Nadir bitkilər
məkanı
1934-cü ildə
Bakının ən hündür yerində, dəniz səviyyəsindən
135 metr hündürlükdə möhtəşəm bağ
salınır. Elə bir bağ ki, təbiətin ən nadir
bitkilərini özündə toplayır. Bu, Azərbaycan Milli
Elmlər Akademiyasının Mərkəzi Nəbatat
bağı idi. Məhz bu bağın təşkilindən
sonra ölkədə bağçılığın elmi əsaslar
üzrə inkişaf etməsinə təkan verilib. 80-100
hektar ərazini əhatə edən bu məkanda təbiətdə
mövcud olan ən nadir bitkilər cəmləşib.
Bağın üç
giriş qapısı var. Hər üç giriş gözəl
məkana açılır. Yolboyu uzanan yaşıl
ağaclarla əhatə olunmuş xiyabanlar, rəngarəng
çiçəklərlə dolu cığırlar göz
oxşayır. Təbiətin bu əsrarəngiz məkanında,
hər tərəfdən ağaclarla əhatə olunmuş
xiyabanda oturub təmiz hava almaq insana zövq verir. Bağda yerləşən
böyük hovuzlar suda üzən
açıq-qırmızı və ağbalıqlarla doludur.
Bundan başqa, hovuzları əhatə edən hündür
divarlar da səyahətçilərin hovuzu rahat şəkildə
seyr etmələri üçün əla şərait
yaradır. Artıq may ayına qədər bağda bitən
lalə, zanbaq gülləri solsa da, digər kol gülləri
bu boşluğu ört-basdır edir. İlk baxışdan
insana ucsuz-bucaqsız görünən bağı gəzib-dolaşdıqca
cığırlarda ağaclardan düzəldilmiş təbii
qövsvari keçidlər səyahətçilərdə
gözəl əhval-ruhiyyə yaradır. Hazırda Nəbatat
bağında nadir və nəsli kəsilməkdə olan endem
və relikt dendro flora növləri var. Burada səyahətçilərin
heç birinin diqqətindən yayınmayan mənzərələrdən
biri bağın mərkəzində bitən nəhəng
palmadır. Bu ağac o qədər hündürdür ki, hətta
onun qol-budaqları 3 mərtəbəli Vegetasiya evinin damına
qədər yüksəlib. Hazırda Nəbatat bağında
600 növdə ağac və kol bitkisi var. Bunlar Qafqaz, o
cümlədən Azərbaycan florasından, eləcə də
Şərqi Asiya, Aralıq dənizi hövzəsi, Şimali
Amerika və dünyanın digər rayonlarının
florasındandır. Onların içərisində elə
növlər var ki, Mərkəzi Nəbatat bağından
başqa respublikanın heç bir
yaşıllıqlarında təsadüf olunmur. Belə
ağac və kol bitkilərindən Atlas, Livan sidrini, Avropa
ağ şamını, Sahil şamını, uzuniynəli
şamı, ikidilimli kinqonu, çiyələk
ağacını, müxtəlif növ sərv, yemişan,
dovşanalması, iydə, üçdilimli kudraynanı və
s.göstərmək olar. Nəbatat bağında elmi-tədqiqat
işləri aparılır. Burada 3 laboratoriya, 2
yaradıcı qrup fəaliyyət göstərir və 23 elmi
işçi çalışır.
Azərbaycan Milli Elmlər
Akademiyasının Mərkəzi Nəbatat bağı Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il qərarı
ilə ölkə əhəmiyyətli daşınmaz tarix və
mədəniyyət abidəsi kimi qorunur.
Mədəniyyət.- 2009.- 18 sentyabr.- S. 16.