Qayğı məsuliyyət arzusu?

 

Respublika Kitabxana Kollektorunda gördüklərimiz və eşitdiklərimiz

 

Kitablar da insanlara bənzəyir. Əvvəlcə ana bətnində olduğu kimi “yaranma və inkişaf” mərhələsi keçirir- yəni yazılır,çapa hazırlanır. Sonra “dünyaya gəlir” - yəni çap olunur, özünə çoxlu “dostlar tapır”, sevilir, oxunur, taleyin ona verdiyi bir ömür “yaşayır”. Insanlar kimi kitablar da “müstəqil həyata” birdən-birə başlamırlar. Onlar öncə doğma “evdə”, necə deyərlər, gələcək həyata hazırlanlr və buradan da pərvazlanaraq “uçub gedirlər”, əlbəttə ki, ecazkar “Vağzalı”nın sədaları altında yox, Xavər xanım kimi kitablar dünyasına analıq edən bir insanın xeyir-duası ilə. Bəli, Respublika Kitabxana Kollektoru məhz belə bir funksiyani həyata keçirən əvəzsiz və yeganə mədəniyyət müəssisəsidir.

 

Çoxları Respublika Kitabxana Kollektorunun nə demək olduğunu, onun hansı vəzifəni yerinə yetirdiyini, nə kimi işlər gördüyünü bilmir. Məlumat üçün deyək ki, sözügedən bu qurum bütün respublikanın mərkəzi kitabxana sistemlərini yeni çap olunmuş kitablarla, kütləvi nəşrlərlə, müxtəlif poliqrafiya məhsulları ilə təchiz edən, yerli kitabxanaların işini və normal fəaliyyətini koordinasiya eləyən, istiqamətləndirən, həmçinin kitabxanaçılıq işi ilə bağlı zəngin təcrübə mübadiləsi aparan qurumdur.

Hazırda bu quruma zəngin təcrübəsi, tükənməz həyat eşqi, yüksək mədəniyyəti, qayğı və məsuliyyəti ilə fərqlənən, milli elmimizə, mədəniyyətimizə ürəkdən bağlı olan, respublikada milli kitabxanaçılığın inkişafı sahəsində əvəzsiz xidmətlər göstərmiş. “Xatun” adlı kitabın həmmüəllifi olan mütəxəssis Xavər xanım Murtuzayeva rəhbərlik edir. Uzun illərdən bəri sevib-seçdiyi peşəsinə bağlılığı hər kəsdə qibtə hissi oyatmağa qadir olan bu nəcib xanım deyir ki, universiteti bitirdiyi gənclik illərindən bu günə kimi bu müəssisədə çalışır. Adi , sıravi işçidən tutmuş, direktorluq səviyyəsinə kimi maraqlı bir inkişaf yolu yolu keçmiş Xavər xanımla əvvəl kitabxanalarımızın çağdaş durumu barədə söhbət açırıq. Doğrusu, bu mövzuda danışmaq həm maraqlıdır, həm də təəssüfləndirici. İndi istər əyalətlərdə, istərsə də paytaxtda kütləvi kitabxanalara gedənlərin sayı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Əlbəttə, bunun bir səbəbi elmi-texniki tərəqqinin nailiyyətləri olan videotexnikanın, elektron məlumat bazasının geniş vüsət tapması kimi obyektiv amillər olsa da, digər səbəbi cəmiyətdə mədəni-maarif işinin günün və zamanın tələbləri səviyyəsində təşkil olunmaması, kitabxanaçılıq işinin dünyanın inkişaf etmiş ölkələrindəki təcrübədən bacarıqla yararlanmaması və bütün bunlar üçün lazım olan maddi vəsaitin çatışmamasıdır.

