Sürgün həyatın akkordları

 

Məmmədrza Şeyxzamanovu sənət yoldaşlarından fərqləndirən onun sürgün həyat yaşaması, haqsız olaraq xeyli müddət «xalq düşməni» adını daşıması idi.

 

1915-ci ildə Gəncədə, dahi Nizami Gəncəvinin nəslindən olan Hacı İsabəyin ailəsində dünyaya göz açan Məmmədrza uşaq yaşlarından bolşevik özbaşınalığı ilə üzləşir. Onların ata-baba mülkləri, zəngin kitabxanaları yandırılır. Məmmədrzanın atası bu vandalizmə dözməyib vaxtsız vəfat edir. Ailənin vəziyyəti get-gedə çətinləşsə də, Məmmədrza memar olmaq istəyirdi. O, bu arzu ilə Gəncə İnşaat Texnikumunda təhsil alır, texnikumun dram dərnəyində böyük həvəslə müxtəlif tamaşalarda oynayır. 15 yaşında ikən o, artıq Gəncədə «artist Məmmədəli» kimi tanınırdı.

1934-cü ildə Gəncə Dram Teatrının rejissoru Həbib İsmayılov («Ögey ana» və «Böyük dayaq» bədii filmlərinə quruluş vermişdir - A.K.) onu teatra dəvət edir. Gənc aktyor teatrda işləməklə yanaşı, teatrın nəzdində ikiillik aktyor studiyasında da oxuyur. Onun professional aktyor kimi teatrda işləməsi Şeyxzamanovlar ailəsinin narahat, səksəkəli həyatına bir sevinc ovqatı qatır. 1938-ci ildə gənc aktyorun Gəncənin hörmətli ailələrindən birinin qızı Nigar xanımla evlənməsi bu sevinc ovqatını daha da artırır. Məmmədrzanın xoşbəxt günləri başlanır. Ailənin ilk övladı Kəmalə dünyaya gələndə Şeyxzamanovların sevinci yerə - göyə sığmırdı. Onlara elə gəlirdi ki, qara buludlar başlarının üstündən çəkilib gedib. Lakin bu günahsız insanlar haradan bilərdilər ki, Məmmədrzanın alnına həyat tufanları yazılıb, o, şimşək qarşısında tək - tənha yox, ailəsi ilə birgə dayanmalı olacaq. Bu belə də oldu. Qardaşı Ələsgər İtaliyada, bacısı Həmidə Türkiyədə. Özünə də pantürkist adı qoyub göndərdilər Qazaxıstanın Semipalatinsk bölgəsinə. Təhlükəsizlik orqanlarında Nigar xanıma ərindən boşanmağı məsləhət görəndə bu mərd qadın körpə balasını da götürərək, «ərim harda, mən də orda» deyib onunla birgə yeddi il əzab-əziyyətli, məhrumiyyətlərlə dolu sürgün həyatı yaşadı.

Yeddi ildən sonra ailəsi ilə birgə icazəsiz baş götürüb Gəncəyə gələn, burada qohum-qonşularının evində gizlənən Məmmədrzanı ölümdən böyük şairimiz Səməd Vurğun xilas etdi. Şair nəinki gənc aktyoru, hətta onun sürgündə olan qohumlarını da geri qaytara bildi. M.Şeyxzamanovun ağır faciəvi sürgün həyatı belə başa çatdı. O, asudə nəfəs alıb, Gəncə Dövlət Teatrına qayıtdı. 1954-cü ildə isə rejissor A.İsgəndərov onu Azərbaycan Dövlət Akademik Dram Teatrında işləməyə dəvət etdi. Bu sənət ocağı onun bütün imkanlarını aşkara çıxartdı. Burada ona məsul rollar tapşırıldı.

