Bu gün Azərbaycan cəmiyyəti kitab renessansı dövrünü yaşayır

 

Çingiz Əlioğlu: “I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası ölkəmiz üçün böyük hadisədir”

 

Dünyada qədər kitab var belə

Çalışıb, əlləşib gətirdim ələ...

 

Həmişə kitabı, biliyi təbliğ edən, elmdən və bilikdən başqa heç bir vasitə ilə ucalığa yetişməyin mümkün olmadığını söyləyən dahi Nizaminin qeyd etdiyimiz beytinə bu gün doğru-dürüst əməl etmək mümkündürmü? Əlbəttə ki, yox. Zamanımız bir çox texniki üstünlüklərin hesabına elə bir inkişaf səviyyəsinə çatıb ki, nəinkibütün dünyada olan”, hətta bir böyük ölkədə çap edilən kitabları belə ardıcıl izləmək mümkünsüzdür. Ancaq, hər bir intellektual insanın dünyanın kitab nəşri sahəsində nail olduğu yeniliklərdən xəbər tutmağa, ən azı bu prosesin ümumi istiqamətlərini bilməyə əşhədüehtiyacı var. Eləcə azəri oxucusunun... Amma necə?! Dünya bəhs olunan məsələni həll etməyin çox optimal yolunu tapıb. Ən məşhur ölkələrin ən məşhur şəhərlərində, demək olar ki, ildə bir dəfədən gec olmayaraq, beynəlxalq kitab sərgi-yarmarkaları təşkil olunur. Bilirik ki, Azərbaycan da dünyaca məşhur sərgilərdə, festivallarda, müsabiqələrdə layiqincə iştirak edir, diplomlar, mükafatlar alır. Amma etiraf etməliyik ki, Azərbaycanın məşhur beynəlxalq sərgilərdə iştirakı əsasən Mədəniyyət Turizm Nazirliyinin xətti ilə həyata keçirilir. Özəl nəşriyyatların çoxu bəzi obyektiv subyektiv səbəblərdən bu tədbirlərə qatılmır ki, bu da özlüyündə dünyanın kitab mədəniyyətindən təcrid olunmaq kimi xoşagəlməz nəticələrə gətirib çıxarır.

Nə etməli?

Mədəniyyət və Turizm Nazirliyi uzaq yolları yaxın etdi. Artıq sentyabrın 10-dan başlayaraq 3 gün ərzində Muzey Mərkəzində Azərbaycan oxucusu ABŞ, Rusiya, Fransa, İran, Türkiyə kimi azman kitab istehsalçıları da daxil olmaqla, dünyanın 20-dən artıq ölkəsinin və ölkəmizdə fəaliyyət göstərən 50-dək çap-poliqrafiya müəssisəsinin iştirakı ilə keçirilən I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında böyük bir kitab dünyasıyla üz-üzə olacaq.

Tədbir bir çox baxımdan təqdirəlayiqdir. Bu barədə nəşriyyat işində böyük təcrübəsi olan, dünyanın ən nəhəng kitab tədbirlərində iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu ilə söhbət etdik.

- Çingiz müəllim, sizcə, beynəlxalq kitab sərgilərinin ölkələr üçün başlıca əhəmiyyəti nədən ibarətdir?

- Hər şeydən əvvəl onu qeyd edim ki, Azərbaycanda ilk dəfə kitab sərgi-yarmarkasının keçirilməsi zərurəti Azərbaycan kitabının son illərdə Mədəniyyət və Turizm Nazirliyi xətti ilə dünya kitab çapı prosesinə güclü inteqrasiyası, ən müxtəlif yerlərdə keçirilən kitab festivallarında Azərbaycan naşirlərinin əməyinin nəticəsi olan çap məhsullarının seçilib qiymətləndirilməsindən sonra yarandı. Tam məsuliyyətlə demək olar ki, bu gün Azərbaycan cəmiyyəti kitab renessansı dövrünü yaşayır. Dünya naşirlərinin, məşhur çap evlərinin öz məhsulları ilə birgə Azərbaycana dəvət olunması bu prosesin məntiqi davamıdır.

Kitab sərgiləri ölkələr arasında mədəni fikir mübadiləsinə rəvac verir, elmi, ictimai, siyasi təcrübənin qarşılıqlı şəkildə öyrənilməsinə şərait yaradır.

Obrazlı desək, kitab sərgiləri geniş oxucu kütləsinə kitab ehramına gedən ən müxtəlif yolların səmtini göstərir, bu müqəddəs məbədin açarlarını təqdim edir.

Çevik informasiya vasitəsi olan internet bumu səngidikçə, kitabın elmi-mədəni fikir üçün dəyişməz və etibarlı saxlanc olduğu inamı özünü bir daha doğruldur.

Ən müxtəlif səpkili uluslararası kitab sərgilərində, yarmarkalarında, forumlarında dünya naşirləri qarşılıqlı təcrübə mübadiləsi aparmaq imkanı əldə edir, bu və ya digər ölkə naşirlərinin çap işində əldə etdiyi öncül təcrübədən bəhrələnmək imkanı qazanırlar.

Son illər beynəlxalq kitab müsabiqələrində Azərbaycan kitabının uğurları bu nəticəyə gəlməyə imkan verir ki, 20-30 il öncə Azərbaycan nəşrləri və çapçıları dünyada bu sənətin böyük ustaları ilə müqayisədə öyrənən qismində idilərsə, bu gün artıq bizim təcrübəmizdən öyrənənlər də vardır.

