Xalq qəzeti — 90

 

Üzeyir bəy Hacıbəyli və 90 yaşlı “Xalq qəzeti”

 

Respublikamızda, eləcə də ölkəmizdən kənarda sayılıb-seçilən “Xalq qəzeti” nin 90 yaşı tamam oldu. Qəzet ötən onilliklərdə xalqımızın həyatında önəmli rol oynamışdır. 1991-ci ildən “Xalq qəzeti” adı ilə fəaliyyətini davam etdirən bu anadilli gündəlik nəşr 90 ildə xalqımızın ictimai-siyasi, mədəni həyatında əvəzsiz xidmət göstərmişdir. Bu qəzetdə xalqın içindən çıxan görkəmli nümayəndələr, tanınmış ziyalılar, elm, mədəniyyət, ədəbiyyat və siyasət xadimləri müxtəlif yazılarla tez-tez oxucuların görüşünə gəlmişlər. Belə şəxsiyyətlərdən biri də dahi bəstəkar, mahir publisist, dramaturq, pedaqoq, ictimai xadim, akademik Üzeyir bəy Hacıbəyli olmuşdur.

 

Qəzet “Kommunist” adı ilə çıxsa da Üzeyir bəy üçün çox əziz idi. Çünki o, Azərbaycan Demokratik Cümhuriyyətinin rəsmi nəşri, birinci redaktoru kiçik qardaşı Ceyhun bəy Hacıbəyli, sonuncu redaktoru isə özü olduğu “Azərbaycan” qəzetinin bazasında fəaliyyətə başlamışdı, respublikanın rəsmi həyatını işıqlandırmaqda onun estafetini davam etdirirdi.

1920—1948-ci illər arasında “Kommunist” qəzetində 400-ə yaxın yazı bilavasitə Üzeyir Hacıbəyli ilə bağlı olmuşdur. Onlardan ən mühümlərini oxucuların nəzərinə catdırırıq. İlk məlumat 1920-ci il 3 may tarixli “Kommunist” qəzetinin 2-ci sayında Üzeyir bəy Hacıbəylinin “O olmasın, bu olsun” operettasının mayın 4-də hökumət teatrında oynanılacağı barədə idi. Sonrakı illərdə qəzetdə Üzeyir bəyin 36 məqaləsi, bir çox müsahibələri, nitqləri, məruzələri, məktubları dərc edilmişdir.

Qəzetin 1924-ci il 10 noyabr tarixli sayında Üzeyir bəy bildirirdi. “... Çox təəssüf edirəm ki, Şərq musiqisi ilə heç də aşna olmayan musiqişünasların ”Türk nəğmələri" deyə yazmış olduqları səhv və xətalarla dolu olan bəstələr təqdir edildiyi halda, türk musiqi xadimlərinin məhsuli zəhmətləri olan ən lazımlı əsərlərinə heç bir etina edilmir..." 20 noyabrda isə “Kommunist”in 259-cu nömrəsində Üzeyir bəyin “El musiqisi haqqında” adlı məqaləsi dərc olunmuşdur.

1925-ci il 4 avqust tarixli “Kommunist” qəzetində “Notalanmış el nəğmələri” sərlövhəli yazıda deyilirdi ki, Azərbaycanın qədim el nəğmələrindən 20-si Zülfüqar və Üzeyir Hacıbəyov yoldaşların müştərək çalışması ilə nota üzərinə bəstələnmiş və sözlərilə bərabər tərtib edilib ali siyasi maarif idarəsinə təqdim edilmişdir. Məzkur el nəğmələri bu yaxınlarda bir məcmuə halında nəşr ediləcəkdir. Həmin ilin dekabrında qəzetin 282-ci sayında “Leyli və Məcnun” operası haqqında yazı və Ü.Hacıbəylinin “Uğurlar olsun!” məqaləsi dərc edilmişdir.

