Hotellərə nəzarət gücləndirilməlidir

 

Mütəxəssislərin fikrincə, ulduz, hotellərə müəyyən şərtlər daxilində verilməlidir

 

Əgər nəzərə alsaq ki, müasir standartlara uyğun hotellərin olması ölkəyə turist cəlb etməyin ən vacib şərtlərindən biridir, onda Azərbaycanda hazırda mövcud olan iqtisadi inkişaf çərçivəsində hotellərin yaranması təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bu sahə turizmin inkişafına hazırda çox zəruri olan təkanı verə biləcək səviyyədə deyil.

Rəsmilər bunu hotelçiliyin özəl sahə olması ilə izah etsələr də, son vaxtlar hotellərlə bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin bir-birinin ardınca verdiyi sərt bəyanatlar da göstərir ki, artıq bu sahə diqqət mərkəzindədir.

 

Lisenziyasız fəaliyyət göstərən 60 hotelin fəaliyyəti dayandırılıb

 

Turizm mövsümünün qızğın çağında nazir mətbuata verdiyi açıqlamada bildirdi ki, Azərbaycanda lisenziyasız fəaliyyət göstərən 60-a yaxın hotelin fəaliyyəti dayandırılıb və sənədləşmə işləri aparılmasa, bu hotellərin fəaliyyətinə yay mövsümünün sonuna qədər icazə verilməyəcək.

Açıqlamasında nazir onu da bildirmişdi ki, 258-dən artıq hotel Mədəniyyət və Turizm Nazirliyindən lisenziya alıb və hazırda daha 60-a yaxın müraciətə baxılır. Onun dediyinə görə, bu gün Azərbaycanda ulduz almış hotellərin sayı 70-dir.

Bu açıqlamadan dərhal sonra isə Mədəniyyət və Turizm Nazirliyi xarici və yerli turistlərə Bakıda və bölgələrdə yerləşən bir sıra mehmanxana və mehmanxana tipli obyektlərin xidmətindən istifadə etməməyi tövsiyə etdi. Bakıda yerləşən 4, Sumqayıtda 1, Quba-Xaçmaz zonasında 67, Şəki-Zaqatala zonasında 13, Dağlıq Şirvan zonasında 26, Aran zonasında 9, Masallı-Lənkəran zonasında 24, Gəncə-Qazax zonasında fəaliyyət göstərən 13 mehmanxana nazirliyin təqdim etdiyi siyahıya düşüb. Qurumdan verilən rəsmi məlumatda bildirilir ki, adları çəkilən bu turizm obyektləri lisenziyasız, qeyri-qanuni fəaliyyət göstərirlər.

 

Bəzi hotellərin ulduzları geri alınacaq

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir müddət əvvəl mətbuata verdiyi açıqlamada bir daha bu məsələyə toxunaraq bildirib ki, bu ilin sentyabrında Azərbaycanda fəaliyyət göstərən bir neçə hotelin ulduzu geri alınacaq. Nazirin dediyinə görə, bunun səbəbi onların yüksək səviyyəli xidmət təşkil edə bilməmələridir: «Düzdür, Azərbaycanda fəaliyyət göstərən hotellərdə ulduzların dərəcəsini aşağı salmaq haqqında danışa bilmərik, çünki bizdə belə nümunə yoxdur. Ulduz alan hotellərin hamısı bu məsuliyyəti dərk edib, o ulduzlara uyğun xidmət təqdim etmək istəyirlər. Amma elə yerlər də var ki, lisenziyanı aldılar, xidməti isə uğurlu qura bilmədilər”.

Ə.Qarayev paytaxtdakı hotellərdə qiymətin dəyişilməz qaldığını, regionlardakı bəzi hotellərdə isə 15-20 faiz azalma olduğunu da qeyd edib: “Biz həmişə deyirik ki, bazarda nə qədər çox təklif olsa, o qədər də yaxşı rəqabət mühiti olacaq. Ötən illə müqayisədə Bakıda qiymətlərin enməsi müşahidə olunmasa da, regionlarda təxminən 15-20 faiz endirim var. Bu yay mövsümünün yekunları hazırlananda, dəqiq rəqəmlərlə danışa biləcəyik”.

