana kimi bütün Yaxın və Orta Şərq,
Şimali Afrika ölkələrinin, xalqlarının
mədəniyətinə, tarixinə
aid materiallara da rast gəlmək
olar.
Xəzinə zənginləşir
Paşa müəllimlə
qədim əlyazmaların necə əldə olunması,
onların necə axtarılıb tapılması və
ayrı-ayrı adamlardan alınması barədə söhbət
edirik. İnstitutun direktor müavini deyir ki, hər yeni
tapılan və əldə olunan əlyazma, tarixi sənəd,
qədim kitab nümunələri institutun fondunu daha da zənginləşdirir.
Onu da öyrəndim ki,
institutun əsas tədqiqat sahəsi - ancaq ərəb
qrafikası ilə ərəb, fars və türk (Azərbaycan,
Osmanlı türkcəsi, özbək, türkmən, tatar,
noqay və sair) dillərində yazılmış İslam mənbələridir.
İnstitutda saxlanan bütün əlyazmalar planlı və
sistemli şəkildə öyrənilir və ən əhəmiyyətliləri
kitab şəklində çap olunur.
İnstitutda əsasən
6 şöbə fəaliyyət
göstərir. Bunlar türkdilli, farsdilli, ərəbdilli abidələr
və şəxsi fondlar, Azərbaycan kitabı və biblioqrafiyası, əlyazmaların
bərpası şöbələridir.
İnstitutdakı əlyazmalar
yazıldığı dillərə
görə kataloqlaşdırılır.
Kataloqlaşdırma sahəsində
institutun çox iş gördüyünü
deyən alim, bu sahənin vacib və əhəmiyyətli
olduğunu vurğuladı.
Əsrlərdən düşən işıq
Kökü qədim
dövrlərə gedib çıxan Azərbaycan ədəbiyyatının
bizə gəlib çatmış ilk yazılı nümunələri
IX-XIV əsrlərə aiddir. İzzəddin Həsənoğlu,
Nəsir Bakui, Qazi Bürhanəddinin şeirləri bu qəbildəndir. Həmin
dövrlərdə bir-birinin
ardınca məsnəvi
formasında yazılmış
irihəcmli poemalar meydana çıxır. Azərbaycan dilində yazılmış
ilk poemalar içərisində müəllifi
hələ məlum olmayan “Dastani -Əhməd Hərami”, Əlinin “Qisseyi - Yusif”, “Yusif və Züleyxa”, Yusif Məddahın “Vərqa və Gülşa”, XIV əsrdə
yaşamış Suli
Fəqih adlı azərbaycanlı türk şairinin “Yusif və Züleyxa” poemasını və sair əsərlərini göstərmək
olar. Bütün bu qiymətli
xəzinənin kökləri
çox-çox uzaqlardan
gəlir. İnstitutdakı
nadir əlyazmalar içərisində böyük
özbək şairi və dövlət xadimi Əlişir Nəvainin (1441-1501) demək
olar ki, bütün əsərlərinin
əlyazma nüsxələri,
XVIII əsrdə yaşamış
türkmən şairi
Məhtumqulu Fəraqinin
əsərlərinin 2 əlyazma
nüsxəsi, türk
ədəbiyyatının klassiklərindən
olan Baqi. Məhəmməd Əfəndi
Əsgəri, Məhəmməd
Misri Niyazi, Yusif Nəbi Ruha, İbrahim Həqqi Ərzürumi, Osman Əfəndi Növrəs və bir çox başqalarının ən
nəfis və qiymətli əlyazmaları
da bu fondda
yer tutur.
Onu da deyək ki,
türkdillli yazılı abidələr yalnız bədii əsərləri
deyil, həm də lüğətləri və elmi
kitabları da əhatə edir. Məsələn, XIII-XIV əsrlərdə
yaşamış Azərbaycan
alimi Hinduşah Naxçivaninin “Əs-Sihah əl- əcəmiyyə” adlı
elm tariximizə məlum olan ilk farsca-türkcə
lüğətinin adını
çəkmək olar.
