Əbədi dost
Hüseynbala Mirələmov: “Bəşəriyyətin
ən böyük kəşfi kitabdır”
Sentyabrın 12-dək davam edəcək sərgi-yarmarkaya
respublikamızla yanaşı, Türkiyə, İran, Türkmənistan,
Qazaxıstan, Özbəkistan, Qırğızıstan,
Tacikistan, Misir, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı,
Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Moldova və digər
ölkələrin nəşriyyat və poliqrafiya təşkilatı
qatılacaq. Bu tədbiri qısaca, kitab
bayramı da adlandırmaq olar. Onu da deyək ki, mədəni həyatımızda
mühüm hadisə olan kitab-sərgi yarmarkası
respublikamızda ilk dəfədir ki, keçirilir. Kitab,
kitabın insan həyatındakı rolu və ədəbi
mühitimizlə bağlı fikirlərini bölüşmək
üçün yazıçı, millət vəkili
Hüseynbala Mirələmovla görüşdük.
-
Hüseynbala müəllim, söhbətimizin əsas
mövzusu kitabdır. Əvvəlcə, Bakıda
açılacaq Kitab Sərgi-Yarmarkası haqqında
danışmağınızı istərdik.
- Bu tədbir
Azərbaycan mədəniyyətinin ildən-ilə daha da
inkişaf etdiyini göstərir. İncəsənətimizin təbliği sahəsində
son 4-5 ildə görülən işləri sadalasaq, yəqin
ki, bir kitablıq material alınar. Mən bir
yazıçı, millət vəkili kimi Mədəniyyət
və Turizm Nazirliyinin fəaliyyətindən çox-çox
razıyam. Demək olar ki, əksər mədəniyyət
müəssisələri, o cümlədən Heydər Əliyev
Sarayı, Axundov adına Mərkəzi Kitabxana, Gənc
Tamaşaçılar Teatrı, Dövlət Film Fondu, Bəstəkarlar
İttifaqının binaları əsaslı şəkildə
təmir olunub.
Sərgi ilə
bağlı onu deyə bilərəm ki, bu, ən əvvəl
bizim suverenliyimizin, dövlət müstəqilliyimizin bəhrəsidir.
Ölkəmizdə mədəniyyətlə
bağlı keçirilən tədbirlərin, reallaşdırılan
layihələrin sırası ildən-ilə
sıxlaşır. Bu, mədəniyyətimizin inkişafı
ilə yanaşı, həm də iqtisadi
inkişafımızı təsdiq eləyən bir faktdır.
Bakının 2009-cu ildə
İslam Mədəniyyətinin Paytaxtı elan olunması,
ötən ilin sonunda şəhərimizdə «Mədəniyyətlərarası
dialoq» mövzusunda beynəlxalq konfransın keçirilməsi
və ümumiyyətlə, Bakının bu səpkili möhtəşəm
tədbirlərə ev sahibliyi etməsi məni bir ziyalı
kimi çox sevindirir.
Kitab mədəniyyətin, elmin,
savadın, biliyin, zəngin mənəviyyatın mənbəyidir.
Bəşəriyyətin ən böyük kəşfi
kitabdır. Kitab heç vaxt bitməyən bir xəzinədir.
İnsanın zərrə-zərrə kitabdan
yığdığını onun əlindən heç kim
ala bilməz. Dünyanın böyük fikir adamlarını
kitablardan tanımışıq, kitablardan sevmişik. Bəşəriyyətin
inkişafı kitabdan keçib.
Bizdə kitab çapı getdikcə
təkmilləşir. İndi bizdə müasir
avadanlığa malik özəl nəşriyyatlar yaranıb.
Bizim çap məhsullarımız müxtəlif beynəlxalq
kitab yarmarkalarında nümayiş etdirilir. Bu sırada mən
Heydər Əliyev Fondu tərəfindən çap olunmuş
yüksək keyfiyyətli kitabları misal gətirmək istəyirəm.
Bu kitablar beynəlxalq sərgilərdə mükafatlar
alıblar. Ulu öndərimizin həyat və
yaradıcılığı, Azərbaycan mədəniyyəti,
Qarabağ həqiqətləri haqqında olan bu kitablar
dünyanın adlı-sanlı kitabxanalarına və
universitetlərinə hədiyyə edilib.
- Kitab
mövzusunda söz düşmüşkən, bir məsələyə
də münasibətinizi bilmək istərdik. İndiki orta və yaşlı nəslin
nümayəndələri şikayətlənir ki, cavanlar
kitab oxumur. Doğrudanmı belədir?
