Sərgidən sonrakı düşüncələr
Paytaxtımızda keçirilmiş I Bakı Beynəlxalq
Kitab Sərgi-Yarmarkası artıq tarixə çevrildi. Bu
gözəl kitab bayramı uzun müddət ürəklərdə
yaşayacaq, mədəni həyatımızın ən
mühüm hadisələrindən biri kimi
xatırlanacaqdır. Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı ilə Muzey
Mərkəzində start götürən, dünyanın 20-yə
yaxın ölkəsindən gəlmiş nümayəndələrin
- nəşriyyatların, milli kitabxana direktorlarının,
naşirlərin, poliqrafiya mütəxəssislərinin
iştirak etdikləri bu sərgi sözün həqiqi mənasında
böyük bir mədəniyyət törəninə- kitab
bayramına çevrildi desək, yanılmarıq. Təsadüfi
deyil ki, 60-a yaxın milli nəşriyyatın istehsal etdiyi
kitabların sərgi-yarmarkası 3 gün ərzində minlərlə
kitabsevərin diqqətini cəlb etdi, insanları bir yerə
topladı, onlarda xoş təəssüratlar yaratdı.
Bu intellektual bayram həm
də indiki elmi-texniki tərəqqi və texnologiyalar əsrində
kitabın mənəvi həyatımızdakı böyük
və əvəzsiz rolunu, heç bir elmi -texniki ixtiranın,
nailiyyətin, kommunikasiya texnologiyalarının kitabı əvəz
edə bilməyəcəyini bir daha sübuta yetirdi. Bəli,
nə qədər ki, bəşəriyyət mövcuddur, deməli,
kitablar da mövcud olacaq. Nə qədər ki, dünya
yaşayır, kitablar da yaşayacaq və bəşər cəmiyyətinin
ən qiymətli kəşfi kimi insanları elmə, biliyə,
mədəniyyətə, inkişafa səsləyəcək.
I Bakı Beynəlxalq
Kitab Sərgi-Yarmarkası ilə bağlı rəylər, təəssüratlar,
fikirlər bir daha sübut edir ki, müstəqil Azərbaycan
Respublikası təkcə neft, təbii sərvətlər
ölkəsi olmayıb, həm də zəngin və tükənməz
mənəvi dəyərlər, intellektual sərvətlər,
ziyalılar diyarıdır.
Qeyd etmək
lazımdır ki sözügedən I Bakı Beynəlxalq
Kitab Sərgi-Yarmarkasının məhz əlamətdar bir
vaxtda - yeni dərs ilinin başlandığı sentyabr
ayında keçirilməsi daha çox simvolik məna kəsb
edir. Digər tərəfdən bu sərgi belə bir həqiqəti
də təsdiqlədi ki, Azərbaycanda mədəniyyətin,
ədəbiyyatın, incəsənətin, texnikanın
bütün sahələrini əhatə edən yeni
kitabların çap olunması, poliqrafiya sahəsində diqqətəlayiq
nailiyyətlər əldə olunub.
İstər qonaqlar, istərsə
də sərgi ilə tanış olan sıravi ölkə vətəndaşları
indiyədək ölkədə belə bir möhtəşəm
kitab bayramının şahidi olmamışdılar. Bu fakt
respublikamızın poliqrafiya və kitab nəşri sahəsində
artıq dünya standartları səviyyəsinə
çıxdığını əyani şəkildə
sübut etdi. Sərgi-yarmarka hamıda və hər kəsdə
həm də belə bir inamı möhkəmləndirdi ki,
Avropaya inteqrasiya yolu ilə gedən Azərbaycan xalqı
sözün həqiqi mənasında böyük və
tükənməz intellektual potensiala malik, mədəni səviyyəsi
yüksək olan, dünyanın ən çox mütaliə
edən xalqları ilə bir cərgədə durur.