 

«Ulduz hər hotelə verilməməlidir»

 

Bəs hotellərlə bağlı yaranmış problemin kökü nədir? Sualımıza cavab almaq üçün Azərbaycan Hotel Kompleksləri Assosiasiyasının prezidenti Ağarəhim Əliyevə müraciət etdik. AOKA prezidentinin dediyinə görə, əksər hotel sahibləri elə hesab edirlər ki, ulduzu alıb hotelin üzərindən asmaqla iş tamamlanır: «Bəziləri bunu məsuliyyətsizlikdən etsə də, elə hotellər də var ki, ulduzu aldıqdan sonra o səviyyədə fəaliyyət göstərməyə sadəcə gücləri çatmır. Ümumiyyətlə götürdükdə ulduz almağın bir çox şərtləri var. Bunların ən birincisi xidmətin keyfiyyətidir. Hotel turistə aldığı ulduzun sayına müvafiq olaraq xidmət göstərməlidir. Hər hansı bir hotelə ulduz verilməmişdən əvvəl onun işi nəzarətə götürülməlidir. Digər tərəfdən, hoteldə çalışan xidməti personalın heç olmasa yarısı təcrübəli, peşəkar, mehmanxana işini dərindən bilən mütəxəssis olmalıdır. Bizdə isə beşulduzlu, dördulduzlu hotellərdə bir, ya iki nəfər belə adam tapsan, böyük şeydir. İkinci bir tərəfdən, təsadüfi adamları gətirib hotelə baş müdir qoyurlar. Əksəriyyəti əcnəbi olan bu insanlara ən azı bir ay Azərbaycanın adət-ənənələri, qanunları, mədəniyyəti haqqında geniş bilgilər verilməlidir. O baxımdan da yeni istifadəyə verilən hər hansı hotelə dərəcə verəndə bütün bunların hamısı nəzərə alınmalıdır ki, sonradan ortaya problemlər çıxmasın».

Ağarəhim müəllimin dediyinə görə, hotellərin ən böyük problemlərindən biri də onlarda təcrübəli bələdçilərin olmamasıdır: «Təsəvvür edin ki, beşulduzlu hoteldə qalan turistə xidmət göstərməyə normal bir bələdçi yoxdur. Hansı ki, bu kateqoriyalı hotellərdə ən azı beş dili mükəmməl bilən, eyni zamanda ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri haqda geniş bilgiyə malik olan bələdçilər olmalıdır. Hotel konsert sarayları, teatrlarla, muzeylərlə yaxın əlaqələr qurmalıdır ki, gələn turist istədiyi yerə gedə bilsin. Hər mövsümdən əvvəl onların hazırlığı yoxlanmalıdır. Belə şərtlərə cavab verməyən hotelə heç bir halda beşulduz, dördulduz vermək olmaz. Nazir belə bir açıqlamanı verməkdə haqlıdır. Əgər hotel sahibi dərəcəni alıb bununla da işini bitmiş hesab edirsə, onda onların ulduzları əllərindən alınmalıdır».

Ağarəhim müəllim onu da bildirdi ki, bəzi məsələlərdə AOKA hotellərə kömək edə bilər. Bir şərtlə ki, onlar bu quruma üzv olsunlar: «Hotelin nəzarətsiz fəaliyyət göstərməsi qeyri-mümkündür. Onların işlərini hər hansı formada tənzimləyən qurum isə AOKA-dır. Ümumiyyətlə, həm bu məsələdə, həm də digər problemlərinin həllində biz hotellərə kömək edə bilərik. Bunun üçün də təbii ki, onların AOKA-ya üzv olmaları lazımdır».

AOKA prezidenti bu gün Azərbaycanda hotellərin qiymətinin həddindən artıq baha olması məsələsinə də aydınlıq gətirdi. Onun dediyinə görə, hoteldə bazarlıq üçün təhkim edilmiş şəxs bazara gedir və orada aldığı ərzağın qiymətinin üstünə bir qədər pul əlavə edib verir aşpaza: «Aşpaz da bişirilən yeməyin qiymətini maya dəyərindən bir az da artığına satır. Nəticədə isə hoteldə qalan adamın təkcə birgünlük yemək xərci ən azı 20-30 manat artır. Əgər hoteldə qalmaq 120 manat idisə, indi olur 200 manat. Ona görə də çalışıb hotelləri hər baxımdan nəzarətdə saxlamaq lazımdır».

