Yarmarka iştirakçıları
mükafatlandırıldı
Sentyabrın 12-də
Birinci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində
tədbirdə iştirak edən nəşriyyatlar
mükafatlandırıldılar. Mədəniyyət və
Turizm Nazirliyinin nəşriyyat, reklamın təşkili və
informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli
bildirdi ki, paytaxtımızda 3 gün davam edən kitab sərgi-yarmarkası
yüksək səviyyəsi ilə fərqlənib. Sərginin
iştirakçısı olan nəşriyyatların təmsilçiləri
öz çap məhsullarının nümayişi ilə
yanaşı, satışını da təşkil etdilər.
Beynəlxalq sərgi
çərçivəsində bir-birindən maraqlı kitab
təqdimatları, imza mərasimləri, dəyirmi masalar,
müəllif görüşləri keçirildi. Bu cür sərgilərin
təşkili gələcəkdə Azərbaycanda kitab nəşri
işinin inkişafına güclü təkan verəcək.
Mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev bildirdi ki,
“Bakı - İslam mədəniyyətinin paytaxtı-2009” layihəsi
çərçivəsində keçirilən Birinci
Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında
dünyanın 20 ölkəsi 35 nəşriyyatla təmsil
olunub: «Ümumilikdə isə sərgidə 80-dən çox
nəşriyyat və poliqrafiya müəssisəsi, çap
işi ilə məşğul olan qurumların təmsilçiləri
iştirak ediblər. Tədbirə ölkəmizdə
çap işi ilə məşğul olan 60-dan çox
qurumun nümayəndəsi qatılıb. Üç gün ərzində
burada 8 min 500 adda müxtəlif çap məhsulları sərgilənib.
Tədbir günlərində 35 mindən çox kitabsevər
sərgidə iştirak etmiş və müxtəlif tədbirlərə
qatılıblar. Çox sevindirici haldır ki, hər il 5-6
beynəlxalq kitab sərgisinin iştirakçısı olan Azərbaycan
artıq möhtəşəm bir tədbirə ev sahibliyi
edib».
Tədbirdə Birinci
Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının
iştirakçısı olmuş nəşriyyatların təmsilçilərinə
diplomlar və xatirə hədiyyələri təqdim edildi.
Sonda Mədəniyyət
və Turizm Nazirliyinin nəşriyyat sektorunun müdiri
Çingiz Əlioğlu Azərbaycan naşirlərinə
müxtəlif beynəlxalq sərgilərdə layiq
görüldükləri diplomları təqdim etdi.
Mehparə
Mədəniyyət.- 2009.- 16 sentyabr.- S. 8.