Çap işi, kitab və oxucu
İnternetlə müxtəlif ədəbiyyatları
oxuma imkanları kitab vasitəsi ilə intellektual qidalanmanı
sıxışdırıb çıxara bilmədi.
İnternet imkanlarına əslində o zaman daha çox
müraciət edilir ki, həmin ədəbiyyat ya bizim dilə
tərcümə edilməyib, ya da kitab formasında çap
olunmayıb. Bu gün də kitab, kitab bazarı, nəşriyyat
işi yenə də diqqət mərkəzində
qalmaqdadır. Elə bu sahələrin problemləri də.
Oxucu, hardasan?
Uzun sürən
keçid dövrü, üzləşdiyimiz müharibə və
onun yaratdığı problemlər kitabın kütləvi
oxucu sayının, mütaliə mədəniyyətinin
aşağı düşməsinin səbəbləri
sırasındadır. Lakin statistika, sorğular kiçik həcmdə
olsa da, ildən-ilə oxucu sayının
artdığını göstərir. Amma təəssüfləndirici
haldır ki, bu gün biz adambaşına kitab
satışına görə o qədər də uğurlu
yerdə deyilik.
Bir çox obyektiv səbəbləri
sonra sadalamaq şərti ilə deməliyəm ki, il ərzində
bircə kitab belə oxumayan ziyalılarımız, tələbələrimiz
heç də az deyil. Sorğular göstərir ki, bizdə əhalinin
hər 10 nəfərindən yalnız 1-2 nəfəri
mütaliəyə həvəs göstərir. Kitab
alanların əksəri isə dərsliklər sahə ədəbiyyatı
üçün kitab-satış məntəqələrinə
üz tuturlar.
Bibliomanlar içində
əsas yeri bədii ədəbiyyat oxucuları tuturlar.
Potensial oxucu kateqoriyasına daxil olanların fikrincə isə
ən azı hər ay bir bədii ədəbiyyat almaq
imkanları olsa da, keyfiyyətli bədii əsərlər yox
dərəcəsindədir. Oxucu yoxluğunu nəşr edilən
kitabların tirajı ilə asanlıqla müəyyən etmək
olar. Bizim yazarların kitabı 300-1000 nüsxə arasında var-gəl
edir.
Reallıq həm də
ondadır ki, cəmiyyət mütaliə və kitab
aurasına qayıda bilmir. Lakin mümkün olanı etmək
lazımdır. Məsələn, oxucular kitabları həmişəki
kimi kitab dükanlarından almağa üstünlük verirlər.
Təəssüf ki,
şəhərimizin mərkəzi hissəsində azsaylı
dükanların qaldığını nəzərə
almasaq, bu gün Bakıda kitab satışı bir şəbəkə
olaraq sıradan çıxıb. Yeniyetmə və gənclərdə
kitaba maraq oyanması üçün bu dükanların rolu
böyükdür. Bu səbəbdən kitab-satış
şəbəkəsinin yenidən bərpasını fikirləşmək
lazımdır. Daha bir faktı qeyd edim ki, məscid və digər
ibadət yerlərində dini ədəbiyyatın kütləvi
oxucuları formalaşmışdır. Bu baxımdan hesab edirəm
ki, kitab satışı şəbəkəsinin müasir
texnologiyalardan istifadə ilə qruplaşması
üçün müvafiq bir idarəyə və ya Mədəniyyət
və Turizm Nazirliyinə xüsusi imtiyazlar verilməlidir. Kitab
üzrə ixtisaslaşmış mağazaların
sayının azalmasının qarşısının
alınması, kitab satışı ilə məşğul
olan obyektlərə vergi və s. güzəştlər də
nəzərə alınmalıdır. «Oxucu, hardasan?» ritorik
müraciətimə elə özümün də cavabım
var. Nəşr edilən kitablar haqqında potensial oxucunun məlumat
azlığı da mövcuddur. Buna qarşı kitab
tanıtımı sahəsində ixtisaslaşmış
informasiya vasitəsi yaradılmalıdır. Televiziya və digər
vasitələrlə kitab reklamı təşkil edilməlidir.
Əgər bu gün TV-lər özlərinin şou-biznes
jurnallarını bəh-bəhlə reklam edib onu bizə
sırıya bilirsə, bəs biz nə üçün millətin
intellektual səviyyəsini artıran kitabın reklamına
TV-ləri məcbur etməyək və ya onları bu işdə
maraqlandırmayaq? Mədəniyyət və Turizm Nazirliyi hər
il müxtəlif kitab sərgiləri təşkil edir. Amma bu
sərgilər haqqında TV-lər ən yaxşı halda
bir-iki dəqiqəlik «soyuq» xəbər yaymaqla işlərini
bitmiş hesab edirlər. Bütün hallarda cəmiyyətin
inkişafı təkamülə söykənir və bu gün
müxtəlif formalardan istifadə etməklə biz oxucu
kütləviliyinə nail ola bilər, cəmiyyətə
mütaliə mədəniyyətini yenidən qazandıra bilərik.
