Bu “Qala” dinc qala?
Şamil Nəcəfzadə: “Azərbaycan
kinosu keyfiyyət mərhələsinə qədəm qoyub”
Bilməyənlər üçün balaca bir qeyd:
1984- cü ildən quruluşçu rəssam kimi fəaliyyətə
başlayan Şamil Nəcəfzadə “Cin mikrorayonda”,
“İthaf”, “Yarasa”, “Leyli və Məcnun”, “Ailə” və
başqa 10- a yaxın filmin bədii tərtibatını verib.
1990- cı ildən isə peşəkar kinorejissor kimi fəaliyyətdədir
və indiyə qədər “Ağ- qara dünya”, “Sonra- sabah”,
“Zəvvar”, “Qısa monoloqlar” və s. kimi sənədli,
“HotDoq”, “Leyli və Məcnun”, “Qala” bədii filmlərin
quruluşçu rejissoru və ssenari müəllifi olub.
Çəkdiyi filmlər
bir çox beynəlxalq kinofestivallarda nümayiş etdirilib. “İthaf” filmi Ukrayna və
Rumıniyanın “KROK” Beynəlxalq Animasiya Festivalının “Ən
yaxşı debüt” prizinə (1991), “Ağ- qara dünya”
Türkmənistanın “Firuzə Baharı” Gənc Kino
Festivalının “Ən yaxşı sənədli filminə
görə” (1993), “Leyli və Məcnun” bədii film
Rusiyanın “Pak xəyallar” Müstəqil Beynəlxalq Kino
Festivalının “Ən yaxşı vizualplastik həllinə
görə” (2002), “Qısa monoloqlar” filmi isə
Polşanın “İnteqrasiya” Beynəlxalq Kino
Festivalının (2004) mükafatlarına layiq
görülüb. Bu dəfə onu həmsöhbət
seçməyimiz təsadüfi deyil.
Bu günlərdə belə
bir xəbər eşitdik: Şamil Nəcəfzadə ikicə
gündür ki, festivaldan gəlib. Vaxtı fövtə vermədik.
Şamil müəllimlə görüşdük.
- Şamil
müəllim, yenicə festivaldan gəldiyinizi
eşitmişik...
- Elədir,
2 gündür ki, dünyanın ən möhtəşəm
kino festivalından biri sayılan Monreal festivalından
qayıtmışam. Bildiyiniz
kimi, mənim sonuncu filmim 2008- ci ildə çəkilən
“Qala” tammetrajlı bədii filmidir və o, avqust ayının
27-dən sentyabrın 7-dək davam edən 33- cü Monreal
Ümumdünya Film Festivalının proqramına daxil
olmuşdu. Yeri gəlmişkən qeyd edim ki, həm filmin, həm
də rejissorun bu festivala göndərilməsində Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin
böyük rolu vardır.
Həmin
festival çərçivəsində “Qala” filmi 4 dəfə
nümayiş olundu. Birinci nümayişdə Azərbaycan
Respublikasının Kanadadakı səfiri cənab Fərid
Şəfiyev də iştirak edirdi. O, filmə baxmaq
üçün Ottava şəhərindən Monreala gəlmişdi.
Fərid müəllim filmi çox gözəl qəbul etdi və
onun gələcəkdə Ottavada da nümayiş etdirilməsini
istədi. Onun fikrincə, filmin həm ideyası, həm də
digər keyfiyyətləri çox yüksək səviyyədədir.
