Zər qədrini zərgər...

 

...işçi qədrini həmkar bilər

 

Həmkarlar İttifaqı təşkilatına verilmiş «həyat məktəbi» kimi «köhnə» adlara «Qayğı institutu» kimi yenilərini də əlavə etmək gərək. Bu «institut»un 28 «fakültə»si varsa, onun haqqında dərc etdiyimiz bu yazı - Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının sədri Cəmilə Səttarova ilə müsahibəmiz təkcə həcmcə böyük deyil...

 

İllərin «tərcümeyi-hal»ındakı epitetlər də, fəsilləri kimi, rəngarəngdir: «quş qanadlı», «bir igid ömrü», «papağını at göyə - gəlib keçdi», «vəfasız»...

Bizim (yəni, böyük əksəriyyətlə öz halal əməyi, istedadı ilə dolanan həmkarların) Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqına rəhbərlik edən Cəmilə xanımımızın əmək fəaliyyətinə məxsus illəri isə, sözün bütün mənalarında vəfalı adlandırmaq olar.

Böyük mədəniyyət sahəsi - hərəsinin ağzından bir avaz (bəyəm hamısınınmı oxuduğu «Quran»dır?) gələn mədəniyyət işçiləri... və 40 il! Deməli, istedad təkcə sənətkarlarda, yaradıcılarda yox, onların dərdinə qalanlarda, hər yaradıcılıq sahəsinin «epiloq»larına, «ardı var»larına stimul verənlərdə də olmalıdır və bunun özü də bir «maestro»luqdur. Bəzən, xoş münasibət, ictimai arxa-dayaq hissi, istirahət göndərişi («putyovka») işçinin düşünüb-daşınma güzəranına cibindəkindən daha çox stimul verir. Bir kino işçisinin, rəssam, teatr xadiminin, bir jurnalistin (qoy «biz də dağarcığımızı çəkək çuvallar cərgəsinə»!) istirahət səfərlərindən etdiyi fantaziya ovunun vəzn qiyməti «daimi qeydiyyat» məkanındakıların cəmi çəkisindən ağır olur.

Məmnunluq hissilə qeyd edək ki, bu xanım - daim ictimai-sosial qayğılarla, əməkçipərvər duyğularla yaşayan Cəmilə Səttarova bizim müsahibə «ssenari»mizdə də öz yardımını əsirgəmədi; diktofonu qoşan kimi, 40 illik fəaliyyət «inteqral»ını 40 saniyəyə nəql etdi: «Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra Bakı musiqi məktəbində (6 ¹-li) müəllim, tədris işləri üzrə direktor müavini və direktor işləmişəm. Sonra o vaxtlar AHİŞ (Azərbaycan Həmkarlar İttifaqları Şurası) adlanan bu təşkilatın rəhbər vəzifələrinə seçilmək üçün namizədliyimi irəli sürdüm və 1985-ci ildə bu sahəyə gəldim. 2000-ci ildə Respublika Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqına sədr seçildim.

Bir vaxtlar çalışdığım tədris müəssisəsi mənim üçün həyat məktəbi, bu təşkilat isə ali həyat məktəbi oldu».

 

- Cəmilə xanım, bu 40 illik fəaliyyət «kitab»ınızın fəsillərinə keçək və təbii, birinci fəsildən başlayaq.

- Onda gərək deyəm ki, lap ilk gənclik dövrlərimdən geniş auditoriya həvəsində olmuşam. Məktəb sinifləri mənə dar gəlirdi - daha geniş, həyati auditoriyalar istəyirdim. Müəllimkən də əlavə işlər görürdüm; solo-konsertlər verirdim, divar qəzeti çıxarırdım, orijinal rəsmlər çəkir, stendlər qurur, qeyri-standart mühazirələr oxuyurdum. Valideynlərlə çox ünsiyyətdə olurdum. Bütün bunlar məndə daxili tələbat, ictimailik istəkləri idi. Amma görünür, gizli - təhtəl-şüuri karyera istəklərim də varmış. O vaxtlar müdirlərimin, rəhbərlərimin tapşırıqlarını dərhal və məmnuniyyətlə yerinə yetirir və bəzən onların timsalında... özümü də görürdüm.

- Təbii ki, yaxşılarının, yüksək keyfiyyətlilərinin, «böyüklə böyük, kiçiklə kiçik»lərinin...