Yeri gəlmişkən
onu da qeyd edək ki, sərgi-yarmarkanın keçirildiyi
ünvanın özü də olduqca uğurlu bir məkan təsiri
bağışlayırdı. Respublika Muzey Mərkəzinin
möhtəşəm binasında, yüksək zövq və
milli Azərbaycan səliqəsi ilə bəzədilmiş
guşələr, sərgiyə nümayəndə göndərmiş
xarici ölkələrin adları yazılmış xüsusi
lövhələr, kitabların nümayiş etdirildiyi
interyerin ümumi görünüşü, bədii tərtibatı,
müasir dizayn səviyyəsi də sərgi-yarmarkanın
uğurlarından sayılmalıdır. Birinci mərtəbədən
başlayaraq yuxarı mərtəbələrə kimi milli
koloriti özündə əks etdirən xüsusi zövqlə
düzəldilmiş vitrin və rəflərdəki kitab
düzümü, reklam materialları, plakatlar, öz məhsullarını
təqdim edən nəşriyyat əməkdaşlarının
davranış mədəniyyəti,sərgiyə gələnlərlə
ünsiyyət qurmaq bacarığı, mərtəbələrarası
sərgi iştirakçıları üçün təşkil
olunmuş xüsusi kafe-guşələr və burdakı mədəni
xidmət də bu kitab bayramının ən yaddaqalan
detallarıdır.
Sərgidə təqdim
olunan kitablara gəlincə, burada, doğrudan da, son illərin ən
qiymətli çap məhsullarına rast gəlmək
mümkün idi. Milli ədəbiyyatımızın və mədəniyyətimizin
istər ən qədim tarixini, istərsə də müstəqillik
əldə edildikdən sonrakı nailiyətlərini əks
etdirən yüzlərlə cild kitab, kitabça, broşür,
buklet, açıqca sərgi iştirakçılarında
milli poliqrafiya sənayemizin, kitab və nəşriyyat
işinin inkişaf səviyyəsi haqqında tam təsəvvür
yarada bilirdi. Bütün bunları ümumilikdə milli mədəniyyətimizin
barometri adlandırmaq da olar. Sərgi-yarmarka iştirakçılarının
bir çoxu maraqlı kitabı burada tapa bilərdi. Sərgi-yarmarkanın
özəlliklərindən biri də burada seçim
mühitinin mövcudluğu idi. “Kitabi-Dədə Qorqud”dan
tutmuş, “Qabusnamə”nin nəfis tərtibatlı nüsxəsini,
Azərbaycan klassiklərinin və çağdaş yazarlarının
külliyyatını, həmçinin yüzlərlə ən
müxtəlif tematikalı istənilən kitabı almaq
imkanı olan sərgi iştirakçılarında xoş
ovqat yaradan digər bir cəhət də onların bu nəşrlər
haqqında maraqlı məlumatlar ala bilmək imkanına malik
olmaları idi.
Baltikyanı, Orta Asiya
ölkələrindən, Rusiya Federasiyasından gəlmiş
nümayəndələrin təqdim etdikləri ədəbiyyat
nümunələri isə həm də həmin ölkələrdəki
çağdaş poliqrafiya mədəniyyəti ilə
tanış olmaq imkanı yaratması baxımından olduqca
maraqlı idi.
Sərgi-yarmarkada ziyalılarımızın,
yazarlarımızın, elm xadimlərimizin, KİV nümayəndələrinin
böyük bir hissəsini görmək mümkün idi. Onların
bəzilərinin sərgi-yarmarka barədə təəssüratlarını
öyrəndikdə bir daha əmin olduq ki, kitabla bağlı
törənlərin keçirilməsi hamının ürəyincədir.
Əminliklə deyə
bilərik ki, 3 gün davam edən I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası
respublikamızın həyatında həqiqətən mədəni
bir hadisəyə çevrildi.
C.Tağıyev
Mədəniyyət.- 2009.- 16 sentyabr.- S. 8.