Muğamlarımız Özbəkistanda çox
sevilir
Qoçaq Əsgərov: ««Qarabağ
şikəstəsi»ni oxuyanda zalda əyləşən özbəklər
ağlayırdılar»
DOSYE:
Əslən Füzuli
rayonundan olan Q.Əsgərov hələ uşaq
yaşlarından muğam sənətinə böyük maraq
göstərib. Orta məktəbi bitirdikdən sonra Bakıya gəlib.
A.Zeynallı adına Musiqi Texnikumuna daxil olub. Orada Vahid
Abdullayevin sinfində oxuyub. 3 ildən sonra sənədlərini
Azərbaycan Milli Konservatoriyasına təqdim edən
Qoçaq 4 il Azərbaycanın xalq artisti Arif Babayevdən
muğamın sirlərini öyrənib. 2007-ci ildə
keçirilən birinci muğam müsabiqəsinin
iştirakçısı olub və orada fəxri yerlərdən
birini tutub.
Azərbaycan muğamlarının bütün
dünyada tanınıb sevilməsi artıq məlum bir həqiqətdir.
Son illər keçirilən beynəlxalq festivallarda ön yerləri
tutmağımız da bunu bir daha sübut edir. 48 ölkənin
iştirakçısı olduğu belə müsabiqələrdən
bir də avqustun 25-də Səmərqənd şəhərində
(Özbəkistan) baş tutub. VII "Şərq təranələri"
Beynəlxalq Musiqi Festivalı adlanan bu yarışmada ölkəmizi
birinci muğam müsabiqəsindən
tanıdığımız Qoçaq Əsgərov və
«Xarı bülbül» qrupu təmsil edib. Həmişə
olduğu kimi, bu dəfə də Azərbaycan
ifaçıları festivalın qran-pirisinin sahibi olublar.
Festivalla bağlı təəssüratlarını
bölüşmək üçün Qoçaq Əsgərovu
redaksiyamıza dəvət etdik və bizi maraqlandıran
suallara da ətraflı cavab aldıq.
- Adıçəkilən
festivalın ən vacib şərtlərindən biri
fonoqramasız oxuya, yəni canlı ifaya yer verilməsi idi. İfaçılıq
məharətinizi göstərdiniz və festivalın qalibi
oldunuz. Çətin olmadı ki?
- Əlbəttə ki,
yad səhnədə canlı ifa çətindir. Bundan öncə
İngiltərədə keçirilən dünyamiqyaslı
bir yarışmada da iştirak edəcəkdik. Ona görə
də hər iki tədbirdə iştirak üçün
çox ciddi hazırlaşmışdıq. Məsuliyyətimizi
dərk edirdik. Özbəkistanda keçirilən festivalın
ağır şərtlərindən biri də o idi ki, cəmisi
15 dəqiqə ərzində ifaçı öz
bacarığını nümayiş etdirməli idi. 48
ölkənin təmsilçisinin iştirak etdiyi
yarışmada çox güclü və peşəkar
ifaçılar vardı. Burada hətta elə
iştirakçı vardı ki, bir neçə dəfə həmin
festivalın qalibi olmuşdu. Lakin biz
ora çatanda festivalın təşkilatçısı
Aida xanım dedi ki, birinci yer
sizindir. Onu da qeyd edim
ki, Azərbaycanı həmin yarışmada təmsil etmək üçün beş
musiqi qrupu öz sənədlərini
göndərmişdi. Ancaq festivalın
müsiflər heyəti
bizim iştirakımızı
lazım bildi.
- Deyirsiniz ki, öz məharətinizi
göstərmək üçün sizə cəmisi 15 dəqiqə
vaxt verilmişdi. Maraqlıdır, belə qısa vaxtda qalib
olmaq üçün hansı muğamı seçdiniz?
