Yüz bir ilin qovuşuğunda

 

 İlk bəsit və mükəmməl simli musiqi alətlərində bəstələnən kiçikhəcmli musiqi əsərlərindən iri simfoniyalara, musiqili səhnə əsərlərinə, operalara gəlib çatanadək Avropa simfonizminə əsrlər boyu zaman gərək olmuşdu. Amma biz bu yolu cəmi iyirmi-otuz ildə keçdik, heç yarım əsr də keçmədi ki, dünya Azərbaycan simfonik musiqisini tanıdı.

 

Azərbaycanda avropasayağı musiqi mədəniyyəti elə birbaşa ən iri əsərlə - opera ilə başladı. Gənc Üzeyir bəy uşaqlıq arzusunu gerçəkləşdirmək istəyilə, özü bilmədən, dünya musiqi mədəniyyətinə, opera sənətinə yeni bir janr - muğam operası bəxş etdi. 1937-ci ildə ilk tamaşası oynanılan «Koroğlu» operası, bundan bir neçə il öncə səhnəyə qoyulmuş «Nərgiz» (bəstəkar - Müslüm Maqomayev) operası artıq milli musiqiyə köklənən əsərlər idi. Dünyanın heç bir musiqi mədəniyyəti isə milli kökdən xali deyil. Necə ki, Çaykovskinin, Musorqskinin operalarında rus xalq musiqisinin motivləri var, Verdinin, Puççininin operalarında italyan milli musiqinin çalarları eşidilirsə, Azərbaycan bəstəkarlarının əsərlərində bu, aydın sezilir.

İyirminci əsrin əvvəlində Azərbaycan insanı hələ Avropa üslublu musiqiyə alışmamışdı. Düzdü, Bakıda opera teatrı var idi, filarmoniya tikilmişdi. Yaxın-uzaq ölkələrdən Bakıya qastrola gəlirdilər, tamaşa oynayırdılar, konsert verirdilər. Amma onların əsas tamaşaçıları, dinləyiciləri neft bumu yaşayan Bakıda məskunlaşan avropalılar, imperiyanın hər bucağından neft qoxusuna buraya axışan millətlərin təmsilçiləri, Avropada təhsil almış, yaxud rusdilli yerlilər, bir dünya ilə ayaqlaşdığını göstərmək istəyən milli burjuaziyanın nümayəndələri idi.

Yaranma tarixi 1908-ci ildən, «Leyli və Məcnun» operasının ilk tamaşasından hesablanan Azərbaycan professional musiqisi iki dayaq - muğam və aşıq musiqisi üzərində ucalan göydələn misallıdır. Bir məsələyə diqqət çəkək. muğam, aşıq musiqisi tək bizə məxsusdur. Onların hər ikisi gerçək tarixi-etnik-coğrafi məkanda minilliklər boyu məskunlaşan Şərq türk xalqlarının, ortaq musiqi folklor qaynağıdır. Amma ərəblərin, farsların, hindlilərin simfonik muğamı, muğam operası var, bir çox türk xalqlarının. Eləcə onların aşıq musiqisi kökənli simfonik musiqisi yoxdur. Ötəri olsa daha yaxın musiqi tariximizə nəzərə salaq. Dünya musiqisində tamamilə yeni olan caz-muğam sintezinin yaranma ünvanı Azərbaycandır. Çox maraqlı bir nüans var. Kimsəyə sirr deyil ki, Qafqazda caz musiqisinə ilk maraq göstərən görkəmli caz ifaçılarının vətəni Gürcüstandır. Amma onlarda da zəngin gürcü musiqi folkloru ilə klassik cazın qovuşuğundan yeni nəsə yaranmayıb.

Təxminən 20-30 ilin içində Azərbaycanda güclü milli bəstəkarlıq məktəbinin yaranmasının əsas səbəbi bizim milli musiqi irsimizin zənginliyidir. Heç şübhəsiz ki, bu zəngin sərvətin daşıyıcısı bizik. Biz muğam operalarımıza hələ dünya çapında layiq olduğu şöhrəti qazandıra bilməmişiksə, muğam sənətimiz bu zirvəyə illərdir ki, sahiblənib. İlk Azərbaycan baletimiz «Qız qalası»na hələ yalnız bizim teatrda tamaşa etmək mümkündürsə, minillik rəqs mədəniyyətinə malik hindlilərin baletini azərbaycanlı bəstəkar yazdı. Üstəlik, Qara Qarayevin bütün dünya üçün əbədi olan mövzularda yazdığı «Yeddi gözəl» ilə «İldırımlı yollarla» baletləri, Arif Məlikovun «Məhəbbət əfsanəsi» baleti dünya səhnələrini gəzdi.

Fikrət Əmirovun simfonik muğamlarını Amerikada da ifa etdilər, lentə aldılar. Firəngiz Əlizadə isə dünya avanqard simfonizminin seçilib-sayılan simalarındandır.

İllərdir ki, yaxın-uzaq xaricdə bizim bəstəkarların mahnılarına tamah salırlar, onlara sahib çıxırlar, ən yaxşı halda onlardan bəhrələnməyə çalışırlar. Bu, bizi qədər qeyzləndirsə , hər halda öyünüləsi bir işdir. Pisə kimsə yiyə durub, onu özününkü etmək istəmir. Yox, əgər Cahangir Cahangirovun, Emin Sabitoğlunun, Ələkbər Tağıyevin, Şəfiqə Axundovanın, Eldar Mansurovun bəstələrini kimsə halal ata malı kimi mənimsəyirsə, xalq mahnılarımızı öz adına çıxırsa, biz bütün bunlar uğrunda həvəssiz mübarizə aparırıqsa, bu, artıq başqa söhbətin mövzusudur. Adətən, insan bolluğa düşəndə israfçı, qədirbilməz olur.

Hər halda, yüz il ərzində çox zəngin bəstəkarlıq-ifaçılıq məktəbi yaratmış bir xalqın istedadı tükənən deyil. Bu gün bizim simfonik musiqi bəstələyən, irihəcmli musiqi əsərləri yazmağa qabil cavan bəstəkarlarımız var. Amma çox təəssüf ki, gənc bəstəkar deyəndə mahnı müəlliflərinin adları yadımıza düşür. Ciddi musiqi ilə məşğul olan cavanlardan söz düşəndəsə yaşı əllini keçmiş bəstəkarları sadalayırıq.   

 

 

Gülcahan Mirməmməd

 

 Mədəniyyət.- 2009.- 18 sentyabr.- S. 3.