Özgür millətin Milli Kitabxanası
Bildiyimiz kimi, bu gündən etibarən ölkəmizdə
I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilir. Ölkədə kitab-oxucu münasibətlərinə nəzər
salmaqla, kitab istehsalçısı ilə
istehlakçısı arasındakı
əlaqələrin bərpasına,
naşirlərin öz
işlərini bazar tələbləri - yəni,
oxucu sorğuları əsasında qurmalarına
istiqamət verəcək
tədbir, həm də Azərbaycan kitabının dünya çapında yayılmasına
şərait yaratmış
olacaq. Bu barədə fikirlərini
bizimlə bölüşən
M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov tədbirin Azərbaycan həqiqətlərinin
nümayiş olunan çap məhsulları vasitəsilə daha geniş auditoriyada yayılacağı qənaətindədir.
Bu kimi tədbirlərin əvvəllər
də keçirildiyini deyən kitabxana direktoru sərgi-yarmarkanın
özəlliklərindən də danışdı: «Qeyd edim
ki, belə bir tədbir Azərbaycanda ilk dəfə olaraq
keçirilir. Əslində,
biz Mədəniyyət
və Turizm Nazirliyilə birgə belə tədbirlərdə
mütəmadi olaraq iştirak edirik. Sonra hörmətli nazirimiz Əbülfəs Qarayev belə qərara gəldi ki, biz də belə
bir tədbir keçirək. 2 ildən
bir keçiriləcək
sərgi-yarmarkanın
təşkilində əsas
məqsəd, sadəcə
olaraq, Azərbaycan oxucularını Azərbaycanda
nəşr olunan ədəbiyyatla tanış
etməklə həm
də onların satışına şərait
yaratmaqdır. Yəni, kitabı
bilavasitə təqdim
etməklə, Azərbaycanın
nəyə qadir olduğunu dünyaya çatdırmaq, kitab ətrafında xoş bir dünyəvi aura yaratmaq, KİV və elektron nəşrlər vasitəsilə
bütün dünyaya
yayılacaq bu hadisə Azərbaycan kitabının bütün
dünyada təbliğidir. Neçə gündür qəzet və televiziyalarımızda
reklam gedir, minlərlə, on minlərlə insan ora gələcək. Və sözsüz ki, bununla da
kitaba, kitab oxunmasına maraq artacaqdır. Bilirsiniz, çox təəssüflər
olsun ki, Azərbaycanda bu gün kitaba münasibət yaxşı
deyil. Kitabın reklamı çox aşağı səviyyədədir.
Bəzən görürsən
ki, çap olunan kitablardan əhalinin xəbəri yoxdur. Kitab çap
edənlər isə onu əhaliyə çatdırmağın yolunu
o qədər də yaxşı bilmirlər».
Bu gün kitab
mağazalarının sayının az olmasını problem
kimi önə çəkən müsahibim hazırda bu
faktorun da kitaba marağın azalmasına təsirsiz
ötüşmədiyini deyir: «Məncə, bizim bu tədbirimiz
kitabın tanınmasına və bu xüsusda kitab
satışı şəbəkəsinin genişlənməsinə
də öz töhfəsini verəcək. Çünki tədbirdə
Azərbaycanda fəaliyyət
göstərən nəşriyyatlarla
yanaşı, xarici ölkənin nəşriyyat
və kitabxanaları da iştirak edirlər. Onu da deyim ki,
bu kitabxanaların hamısı bizim qarşılıqlı əlaqə
qurduğumuz kitabxanalardır.
Bu sırada Slovakiya, Xorvatiya, Latviya, Litva, Gürcüstan, Qırğızıstan
milli kitabxanalarının
adını çəkmək
olar».
Dövlət və
özəl nəşriyyatların istehsal etdiyi çap məhsullarının
yayılacağı sərgi-yarmarkada ölkə
başçısının sərəncamı ilə
latın qrafikası ilə nəşr olunan 400-dən
artıq, bundan başqa Mədəniyyət və Turizm
Nazirliyinin vəsaiti ilə çap olunan yeni kitablar ayrıca
nümayiş olunacaq. Sərgidə «Yaddan çıxmaz
Qarabağ» adlı ayrıca başlıq altında ölkədə
və dünyada çap olunan bu mövzulu kitablar da
nümayiş etdiriləcək.
Müsahibim sərginin nəşriyyat
işi, kitab satışı və təbliği sahəsindəki
çatışmazlıqların üzə
çıxarılması və aradan qaldırılmasına
kömək edəcəyini də dedi: «Bu gün geniş oxucu
kütləsi öz tələbatına uyğun kitabı tapa
bilmir, nəşriyyat isə çap etdiyi kitabı sata bilmir.
Deməli, oxucu-naşir
arasında əlaqə
qırılıb. Hesab
edirəm ki, kitabla onun istehsalçısı
və oxucusunun bir araya gəldiyi
kitab şölənində
bu körpü də bərpa olunacaq».