- Əslində əvvəlcə
bizə yarım saat deyilmişdi. Sonra isə
dedilər ki, ifa müddəti 15 dəqiqə olsa, daha yaxşı olar. Çünki vaxt çox
olanda münsiflər bunu xaldan çıxırdılar.
Mən «Mahur-hind»i, ardınca
isə onunla eyni ladda olan
«Heyratı» zərb muğamını ifa etdim.
- Azərbaycan
muğamı Özbəkistanda necə qarşılandı?
- Qeyd edim ki, bu vaxta qədər
neçə xarici ölkədə olmuşamsa, Azərbaycan
musiqisini dinləyicilər ayaqüstündə
qarşılayıblar. Özbəkistanda da çox yüksək səviyyədə
qarşılandıq. 7
nəfərdən ibarət
münsiflər heyəti
müxtəlif ölkələrin
musiqi sahəsi üzrə akademikləri idi. Gözlənilməz hal idi ki, 48 dövlətin içərisində yalnız
bizim çıxışımızı
münsiflər kamera ilə çəkirdilər.
Digər
maraqlı bir faktı da qeyd
edim ki, Azərbaycan təmsilçilərinin
çıxışı sonuncu
idi. Bu da
axşam saat 11-12 radələrinə təsadüf
edirdi. Biz təşkilatçılardan xahiş
etdik ki, yerimizi dəyişsinlər.
Onlar bizə bildirdilər ki, tamaşaçılar Azərbaycan ifaçılarının
çıxışını gözləyəcəklər. Çünki özbəklərin bizim muğamlara çox böyük marağı var. Müsabiqənin
yekun konsertində biz
«Qarabağ» şikəstəsini
ifa etdik. Bu zaman zalda əyləşən özbəklərin
ağladığının şahidi olduq.
- Deyilənə görə,
hələ siz aeroportda olarkən deyirmişlər ki,
festivalın qran-pirisinin sahibləri gəldi. Maraqlıdır,
insanlarda sizin qalib olmağınıza bu qədər əminlik
haradan yaranmışdı?
- Özbəklər Azərbaycan
musiqisini çox sevirlər. Digər tərəfdən,
bu yarışmanın
adı VII "Şərq
təranələri" Beynəlxalq
Musiqi Festivalı idi. Bu müddətdə
bizim bir neçə təmsilçimiz
- Alim Qasımov, Aygün Hümmətova birinci yeri tutub.
Üçüncü dəfə də
festivalın birincisi olmaq mənə qismət oldu.
- Festivalda Azərbaycandan
başqa hansı ölkənin təmsilçiləri
muğam ifa etdilər?
- Türkiyəli,
iranlı ifaçılar da öz
çıxışlarını muğam üzərində
qurdular. Rusiya, Ukrayna və başqa slavyan ölkələrinin
nümayəndələri isə özlərinin folklor
nümunələrini təqdim etdilər.
Sonda müsahibimiz
festival müddətində baş verən maraqlı bir hadisəni
də danışdı. Onun dediyinə görə, tədbirdə iştirak edən ermənilər Şirzad Fətəliyevə
(«Xarı bülbül»
qrupunun üzvü) məxsus nəfəsli alət - zurnanı hansısa bir mahnını ifa etmək üçün istəyiblər: «Amma biz onların müraciətinə
məhəl qoymadan festivalın keçirildiyi
məkanı tərk etdik». Q.Əsgərovun dedyinə görə,
ermənilərin repertuarı
da plagiatlıqdan xəbər verirmiş.
Belə ki, türk mahnısı
olan «Narın-narın»
və ardınca bir neçə Azərbaycan mahnılarından
kiçik elementləri
oğurlayan ermənilər
repertuarlarını bu
şəkildə tamamlayıblar.
Lakin münsiflər heyəti onların fonoqrama ilə ifa etdiklərini
görüb çıxışlarını
zəif balla qiymətləndirib.
Fəxriyyə ABDULLAYEVA
Mədəniyyət.- 2009.- 25 sentyabr.- S. 7.