Musiqimizin mətbu
təbliğçisi
“Musiqi dünyası” jurnalının 10 yaşı
tamam olur
1999-cu il sentyabrın 18-də, Azərbaycan musiqi mədəniyyəti
üçün əlamətdar olan bir gündə -
“Üzeyir musiqi günü”ndə respublikamızın musiqi
ictimaiyyətinə yeni bir nəşr təqdim olundu. Onun adı
da əlamətdar idi: “Musiqi Dünyası”
- elmi-pedaqoji, tənqidi-publisistik və mədəni-maarif musiqi jurnalı. Tezliklə jurnalın elektron versiyası da fəaliyyətə başladı ki, bu da onun
oxucu auditoriyasının
genişlənməsinə şərait yaratdı.
“Musiqi Dünyası” jurnalının naşiri və baş redaktoru Azərbaycan Respublikasının əməkdar
incəsənət xadimi,
sənətşünaslıq doktoru, professor Tariyel Məmmədovdur.
“Musiqi dünyası”
jurnalının əsas məqsədi Azərbaycan musiqisinin
III minilliyə çatdırılması, milli musiqi irsinin
qorunması və təbliği,
musiqişünaslığın aktual problemlərinin önə
çəkilməsi, müasir musiqi təhsili ilə
bağlı məsələlərə diqqət yetirilməsi,
musiqi irsimizin dünya arenasına çıxarılması,
beynəlxalq əlaqələrin yaradılmasından ibarətdir.
Rubrikalara nəzər
salsaq jurnalın mövzu və mündəriə rəngarəngliyindən
xəbərdar olarıq. “Ustadlarımızın xatirəsinə”, “Üzeyirşünaslıq”,
“Portretlər”, “Etnomusiqişünaslıq”,
“Musiqinin aktual problemləri”, “Musiqi təhsili və maarifçiliyi”, “Kulturoloji
məsələlər”, “Müəllif
və hüquq”, “Gənc tədqiqatçılar”,
“Bizə yazırlar”,
“Yeniliklərimiz” və
s. Jurnalın səhifələrində respublikamızın
musiqi həyatı, keçirilən tədbirlər,
konsertlər və s. haqqında məlumatlar, həmçinin
yerli və xarici müəlliflərin
məqalələri öz
əksini tapır. “Musiqi dünyası” Azərbaycan musiqi elminin problemləri, tədqiqat sahələri və nailiyyətləri ilə öz oxucularını tanış
edir.
Xüsusi olaraq Heydər
Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
rəhbərliyi ilə “Musiqi dünyası”nın əməkdaşları
tərəfindən hazırlanan, T.Məmmədovun koordinatoru
və məsul redaktoru olduğu “Qarabağ xanəndələri”
və “Muğam ensiklopediyası” kimi qiymətli nəşrləri
qeyd etmək istərdim. Azərbaycan muğamının
dirçəldilməsi və dünyada təbliği məqsədlərinə
xidmət edən bu nəşrlər muğam
dünyasının görkəmli simalarını, təkrarolunmaz
ifalarını canlandıran zəngin mənbələrdir.
“Musiqi dünyası”
jurnalı həm də elektron nəşrlər mərkəzi
kimi fəaliyyət göstərir. Jurnal artıq respublikamızın musiqi mədəniyyətində müasir
informasiya texnologiyalarının
tətbiqi sahəsində
liderə çevrilmişdir.
Onu da qeyd
edək ki, dünya virtual məkanında Azərbaycan
musiqi mədəniyyətini
təmsil edən bu layihələrin də müəllifi T.Məmmədovdur. Eyni zamanda, 2007-ci ildən Azərbaycan Radiosunda da “Musiqi dünyası”
radio jurnalı yayımlanır ki, bu da musiqi
mədəniyyətinin və
elminin yeniliklərini geniş dinləyici kütləsinə çatdırır.
“Musiqi dünyası”nda
yaradılan 25-dən artıq rəngarəng veb-sayt Azərbaycan
musiqi mədəniyyətini müxtəlif rakurslardan
işıqlandırarır. Bunlardan “Üzeyir Hacıbəyov”
internet portalı, “Qara Qarayev”, “Əfrasiyab Bədəlbəyli”,
“Tofiq Quliyev”, “Vaqif Mustafazadə” memorial saytlarını,
Ü.Hacıbəyovun “Leyli və Məcnun”, “O olmasın, bu
olsun”, “Arşın mal alan” əsərləri əsasında
hazırlanmış virtual muzeyləri göstərmək
olar.
“Bakı Musiqi
Akademiyası”, “Azərbaycanın bəstəkar və
musiqişünasları” kataloq xarakterli saytlar olmaqla bu təşkilatların
strukturunu və əməkdaşlarla internet əlaqə vasitələrini
əks etdirir. Təhsil prosesi ilə bağlı saytlar sırasında “Musiqiçinin
elektron kitabxanası”,
“Üzeyir Hacıbəyov
- elektron dərs vəsaiti” kimi saytların adı çəkilməlidir. Musiqi
təhsili prosesində
mühüm əhəmiyyətə
malik olan Ü.Hacıbəyovun “Azərbaycan
xalq musiqisinin əsasları”, “Üzeyir
Hacıbəyov elektron
ensiklopediyası”, Əfrasiyab
Bədəlbəylinin “İzahlı-monoqrafik musiqi lüğəti”, “Muğam
ensiklopediyası” kimi elektron nəşrlər də qeyd olunmalıdır.
Əlbəttə ki, bütün
bu nailiyyətlər bizi çox sevindirir və
yaradıcılığa ruhlandırır. Elə bu nikbin
ruhla da mən öz doğma kollektivimi, “Musiqi
dünyası”nın əməkdaşlarını, həmçinin
respublikamızın musiqi ictimaiyyətini, musiqişünas və
bəstəkarlarımızı “Musiqi dünyası”nın ilk
yubileyi münasibətilə təbrik edir və yeni uğurlar
arzulayıram.
Cəmilə Həsənova,
sənətşünaslıq namizədi
Mədəniyyət.- 2009.- 18 sentyabr.- S. 5.