Sadəcə kitablar...
Çox az şey bildiyini dərk etmək
üçün, çoxlu oxumaq lazımdır
(Mişel de Montel)
Kitablar da dostlar kimidir: az, amma yaxşı
seçilmiş olmalıdır. Görəsən,
mümkündürmü ki, 2 kitab oxuyan, 20 kitab oxuyandan daha
çox mütaliəyə sahib olsun? Öz sualıma öz
cavabım pozitivdir (çox vaxt olduğu kimi): məncə, hə!
Çünki, əsas kəmiyyət deyil, keyfiyyətdir. Məsələn,
cəmi bircə saatını sərf etməklə
Çexovun (özümüzünkülər inciməsin,
ağlıma ilk o gəldi) 2-3 kiçik hekayəsini oxuyan
insan, bir saatda daha çox şey qazanır, nəinki günlərini
adını yazıçı qoymuş, amma cümləsinin
başı ilə ayağı bilinməyən birinin
romanını oxumağa itirən insan.
Göründüyü kimi, II- nin qazanmağı bir yana, o hətta
itirir də!
Nə isə, girişdən
yəqin ki, aydın oldu. Mövzumuz kitablardır: ən
maraqlı və ən darıxdırıcı kitablar! Ən
ucuz və ən bahalı kitablar! Nadir tapılanından
lazımsız əşya kimi atılanına qədər.
Planda tutduğum, amma hələ
mövcud olmayan bu yazımda ağbirçəkliyimə
salıb “camaat kitab oxumur, ay balam”- deyə şikayət edəcəyimi
əvvəlcədən bilirdim. Ona görə də lap əvvəlcədən
dedim, bir öz kitabxanama baş çəkim, görüm bir,
dilimə görə dilçəyim var, ya yox?! Oxuculara
“kitabxanam”- deyə yalan satdığıma görə vicdan əzabı
çəkdim lap. “Kitabxanam” deyəndə ki, 3- 4 Azərbaycan
ədəbiyyatı, (onu da ya getdiyim tədbirlərdə
veriblər ya da dost- tanış hədiyyə eləyib) 5- 6
da xarici ədəbiyyata aid kitabı olan bir rəfim var. Araya
1- 2 qəzet və jurnal da sırımışam ki,
“kitabxanam” bir az da böyük görünsün.
Çünki, həqiqətən də onun böyük
olmasını istərdim. Amma neynim ki, mən sadəcə azərbaycanlı
bir tələbəyəm və pulsuz kitabxanaların
olduğuna şükür etməliyəm. (özümü
bir anlıq Teymur Əmrah kimi hiss elədim) Nə isə, bircə
bu 3- 4 və 5- 6 söhbətinə də balaca bir
açıqlama gətirim, bununla da “mən”i
götürüm qoyum bir kənara, keçim təkcə
özümün yox, bütün Azərbaycan evlərindəki
kitab rəflərinin vəziyyətinə. Kitab rəfimdə
Azərbaycan ədəbiyyatına aid kitabların
sayının 3- 4, dünya ədəbiyyatına aid
olanların isə 5- 6 olması, mənim “xain”liyimlə
bağlı deyil. Azərbaycan ədəbiyyatını oxuyub
qurtarmaq üçün günüm elə Cəfər
Cabbarlı adına kitabxanaya gedib-gələn yolda keçir.
Kitabxanadan alıb oxuyuram deyə, bütün kitablara yox, ancaq
ən çox bəyəndiyim yerli kitablara pul verirəm. Rəfimdə
dünya ədəbiyyatına aid kitabların sayca daha
çox olması isə, onların Azərbaycanda çox az
tapılması ilə əlaqədardır. Elə kitablar var
ki, illərdir onları kitabxanalarda tapmadığımdan,
rastıma çıxan kimi almışam. Həm də
orijinal dilində. Belə! Söz verdiyim kimi, “mən” getdi bir
kənara və gəldik “biz”ə!
Kitab passajında gördüklərimdən...
Azərbaycanda kitab
satışının nə vəziyyətdə
olmasını öyrənmək üçün ilk olaraq
yolumu şəhərimizin mərkəz küçələrindən
birində, hamının “tarqovıy”
adlandırdığı bir məkanda yeganə kitab
passajı kimi tanınan bir obyekt tərəfdən saldım.
İlk gördüyüm mənzərə: satıcı
kitabların tozunu silməklə məşğul idi. Yox. Yox,
qorxmayın, hələ ki, şüvənliyə heç bir
əsas yoxdur. Bu, kitabın alınmadığı vaxt
(gün, ay, il) ərzində üzərinə hopan toz deyildi,
üzbəüz məkanda gedən təmirin “işi” idi.