Xavər xanım deyir ki, Kitabxana Kollektoru hazırda respublikanın bütün mərkəzləşdirilmiş kitabxana sistemlərini yeni nəşr olunmuş kitablarla təchiz edən ən böyük mərkəzdir. Bu qurumun iş prinsiplərinə gəldikdə isə Kollektor ilin əvvəlində kitabxanalarla bağladıqları müqavilə əsasında onlara kitablar göndərir və bunun əvəzində aldığı pul köçürmələrinin hesabına fəaliyyət göstərir. Təəssüf ki, dünyada gedən maliyyə böhranı, iqtisadi çətinliklər, yerli kitabxanalardakı maddi durum Kollektorun da normal fəaliyyətinə neqativ təsirini göstərib. Xüsusilə maddi vəsaitin azlığı daha böyük layihələrin həyata keçirilməsinə mane olur.Elə buna görə də rayon kitabxanaları qurumun göndərdiyi yeni kitabların pulunu aylarla ödəyə bilmirlər. Hazırda Kollektor 70-ə yaxın rayon, 11 şəhər kitabxanasını kitablarla təchiz edir. Təşkilat tam təsərrüfat hesabına keçdiyi üçün yerli kitabxanalar tərəfindən müqavilə müddətinin pozulması, maliyyə vəsaiti ilə bağlı daxilolmaların gecikdirilməsi ümumi işin ahənginə , o cümlədən Kollektorun əməkdaşlarının əməkhaqlarını vaxtında almalarına mənfi təsir edir. Xavər xanım bütün bu deyilənlərə əyani nümunə olaraq müəssisənin cari ildəki göstəricilərini misal çəkir. Məlum olur ki, bu ilin 9 ayı ərzində Kollektora yerli MKS-lərdən cəmi 30 min manat vəsait daxil olub. Daha 50 min manatın isə zaman daxil olacağı məlum deyil. Bu rəqəmin ildən-ilə daha aşağı düşdüyünü deyən müəsssisə rəhbəri, ötən il 164.026 manatlıq müqavilə yerinə yetirdiklərini, bu ilin 9 ayında isə həmin rəqəmin 112.243 manata endiyini bildirir. Direktor onu da qeyd etməyi unutmur ki, bunun başlıca səbəbi yerli MKS-lərdə maliyyə vəsaitinin çatışmaması, yeni kitablar almaq üçün pula ehtiyacın olmasıdır.

Bütün bu çətinliklərə baxmayaraq Kitabxana Kollektoru ilə yerli MKS-lər arasında sıx əlaqə vardır. Yerli kitabxana direktorları üzləşdikləri bütün çətinlikləri dəf etmək üçün Mərkəzə müraciət edir, məsləhətlər alır, qarşılaşdıqları bir sıra maneələri məhz Kollektorun yaxından köməyi və qayğısı sayəsində həll edirlər.

Kitabxana Kollektorunun direktoru Xavər xanım Murtuzayeva deyir ki, hazırda müəssisə Mədəniyyət Mərkəzində keçiriləcək Beynəlxalq Kitab sərgisində iştirak etməyə hazırlaşır. Bu məqsədlə qurumda böyük hazırlıq işləri aparılıb. Sərgidə nümayiş olunacaq ədəbiyyat nümunələri , kitablar, broşürlər digər nəşrlər, poliqrafiya nümunələri müəyyən olunaraq ayrılıb. Bu kitabların sözügedən sərgi iştirakçılarına daha effektiv məqsədyönlü şəkildə təqdim olunması, sərgilənməsi üçün konkret formalar düşünülüb.

Xavər xanım deyir ki, Kitabxana Kollektoru sözügedən Beynəlxalq Kitab Sərgisinə 210 adda ədəbiyyat nümunəsi, 16 adda kitabxana ləvazimatları nümunəsi çıxaracaqdır. Bundan başqa, qurum, eyni zamanda kitab təbliği sahəsində əldə etdikləri nailiyyətləri sərgi iştirakçıları ilə bölüşmək niyyətindədir. Bir sözlə, respublikanın ən böyük yeganə kitabxana kollektoru mövcud çətinliklərə, qayğılara, maliyyə ilə bağlı problemlərə baxmayaraq, öz işini zamanın tələbləri səviyyəsində qurmağa çalışır. Xavər xanımın dedikləri şahidi olduğumuz fəaliyyət proqramı isə sübut edir ki, bu müəssisə öz işinin öhdəsindən layiqincə gəlir.

 

 

C.Tağıyev

 

Mədəniyyət.- 2009.- 10 sentyabr.- S. 7.