Beləliklə, həyat M.Şeyxzamanovun üzünə gülməyə başladı. Aktyora elə bil ikinci nəfəs gəldi. Həmin ildən o, nəinki paytaxtın ən böyük teatrında fəaliyyət göstərir, həm də Bakı kinostudiyasında filmlərə çəkilir, radio və televiziyada çıxış edirdi.

M.Şeyxzamanov sürgündən qayıdanda artıq onun qırx yaşı vardı. Ona görə də o, teatrdan fərqli olaraq kinoda əsasən xarakterik rollar ifa edir, həyatın hər üzünü görmüş, bərkdən-boşdan çıxmış, təcrübəli el ağsaqqallarının, qocaların obrazlarını canlandırır, qəhrəmanlarının daxili aləmlərinə nüfuz edir, psixologiyalarını, mənəviyyatlarını tamaşaçılara çatdırırdı.

1954-cü ildə rejissor L.Səfərov M.Şeyxzamanovu «Bəxtiyar» kinokomediyasında konservatoriya professoru Rəcəbov roluna sınaq çəkilişlərinə dəvət edir. Sınaq çəkilişləri uğurlu alınır. O, filmə Rəşid Behbudov, Tatyana Peltser kimi populyar artistlərlə birgə çəkilir. M.Şeyxzamanovun qəhrəmanı professor Rəcəbov həm öz işini sevən ziyalı, həm də xeyirxah insandır. Uşaqlar onun bağından alma yığanda professor bunu oğurluq kimi başa düşür, biləndə ki, bu almalar hospitalda müalicə alan yaralı əsgərlər üçündür, özü də uşaqlara kömək edir. Kinoya ilk dəfə bu filmdə çəkilən M.Şeyxzamanov mükəmməl obraz yaratmağa müvəffəq olmuşdur.

Bundan sonra M.Şeyxzamanov «Qızmar günəş altında» filmində kənd həyatına, kənd məişətinə, adət-ənənələrinə yaxşı bələd olan Əmir dayı, «Bir qalanın sirri» film - nağılında bəd əməllərə qarşı çıxan, xeyirxah işlər görən həkim Eldostu, «Onu bağışlamaq olarmı?» melodramında asayiş keşiyində duran milis rəisi polkovnik Qurbanov, «Leyli və Məcnun» film - dastanında həyatın keşməkeşlərini, əzab - əziyyətini görmüş pirani dərviş, «Böyük dayaq» kinoromanında raykom katibi Şərifoğlu, «Əhməd haradadır?» kinokomediyasında oğlunu evləndirmək istəyən kəndli Şirin kişi, «Liftçi qız» kinonovellasında həssasqəlbli rəssam rollarına çəkilmişdir. Bu filmlərin hamısı 50-60-cı illərin kino məhsullarıdır.

Böyük tərbiyəvi əhəmiyyətə malik «Bir qalanın sirri» film-nağılının əsasını xalqın, kəndləri susuz qoymuş əzazil hökmdar Simnar xana qarşı apardığı mübarizə təşkil edir. Burada əsas obrazlardan birini - həkim Eldostunu M.Şeyxzamanov oynayır. Aktyorun ifasında həkim Eldostu öz müdrikliyi, ağıllı məsləhətləri ilə tamaşaçıların sevgisini qazanır.

Həkim Eldostudan fərqli olaraq «Əhməd haradadır filminin əsas personajlarından biri - Şirin kişi bizim müasirimizdir. Bu obraz yumorla yoğrulmuşdur, komikdir, danışığı adı kimi şirindir. Şirin kişi M.Şeyxzamanovun simasında təkcə zarafatcıl, şən ər deyil, o, həm də mehriban, qayğıkeş ata, gözəl ailə başçısıdır.

Hökmlü arvadı Nərgizdən fərqli olaraq Meyxzamanovun məhəbbətlə yaratdığı Şirin obrazı öz həlim, sakit, mülayim xasiyyəti ilə yadda qalır.