- Əlbəttə. Ümumiyyətcə, həmişə yaxşılar, birincilər sırasında olmağa çalışmışam. Siniflərdə, auditoriyalarda seçilmişəm - özü də buna xüsusi cəhd etmədən. Sadəcə, gördüyüm işi can-başla, peşəkarcasına yerinə yetirmək istəmişəm.

- Ev, məhəllə, bir sözlə - mikro-mühitiniz nə verib Sizə?

- Bakıda doğulmuş, 7-ci sinifədək 189 nömrəli orta, sonra Bülbül adına Orta İxtisas Musiqi məktəbində oxumuşam. Çox maraqlı məhəllə mühitim, rəfiqələrim, öyüd-nəsihətli, gör-götürlü dairəm olub. Artıq çıxmazsa, deyim ki, məni nənəm böyüdüb - anamın işi başından aşdığına görə. Maraqlıdır; nənəmgilin həyətində qız uşağı, ata evimizdə isə, demək olar, oğlan uşağı yox idi. «Paradoks»a baxın; orada oğlanlarla futbol, burada qızlarla «qurşaqtutdu» oynamalı olurdum. Qızlarla maraqlı səhnələr qururduq, «teatro çıxarırdıq». Demək istəyirəm, uşaqlığım çox maraqlı keçib. Sizin bayaq sözaltı «liderlik» replikanıza gəldikdə isə, deməliyəm ki, pis çıxmasın, heç vaxt heç kəsə icazə verməmişəm ki, mənə qarşı böyüklük etsin. Daim müstəqil, başqasının azadlığına toxunmayacağım həddə azad olmuşam.

- Sizcə, karyera, hökm, bəşəri diktə səlahiyyəti qadınlarda olsaydı, dünya necə olardı - indikindən yaxşı, yoxsa... «yaxşı»?

- «Kişi, yoxsa qadın» əbədi dilemmalardandır. Amma bunu Hamletin «Olum, ya ölüm»ü səviyysində faciələşdirmək də lazım deyil. Bunlara bir-birini törədib tamamlayan, harmoniyalaşan vahid kimi baxmaq gərəkdir. Mənə görə, birinci yerdə - bir-birisiz həyat, məqsəd mayakına yetə bilməyəsi qadın ya kişi yox, insaniyyətdir, tamamlama mədəniyyətidir. Mən həmişə özümü asılı olmamaq və başqalarını da asılı etməmək hissi ilə yaşamışam. Bu hiss məndə məndən əvvəl - yəni, «ictimai mən»dən öncə doğulub.

- Təbii ki, Tanrıdan asılılıq istisna edilməklə...

- Tanrı hamıdan, hər şeydən əvvəl və üstündür. Onu dərk edəndən sonra isə hər kəsin özündən sonradır. Yəni, böyük Yaradan öz qüdrəti, elçiləri, kitabı ilə yol göstərir - qalanı insanlıq, fərdlik, yaradılmışlıqlardır.

- İlk iş yeriniz olan o məktəbi ictimai aspektdən tamamilə normativ, həyati-«konstitusion» «laboratoriya» hesab etmək olarmı?

- Məncə hər insan - ən intellektsiz adam belə - ağı qaradan seçə bilir. Qalır digər rənglər ki, onları da insana ev, ailə, kitablar, yaxşı-yaman tay-tuşlar, təfəkkürdə «yoxdan var olan» ideyalar, ideallar öyrədir. Toplumlar, kollektivlər aktiv də ola bilər, passiv də. Amma ən passiv kollektivdə də aktiv bir kimsə olur - əlbəttə, nisbətdə. Mən daim doğru ilə yanlışı seçməyə çalışmışam.

- Nəhayət, o müəyyən həddli, ölçü-biçili məktəb «simfoniyasından» çıxıb, geniş diapazonlu, ictimai-polifonik həmkarlar «simfoniyasına» qatıldız və nə gördüz, oktava çətinliyi çəkmədiz ki?

- Əlbəttə, bu komitə bütün respublikanı əhatə edirdi, öz ənənələri vardı, mahiyyətcə bütün partiya-sovet təşkilatlarından fərqlənirdi. Bura gələndə mən rəhbər işçilərdən birinə sual verdim ki, həmkar işinin mahiyyəti nədir, dedi: «mən neçə ildi bu sahədə işləyirəm, amma onun formulasını sənə dəqiq - bütün tərif-düsturu ilə deyə bilmərəm; özün işləyərsən, bilərsən».

- Bu gün o sualı mən Sizə verirəm: həmkarlar təşkilatı nədir?