 

Xarici təcrübədə keyfiyyət anlayışı yoxdur

 

Məsələ ilə bağlı Azərbaycan Turizm İnstitutunun kafedra müdiri Bahadur Bilalovun da fikirləri maraqlıdır. Onun dediyinə görə, lisenziya və dərəcə verən bir orqanın həmin sənədləri geri almaq hüququ da var. Bu hüquqdan istifadə etməklə yüksək xidmətə nail olmaq mümkündür: «Amma məsələ burasındadır ki, Nazirlər Kabinetinin 16 iyul 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması qaydaları»na uyğun olaraq mehmanxanaların təsnifatlaşdırılması (ulduzlaşdırma) xidmətin keyfiyyəti ilə deyil, göstərilən xidmətlərin sayı ilə müəyyən edilir. Yəni hər ulduza uyğun xidmətlər çeşidi olmalidir. NK-nın qərarı ilə təsdiq olunmuş sənəddə 1 ulduzdan başlamış 5 ulduz hotel də daxil olmaqla hansı xidmətlər çeşidinə malik olması əks olunur. Xarici təcrübədə, xüsusən qardaş Türkiyənin Antalya bölgəsindəki hotellərin ulduzlarının artıb-azalmasının dəfələrlə şahidi olmuşuq. Yəni əgər ulduz aldıqdan sonra hotel turistlərə daha yüksək ulduza aid olan xidmətlər təqdim edə bilirsə, onun ulduzu artırılır və ya əgər müəyyən olunmuş xidmətləri təqdim edə bilmirsə ulduzu aşağı salınır».

Ümumiyyətlə, xarici təcrübədə istər hotel 1 ulduz və ya 5 ulduz olsun, fərqi yoxdur, lazımi keyfiyyətin olmadığını vurğulayan mütəxəssis deyir ki, orada göstərilən xidmətlər yüksək səviyyədə olur: «Təəssüflər olsun ki, Azərbaycanda vəziyyət tamam başqadır. Bəzən 2 ulduz səviyyəsinə uyğun xidmətlər çeşidi təqdim edən hotel sahibləri 4 ulduz almağa iddia edirlər. Digər ölkələrdə, məsələn, Amerikada yüksək ulduz almağa çox meyil yoxdur, çünki yüksək ulduz yüksək də vergi deməkdir. Belə ki, diferensiallaşdırılmış vergi tətbiq olunduğundan sahibkar az vergi ödəmək üçün 3 ulduz hotelə daha çox üstünlük verir. Bildiyiniz kimi, bizdə belə bir diferensial vergi tətbiq edilmir».

B.Bilalovun fikrincə, ölkəyə turist axınını artırmaq üçün mehmanxana xidmətlərinin qiymətinin tənzimlənməsinə ehtiyac var. Yəni müəyyən edilməlidir ki, 3 ulduzlu və 4 ulduzlu hotelin maksimum qiyməti nə qədər olmalıdır: «Bizdə elə hotellər var ki, göstərdiyi xidmətlər 3 ulduz səviyyəsində olsa da, qiymətləri xarici ölkələrdəki 5 ulduz hotelə uyğundur».

Qeyd edək ki, rəsmi statistikaya əsasən hazırda Bakı şəhərində 165, bütün ölkədə isə 500-dən artıq hotel fəaliyyət göstərir. Bunlardan 258-nə turizm fəaliyyətinə dair lisenziya verilib, 56 yeni müəssisə isə tikilməkdədir. Ölkədə mehmanxana və ona bərabər tutulan obyektlərin sayı 328-dir. Onların 35 faizi Bakının payına düşür. Bu obyektlərdə 24 min 700 yataq yeri var. Bundan əlavə, 47 mehmanxanaya keyfiyyət nişanı - ulduz, 30-a yaxın obyektə isə mehmanxana fəaliyyətinə dair lisenziya verilib.

 

 

Fəxriyyə ABDULLAYEVA

 

Mədəniyyət.- 2009.- 18 sentyabr.- S. 7.