Aktyorun kinoda yaratdığı obrazlar inandırıcıdır, həyatidir, təbiidir. Belə obrazlardan birini də M.Şeyxzamanov «Liftçi qız» kinonovellasında yaratmışdır. «Qaraça qız» kinoalmanaxına daxil edilmiş bu novellanı rejissor R.Şabanov yazıçı H.Seyidbəylinin eyniadlı povesti əsasında çəkmişdir. Novella insan qəlbinin gözəlliyi haqqındadır. Burada deyilir ki, hər bir kəs başqalarına sevinc bəxş edərək yaşamalıdır. Belə bir sevinci isə zarafatla Cüllüt çağırılan Lalə adlı qıza rəssam bəxş edir. Bu qarabuğdayı, çəlimsiz yeniyetmə qızın daxili gözəlliyini ilk dəfə rəssam görür və çəkdiyi portretdə bu keyfiyyətləri əks etdirir.

Filmdə rəssam rolunu M.Şeyxzamanov oynayır. O öz qüvvə və bacarığına inanmayan utancaq və aciz qıza - Laləyə həssaslıqla yanaşır, onun mənəvi çırpıntılarını yaxşı başa düşür. Ona görə də bir insan kimi ona kömək əlini uzadır, qızda potensial qüvvələri üzə çıxara bilir. Lalədə özünə bir inam yaranır.

M.Şeyxzamanov 70-ci illərdə də kinoda məhsuldar işləmişdir, fitri istedadı ilə istər iri, istərsə də epizodik rollarda daxili imkanlarından çıxış edərək böyük sənətkar olduğunu bir daha sübut etmişdir. Məsələn, «Yeddi oğul istərəm» tarixi - inqilabi filmdə aktyor Çalpapaq Kərəmi oynayır. Yeri gəlmişkən, rejissor T.Tağızadə M.Şeyxzamanovu bu rola sınaq çəkilişləri aparmadan təsdiq etmişdir. Bu personaj filmin əvvəlində cəmi bir səhnədə görünür. İnqilab işi uğrunda vuruşub ölümcül yaralanan Çalpapaq Kərəmin son nəfəsdə Bəxtiyara dediyi sözlər, xüsusilə «sinən olan yerdə kürəyini güllə qabağına vermə, oğul» deməsi çox təsirlidir. Biz M.Şeyxzamanovu bu kiçicik səhnədə Çalpapaq Kərəm rolunda yataqda hərəkətsiz görürük. Lakin onun danışığı, ağır-ağır nəfəs alması, Bəxtiyara verdiyi öyüd - nəsihəti yadda qalır, sonrakı hadisələrin gərgin olacağından xəbər verir.

Qısametrajlı «Gilas ağacı» televiziya bədii filmində M.Şeyxzamanov ifa etdiyi Qulam baba rolu haqqında belə deyir: «Qulam baba böyük ehtirasla, həm də həvəslə ifa etdiyim obrazdır. Səbəbi aydındır. Axı, mənim qəhrəmanım müharibənin ağır illərində, hamının cəbhəyə getdiyi bir zamanda kənddə qalan yeganə başıpapaqlıdır. O, hamıya mənəvi cəhətdən dayaq və həyan olur, atasız qalmış uşaqlara dərdlərini unutdurmağa çalışır...»

Bundan başqa, M.Şeyxzamanov 70-ci illərdə «Qızıl qaz» filmində Mahmud, «Çarvadarların izi ilə» kinolentində Əli kişi, «Qatır Məmməd»də qubernator, «Nəsimi»də Şeyx Əzəm, «Vulkana doğru»da usta Ramazan, «Tütək səsi»ndə İsfəndiyar kişi, «Arvadım mənim, uşaqlarım mənim» kinoalmanaxındakı «Toy» novellasında Sərpayı rolları ilə maraqlı ekran surətləri yaratmışdır.