Filmin nümayişində dünyanın peşəkar rejissor
və prodüserləri ilə yanaşı, Monreal şəhərinin
sakinləri də “Qala”nı izləmə imkanı əldə
etdilər. Etiraf etməliyik ki, təkcə Monreal əhalisi
yox, əksər xaricilər Azərbaycan kinosu, hətta Azərbaycanın
özü haqda çox cüzi məlumata malikdirlər. Monrealda
filmə baxış keçiriləndən sonra
tamaşaçıların əksəriyyəti mənə
yaxınlaşıb “nəhayət ki, biz Azərbaycan
haqqında nə isə görə bildik, onun
kinodramaturgiyası vasitəsilə bəzi şeyləri
öyrəndik” deyirdilər. Monrealda hər nümayişdən
sonra filmin müzakirəsi keçirilirdi. Bir qədər təvazökarlıqdan
uzaq olsa da, qeyd etməliyəm ki, “Qala”nın ünvanına
xeyli təbrik gəldi. Mən orada tək deyildim, filmin
prodüseri Rauf Atamalıbəyov də filmin nümayişinə
görə festivala gəlmişdi. Artıq 23 ildir ki, festivala
prezidentlik edən Serj Lozik bağlanış günü bizi təbrik
edərək, bu festivalda Azərbaycanın təmsil
olunmasına görə çox şad olduğunu
vurğuladı. O, filmə yüksək qiymət verərək,
məni gələcək festivalında iştirak etməyə
dəvət etdi. Düşünürəm ki, Monreal
festivalı təkcə mənim yox, ümumilikdə Azərbaycan
kinosunun uğurudur.
-
Moskvadakı sərgidən də söz açsanız pis
olmazdı...
- Bilirsiniz,
Moskvada böyük bir qalereya var: “Mars” qalereyası. Siz deyən
sərgi “Mars” qalereyasının keçirdiyi tədbir idi.
“Milli genin testi” adlanırdı. Qalereyada keçmiş
SSRİ dövlətlərindən foto və sənədli
filmlər nümayiş olunurdu. Sərgini təşkilatçıları
mənə müraciət edərək, “Ağ- qara dünya”
adlı sənədli filmi orada görmək istədiklərini
açıqladılar. Zənnimcə, onların 1991- ci ildə
çəkdiyim məhz bu filmimi istəmələrinə səbəb
filmdə azərbaycanlıların siması, daxili
dünyası, özünəməxsus xarakterlər
qalereyasının olması idi. “Ağ- qara dünya”da mən
köhnə fotolardan istifadə etmişdim. Moskvada baş tutan
bu sərgidə mənim sənədli filmim hər gün
nümayiş etdirildi. Yəqin ki, bu yaxınlarda sərginin
kataloqu Moskvadan mənə çatacaq.
-
Hazırda nə ilə məşğulsunuz?
- 2 yeni
ssenari üzərində işləyirəm. Onlardan biri
yaradıcılığını çox sevdiyim
yazıçımız Afaq Məsuda məxsusdur. Hələlik
ssenarilər üzərində iş prosesi gedir.
-
Aldığınız yeni dəvətlər varmı?
- Bir filmi hər
hansı bir festivala dəvət etməmişdən öncə
o, müəyyən baxış və seçim prosesi
keçir. Baxış prosesi bitdikdən sonra minlərlə
filmin arasından seçilən həmin film və onun
rejissoru festivala dəvət alır. Biz artıq filmimizi bir
neçə festivalın seçim turuna təqdim etmişik və
nəticələri gözləyirik.
- Azərbaycan
kinosunun son durumu barədə fikriniz oxucular üçün də
maraqlı olardı...
- Əgər
Azərbaycan kinosunun son durumunu 10 il əvvəllə
müqayisə etsək, etiraf etməliyik ki, həqiqətən
də nəzərə çarpacaq dərəcədə irəliləyiş
var. İllər var idi ki, ümumiyyətlə kino çəkilmirdi.
Bir qədər əvvəl, ildə cəmi 1-2 film çəkilirdi.
İndi isə ildə 7- 8 film çəkilir. Bu təbii ki,
çox yaxşı haldır, kinomuzun inkişafa doğru
getdiyini göstərir.
- Kəmiyyət
artır, bəs keyfiyyət?
-
Ümumiyyətlə, kinoda kəmiyyət keyfiyyətə
keçir. Əgər biz ildə bir film çəksək,
heç vaxt tərəqqi ola bilməz. Kəmiyyət artmasa,
keyfiyyət də artmaz. İldə gərək ən
azından 10 film çəkilsin ki, onların arasından,
heç olmasa, biri festival səviyyəsində alınsın.
Əgər biz ildə 10 yox, 5 film çəkəcəyiksə,
onda bu o deməkdir ki, iki ildən bir mümkün ola biləcək.
