Aşıq sənət nümunələri
YUNESKO-nun mədəni
irs siyahısına təqdim olunub
Uzun müddət idi ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin, Heydər Əliyev
Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə Azərbaycan aşıq sənətinin
YUNESKO-nun mədəni və təbii irs siyahısına
salınması istiqamətində fasiləsiz iş
aparılırdı. Sevindirici haldır ki, bu günlərdə proses müvəffəqiyyətlə
başa çatıb
və Azərbaycan aşıq sənəti ilə bağlı hazırlanan materiallar YUNESKO-ya təqdim olunub. Sənədlərin hazırlanmasında bilavasitə iştirak edən YUNESKO-nun Azərbaycandakı qeyri-maddi
irs üzrə eksperti, Azərbaycan Milli Elmlər Akademiyasının memarlıq
və incəsənət
institutunun ənənəvi
musiqi, Azərbaycan xalq musiqisi tarixi
və nəzəriyyəsi
şöbəsinin böyük
elmi işçisi Sənubər Bağırova
ilə söhbətimizdə
mövzu ilə bağlı bu və ya digər
məsələlərə toxunduq.
- Sənubər
xanım, Azərbaycan aşıq sənətinin YUNESKO-nun mədəni
və təbii irs siyahısına salınması ilə
bağlı proses hazırda necə gedir?
- Aşıq sənətini
YUNESKO-nun təmsiledici siyahısına salmaq üçün
müəyyən işlər aparılıb. Elmi təsvirlər,
filmlərdən ibarət
disklər və b. nümunələr təşkilata təqdim olunub. Sentyabrın sonunda beynəlxalq dövlətlərarası komitənin
yığıncağında YUNESKO öz qərarını verməlidir. Onu da qeyd edim
ki, təmsiledici siyahıya müxtəlif ölkələrdən 111 namizəd
irəli sürülüb.
Bəzi ölkələr
oraya daha çox nümunələr
təqdim edib. Məsələn, Çin
50 növ qeyri-maddi irs nümunəsini təqdim edib.
- Məlumdur ki,
2003-cü ilin noyabrında YUNESKO-nun qeyri-maddi mədəni abidələrinin
siyahısına muğam sənəti də salındı. Və həmin prosesdə siz də yaxından iştirak etmisiniz. Ümumiyyətlə, abidələrin
sözügedən təşkilatın
siyahısına düşməsi
üçün hansı
tələblər yerinə
yetirilməlidir?
- Bunun üçün qurumun öz tələbləri var. Daha doğrusu, müəyyən olunmuş
bir forma mövcuddur ki, bütün işlər ona uyğun aparılmalıdır. Əvvəlcə
hər abidənin əhəmiyyəti haqqında
ilkin yazılı təqdimat hazırlanmalıdır.
İlkin mərhələdə
bu təqdimat yoxlanılır və müzakirə olunur.
Məsələn, təşkilatın
vacib hesab etdiyi həmin sorğu blankında müəyyən
suallar var ki, onlara əhatəli, həmçinin konkret cavab
yazılmalıdır. Elə suallar var ki, onun cavabı 1000
sözdən çox olmamalıdır və ya digər
başqasına 500 sözdən çox olmayan cavab
yazılmalıdır.
Aşıq sənəti
kimi böyük bir mədəniyyət sahəsinin həm
tarixini konkretləşdirmək, həm də barəsində
qısa və əhatəli təsəvvür yaratmaq çətin
idi. Məsələn, qurum tərəfindən suallar
qoyulur ki, bu sənət canlı təcrübədə
nə dərəcədə
mövcuddur, necə yaşadılır, onun daşıycıları nə
qədərdir, kimlərdir.
Həmçinin sənətin
daşıycılarının xarakteristikası, onların
təsvirləri haqqında
da məlumat verilməlidir. Bundan başqa, aşıq sənəti ilə bağlı film çəkilməli, fotoşəkillər
olmalıdır. Nəticədə
bir qovluq toplandı ki, ona da elmi,
vizual sənədlər,
audio-video disklər daxil idi. Bütün
bunları hazırlamaq
az iş deyildi. Bir məsələni
də xüsusi qeyd etmək istərdim ki, ilk dəfə aşıq sənətinin
yayılma arealının
xəritələrini də
mən hazırlamışdım.
Bu vaxta kimi Azərbaycanda belə bir xəritə
yox idi.
Qeyd etdiyiniz kimi,
2003-cü ildə muğam sənətinin YUNESKO-nun mədəni
irs siyahısına salınmasında mən yaxından
iştirak etmişdim. Daha doğrusu, sənədləri
Fransa alimi Jan Dürinqlə birlikdə hazırlamışdıq.
