Tarzən Əhsən
Dadaşovun 80 illik yubileyi qeyd edilib
Beynəlxalq musiqi həftəsi çərçivəsində
M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında
unudulmaz tarzən Əhsən Dadaşovun 80 illiyinə həsr
edilmiş tədbir keçirilib. Tədbirdə
çıxış edən Milli Konservatoriyanın rektoru,
xalq artisti Səyavuş Kərimi sevimli müəllimi, Azərbaycan
mədəniyyətinin iftixarı, fitri musiqi qabiliyyətinə
malik olan görkəmli tarzən Əhsən Dadaşovun musiqi
tariximizdə şərəfli yer tutduğunu bildirib.
1924-cü il sentyabrın
4-də Bakı şəhərində dünyaya göz
açan Əhsən Dadaşovun gənclik illəri dahi bəstəkar
Üzeyir Hacıbəylinin rəhbərliyi ilə Azərbaycan
mədəniyyətində böyük işlərin həyata
keçirildiyi bir dövrə düşüb. Ötən əsrin
20-ci illərindən Ü.Hacıbəylinin təşəbbüsü
ilə not sisteminin xalq çalğı alətlərimizə
tətbiqi, notlu xalq çalğı alətləri orkestrinin
yaranması və digər bu kimi faktlar yeni ifaçı nəslinin
yetişməsinə güclü təkan verib.
Belə bir şəraitdə
sənətin sirlərinə yiyələməyə can atan Ə.Dadaşov
musiqi təhsilini davam etdirmək üçün 1938-ci ildə
Bakı Musiqi Texnikumuna daxil olub. Onun parlaq istedadı görkəmli bəstəkar və dirijor Səid Rüstəmovun diqqətini
cəlb edib. O, gənc tarzəni rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə
işə götürür.
Bununla da onun böyük sənətə gəlişi
başlayıb. Səid
Rüstəmov Ə.Dadaşova
xüsusi qayğı
göstərərək, bir
sənətkar kimi formalaşmasında mühüm
rol oynayıb. Nəticədə o, kollektivin yaradıcı simalarından birinə çevrilib. Onun 40 illik yaradıcılıq fəaliyyətinə nəzər
salsaq görərik ki, Əhsən Dadaşovun bütün ömrü Azərbaycan xalqına, onun musiqisinə xidmətdə
keçib. Ustad tarzənin qısa, lakin mənalı ömrünün yaradıcılıq
dövrünü solist,
müşayiətçi, orkestr
ifaçısı, ansambl
rəhbəri, bəstəçi,
pedaqoq -müəllim mərhələlərinə bölmək
olar.
Ustad tarzən heç
vaxt özündən əvvəlki ifaçıları təkrar
etməz, ifa etdiyi kiçik bir musiqi parçasına da
yaradıcı yanaşardı. Odur ki, onun
çalğısı ilk
mizrabdan tanınırdı.
Əhsən Dadaşov
bəstəkar qəlbli
sənətkar idi. O, musiqi folklorumuzu zənginləşdirən bir
çox rəng, mahnı və rəqs havaları bəstələyib. “Rahab”,
“Şur”, “Rast”, “Humayun”, “Segah” rəngləri bu qəbildəndir. Onun bəstələdiyi bir çox mahnılar bu gün də
dillər əzbəridir.
Hazırda mərhum sənətkarın adını
daşıyan “Xatirə”
xalq çalğı
alətləri ansamblının
ifasında milli mahnılarımız geniş
şəkildə təbliğ
edilir.
Əhsən Dadaşovun
bir sıra ifaçıların yetişməsində,
püxtələşməsində də əvəzsiz xidmətləri
olub.
Gecədə əməkdar
incəsənət xadimi, professor Ağaverdi Paşayevin rəhbərliyi
ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri
Orkestrinin ifasında Üzeyir Hacıbəylinin “Koroğlu”
operasından uvertüra səslənib.
Tədbir gənc
ifaçıların geniş konsert proqramı ilə başa
çatıb.
Turan
Mədəniyyət.- 2009.- 25 sentyabr.- S. 3.