- Bəzi insanlar siz deyənin əksini düşünür və hesab edirlər ki, sovetlər dönəmi ilə müqayisədə kitaba maraq nəinki azalıb, hətta ölüb.

- Məncə, kitaba maraq ölüb deyən “oxucunun” özü bu və ya digər dərəcədə “ölüb”. Yeni Hay-Texlərin, Nou-Xaoların kəşfi hələ min illərin sınağından çıxan kitabın gərəksiz bir predmetə çevrilməyi demək deyildir.

Əslində, dünyanın ən böyük kəşflərinin binası insan səsinin qrafik təsviri olan ilk hərfin kəşfindən başlayır. Təsadüfi deyil ki, dünyanın ən böyük qutsal inancları səmavi kitablarla bağlıdır.

 - Azərbaycandakı nəşriyyat sistemi və çap sektoru dünya ölkələri ilə müqayisədə necə görünür?

- Azərbaycanda kitab nəşri işi və çap sektoru bu sahədə dünyada olan ən qabaqcıl texnika ilə silahlanmışdır. Artıq bizdə böyük sənaye sahələri, səriştəli işçi kollektivi olan poliqrafiya müəssisələri mövcuddur. Bu müəssisələrin əksəriyyəti özəl müəssisələrdir ki, bunun özü təqdir olunası haldır.

Əgər sovetlər dönəmində ən mühüm və keyfiyyətli nəşr layihələrini Rusiya, Belarus, Avstriya, Yuqoslaviyanın, bu yaxınlara kimi isə qardaş Türkiyənin mətbəələrində həyata keçirirdiksə, indi heç bir xarici ölkəyə ehtiyacımız yoxdur. Əksinə, postsovet məkanında yerləşən bir çox respublikaların naşirləri kitab çap etmək üçün Azərbaycana müraciət edirlər.

- Ancaq etiraf etməliyik ki, özəl nəşriyyatların qazanc məqsədi ilə çap etdirdiyi çoxsaylı zəif kitablar Azərbaycan kitabının imicinə xələl gətirir.

- Bunun günahı nəşriyyatlarda deyil. Boz kitabların azalması ya tamam aradan qalxması üçün oxucuların mədəni səviyyəsi yüksəlməlidir. qədər ki, oxucu qəbul edir, bu cür kitablar çap olunacaq. Oxucu anlasa ki, aldığı kitab qrafomandır, lazımsızdır, təbii ki, pulunu göyə sovurmayacaq.

- Sentyabrın 10-da paytaxtımıza dünyanın bir çox nəhəng ölkəsindən naşirlər, poliqrafçılar gələcək. Sizcə, Azərbaycan kitabı hansı özünəməxsusluğuna görə bu adamlarda maraq oyadacaq?

- Bildiyiniz kimi, kitab nəşri xalqın mədəniyyətinin bir sahəsidir. Kitab təkcə mədəniyyətə deyil, elmi, ictimai, siyasi fikir tərzinə ayna tutur. Ümumi ifadə etsək, kitab ölkənin siması sayıla bilər.

Tarixin sınağından şərəflə çıxan Azərbaycan kitabı, ən azı bu xalqın mədəniyyəti əcnəbilərdə nə qədər maraq doğurursa, o qədər maraq doğuracaq.

Kitab sərgisi həm də xarici ölkələrdə fəaliyyət göstərən qabaqcıl nəşriyyatların qazandığı uğurları xalqa nümayiş etdirmək imkanı yaradır. Bu da, qeyd etdiyim kimi, kitablarımızla birlikdə oxucularımızın da dünyaya inteqrasiyasına, onların zövqünün yüksəlməsinə və müasirləşməsinə əlverişli şərait yaradır.

- Sizcə, I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası Azərbaycana nə verəcək?

- Sərgi öncə Azərbaycanda kitabın təbliği işinə təkan verəcək. Naşirlərimiz, əcnəbi həmkarlarının, eyni zamanda biri-birinin gördüyü işlərlə yaxından tanış olmaq imkanı qazanacaqlar. Xarici ölkə naşirləri ilə təcrübə mübadiləsi aparılacaq. Ola bilsin ki, xarici naşirlərlə bizim naşirlər arasında birgə layihələrin həyata keçirilməsi üçün opsionlar - niyyət müqavilələri imzalansın.

Sərgidə istər yerli, istərsə də əcnəbi nəşriyyatların hər gün bir sıra tədbirlər keçirməsi nəzərdə tutulub. Burada cürbəcür kitabların təqdimatı, müəllif görüşləri, oxucu disputları və s. vasitəsi ilə kitabın təbliği baxımından gərəkli işlər görüləcək.

Onu da bildirim ki, sərginin olduqca rəngarəng bir proqramı vardır. Hesab edirəm ki, sentyabrın birinci yarısının 3 günü ərzində sərgi zallarına üz tutan kitabsevərləri maraqlı görüşlər və zəngin təəssüratlar gözləyir.

- Son olaraq naşirlərimizə arzu və tövsiyələrinizi eşitmək istərdik...

- İstər Azərbaycanda, istərsə də xaricdə keçirilən bu cür tədbirlərdə iştirak etməyə çalışsınlar, mümkün qədər fəallıq göstərsinlər. Çünki, kitabın çap olunması hələ hər şeyin bitməsi demək deyildir. Əslində daha ciddi proseslər yaxşı məhsulun çapından sonra başlayır. Yaxşı kitabı tanıtmaq, oxutmaq, təbliğ etmək, yaymaq onu çap etmək qədər əhəmiyyətlidir.

 

 

Söhbətləşdi: Şərif

 

Mədəniyyət.- 2009.- 10 sentyabr.- S. 4.