- Moskvaya
gedirsən, görürsən ki, kitab mağazası gecə
saat 1-ə kimi işləyir. Orda Nikitinskaya küçəsi var. O küçədəki
kitab mağazası səhərə kimi açıq olur. Təsəvvür
eləyirsiniz: kitab mağazası 24 saat işləyir! Bəs
bizdə necə? Azərbaycanın mədəniyyət pasportu
sayılan «Kitab passajı»nın yalnız bir tərəfində
kitab satılır, o biri tərəfində isə paltar və
içkilər satılır. Bəs, ayıb deyil?
Yadımdadı, mən 6-cı
sinifdə oxuyurdum. Bizi Lerikdən Şamaxıya - pioner
düşərgəsinə aparırdılar. Bakıya gəldik,
burda iki-üç saat ləngiyəsi olduq. Bakıda birinci
getdiyim yer «Kitab passajı» oldu. Sonralar da, illər boyu ən
çox üz tutduğum ünvan, doğma yer bu mağaza olub
mənim üçün. İndi ordan keçə bilmirəm,
ürəyim ağrıyır. Kitab mağazası təyinatı
üzrə işləməlidir. Yaxşı, Hökumət
Evinin arxasında «Kitab evi» vardı. Bəs o hanı? Baxın
görək, bu gün paytaxtımızda neçə kitab
mağazası var? Bəs 20 il əvvəl neçə belə
mağaza vardı?
- Sizcə,
kitab mağazalarının kütləvi şəkildə
kafeyə, çayxanaya və s. çevrilməsinin bir əsas
səbəbi də elə oxucu azlığı ilə
bağlı deyilmi?
- Əlbəttə,
mən oxucu azlığı demərəm buna. Oxucunun yoxluğu deyərəm. Bu, daha
düzgün olar. Rusiyanın bircə şəhərində
belə fakta rast gəlməzsən. Orda kitab
mağazasının ərzaq dükanına, yaxud oyun
zalına çevirsələr, sizi inandırıram ki, adamlar
oranı od vurub yandırarlar. Bizdə nə vaxt, harda
eşitmisiniz ki, onca nəfər oxucu durub getsin o «Kitab
passajı»nı alt paltarı satılan dükana çevirən
sahibkarın yanına, onu divara dirəsin, mətbuatda o
adamı məhşər ayağına çəksin, onu
ictimai qınaq obyektinə çevirsin, bir sözlə, etiraz
eləsin. Yoxdu belə oxucu. Lap o biri kitab
mağazalarını götürək. Bircə nəfər
durub dedimi ki, bu məbədgahları niyə belə günə
qoyursunuz? Bir də təkrar edirəm: SSRİ vaxtında bizdə
də, Rusiyada da mağazalar axşam saat 8-də
bağlanırdı. Rusiyada kitab mağazaları daha da
çoxaldı. Elə qoy yadıma düşmüşkən
deyim. Moskvada bizim səfirliyin yaxınlığında,
Tverskoy küçəsindəki kitab mağazası səhərə
kimi işləyir. Niyə? Çünki kitaba tələbat
var. Bu tələbat olmasa, işləməz. Orda dəfələrlə
olmuşam. 2-3 gün əvvəl Moskvada böyük kitab sərgisi
keçirildi. Rusca VDNX deyirlər - Xalq Təsərrüfatı
Nailiyyətləri Sərgisi. O yer özü böyük bir
şəhər boydadı. Məni də dəvət
etmişdilər. İşin çoxluğundan bu dəfə
gedə bilmədim. Hər il burda böyük bir kitab sərgisi
keçirilir. İndi gəlin bu məsələni
aydınlaşdıraq. Moskvada, Bakıda, yəni biz
hamımız eyni dövlətdə yaşamışıq.
Eyni siyasətlə nəfəs almışıq.
Hamımız sovet tərbiyəsi görmüşük.
İdeologiyamız bir olub. Bəs onda bunu necə başa
düşək: Moskvada kitaba tələbat ildən-ilə
artır, bizdə isə azalır. Moskva metrosuna girirsən, az
qala, bu vaqonlardakı sərnişinlər sovet dövründə
olduğu kimi kütləvi şəkildə kitab oxuyurlar?
Durub deyərsiniz ki, bəlkə bu, yaşayışla
bağlıdır? Əsla, yox! Bir də tam əminliklə
deyirəm: yox! Baxın şəhərimizə. Küçələrimizdə
xarici maşın əlindən tərpənmək olmur. Hər
yanda tikinti-quruculuq işləri gedir. Şəhərdə
boş restoran-kafe görməzsiniz. Lap belə ucuz
şou-proqramlara SMS göndərənlərin sayına
baxın. O SMS pulu ilə minlərlə kitab almaq olar. Baxın,
bir vaxtlar 500 min tirajı olan «Azərbaycan» jurnalı indi ayda
1000 tirajla çıxır. «Ulduz»un tirajı isə ondan iki dəfə
aşağıdır. Əvvəllər
şair-yazıçılarla oxucuların görüşləri
olardı, kitabların müzakirəsi keçirilərdi. İndi
bunların heç biri yoxdu.