- Həmkarlar ittifaqı - obrazlı desək, «tərəf-müqabil»lik əsnasında, yəni işçi qüvvəsi ilə işəgötürən tərəf «dram»ından yaranıb. Nə qədər ki, bu iki tərəf var, bu qurum da var, bu ittifaqa ehtiyac olacaq. Azərbaycan Həmkarlarının yaşı çox olmasa da, az da deyil - qarşıda 105 illiyini qeyd edəcəyik. Amma bu qurumun dünyəvi tərcümeyi-halı göstərir ki, bütün zamanlarda hakimiyyətlər bu təşkilatla hesablaşıb. Tarixən bu qurumla dövlət, hakimiyyət arasında qarşılıqlı ehtiyac olub. İqtidarlar bu quruma söykənib, bu təşkilatın rəyi seçkilərdə önəmli olub.

- Bu məqamda sovetlər dönəminə kiçik bir ekskurs yerinə düşməzmi?

- Sovetlər dövründə dövlətin bir çox istiqamətləri həmkarlara həvalə olunmuşdu; həmkarların «əli» ilə kurort zonaları salınırdı, sanatoriyalar tikilirdi, hətta idman, klub, kitabxana, sosial fondlar və s. işlərə də müdaxilə edirdi. Amma müstəqillik dövründə - deməli, demokratik cəmiyyətdə həmkarlar ittifaqı - bir ictimai təşkilat kimi - öz klassik fəaliyyət hüdudlarına qaytarıldı.

Bu gün Həmkarlar İttifaqı Təşkilatının irəliləyişi var, hərəkatı tədqiq və analiz edən alimlərimiz var. Humanizm və ədalət silahlı bu ordunu öz arxasıyla aparan liderlərimiz, informasiya-yayım şəbəkəmiz, zəngin ədəbiyyatımız var. Bu məsələlər mənimçün çox önəmlidir. Mən Dünya Həmkarlar İttifaqları Konfederasiyası İcrayə Komitəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını təmsil edirəm və müşahidələrimə əsasən deyim ki, qabaqcıl ölkələrin həmkarlar ittifaqlarından da, liderlərindən də öyrəniləsi məqamlar çoxdur. Onlar öz işlərinə və işçilərinə çox ciddi yanaşırlar. Bizdə isə - ilk təşkilatlardan seçkili orqanlaradək - məsuliyyətlilik, işgüzar ciddilik o səviyyədə deyil.

- Bunu etiraf etməyin özü də bir səviyyədir...

- Çox sağ olun, amma bunun səbəbləri mənim etiraf «bəraətimdən» daha tutarlı istinaddır. Yəni, böyük ölkələrininkinə nisbətdə çox az yaşı olan bizim Həmkarlar Təşkilatının uzun bir sovet dövrü olub. O vaxtlar həmkarlar öz əlahiddəliyini, döyüşkənliyini itirmiş, fəlsəfi mahiyyətindəki təbii iddia ocağı söndürülmüşdü. Siz bir təsəvvür edin, keçən il Brüssel toplantımıza İrandan bir həmkarlar lideri - uzaq mənzilli avtobus sürücülərinin həmkarlar təşkilatının sədri gəlmişdi. Sürücülərin əməkhaqqı və digər tələblərini qaldırdığına görə, onu gözümçıxdıya salmış, sonda həbs etmişdilər. Azadlığa çıxdıqdan sonra o, yenidən həbsolunma təhlükəsi ilə üzləşir. Yığıncaq qarşısında çıxış edərkən biz - bütün dünya həmkarlarının nümayəndələri onu dəstəklədik, böyük bir həyəcanla müdafiə etdik və alındı. Baxın; deməli, kütlə lidersiz, lider isə kütləsiz heç kimdir.

- Cəmilə xanım, bizdə də o iranlının analoqu olubmu, yaxud mümkünmü?..

- Əlbəttə, bu olay bütün dünyada ola bilər. Amma bizdə bir az fərqlidir. Bir neçə il öncə biz beynəlxalq bir seminarda olduq. Mən orada öz həmkarlar ittifaqımızın işlərindən danışırdım. Birdən bir ukraynalı çox əsəbi tonda zaldan mənə söz atdı: «Bilirik, siz iqtidar tərəfindəsiz!» - dedi. Mənsə ona daxilimdəki həqiqət tonu ilə - çox sakitcə belə cavab verdim: «Bəli, elədir. Çünki bizim iqtidar bizi eşidir».