Bu əsər eyni zamanda fars
dilini türkdilli əhaliyə öyrətmək
üçün dərs
vəsaitidir. İnstitutun
fondunda qədim lüğət nümunələri
də var. XIII-XIV əsrlərdə dilimizin lüğət tərkibini, qrammatik quruluşunun öyrənilməsində
əvəzsiz mənbə
olan, əsrlərin uzaq yollarından keçərək bu günümüzədək gəlib
çıxmış bu
qiymətli mənbələrin
tam əlyazma nüsxəsi Sankt-Peterburq
Şərqşünaslıq İnstitutundadır. Əlyazmalar
İnstitutunda bu lüğətin fel
bəhsi də var. Bu hissə
Əzzəvzinin “Tərcümeyi
məsadiri-türki” əsərinə əlavə
kimi verilib.
Onu da qeyd edək ki,
instituta müntəzəm olaraq yeni əlyazmaları daxil
olmaqdadır. Son dövrdə belə əlyazmalara misal olaraq
XII əsrdə yaşamış Cövhəri adlı Şərq
aliminin ərəb dilinin qrammatikasına aid əsəri və
XVIII-XIX əsrlər Azərbaycan şairlərinin
antologiyasıdır.
Əlyazmalar vətənə qaytarılır
Xaricdə yaşayan həmvətənlərimiz
və iş adamlarımızın səyi nəticəsində
Avstriyada saxlanılan 26 Azərbaycan əlyazmasının
fotosurəti mikrofilm şəklində instituta göndərilib.
Bunlardan ən maraqlısı Şeyx Mahmud Şəbüstərinin
“Gülşəni-raz”
məsnəvisini (İncə
nəstəliq xəttilə
yazılıb, 40 vərəqdədir),
Məhəmməd Əmin
Şirvaninin “Kitabül
- Fəcvaidil-Xaqaniyyə”
əsərinin (Azərbaycan
aliminin orta əsr elmlərinin təsnifatına dair yazdığı fundamental
elmi əsər 1632-ci
ildə naməlum katib tərəfindən nəsx-xətlə köçürülmüşdür.
167 vərəqdən ibarət
bu abidənin Bakı nüsxəsi
1970-80-ci illərdə institut
tərəfindən tədqiq
edilmişdir), Şeyx
Mahmud Şəbüstərinin
“Gülşəni-raz”
poemasının türkcəyə
tərcüməsi (nəsx-xətlə köçürülmüşdür.
20 vərəqdən ibarətdir),
Nizami Gəncəvinin
“Xəmsə”sinin (XV əsrin sonu, XVI əsrin əvvəllərində
incə xətlə köçürülmüş, 31 rəngli miniatürlə süslənmişdir), Qasim
Ənvarın və Saib Təbrizinin şeirlərinin əlyazmalarını
da bu siyahıya
aid etmək olar.
Qeyd etmək
lazımdır ki, institutun xarici ölkələrdəki
oxşar qurumlarla, elmi müəssisələrlə olan əlaqələri
ildən-ilə genişlənir. Əldə olunan əlyazmalar, institutun müvafiq şöbələrində
bərpa olunur və öyrənilir. Bu işlə institutun ən vacib şöbələrindən
biri olan əlyazmaların bərpası
və gigiyenası şöbəsi məşğul
olur. Şöbəyə
daxil olan əlyazma vərəqləri
mütəxəssislər tərəfindən
yararlı hala salındıqdan sonra kataloqlaşdırılır. Burada əlyazmalar ən qiymətli sərvət kimi qorunur. Əlyazmaların ömrünün uzadılması
üçün müxtəlif
kimyəvi preparatlardan
və texniki üsullardan istifadə olunur.
Hazırda mənəvi
sərvətlərimizin saxlandığı
institutda təmir işləri gedir. İnstitutda əlyazmaların
lazımi səviyyədə
qorunub-saxlanılması
üçün müasir
avadanlıqların köməkliyi
ilə münbit şərait yaradılacaq.
Cəlal Tağıyev
Mədəniyyət.-
2009.- 10 avqust.- S. 13.