Üzeyir ömrü
– zamansızlıq
O, dövrünün mücahididi.
Millət aşiqi, vətən təəssübkeşi,
sənət cəfakeşidi.
Həmişə əlçatmazdı,
qibləgahdı. Və
heç şübhəsiz,
bütün zamanların
sınağından üzüağ
çıxan ürfan
adamı, dahidi. Səmimi deyim ki, Üzeyir Hacıbəyov haqqında
danışanda ilk ağlıma gələn indicə söylədiyim fikirlər olur. Heç vaxt dahi deməyə xəsislik etmədiyim Üzeyir bəyin ünvanına, məncə,
bu qiymət zərrəcə artıq
deyil. Azərbaycan mədəniyyətinə misilsiz
töhfələr vermiş
bir insanın dəyərini başqa cür çatdırmaq mümkünsüzdü.
Üzeyir bəy peyğəmbər
ömrü yaşayıb. Altmış üç il. Bu, təsadüf,
ya qanunauyğunluqdu, bunu bir Allah
bəndəsi olaraq, dəqiq deyəmmərəm.
Görünür, uca
yaradanın bizim üçün sirr qalacaq möcüzələri
sırasında dahilərin
dünyaya gəlişi
də özünə
yer tutur. Və birmənalı şəkildə deyə bilərik ki, Üzeyir bəyin həyatı məhz, belə istisnalara aiddi.
Altmış
üç ildə neçə-neçə ömrə yetəcək
işləri görmək həqiqətən möcüzədi.
Ən azı, fiziki ölçülərə
sığışmayan fəaliyyətin
hardan, necə qaynaqlandığı sirri-xudadı. Bəli, Üzeyir bəy fitrəti xudanın lütfündən beləcə
təkrarsız, qaynar,
tükənməz yaranmışdı.
Bəstəkar, müəllim,
nəzəriyyəçi, dramaturq, jurnalist, ictimai xadim... Bunların hamısı onun şəxsində cəmləşib,
fəaliyyətində əksini
tapıb. Biri o birindən
geri qalmadan. Əgər ötən əsrin əvvəlində
Qori Seminariyasında təhsilin ardından Üzeyir bəy sadəcə kənd müəllimiydisə, on-on beş il sonra Azərbaycanın tanınan, sayılıb-seçilən
ziyalılarının cərgəsindəydi.
Müəllimlikdən jurnalistliyə, jurnalistlikdən
bəstəkarlığa, bəstəkarlıqdan
dramaturqluğa, ictimai
xadimliyə doğru mürəkkəb inkişaf
mərhələsi keçmişdi.
Onun belə zəngin, çoxcəhətli fəaliyyətində
bəstəkarlığı xüsusi çəkiyə
malikdi.
Azərbaycanda opera və
musiqili komediya janrının, xor kapellasının, simfonik və
xalq çalğı alətləri orkestrlərinin, yalnız
ölkəmizdə deyil, bütün Şərqdə ali
musiqi təhsilli kadrlar hazırlayan konservatoriyanın
yaradılması, Elmlər Akademiyasında İncəsənət
İnstitutunun formalaşdırılması və s. məhz
Üzeyir bəyin adıyla bağlıdı. Hələ
22 yaşındaykən bəşərin
nadir söz incilərindən
olan, yüz illər boyu sevilmiş «Leyli və Məcnun»a müraciət hər baxımdan əlamətdar
hadisəyə çevrildi.
Dahi Füzuli poeziyasını
musiqiyə qovuşduran
sənətkar dünyada
ilk muğam-operanı ərsəyə
gətirməklə böyük
şairə, özünə
və ürəkləri
fəth edən məhəbbət dastanına
heykəl qoydurdu.
Azərbaycan peşəkar musiqisinin,
milli bəstəkarlıq
məktəbinin həmin
tarixdən hesablanması
tam, ədalətli qərardı.
Yüz ildən artıq vaxt keçməsinə baxmayaraq, Üzeyir Hacıbəyovun peşəkar
musiqimizin cığırdaşından
mayakına, milli mədəniyyətimizin məhək
daşına çevrilməsi
bu qərarı, bu inkaredilməz həqiqəti bir daha təsdiqləyir.
Maraqlıdı ki, ömrünün
axır illərində
«Azərbaycan xalq musiqisinin əsasları»
fundamental əsərini yazmaqla
musiqişünaslıq xəzinəmizi,
gəncliyindəsə satirik
məqalələri, felyeton
və pamfletləriylə
mətbuatımızı zənginləşdirmişdi
Üzeyir bəy.
Və onun bu fəaliyyəti
musiqi yaradıcılığından
geri qalmır. Üstəlik, bizi gələcək
əhəmiyyətinə də
inamsız qoymur.
Dahi bəstəkar
neçə-neçə əbədiyaşar əsərlər
müəllifidi. Onlardan az bir qisminin
«Arşın mal alan»ın, «O, olmasın, bu olsun»un, «Koroğlu»nun,
«Sənsiz»in, «Sevgili canan»ın, «Arazbarı»nın adını çəkmək
kifayətdi. Bunlar öz yerində, onunla bağlı ən yaddaqalan hadisə hər il doğum
gününün elliklə
keçirilməsidi. Axı, həmin
gün dünyəvi musiqimizin şəhadəti
kimi qəbul olunub, təntənəylə
qeyd edilir.
Növbəti təntənəni yaşayırıq. Yenə Üzeyir
bəy musiqimizin başındadı. Amma
mən nədənsə
bu anda dahi
sənətkarın yüz
üç il
qabaq qələmindən
çıxmış bir
yazını diqqətinizə
yönəltmək istəyirəm.
Mətbuatla bağlıdı və oxuyanda ovqata uyğun musiqi qulağımızı
qıdıqlayır. Buyurub, baxa
və qulaq asa bilərsiz. Üzeyir nəfəsini dərhal duyacaqsız.
«Günlərin bir
günü, yəni bir neçə zaman bundan irəli
nə tövr oldusa bir firənglə
Dedi: Beş milyon?
Dedim: Bir qədər azdır.
Dedi: Dörd milyon?
Dedim: Bir qədər azdır.
Dedi: Üç milyon?
Dedim: Bir qədər azdır.
-İki milyon?
-Yox, azdır.
-Bir milyon?
-Yox, azdır.
-Beş yüz min?
-Yox, azdır.
...-Üç min?
-Yox, azdır.
-
İki min?
-Yox, azdır.
-Bir min?
-Yox, bir az çoxdur.
-Bəs neçə?
-Min səkkiz yüz!
Bu sözü demişdim ki,
gördüm rəfiqim tez bir fayton çağırıb,
düz vağzala sürdürdü və o gedən firəng
odu getdi. Bir neçə vaxtdan sonra firəngdən bir
kağız aldım ki, içində bunu yazmışdı:
«Altı milyon tayfanın
içində bir dənə qəzet ola və o qəzetin də
min səkkiz yüz müştərisi ola, o tayfadan heç
bir yaxşı şey gözləmək olmaz, a molla!..»
Seymur Elsevər
Mədəniyyət.- 2009.- 18 sentyabr.- S. 4.