- Yox,
Hüseynbala müəllim, tək-tük də olsa, kitab
müzakirələri, imza günləri, yəni təzə
kitabı çıxan müəlliflə görüşlər
təşkil olunur. Bilirsiniz, pis olan nədir? O müzakirələrdə
səslənən fikirlərlə başqa yerdə, deyək
ki, çayxanada deyilən fikirlər bir-birinə əks olur.
- Bilirəm
nə deyirsiniz. Adamlar həqiqəti demirlər. Bu
yaxınlarda 4-5 dost çay masası arxasında söhbət
edirdi. Dostlarımızdan biri şair olmasa da, yazı-pozuya
yaxın adam idi. O, bir şeir oxudu və fikrimizi soruşdu. Mən
də şeirinin zəif olduğunu dedim. Dildə mənimlə
razılaşsa da, gördüm ki, rəngi, qırımı
başqa şey deyir. Nə edəsən, belədi də.
Hamı öz yazdığı haqqında müsbət fikir
eşitmək istəyir. Hansı ki, əsl dost, bir insan kimi də,
bir yazar kimi də sənin çatışmayan cəhətlərini,
qüsurlarını deməlidi.
- Oxucu
qıtlığından gileyləndik. Axı, bizdə son illər
ciddi əsər də yazılmır.
- Siz ciddi əsər nəyə
deyirsiniz?
- Yəni, ədəbi
aləmdə rezonans doğuran əsər. Deyək ki, sovet
dağılmamışdan əvvəl Yusif Səmədoğlunun
«Qətl günü» romanı çıxdı. Bu, çox
böyük ədəbi müzakirələrə səbəb
oldu. Belə əsər deyirəm.
- Bilirsiz,
belə bir əsərin yaranmamasının əsas səbəbi
də stimulun, daha doğrusu, oxucunun olmaması ilə
bağlıdı. Kimin üçün yazırsan, axı
oxuyan yoxdu.
- 11 il əvvəl
senzuranı ləğv elədik...
- İndi əksəriyyət
bu məsələdə yekdildir: senzura pis idi. Mən də
onlarla razıyam. İndi bir məsələni mənə
aydınlaşdırın: bəs qəzet-jurnallardakı bu təhqirlərə
nə deyirsiniz? Mən ədəbi aləmdən
danışıram. Bizim klassiklərimizin, yaşlı nəslin
nümayəndələrinin ünvanına yazılan hərzə-hədyanı
neyləyək? Keçmişə belə radikal
yanaşmanı necə başa düşək? Bu nifrət
hardan qaynaqlanır? Ağlı olan oturduğu budağı
baltalamaz. Min il də keçsə, deyək ki, Səməd
Vurğunu, Rəsul Rzanı ədəbiyyat tariximizdən silmək
mümkün deyil.
- Sovet
dövründə olduğu kimi, indi də
şair-yazıçılara mükafatlar verilir. Siz də bu
yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinin təsis
etdiyi «Qızıl Kəlmə» ədəbi mükafatına
layiq göruldünüz. Ümumiyyətlə, dövlətin
şair-yazıçıya mükafat verməyinə necə
baxırsınız?
- Lap
yaxşı. Bunun nəyi pisdir? Yazıçı robot deyil,
canlı insandır. Mükafat onu həvəsləndirir, daha
da yaxşı yazmağa ruhlandırır. Mükafat cəmiyyət
arasında yazıçıya nüfuz qazandırır. Bu, qələm
əhlinin maddi vəziyyətinin yaxşılaşmasına
kömək edir. Yazıçıya göstərilən bu
diqqət elə ədəbiyyatın inkişafına göstərilən
qayğıdır.
- Hazırda hansı əsər
üzərində çalışırsınız?
- Artıq görkəmli
oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva
haqqında kitabı yazıb başa çatdırmışam.
«JZL» seriyasından olan bu kitab Moskvanın «Molodaya qvardiya»
nəşriyyatında çap olunacaq. Nəşriyyatla
müqavilə də bağlamışam. Kitab bu ilin sonunda
çapdan çıxacaq. Bundan əlavə, «Qumrunun
yumurtaları» povestim bu ay «Azərbaycan» jurnalında çap
olunacaq. «Gəlinlik paltarı» povestimin ikinci nəşri
hazırdı. Bugünlərdə çıxacaq. «40-cı
otaq» romanı, «Əclaf» və «Qumrunun yumurtaları» povestlərini
isə bu yaxınlarda kitab halında nəşr etdirəcəyəm.
Söhbətləşdi: Qorxmaz
Şıxalıoğlu
Mədəniyyət.-
2009.- 10 sentyabr.- S. 8.