Bizim sahənin əsas predmeti «yaxşı adam», «yaxşı işçi», bir sözlə, bütün yaxşılardır. Yaxşılıq həmkarların nüvəsində, cövhərindədir. Yəni, iş insanın cövhəri, işçi isə bu təşkilatın cövhəridir. İşləyən heç vaxt burdan pislik görməz.

- Bəyəm xəmiri dayaqolma, əltutma ilə yoğrulmuş bu təşkilatda pislik üçün də imkan var?

- Pislik etmək istəyənə hər yerdə imkan var - yetər ki, o bunu istəsin. Amma eləsi burada öncə özünü çox pis hiss edir və dərhal insanlıq «profilini» dəyişməli olur. Deməzsiz bəs, heç bir halda öz kontingentinə «elçi» düşməyən, heç bir çağırış, məxsusi reklamla əl eləməyən bu qurum, nəyə görə bu qədər kütləvidir. Ona görə ki, insanlar burada hər cür rahatlıq və təsəlli tapırlar, bura toplum güvənc yeri, ərk qalası, ictimai qanun kimi baxırlar.

- «Qanun», «hüquq» deyəndə bir qorxu, özünüyığışdırma hissi də yaşanır - əlbəttə, bu, sizin qurumda istisnadır, sizdə bu terminlər çox yumşaq səslənir...

- Mən «qanun və qorxu» sözlərini ilk dəfədir yanaşı eşidirəm. Heç vaxt qanundan qorxmaq lazım deyil; o, insanların keşiyində durur. Qorxu çox mənfi bir hissdir və daha çox, günahkarlıqdan bəhrələnir.

Sovet vaxtı həmkarlar ittifaqı daha çox şəriksiz hakimlə - kommunist partiyası ilə həmkarlıq edirdi. Ancaq bununla yanaşı, bu təşkilat belə bir ana xətti, müsbət cəhəti heç vaxt yaddan çıxarmırdı ki, o, işçi ilə işəgötürən arasında bir ədalət, qahmarlıq körpüsüdür və bütün siyasi notlar istisna edilməklə, buna nail olurdu, işçinin - proletariatın iqtisadi «xətrini görürdü». Amma bir nüans da qeyd edilməlidir ki, sovetlər dönəmində həmkarlar təşkilatı təmsilçiləri mətbuatın gülüş və gülünc hədəfinə çevrilmişdi. Qələmçilər partiya-sovet rəhbərlərinə məxsus bütün qüsurları həmkarçıların timsalında məsxərə-məzhəkələşdirirdilər. Həmkarlar kultu və onun təmsilçisi heç vaxt xalqa lider kimi təqdim olunmurdu. Qərbdə isə tarixən «həmkarlar təşkilatı» sözündən sonra «lider» kəlməsi gəlib. Deməli, o insan təmsil etdiyi və başında durduğu işçilər ordusu arasına lider kimi çıxır və sayca heç bir təşkilata müyəssər olmayan insanları böyük bir reputativ qürurla öz arxasıyca aparır. Əminliklə qeyd edirəm ki, milli müstəqillik çağlarımızda dünyanın aparıcı ölkələrinə məxsus bu format bizdə də formalaşmaqdadır. İndi bizdə də hər kəs öz namizədliyini verə bilər - əlbəttə, əgər çoxluq onu dəstəkləyəcəksə. Hesabat seçkisinə çıxan hər sədrin daimi bir məsuliyyət «baryeri» var; «insanlar məni dəstəkləyəcək, ya yox», «yenidən seçiləcəyəm, ya yox». Buna görə də o, həmişə - əlində böyük mənəvi səlahiyyəti - seçim «möhürü» olan insanların qarşısına məhz fəaliyyət «arxivi» ilə çıxmağa məhkumdur. Qanunçuluqda həmkarların işini tənzimləyən çox ciddi maddələr var və biz onlara əsaslanaraq fəaliyyət göstəririk. Qeyd etməyə dəyər ki, MDB məkanında xüsusi qanunçuluğu olan çox az ölkələrdənik və bizim əmək məcəllələrimiz çox müasirdir. Bizim ən optimal silahımız kollektiv müqavilələrdir. Müqavilələrdə biz qarşılıqlı anlaşmalar əldə edirik. Məsələn, əməkçilər üçün hansısa iş rejimi, südəmər uşaqlı analar, xəstələr üçün uyğun qrafiklər və s. Sevindirici hal deyilmi ki, maliyyə orqanlarından gələnlər ilk olaraq soruşurlar: kollektiv müqavilə var, ya yox. Bizim təşkilat çoxspektrli cəmiyyətimizin ən üzdə olan, ən populyar və belə demək olarsa, ən ərköyün sahəsini əhatə edir. Təsəvvür edin; özündə saysız yaradıcılıq təşkilat və qurumlarını, böyük turizm arsenalını cəmləşdirən Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, tele-radio kanalları və s. Artıq 90 %-dən çox təşkilatlarımızda kollektiv müqavilələri bağlanıb. Qurumumuzun mahiyyətcə demokratikliyi bizə sərbəstlik verib və biz də ondan məsuliyyətlə istifadə etməyi bacarmalıyıq. İndi bizim hədəf istiqamətimiz marifləndirmə yolu ilə qanunlarımızı daha mükəmməl öyrənmək, onlardan doğru və dolğun istifadə etmək, təbii olaraq öz maraqlarını güdən işəgötürən tərəflə öz haqqını müdafiə edən işçi tərəf-müqabil, özü də paritet tərəf olmalıdır. Mən işə təzə başladığım günlərin birində AHİŞ sədri Lidiya Rəsulovanın dediyi bir sözü xatırlayıram: «Sizin yeriniz rəhbərin yanındadır, o, heç bir tədbiri sizsiz keçirməməlidir. Çünki sizi onun üz tutub danışdığı işçilər seçib».