1927-ci il 12 noyabr tarixli “Kommunist”də bildirilirdi ki, Teatr muzeyinin açılışında Üzeyir Hacıbəyli nitq söyləmişdir. 1928-ci il yanvar ayının 12-də qəzetin 10-cu sayında deyilirdi: “Müxbirimiz ilə müsahibədə bulunan Azərbaycan opera yazanı Hacıbəyli Üzeyir yoldaş demişdir ki, türk ədibi Şəmsəddin Samibəyin ”Gaveyi-ahəngər" adlı inqilabi əsərini opera şəklinə salacaqdır". Bununla bağlı Üzeyir bəy müsahibəsində operanın yazılışı və tərtibi haqqında fikrini bildirmişdir. Lakin Ü.Hacıbəylinin yaradıcılıq fəaliyyətindən məlumdur ki, bu ideya həyata keçirilməmişdir. “Gaveyi-ahəngər”i bəstəkar sonralar “Koroğlu” ilə əvəz etmişdir.

Azərbaycanda ilk aşıqlar qurultayının keçirilməsi də Üzeyir bəy Hacıbəylinin adı ilə bağlıdır. “Kommunist” qəzetinin 8 may 1928-ci il tarixli 110-cu nömrəsində Üzeyir bəyin Azərbaycan aşıqlarının birinci qurultayındakı məruzəsi dərc edilmişdir. Respublikanın ali musiqi ocağında milli kadrların yetişdirilməsi məsələlərinə xüsusi diqqət yetirən Üzeyir bəy mətbuatda bununla əlaqədar müsahibələr verirdi. 1929-cu il 26 fevral tarixli “Kommunist” qəzetində “Konservatoriyanın canlanması uğrunda” adlı yazıda Azərbaycan Dövlət Konservatoriyasının müdiri Üzeyir Hacıbəyli ilə müsahibə verilmişdir.

1934-cü il 15 may tarixli nömrədə Üzeyir Hacıbəyli “İrəliyə doğru ilk addım” məqaləsində rus bəstəkarı Qliyerin Azərbaycan motivləri əsasında yazdığı “Şahsənəm” operası haqqında fikir söyləmişdir. Həmin il “Kommunist”in 4 iyul tarixli sayında Üzeyir bəyin “Mən nə yaradıram” məqaləsi dərc olunmuşdur. 14 iyulda isə “Kommunist”in anketi” rubrikasında Ü.Hacıbəylinin “Mən nə yazıram” başlıqlı məqaləsi çap edilmişdir. Bəstəkarın fotoşəkli ilə verilmiş bu yazıda Üzeyir bəy “Koroğlu” operası üzərindəki işindən, illərlə üstündə çalışdığı tarın pərdələrinin düzəlməsi məsələsindən danışmışdır: “Koroğlu” operasını bitirdikdən sonra vaxtımı “Konsert” və “Kamera” deyilən musiqi əsərlərini yazmağa sərf edəcəyəm..."

1934-cü il 12 avqustda qəzetdə belə bir məlumat getmişdir: “Firdovsinin min illik yubileyi ilə bağlı hökumət komissiyasının təklifi ilə kompozitor Üzeyir Hacıbəyli Firdovsinin ”Şahnamə"sindən götürülmüş şeirlərinə xüsusi musiqi yazır. Bu musiqi istər tək, istər xor, istərsə də oynamaq üçün yarayacaqdır". 1937-ci il 12 fevral tarixli nömrəsində isə qəzet “Moskvada keçiriləcək Azərbaycan incəsənəti ongünlüyü qarşısında” Ü.Hacıbəyli ilə müsahibə dərc edilmişdir. “Kommunist”in 1937-ci il 16 dekabr tarixli sayında Üzeyir Hacıbəylinin Naxçıvandan SSRİ Ali Sovetin Millətlər Sovetinə deputat seçilməsi barədə rəsmi məlumat öz əksini tapmışdır. Qəzetin 1938-ci il 28 yanvar nömrəsində “SSRİ Ali Soveti deputatlarının bloknotundan” rubrikasında Üzeyir bəyin məqaləsi dərc edilmişdir.

Bəzən qəzetin bir nömrəsində Üzeyir bəyin iki məqaləsi dərc olunurdu. Məsələn, 1938-ci il 11 aprel tarixli “Kommunist” qəzetinin 1-ci səhifəsində Moskvada Stalin, Molotov və Voroşilovun “Arşın mal alan” operettasına baxdıqları, tamaşanı bəyəndikləri xəbər verilir. Qəzetin 3-cü səhifəsində isə Ü.Hacıbəylinin “Arşın mal alan” haqqında qeydləri və dekadaya aid “Yaradıcılıq üçün coşğun enerji toplanışı” məqaləsi çap edilmişdir. Qəzetin 21 aprel nömrəsində Üzeyir Hacıbəylinin “Rəhbərlə görüş” məqaləsi verilmişdir.

