Turizm sahəsinə dair daha bir konfrans

 

“Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi”- Lot 6 proqramının iştirakçıları Bakıya toplaşıb

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm İnstitutu və Xəzər Universitetinin təşkilatçılığı ilə Bakıda Avropa İttifaqının Cənubi Qafqaz ölkələri üçün “Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi”-Lot 6 proqramı iştirakçılarının tərəfdaşlıq konfransı keçirilib. 3 gün davam edən tədbirdə 16 ölkəni təmsil edən 30-a yaxın nümayəndə iştirak edirdi.

 

Konfransı açan ATİ-nin rektoru Cəfər Cəfərov bildirib ki, Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi Proqramı Avropa İttifaqı ölkələri ilə yeni yaranmış müstəqil dövlətlər arasında təhsil sahəsində əməkdaşlığın inkişafını sürətləndirmək məqsədilə həyata keçirilən və Avropa Birliyi tərəfindən maliyyələşdirilən təhsil sahəsində mübadilə layihəsidir. Bu layihə tələbələri (bakalavr və magistr), tədqiqatçıları (namizədlər, doktorlar), akademik heyət, eyni zamanda özəl və ictimai sektor təmsilçilərini inkişaf imkanları ilə təmin edir.

Rektorun dediyinə görə, konfrans görülən işlərlə bağlı bir növ hesabat xarakterli bir tədbirdir və layihənin iştirakçısı olan bütün ölkələrdə təşkil edilir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanın təhsil sistemində gənclərimizin gələcəyi ilə bağlı olan bir sıra layihələr reallaşdırılır: “Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi”-Lot 6 proqramı Azərbaycan Turizm İnstitutu, ölkəmizin təhsil sistemində çox böyük fəallıq göstərən Xəzər Universiteti və Gəncə Dövlət Universitetinin dünya təhsil sisteminə inteqrasiyasına təkan verən bir layihədir və gənclərimizin dünyagörüşünün formalaşmasına xidmət edir. Mən bu layihənin həyata keçməsinə yardım edən bütün beynəlxalq təşkilatlara, o cümlədən Avropa İttifaqına, Avropa Şurasına dərin təşəkkürümü bildirirəm».

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev tədbirin əhəmiyyətini vurğulayaraq, proqramın fəaliyyətini yüksək qiymətləndirib.

Avropa Komissiyasının Azərbaycan nümayəndəliyinin təmsilçisi Jan Lui Lavrov bildirib ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və təhsil sahəsində mübadilə məqsədilə həyata keçirilən bu proqram MDB ölkələrində 1993-94-cü illərdən həyata keçirilir. Proqramın əsas məqsədi inkişaf etməkdə olan ölkələrdə təhsilin inkişafına təkan verməkdir: «Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi”-Lot 6 proqramı Avropa təhsilinin dünyada tətbiq edilməsində böyük rol oynayıb. Layihə tələbələri (bakalavr və magistr), tədqiqatçıları (namizədlər, doktorlar), akademik heyət, eyni zamanda özəl və ictimai sektor təmsilçilərinin inkişafı üçün nəzərdə tutulub. 2009-cu ilin iyun ayından başlayaraq proqram çərçivəsində 20 mindən çox tələbə maliyyələşdirilib». Avropa Komissiyası nümayəndəsinin dediyinə görə, Azərbaycandan 47 nəfər layihə çərçivəsində təhsilini davam etdirmək məqsədilə öz sənədlərini təqdim edib və onların 3-ü artıq seçilib.

Proqramın qaliblərindən olan Azərbaycan Turizm İnstitutu 2007-ci ildən Yunanıstan, Fransa, Latviya, Bolqarıstan, İtaliya, Portuqaliya və Niderlandın 16 ali təhsil müəssisəsi ilə mübadilə həyata keçirir. Layihə çərçivəsində institutda Portuqaliyadan 2 müəllim dərs deyib, həmin ölkədən 1, Fransadan isə 2 magistr tələbə mübadilə çərçivəsində təhsil alıb. 2007-2008-ci tədris ilində institutun 1 müəllimi, 5 tələbəsi, 2 magistr və 1 tədqiqatçısı Avropaya göndərilib. 2008-2009-cu tədris ilində isə 1 müəllim Fransanın Anjer Universitetində olub. Hazırda 6 tələbə, 2 tədqiqatçı, 1 doktor, 1 magistr təhsillərini Avropa institutlarında davam etdirirlər.

Konfransda layihənin əlaqələndiricisi xanım Tania Kapikinin, bu proqramdan faydalanan Azərbaycan Turizm İnstitutu tələbələrinin və müəllim heyətinin məruzələri dinlənilib.

Sentyabrın 13-dək davam edən tədbirdə proqramın fəaliyyətində qazanılmış nailiyyətlər və ilkin mərhələnin yekunları müzakirə edilib.

Qeyd edək ki, konfrans keçirilən günlərdə layihə üzrə tərəfdaş ölkələrin - Yunanıstan, Portuqaliya, İtaliya, Niderland, Bolqarıstan və Gürcüstanın ali məktəblərinin nümayəndələri, eyni zamanda yunan iş adamları Azərbaycana səfər ediblər.

Konfrans öz işini ingilis dilində davam etdirib.

 

 

Fəxriyyə ABDULLAYEVA

 

Mədəniyyət.- 2009.- 16 sentyabr.- S. 4.