Orada olduğum 15- 20 dəqiqə ərzində kitablara
yaxınlaşan 1- 2 nəfər gördüm, düzü.
Amma vallah əlini cibinə salıb kitabı aparan görmədim.
Elə kitabı vərəqləyib, arxasını
çevirib, AZN sözünün qarşısında nə
görürdülərsə, kitabı yerinə qoyub düz
gedirdilər. (Ya da, sadəcə ayağım düşmədi
oralara) Nə isə, komentariyalarımı
yığışdırım və sizə artıq bir ildir
ki, passajda kitab satışı ilə məşğul olan Azər
Şamilovla olan söhbətimizi çatdırım:
- Həmişə bazar
olsun! Vəziyyət nə yerdədir?
- Kitab bazarı çox
zəif, hətta deyərdim ki, pis vəziyyətdədir. Biz
bir gündə təxminən 20- 30, ən minimum isə 10
kitab satırıq.
- I cümlə ilə
II, təzada oxşadı. Günə 20- 30 kitab
satışı pisdir ki?
- Passaj
üçün, hətta, çox pisdir! Günə 50 kitab
satılsa, bu, yaxşı hal sayıla bilər.
- Problemlər...
- Hansı birindən
danışım? Yaxşı, lap əvvəldən
başlayaq. Texniki kitablar çatışmır. Mühüm
problemlərdən biri budur. Gün ərzində texniki kitab
istəyən azı 2- 3 nəfəri geriyə əliboş
göndəririk. Maraqlısı budur ki, bu kitablar Rusiyada var,
sadəcə nə tərcümə olunmur, nə də rus
dilində olanları gətirilmir. Həm də bu cür tələbat
var ikən! Məncə, bunun üçün xüsusi proqram
hazırlanmalıdır. II bir problem indiki nəslin 80 %- nin rus
dilini bilməməsi ilə bağlıdır. Məktəblərdə
rus dilinin əvvəlki kimi tədrisi dayandırıldıqdan
sonra isə vəziyyət daha da pisləşib. Elə kitablar
var ki, onların oxunması mütləqdir, lakin azərbaycanca
yoxdur. Çoxları da rus dilini bilmədiyindən, o vacib
kitabı oxuya bilmir. Hətta bəzən kiril dilində
oxumağı belə bacarmayan insanlara rast gəlirəm. Digər
bir problem kitabların qiymətindədir. Əksər
kitabların qiyməti çox bahadır. Bəzən olur ki,
kimsə hansısa bir kitabı əldə etməyi çox
istəyir, amma qiymət həddən artıq yüksək
olduğundan o, kitabı ala bilmir. Düzdür, kitaba verilən
pul itmir. Əgər bir insan “o kitaba verdiyim pula elə
özümə paltar alaram daa!” deyirsə, bu artıq onun
günahıdır. Amma yenə də insanların maddi vəziyyəti
nəzərə alınsa, pis olmaz. Kitabların keyfiyyətində
də problem az deyil. Kitablar var ki, vərəqləri kitab vərəqindən
çox, qəzet kağızına oxşayır. Saralır,
tez cırılır, qopub tökülür və s.
- Alıcıların əsasını
hansı nəsil təşkil edir?
- Cavan və orta nəsil.
Amma mən bir şeyi mütləq qeyd etmənizi istərdim.
Bu gün Azərbaycanda kitab alıcılarının əksəriyyətini
bir qədər imkanlı və əsasən rusdilli təbəqə,
bir də ki, elə rusların özləri təşkil edir.
Bu bir daha bizimkilərin kitaba pul xərcləmək istəməməsini
sübut edir. Bu işlə məşğul olanların
çoxunu millətin maariflənməsi deyil, yalnız pul
maraqlandırır. Amma heç millətin özü də
maariflənmək istəmir deyəsən! Elə uşaq ədəbiyyatı
ilə bağlı vəziyyəti götürək. Bu
kitabların 99 %- ni burada yaşayan ruslar alır, ona görə
də satışda rusca kitablar çoxluq təşkil edir.
Bizimkilər üçün isə əvvəl yemək,
geyim və digər vacib şeylər, ən sonda isə kitab
durur. Əgər bizimkilər də kiçik
yaşlarından uşağın qəlbində oxumağa
qarşı maraq oyatsa, sonra həmin uşaq özü oxumaq
istəyəcək!
- Kitabların qiymətindən
danışdınız, amma konkret bir qiymət demədiniz...
- Kitablarımız var
2- 3 manata, var 70- 80 manata.
- Yəni o 70- 80
manatlıq kitabları da alanlar var?
- Var, amma baxır kimin
almasına. Biz tələbata uyğun işləyirik. Əgər
o kitab alınmırsa, onu gətirmərik.