M.Şeyxzamanov «Nəsimi» filmində Şeyx Əzəmi ustalıqla oynayır. Şeyx Əzəm İslam dininin sadiq quludur. Hürufilərə qənim kəsilən bu adam Nəsimini addımbaaddım izləyir. Nəsimini sevdiyi üçün onun ardınca gedən doğma qızı Şəmsin ölümünə fərman verir.

Milli mədəniyyətə və incəsənətə verdiyi böyük töhfələrə görə görkəmli sənətkara 1974-cü ildə “Azərbaycanın xalq artistifəxri adı verilmişdir.

Azərbaycan kinosunda müharibə illərində arxa cəbhədə çətin şəraitdə xalqımızın qələbəni yaxınlaşdırmaq üçün gördüyü işlərdən bəhs edən çoxlu filmlər yaradılmışdır. Belə dəyərli filmlərdən biri də rejissor R.Ocaqovun «Tütək səsi»dir. Filmdə həyat da var, məhəbbət də, sarsıntı da, sevinc də. Bu filmdə aktyor M.Şeyxzamanov oğlu cəbhədə həlak olmuş ağsaçlı kolxozçu İsfəndiyar kişi rolunda çıxış edir. Aktyorun özü bu barədə mənimlə söhbətlərinin birində demişdir: «Mən yazıçı İsa Hüseynovun əsərlərini, o cümlədən onun «Saz» və «Tütək səsi» povestlərini oxumuşam. Bu əsərlərin qəhrəmanlarının dərin psixoloji xarakterləri mənim çox xoşuma gəlir.

Bir gün eşitdim ki, C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında «Tütək səsi» filmi çəkiləcək. Açığını deyim ki, həmin filmdə iştirak etmək ürəyimdən keçdi. Elə bil rejissor R.Ocaqov ürəyimdəkiləri uzaqdan-uzağa oxuyubmuş. Bir neçə gündən sonra o, məni kinostudiyaya çağırdı və İsfəndiyar rolunu mənə təklif etdi. Əlbəttə, təklifi sevinclə qəbul etdim. Çünki İsfəndiyar ruhən mənə çox yaxın idi. İsfəndiyarı hörmətli, xeyirxah, başqasının dərdinə şərik çıxan bir insan kimi görürdüm. O, dünyagörmüş, zəngin həyat təcrübəsi olan müdrik ağsaqqal idi.

Müharibənin çətin günlərində, insanlar aclıq çəkəndə, adamlar qələbə naminə var gücü ilə işləyəndə İsfəndiyar kişi hamıya kömək edir, həmkəndlilərinin könlünü alır, əzizlərinin cəbhədən qayıdacaqlarına onlarda inam yaradırdı. Baba kimi nəvəsini böyüdür, gəlinini ruhdan düşməyə qoymurdu.

Filmdə belə bir epizod var. İsfəndiyar həlak olmuş oğlunun sazını əlinə götürüb, onun çox sevdiyi «Ruhani» havasını çalır, gözlərindən isə yaş axır. Bu rol mənə çox əzizdir, yaxındır. Mən çalışıram ki, ekranda bu filmə az baxam. Çünki qəhrəmanımın dərdi mənim dərdim olub. Axı, müharibə hər bir evin qapısını döyüb, hər bir adamın qəlbində iz qoyub...»

Xalq artisti M.Şeyxzamanov 1984-cü ildə 69 yaşında işıqlı dünya ilə vidalaşdı. Lakin bundan əvvəl 80-ci illərin əvvəllərində daha iki filmdə - «Qızıl uçurum»da Qurban kişi və «Əzablı yollar»da nağılçı rollarında çəkildi. Böyük şairimiz H.Cavidin «İblis» faciəsindəki İxtiyar roluna görə 1984-cü ildə ölümündən sonra Azərbaycan Dövlət mükafatına layiq görüldü.

 

 

Aydın Kazımzadə,

əməkdar incəsənət xadimi

 

Mədəniyyət.- 2009.- 16 sentyabr.- S. 11.