İndilər üzvlük haqqından söz düşəndə bəziləri «Mən haqqı ödəyirəm, bəs həmkarlar ittifaqı mənə neyləyir?» - deyə iradlar bildirirlər. Bu suala cavab həm asandır, həm çətin. Əvvəla, daha yaxşı alternativi olmayan bu qurumu hamılıqla toplaşıb özümüz yaratmışıqsa, onu saxlamaq üçün öz əməkhaqqımızdan hansısa cüzi faizi də toplamalıyıq. İkincisi, o şəxslər bu sualdan əvvəl düşünməlidir ki, bu quruma hansı niyyətlə daxil olub. Biz salışırıq şərait yaradaq; danışıqlara gedirik, cəmiyyət üçün işçinin - məhsuldar zümrə fenomeninin yerini anladırıq, eşidilməyimiz üçün qanunları xatırladır və tələb edirik. Hansı özəl təşkilatlarda ki həmkarlar qurumu yoxdur, orada insanları necə gəldi işlədirlər - işçinin iş saatı, fasilə, əməkhaqqı vaxtı hüquqlarını pozurlar.

- Siz bizim cəmiyyətdə bizim Həmkarlar İttifaqını neçənci yerdə görürsüz?

- Bizim yerimiz, sözsüz, ön cərgədədir, amma bu yeri saxlamaq üçün biz bilik və bacarığımızı artırmalıyıq, öz hüquqlarımızı yaxşı bilməliyik, qanuni tələblərimizi ödətməkdən çəkinməməli, sadədən sadə «işçi tərəfi» məntiqini ən mürəkkəb «işəgötürən» tərəfə anlatmağa çalışmalıyıq.

- Cəmilə xanım, daim sakit, həlim görünən Həmkarlar İttifaqı hansı halda səsini ucalda, kobud desək, qışqıra bilər?

- İqtidar mənsubları danışığa getməzsə. İngiltərə Həmkarlar Hərəkatının sədri bizim Cenevrə müşavirəmizdəki çıxışında dedi ki, Marqaret Tetçer həmkarlara ciddi baxmır, problemlərinə önəm vermirdi və onun vaxtında həmkarlar ittifaqı elə bir ciddi durğunluq yaşadı ki, bu gün də özünə gələ bilmir...

- Amma o «dəmir ledi» bütövlükdə İngiltərəni çox irəlilərə daşıdı...

- Yox, mən ona bəraət qazandırmıram. Çünki hər bir rəhbər ölkənin işçisini daha çox düşünməlidir.

- Belə bir ictimai rəy var ki, xalqın şikayətli qisminin son ümid yeri KİV, imkansız işçilər qisminin son pənahı həmkarlar təşkilatlarıdır. Azərbaycanda bu «son ümidgah»ların vəziyyəti necədir?