- Ən çox
hansı növ kitabları istəyirlər?
- Son vaxtlar camaat, nəsə,
psixoloji kitablara çox ehtiyac duyur. Amma dərsliklərlə əlaqədar
olan tədris, test kitablarının satışını
keçən kitab növü çox olmur. Təbabət
elminə aid kitablar da pis satılmır. Camaat, deyəsən,
artıq həkimlərə heç inanmır. Məsələn.
Mikayıl Səfərovun “Gözəllik və
sağlamlığın yaşıl ensiklopediyası”
çox alınır. Bir də, çox təəssüflər
olsun ki, bürclərə, yuxu yozmalara və ən əsası
magiya ilə ekstrasenslərə aid kitabların adı
alıcılar tərəfindən tez- tez çəkilir. Son
zamanlar televiziyalarda ekstrasenslərin, sözün əsl mənasında,
təbliğ olunması isə bu cür kitablara olan inam və
marağı birə- beş artırıb. Hətta bu şeylərlə
bağlı bəzi kitabların gətirilməsini xüsusilə
sifariş edənlər də olur. Satıcı olsam da, belə
olsun, istəməzdim.
- Bəs dini kitablara
maraq necədir?
- Normal. Qurani-Kərim,
namazın qaydalarını öyrədən kitablar çox
satılır.
300 manata da kitab alanımız varmış...
Yolumu davam edib növbəti
kitab mağazasına daxil oldum. Mağazada çalışan
Günel xanımın sözlərindən vəziyyətin
heç də pis olmadığı məlum oldu: “Kitab
bazarımızda vəziyyət yaxşıdır. Tələbat
var, biz də ona uyğun olaraq, hər həftə yeni- yeni
kitablar gətiririk. Nigar xanım Köçərli artıq 2
aydır ki, qiymətlərdə 20 % endirimə yol verib ki,
bununla da alıcılıq qabiliyyəti bir az da artıb. Ən
çox Çingiz Abdullayevin, Elçin Səfərlinin,
xaricilərdən isə Stefani Mayer, Vişnyovski və
başqa müəlliflərin kitabları satılır. Amma
satışda xarici ədəbiyyata aid kitablar çoxluq təşkil
edir. Çünki, tez- tez yeni kitablar yaranır və biz də
gətirib satırıq. Yerli müəlliflərimizə aid təzə
kitablarsa, son vaxtlar yox dərəcəsindədir. Hələ
ki, gözləyirik. Onu da qeyd edim ki, bizdə 3 manat 20 qəpikdən
tutmuş, 100 manatadək qiyməti olan kitablar var və həmin
bahalı kitablar da normal kitablar kimi alınır. Uşaq ədəbiyyatına
gəldikdə isə, bizim hətta ayrıca “uşaq ədəbiyyatı”
mərkəzimiz var, amma orada rus və ingiliscə böyük
seçim olduğu halda, azərbaycanca seyrəklik hiss olunur”.
Son olaraq Azərbaycan
Milli Elmlər Akademiyasının nəzdində olan “Akademiya”
kitab mərkəzinə də baş vurdum. Mütəxəssis
Nigar xanım İsmayılovanın açıqlamasına
görə, bu mağazada da alıcı qıtlığı
yaşanmır: “Almaniyanın Azərbaycandakı rəsmi
nümayəndəsi yalnız bizik və buna görə də
oradan bizə ən son nəşrlər, həm də endirimli
qiymətlərlə göndərilir. Məsələn, bizdə
Mikelancelonun, Salvador Dalinin kitabları var ki, qiyməti 300 manat
təşkil edir. İlk səslənişdə baha
görünsə də, kitabı gördükdən sonra bu
qiymət adama normal gəlir və onu da deyim ki, belə
kitablarımızın satışında da bir problem yoxdur,
şükürlər olsun ki! Necə deyərlər, hər
kitabın öz alıcısı var”.
1 manatlıq kitaba bax
Belə! Son müsahibələrdən
sonra gözümə bir qədər işıq gəldi.
Lakin evə qayıdarkən “Xalqlar dostluğu” metrosundan
çıxıb metronun başında, küncdəki xudmani
bir yerdə kitab satışı ilə məşğul olan
qocanın qarşısında Hüseyn Cavidin, Mirzə Cəlilin
1 manata satılan kitablarını gördüm və nədənsə
yadıma normal alınan o bahalı kitab və jurnallar
düşdü. Öz- özümə sual verdim: Hüseyn
Cavid- 1 manata??? Yox, bu dəfə öz sualıma öz
cavabım heç də pozitiv olmadı. Bu neqativ fikirlərlə
yoluma “davam” dedim.
Könül NƏCƏFOVA
Mədəniyyət.- 2009.- 10 sentyabr.- S. 10.