Bu mümkündür. Ən azı ona görə ki, indi maraq
dairəsində olan şou-biznes parıltısı, müxtəlif
əyləncələr insan üçün mənəvi
qida rolunu oynaya və onu əvəz edə bilməz.
Çap işinə bir nəzər
İndi Azərbaycanda
dövlət və qeyri-dövlət sektoruna məxsus olan
onlarla nəşriyyat fəaliyyətdədir. Bəzi nəşriyyatlar
il ərzində 300-400 adda nəşrə sahib olduqları
halda, nəşr məhsulu güclə 3-5-ə çatan
subyektlər də vardır. Ən çox nəşr edilən
bədii ədəbiyyatdır. Elmi-kütləvi, publisistik ədəbiyyatla
işini quran nəşriyyatlar isə çox azdır. Əksər
nəşriyyatlar öz nəşrlərinin reklam işinə
biganə yanaşırlar. İstər maddi, istər reklam məsələləri
bütünlüklə müəlliflərin öz üzərinə
düşür. Ədəbi-bədii kitabları dizayn cəhətdən
çox primitiv çap olunur. Halbuki, bu gün dizayn xüsusilə
diqqət cəlb edir. Nəşriyyatlar bu gün
piratçılıqdan da zərər çəkirlər.
Satılma şansı olan kitabların keyfiyyətsiz surətləri
çıxarılır, bu zaman müəllif qonorarına və
s. xərc çəkilmədiyindən pirat kitablar çox
ucuz qiymətə bazara göndərilir. Piratçılıq
isə oxucu zövqünü korlamaqla bərabər, normal
yolla nəşr edilən kitabların satışına əngəl
törədir.
Poliqrafik cəhətdən
zəif kitabların bazara ayaq açmaması
üçün də lazımi tədbirlərin
görülməsi vacibdir. Keyfiyyət nişanları və dərəcələrin
müəyyən edilməsi oxucu zövqünün yüksəlməsinə
xidmət edərdi.
Bədii sözün xaosu
Ölkəmiz milli
istiqlaliyyətini əldə etdikdən sonra demokratiyanın bəxş
etdiyi özünütəsdiq imkanları bədii söz
meydanını genişləndirdi. Amma bu genişlənmə
daha çox sünilik və xaosla müşahidə olundu.
Sovet rejiminin planlı kitab çapı aradan
çıxdıqdan sonra yazarlar arasında çap
yarışı başladı. Bədiilik meyarına uyğun
gəlməyən tonlarla maklatura ədəbiyyatı bu
gün də çap olunmaqdadır. Əslində elmi,
elmi-kütləvi, ensiklopediyalarla müqayisədə, bədii
ədəbiyyat nəşrində vəziyyət daha
acınacaqlıdır.
Sözün
düzü, burada bu tip ədəbiyyatı çap edən nəşriyyatları
da qınamaq lazım gəlir. Çünki dırnaqarası
şairin kitabını çap üçün nəşriyyat
həmin müəllifdən nağd pul alır və işini
görür. Burada nəşriyyat yalnız öz mənfəətini
güdür. «İgid şair» sadəcə olaraq,
özünü cəmiyyətə şair olaraq təqdim etmək
istəyir. Özünə hörmət edən, gələcəyini
fikirləşən nəşriyyat bu
biabırçılığa imza atmaz. Normal nəşriyyat
isə müəllifə qonorar ödəməli, elə bir əsəri
çapa götürməlidir ki, onun satılma ehtimalı
olsun. Artıq biz sovet rejimindəki kimi «senzor» üsuluna
qayıda bilmərik. Amma onda da imkan verilməməlidir ki, 5-10
manat pulu olan hər hansı masabəyi asanlıqla kitab müəllifi
olsun. Elə müəlliflər var ki, il ərzində 7-8
şeir kitabı nəşr etdirir. Bu gün ədəbi tənqidçilərimiz
üzgörənlik və s. səbəblərdən həmin
kitabları bədii cəhətdən ifşa etməkdən
yayınırlar. Məsələn, tənqidçi Əsəd
Cahangirə yüzlərlə müəllif kitablarını
bağışlayıb. Hörmətli tənqidçi isə
mənim bu kitablarla bağlı iradımı cavablayarkən,
onların heç vaxt ədəbi tariximizdə iz
qoymayacağını, elə bu səbəbdən də onlara
əhəmiyyət vermədiyini söylədi. Bu, doğrudur.
Lakin oxucu zövqünun korlanması, kitabdan iyrəndirmə
prosesində o tipli səviyyəsiz bədii əsərlərin
rolu kifayət qədərdir.
Sabutay
Mədəniyyət.- 2009.- 10 sentyabr.- S. 11.