Fikrin yelkəni
– kitablar
Rəhilə Gülgün: «Nəşriyyatların
dünya səviyyəsinə çıxacaq kitabları
çoxdur»
“Avrasiya Press” nəşriyyatı 1993-cü ildən
Beynəlxalq Avrasiya Mətbuat Fondunun tərkibində fəaliyyət
göstərir. Keçən müddət ərzində
bir çox keyfiyyətli kitabların çapı ilə tanınan nəşriyyat artıq respublika hüdudlarından kənarda
da tanınır. Nəşriyyatın rəhbəri
Rəhilə Gülgünlə
müsahibəmizdə müəssisənin
fəaliyyətinə, bugünkü
nəşrlərinə, eləcə
də həyata keçirdikləri maraqlı
layihələrə nəzər
saldıq.
- Nəşriyyatın
ilk nəşri «Füzuli şəhidləri» kitabı olub. Bildiyiniz kimi,
2004-cü ildə Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında»
sərəncam imzaladı.
“Avrasiya Press” də nəşriyyat olaraq bu sərəncama
qoşulub nəşrlərin
həyata keçirilməsində
iştirak etdi. Beləliklə,
2004-2007-ci illərdə bu
layihə çərçivəsində
80-dən artıq adda kitab nəşrə
hazırlamışıq. Bunların
hər biri 25 min tirajla çıxıb
və təxminən ümumi tiraj 2 milyondan çoxdur. Bu kitablar sərəncama
uyğun şəkildə
ölkə kitabxanalarına
hədiyyə olunub. Həmin nəşrlərin sırasında
Yusif Vəzir Çəminzəminlinin 3 cilddə
seçilmiş əsərləri,
«Əkinçi» qəzetinin
tam nüsxələrini
özündə ehtiva
edən «Əkinçi»
kitabı, Firudin Köçərlinin 2 cildlik
“Azərbaycan ədəbiyyatı
tarixi”, Seyid Əzim Şirvaninin seçilmiş əsərləri,
dünya klassiklərindən
seçmə nümunələr,
Heminqueyin «Əcəl
zəngi», 2 cildlik Antik Ədəbiyyat Antalogiyası və Rus Ədəbiyyatı Antologiyası var.
Bundan başqa, son iki ildə
nəşriyyat Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə 10-a yaxın kitab nəşr
edib. Bu nəşrlərin sırasında Almas
İldırımın həyat və
yaradıcılığını əhatə edən
«Boğulmayan bir səs», Hüseyn Cavidin dram əsərləri,
Mikayıl Müşfiqin seçilmiş əsərləri,
Xanımana Əlibəylinin 2 cildlik seçilmiş əsərləri,
xalq yazıçısı, İsa Muğannanın 6 cilddən
ibarət seçilmiş əsərlərini nəşr
etmişik.
- Rəhilə xanım,
bildiyiniz kimi, bu gün Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı ilə 1-ci
Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. «Avrasiya
Press» nəşriyyatı sərgiyə necə
hazırlaşır?
- Sadaladığım
kitabların böyük əksəriyyəti sərgidə
nümayiş olunacaq. Üç günlük sərgi-yarmarkada
tədbirlərimiz nəzərdə tutulub. İlk tədbirimiz
İsa Muğannanın 6 cildliyinin təqdimat mərasimi olacaq.
Bu, nazirliklə «Avrasiya Press» nəşriyyatının birgə
tədbiridir və orada təxminən 200 nəfərə
yaxın iştirakçı olacaq.
Qeyd edim ki, İsa
Muğannanın yaşının elə bir
dövrüdür ki, indi onun heç nəyə ehtiyacı
yoxdur. Sadəcə, onun ən böyük arzusu idi ki,
əsərləri 6 cilddə
yenidən nəşr
olunsun. Sovet dönəmində nəşriyyatların
bir yazıçının
6 cildlik əsərini
çap etmək üçün 2 illik planı ola bilərdi. Amma «Avrasiya Press» nəşriyyatı bunun öhdəsindən 8 aya gələ bildi. Özü də yüksək səviyyədə.
Digər tədbirimiz
yeni kitabımız olan «Həqiqətlə üzbəüz»ün
təqdimat mərasimidir. Bildiyiniz kimi, çoxlu əcnəbi tələbələr respublikamızın
müxtəlif ali məktəblərində təhsil
almağa gəlirlər.
Onlar Azərbaycan həqiqətləri, tarixi,
mədəniyyəti, ümumiyyətlə,
yaşadıqları, oxuduqları
ölkə haqqında
heç bir məlumat almadan çıxıb gedirlər.
Amma nəzərə almaq lazımdır ki, Azərbaycan müharibə şəraitində
olan bir ölkədir. 1 milyondan çox qaçqın və köçkünü
var. Bu məqsədlə
Beynəlxalq Avrasiya Mətbuat Fondunun nəzdində Bakı Beynəlxalq Tələbə
Klubu yaratmışıq.