Dünya mütəxəssislərinin bu barədə fikri belədir
ki, 1 ölkənin 1 ildə çəkdiyi filmlərin
yalnız 10 %- i festival səviyyəsində ola bilər. Lakin
orta, hətta aşağı səviyyəli filmlərin
mövcudluğu da mütləqdir. Çünki onlar olmazsa, rəqabət
olmaz. Təbii ki, söhbət normal, sağlam rəqabətdən
gedir. Onların arasında nisbətən uğurlusu da olar,
uğursuzu da - bu, təbiidir. Məgər Amerikada ildə 200
film çəkilirsə, onların 200- ü də “Oskar” səviyyəsindədir?
Xeyr, onların arasından cəmi 10- 15 film seçilir. Mən
inanıram ki, bizdə olan göstəricilər də ilbəil
qalxacaq. Çünki Azərbaycanın həm iqtisadi, həm
də yaradıcı potensialı buna imkan verir. Yalnız o
zaman biz Azərbaycan kinosunun inkişafından
arxayınlıqla danışa bilərik. Amma bizim bəzi həll
olunası vacib işlərimiz var. Azərbaycanda kinoteatrlar
çox azdır. Prezidentimizin bütövlükdə kinonun
bütün sahələrini əhatə edən və onun
inkişafını sürətləndirməyə xidmət
edən sərəncamı var. O proqram bir qədər ləng
olsa da, həyata keçirilir və tədricən çox
vacib işlər görülür. Bu yaxında Azərbaycan
Dövlət Film Fondunun yeni binası inşa olunub təhvil
verildi. Bu o deməkdir ki, nəhayət, Azərbaycan filmlərinin
qorunub saxlanılması və gələcək nəsillərə
ötürülməsi üçün lazım olan şərait
yaradılıb. Paytaxtın ən böyük kino
zallarından olan “Nizami” kinoteatrının əsaslı şəkildə
təmiri də həmin proqrama daxildir. Kinoteatrlar həm də
say baxımından artırılmalıdır. Yeni film il ərzində
əsasən kinoteatrlarda kino şəbəkəsi vasitəsilə
tamaşaçılara çatdırılmalıdır.
- Kinomuzun tam
inkişafına nə mane olur? Ssenari yazan yoxdur, ya texniki
çatışmazlıqlar çoxdur?
- Texniki vəsaitlərlə
baglı bircə onu deyə bilərəm ki, bizdəki
bütün avadanlıqlar 70- ci illərdən qalıb. Lakin
bu heç də o demək deyil ki, bizdə kino çəkmək
olmaz. Mənim filmimdəki bütün texnika xaricdən gətirilmişdi.
Demək, bu mümkündür, sadəcə, bunun
üçün əlavə vəsait lazımdır. Vəsait
olsa, texnikanı dəvət etmək çətin iş
deyil. Məsələn, “Qala” bu baxımdam çox mürəkkəb
bir film idi. Uzunmüddətli ekspedisiya olmalıydı, çəkilişlər
dağ şəraitində aparılmalıydı, həmin o
dağların arasında böyük bir kompleks - orta əsr
şəhərciyini xatırladan dekorasiya tikilməliydi. Ona
görə bu filmə biz dövlətdən
aldığımız vəsaitdən başqa, həm də
sonradan Rusiyadan filmə qatılan 2 prodüserin - Rauf
Atamalıbəyov və Timur Vaynşteynin hesabına çəkdik.
Təsadüfi deyil ki, film Monreal kimi dünyaşöhrətli
festivalın bütün texniki parametrlərinə cavab verirdi.
Ssenariyə gəldikdə isə deməzdim ki, bizdə
professional ssenari yazan ssenarist, yaxşı ssenari yoxdur. Var, sadəcə
burada da bəzi problemlər yaşanır. Ola bilər ki,
ssenari gözəl olsun, amma kinoya çevriləndə
alınmasın. Lakin ssenari zəifdirsə, onu kinoya çevirərkən
gözəlləşdirmək mümkün deyil. Ssenaridən
çox şey asılıdır. Çünki o, gələcək
filmin bünövrəsidir.
Söhbətləşdi:
Könül NƏCƏFOVA
Mədəniyyət.- 2009.- 25 sentyabr.- S. 10.