Kərim müəllim
söhbət əsnasında yeni çap olunan kitabların
kitabxanalara gəlib çıxmasındakı problemlərə
də toxundu. Kitabxana direktoru nəşriyyat nümayəndələrinin çap
etdikləri nümunələri
baş kitabxanaya gətirməkdə maraqlı
olmadıqlarını, bu
işin çox vaxt müəlliflərin istəyindən asılı
olduğunu dedi: «Konstitusiyamızın 15- ci maddəsinə əsasən, Azərbaycan
Respublikası ərazisində
fəaliyyət göstərən
bütün dövlət
və özəl nəşriyyatları, poliqrafiya
müəssisələri, hətta
fiziki və hüquqi şəxslər
çap etdirdikləri
hər bir poliqrafiya nümunəsindən
4 nüsxə Milli Kitabxanaya verməlidir.
Təəssüflər olsun
ki, bu gün
o qanun icra
olunmur. Bunu icra edən yalnız dövlət nəşriyyatlarıdır. Qeyd
edim ki, yeni kitabları bizə nəşriyyatlar yox, daha çox,
onların müəllifləri
gətirir. Müəlliflərin
aktivliyi olmasa, nəşriyyatların passivliyi
bizə baha başa gələr. Bir neçə dövlət nəşriyyatını
çıxmaqla, heç
bir nəşriyyat öz xoşuyla kitab gətirib vermir. Deməli, onlar kitablarının təqdimatınqa maraqlı
deyillər. Ona görə də biz Milli Məclisin
Mədəniyyət məsələləri
üzrə Daimi Komissiyası ilə birgə bu qanunun
daha da sərtləşməsinə
nail olmaq istəyirik. Belə ki, kitabların
fonda daxil edilməsi ilə bağlı hər hansı pozuntuya qarşı məcburiyyət
və ciddi sanksiyalar nəzərdə
tutulacaq. Çünki
bu, ümumxalq işidir, hamının vəzifəsidir. Ölkənin
mənəvi dəyərlərinin
mühafizə olunub gələcək nəsillərə
çatdırılması üçün kitabxanaların
rolu ölçüyəgəlməzdir.
Odur ki, hərə öz səlahiyyəti çərçivəsində
bu işdə fəal iştirak etməlidir. Onların vəzifəsi kitabı gətirib bizə vermək, bizimki isə mühafizə etməkdir. Söhbət bundan gedir. Amma
eləmirlər, artıq
biz məcburi sanksiyalardan istifadə etməyi düşünürük».
Hazırda 4 milyon 583 min
kitab fondu olan Milli Kitabxanaya təkcə ötən il 25 mindən
artıq yeni kitab daxil edilmişdir. Kitabxana direktoru bu sayın ildən-ilə artığını
da dilə gətirdi: «Çox vaxt oxucuların say azlığından şikayət edirlər. Amma mən deməzdim
ki, kitaba maraq azalır. Maraq var, sadəcə
bu gün oxucu istədiyi kitabı, kitab isə öz oxucusunu tapmır. Mən yenə deyirəm, bu gün oxucu problemi yoxdur. Oxucuya verilən kitabın problemi var. Bizim kitabxananın
oxucusu niyə gündən- günə artır? Çünki bizdə yeni nəşrlər var».
Texnogen eranın
üstünlüklərinin kitabxanalarda da tətbiqinin oxuculara
böyük imkanlar aşıladığını diqqətə
çatdıran müsahibim hazırda virtual oxucularının
sayının ənənəvi oxucuları üstələdiyini
deyir: «Ənənəvi oxucularımızın sayı 30- 40
min olduğu halda, virtual istifadəçilərimizin say
göstəricisi 80 mini keçib. İnternet saytımızdan istifadəçilər isə
artıq 100 mindən çoxdur. Elektron kataloqumuzun köməyilə
biz oxucularımızın
sayını bilirik. Onlar potensial oxucudu, amma ənənəvi
deyil. KİV-dən gündəlik istifadə edən oxucularımızın
da tələblərini
nəzərə alaraq,
saytda qəzet və jurnalların da açılmasını
təmin edirik. Bu gün kitabxana
işi sahəsində
əsas məqsəd zaman və məkan
problemini aradan qaldırmaqdır. Odur ki, prezidentimizin sərəncamı ilə
gələn ilin yanvarından kitabxanamızda
əsaslı yenidənqurma
işləri gedəcək,
ən son texnika tətbiq olunacaq. Azərbaycan oxucusunun kitabxanamızın
yüksək səviyyəli
xidmətlə yararlanmasına
şərait yaradacaq bu layihə istifadəçilərimizin sayının
artmasına da gətirib çıxaracaq».
Mili Kitabxananın
hazırda dünyanın 17 Milli Kitabxanası ilə müqaviləsi
olduğunu diqqətə çatdıran K.Tahirov, 60- dan
artıq ölkə ilə əməkdaşlıq etdiklərini
və kitabxana sahəsi ilə bağlı beynəlxalq təşkilatlara
üzv olduqlarını xatırlatdı: «Avrasiya Kitabxanalar
Assambleyasının, Avropa Milli Kitabxanalar Konfransı Təşkilatının,
İslam Ölkələri Milli Kitabxanalar Şurasının
üzvüyük. Son 1 ildə həmin
təşkilatlardan 3-nün toplantısı bizdə keçirilib. İsveç
Milli Kitabxanası ilə də razılaşmamız var. Bir müddət öncə Suriya, İran, Misir, Rusiya, Slovakiya, Belarus milli kitabxanaları
ilə müqavilələr
bağlamışıq».
Söhbətləşdi: Həmidə
Mədəniyyət.- 2009.- 10 sentyabr.- S. 6.