Təbii ki, 30 ildən çox muğamla məşğul
olduğumdan mən bu sahəyə kifayət qədər bələdəm. O zaman muğamla bağlı film və bir
çox sənədlərin
hazırlanması da mənim öhdəmə düşmüşdü. Bildiyiniz
kimi, çəkilən
zəhmət öz uğurlu nəticəsini verdi.
- Deməli, burada daha çox peşəkarlıq tələb
olunur. Maraqlıdır, budəfəki prosesdə
kimlər iştirak etdi və qurum
təmsilçiləri tərəfindən
ilkin reaksiya necə oldu?
- Sənədlərin
hazırlanmasında əsasən
mən iştirak etmişdim. Eyni zamanda Azərbaycan Elmlər Akademiyasının
Ədəbiyyat İnstitutunun
direktor müavini, professor Məhərrəm
Qasımlı da bir məsləhətçi
kimi kömək edirdi. Bildiyiniz kimi, aşıq sənəti sinkretik sənət olduğundan özündə ədəbiyyatı,
musiqini, ifaçılığı,
şairliyi, musiqini, aktyorluğu, hətta dastançılığı birləşdirir.
Ona görə də hazırlanma prosesində Məhərrəm
Qasımlı yaxından
iştirak etdi.
Məsələnin digər
tərəfinə gəlincə, prosedur qaydalarına uyğun
şəkildə, əvvəlcə YUNESKO tərəfindən
olan yoxlaycı komissiya bu sənədlərin keyfiyyətli
olub-olmadığını süzgəcdən keçirir. Çünki bu komissiya rəy verdikdən sonra təqdim olunan mədəni irs növü onu millətlərarası komitəyə
təqdim edir. Sevindirici haldır ki, YUNESKO tərəfindən
ilkin təqdimat çox ürəkaçan
oldu. Sənədlərin müzakirə olunmasında
iştirak edən qurum təmsilçiləri
hətta bizim yüksək rütbəli
rəsmi şəxslərə
demişdilər ki, onlar sənədlərin bu dərəcə yüksək səviyyədə
və peşəkarcasına
hazırlanmasından çox
təəccübləniblər.
İnanıram ki, müsbət nəticə
əldə olunacaq. Əgər aşıq sənəti YUNESKO-nun mədəni irs siyahısına düşsə,
bu bizim üçün çox əhəmiyyətli hadisə
olacaq. O zaman aşıq sənətinin
inkişafı və tətbiqi üçün
müxtəlif imkanlar
yaranacaq.
- Mümkünsə,
«müxtəlif imkanlar» ifadəsini bir qədər konkretləşdirərdiniz...
- Məsələn,
muğam sənəti YUNESKO-nun mədəni irs
siyahısına salındıqdan sonra cəmiyyətdə onun
səviyyəsi, nüfuzu xeyli artıb. Məhz bu
hadisədən sonra muğamla bağlı müxtəlif müsabiqələr
keçirildi, ensiklopediya,
disklər buraxıldı.
Möhtəşəm Muğam
Mərkəzi tikildi. Əgər aşıq musiqisi də YUNESKO-nun mədəni irs siyahısına salınsa, onun nüfuzu artacaq. Eyni zamanda mən özüm bununla bağlı müəyyən
layihələr hazırlamışam
və onları Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın dəstəyi
ilə reallaşdırmaq
niyyətindəyəm. Düşünürəm
ki, milli-mənəvi dəyərlərimizə
böyük həssaslıqla
yanaşan Mehriban xanım bu sahənin
də inkişafına
hər cür dəstək verəcək.
Onda aşıq sənətinə yeni nəfəs gələcək.
- Sənubər
xanım, yeri gəlmişkən, soruşmaq istərdik ki, hələ
60-cı illərdə tanınmış Amerika folklorşunası
Alan Lomaksı heyrətləndirən Azərbaycan aşıq
musiqisi bu gün dünyada necə qarşılanır?
- Mən aşıqları Fransaya apardım. Onların Luvr muzeyində verdikləri konsert müvəffəqiyyət qazandı.
Bu nailiyyətin nəticəsi olaraq Fransada aşıqların
iki diskini buraxdım. İndi həmin disklər Fransa, Amerika, İngiltərə və İtalyada əldən-ələ gəzir. Həmin ölkələrin
qəzetlərində disklər
haqqında müsbət
rəylər çıxıb.
İndi aşıqları
İngiltərəyə aparmaq
istəyirəm. Bu sənətə diqqət
və qayğı lazımdır. Belə olduqda bu qədim
sənət çiçəklənəcək.
MEHPARƏ
Mədəniyyət.-
2009.- 25 sentyabr. S. 7.