İndi bu klub sərbəst təşkilat kimi fəaliyyət göstərir.
Biz həmin tələbələrin cəbhə
bölgəsinə səfərlərini
təşkil etdik. Dörd günlük səfər müddətində qaçqın-köçkün ailələri
ilə görüşdülər,
təmas xəttində
oldular, müharibənin
törətdiyi dəhşətləri
öz gözləri ilə gördülər.
17 yaşdan 30 yaşa
qədər olan bu gənclər gördüklərini, duyduqlarını
esselər şəklində
yazdılar. Biz bu esseləri kitab şəklində çap elədik və həmin kitabı da sərgidə nümayiş
etdirəcəyik. Bir məsələni də qeyd edim ki,
adıçəkilən kitabın
ingilis dilində variantı da çapa hazırlanır.
Sərginin 3-cü günü,
yəni ayın 12-də biz həmin
xarici tələbələrin
iştirakı ilə
bu esselərin müəllifləri ilə
birlikdə maraqlı tədbir keçirəcəyik.
Bütün bunlarla yanaşı, nəşriyyatın
öz sərbəst nəşrləri də var və biz
onları da sərgiyə aparacağıq.
Gənc yazıçı
Etibar Muradxanlının
müharibə mövzusunda
çox gözəl bir əsərini çap etmişik. Əsər belə adlanır: «Siz mühasirədəsiniz leytenant».
Qulu Ağsəsin «Nabran» novellasını, tələbə-şairə
Ülkərin «Səmanın
göz yaşı» kitabı və başqaları sərgilənəcək.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun əsas prioritetlərindən
biri də konfliktologiya, müharibə,
minadan zərər çəkənlərlə bağlıdır.
Nəşriyyat minadan
zərər çəkənlərlə
bağlı çap etdiyi «Bu, onların
taleyidir» adlı bir kitabını da sərgidə nümayiş etdirəcək.
- Necə
düşünürsünüz, sərgi insanlarda kitab
oxumağa maraq yarada biləcəkmi?
- Adından da
göründüyü kimi, bu, Birinci Bakı Beynəlxalq Sərgi
Yarmarkasıdır. Bunun özü Azərbaycan
üçün önəmli
bir hadisədir və əslində, bir bayramdır. Yadınızdadırsa, bir
az əvvəl ölkədə beynəlxalq
muğam festivalı keçirildi. Bu, bizim uğurumuz idi. İndi də kitab bayramı
keçirilir və bu da dövlətin
kitaba, naşirlərə
göstərdiyi bir qayğıdır. Digər
tərəfdən, bunun
özü önəmli
bir hadisədir ki, insanlar ədəbiyyata
necə bir qayğı göstərildiyini
görəcəklər. Sərgiyə
yüzlərlə insan
gələcək, dünya
kitabını görəcəklər.
20-ə yaxın ölkənin nümayəndələri
sərgidə iştirak
edəcək və onların nəşrləri
Azərbaycanda sərgilənəcək.
Yeni əsrin gəncliyi daha çox İnternet səhifələrindən oxuyurlar.
Amma kitabla ünsiyyətdə olmaq bizim zamanın nəsli üçün hər gün arzulanan idi. Bu gün də
internetsiz həyat yoxdur. Məqsəd də odur ki,
yeni nəsildə çapa maraq oyadılsın. Bu baxımdan düşünürəm
ki, keçiriləcək
sərgi yeni ölkənin, dünyanın
diqqətində olan hadisədir. Sərgi kitabdan uzaq düşmüş
insanların marağına
səbəb olacaq, kitaba marağı artıracaq. Eyni zamanda sərgi kitab yazan naşirləri
də düşünməyə
vadar edəcək: kim daha yaxşı
kitab nəşr edə bilər. Tədbirin bir yeniliyi də ondan ibarətdir ki, daha çox
hansı nəşriyyat
uğurla çıxış
etsə o, mükafatlandırılacaq.
- Sizcə, Azərbaycan
nəşrləri dünya səviyyəsinə
çıxmağa hazırdırmı?
- Əlbəttə. Məsələn,
biz Render Haynenin alman və Azərbaycan dillərində şeirlərini
çap etmişik. Bu kitab artıq
Almaniyada sərgilənib.
YUNESKO-nun Mir Cəlal Paşayev ili çərçivəsində
keçirdiyi tədbirlərdə
bizim kitablar sərgilənirdi. Mən ekranda görəndə çox qürurlandım.
Hər il Azərbaycan kitabı dünyanın bütün
ölkələrində keçirilən
beynəlxalq kitab sərgi-yarmarkalarında iştirak edir. Nəşriyyatların dünya
səviyyəsinə çıxacaq
kitabları çoxdur.
Mehparə
Mədəniyyət.-
2009.- 10 sentyabr.- S. 5.