- (Gülümsünür) Çox mürəkkəb sualdır. Qısaca desəm, bunların arasında fərqlər olsa da, kütləvilik baxımından bir-birinə çox yaxın, qayğıkeşlik sarıdan oxşardırlar. Vəziyyətlərinə gəldikdə, belə demək mümkünsə, qənaətbəxşdir. Hamı KİV-dən düzgünlük, operativlik gözləyir, həmkarlardan müdafiə, arxa-dayaqlıq. Sizinlə bizim bir oxşarlıq və ortaqlığımız da bundadır ki, öz vəzifələrimizi vicdanla, ədalətlə, bir an belə yubanmadan yerinə yetirməliyik.

- Cəmilə xanım, 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin Goranboyda keçirdiyi zona iclasında çıxışınız zamanı dediniz: «Biz bu isti məkanda oturub iclas keçiririk, lakin bizdən bir az aralıda yerləşən kitabxana işçiləri üçün çox soyuqdur».

- Xatırladım...

- Maraqlıdır, Siz bu sayaq qüsurları yalnız o sayaq çıxışlarda qeyd edirsiz, ya öz iş yerinizdə olanda da bu haqda düşünüb-daşınır və bir əncam çəkməyə çalışırsız?

- O sayaq səyyar çıxışlarımız da olur. Amma biz yerlərdəki təşkilatlarımızdan məlumatlar alır və mövcud qüsurlara, xüsusən də işçi narahatçılıqlarına çarə qılmağa çalışırıq.

- Hamıya fiziki-mənəvi istirahət, səfa, şəfa bəxş edən həmkarlar ittifaqının öz səfaları necədir?

- Əvvəla, başqaları kimi, biz özümüz də bu təşkilatın imkan-imtiyazlarından yararlanırıq. Missiyamızın xalqa xidmət mahiyyətinin doğurduğu hissləri isə heç nə əvəz edə bilməz! AHİK-də müxtəlif sahə və peşələr üzrə 28 həmkarlar təşkilatı birləşib. Bunların hər birinin də öz sahə sazişləri var. Bundan başqa, bizdə üçtərəfli Baş Saziş də mövcuddur. Bunun tərəfləri - Nazirlər Kabineti - Həmkarlar İttifaqları Konfederasiyası - Sahibkarlar Konfederasiyası. O problemlər ki sahələrdə həll edilə bilmir, onlar Baş Sazişə həvalə olunur. Baş Sazişdə problemlərin həllinin dəqiq müddəti də qeyd edilir.

- 28 təşkilat arasında sizin - deməli, həm də bizim sahəmizin yeri?..

- Bütün insan cəmiyyətlərində mədəniyyətə xüsusi yer verilir və bu aspektdən, yəqin ki, bizim yerimiz ön cərgədədir. Amma bizim bu öncüllük Konfederasiyamızın digər sahələrinin, necə deyərlər, «geridəliyi» hesabına deyil. AHİK-in sədri cənab Səttar Mehbalıyevin kompleks səyləri nəticəsində bütün sahələri təmsil edən həmkarlar təşkilatlarımız vahid ansambl, vahid orqanizm kimi tənzimlənir. Bu məqamda Mədəniyyət və Turizm Nazirliyinin, xüsusən, cənab Əbülfəs Qarayevin bizim təşkilata dəstəyini, bir sıra problematik məsələlərdə işlərimizə konstruktiv yanaşmalarını da məmnunluq hissi ilə qeyd etmək istərdim.

- İstirahətə, yardıma, qayğı-qılığa daha çox meylli olan mədəniyyət işçilərində sizin təşkilata dair «major» çoxdur, ya «minor»? Axı, onlarda sözün hər iki anlamında «demaqoq»luq da var...

- Mən çox istərdim ki, hər bir mədəniyyət işçisi ildə bir dəfə öz zövqüncə istirahət etsin. Təəssüf ki, son illər bu mümkün olmur. Amma zənnimcə, çox humanist, çox ayıq olan mədəniyyət işçilərimiz bunu da gözəl anlayırlar ki, məlum hadisələrlə bağlı indi ölkədə vəziyyət o qədər də ürəkaçan deyil və biz qayğıları, putyovkaları daha çox qaçqın, imkansız ailələrə, məşəqqət çəkmiş insanlara, xəstələrə yönəldirik ki, onlar həm fiziki, həm psixoloji cəhətdən özlərini bərpa edə bilsinlər...

 

 

Söhbətləşdilər:

 

T.Abbaslı,

 

K.Cəbrayıl

 

Mədəniyyət.- 2009.- 16 sentyabr.- S. 6-7.