Həmin il qəzetin 2 iyun tarixli nömrəsində “Kommunist” in xüsusi müxbiri Ramazan Xəlilovun SSRİ XKŞ yanında İncəsənət İşləri Komitəsinin rəisi Solodovnikov ilə müsahibəsində deyilir ki, Ü.Hacıbəyovun “Koroğlu” operası ümumi rəyə görə dekadanın ən yaxşı əsəri idi. Odur ki, bu klassik əsərin Böyük Teatrın səhnəsində tamaşaya qoyulması haqqında hökumətin qərar qəbul etməsi tamamilə təbiidir. Qəzetin 15 sentyabr tarixli nömrəsində isə böyük sənətkarın SİTA müxbiri ilə müsahibəsi verilmişdir. Burada Üzeyir bəy “Koroğlu” operasının SSRİ Böyük Teatrında tamaşaya qoyulmasına hazırlığından danışır. Əfsuslar olsun ki, “Koroğlu” operası Böyük Teatrın səhnəsində tamaşaya qoyulmadı.

İkinci Dünya müharibəsinin başlanması bütün ölkə vətəndaşları kimi Üzeyir Hacıbəylini də mübarizəyə səfərbər etmişdir. Bununla bağlı “Kommunist” qəzetinin 19 iyul tarixli sayında professor Üzeyir Hacıbəylinin “Xalqların faşizmə qarşı vahid cəbhəsi yaranır” məqaləsi dərc olunmuşdur. Qəzetin 1942-ci il 1 yanvar nömrəsində Üzeyir Hacıbəylinin, Səməd Vurğunun, Heydər Hüseynovun, Məmməd Səid Ordubadinin, Mirzə İbrahimovun, Bülbülün, Mərziyə Davudovanın Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədova məktubu çap edilmişdir. Müharibə dövründə Üzeyir bəy bir-birinin ardınca gözəl vətənpərvərlik mahnıları, marşları yazmışdır. Onların notları qəzetlərdə də dərc olunurdu. “Kommunist”in 16 aprel sayında Üzeyir bəy Hacıbəylinin Səməd Vurğunun sözlərinə yazdığı “Vətən ordusu” nəğməsinin notu çap edilmişdir. Qəzetin 20 sentyabr nömrəsində Üzeyir bəyin “Azərbaycan bəstəkarları Vətən müharibəsi günlərində” məqaləsi dərc olunmuşdur.

1945-ci il 1 aprel saylı “Kommunist”də Azərbaycan SSR EA-nın həqiqi üzvlərinin birinci heyəti verilmiş, akademik Üzeyir Hacıbəylinin də tərcümeyi-halı və yaradıcılığı haqqında qısa məlumat getmişdir. Üzeyir bəy Hacıbəylinin “Çiçəklənən incəsənətimiz” adlı məqaləsi qəzetin 5 may tarixli nömrəsində çap edilmişdir. Qəzetin 21 avqust nömrəsində isə Təbriz teatr heyətinin Ü.Hacıbəylinin “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Əsli və Kərəm” əsərlərini tamaşaya qoyması xəbər verilmişdir.

1945-ci ilin sentyabr ayında “Kommunist” qəzetinin, demək olar ki, hər nömrəsində Üzeyir Hacıbəylinin anadan olmasının 60 illik yubileyi ilə bağlı məqalələr, məlumatlar, bəstəkarın foto şəkilləri dərc edilmişdir. Qəzetin 23 sentyabr tarixli sayının 1-ci səhifəsində Üzeyir Hacıbəylinin bəstələdiyi “Azərbaycan SSR Dövlət himni”nin notu çap olunmuşdur. 23 sentyabr nömrəsində isə Ü.Hacıbəylinin “Müslüm Maqomayev” məqaləsi verilmişdir.

1946-cı il 5 yanvar tarixli “Kommunist”də Naxçıvan seçki dairəsindən Üzeyir Hacıbəylinin ikinci çağırış SSRİ Ali Sovetinə deputat seçilməsi haqqında rəsmi məlumat dərc olunmuşdur. Qəzetin 2 fevral nömrəsində isə bəstəkarın Naxçıvan şəhərində seçicilərlə görüşü barədə yazı çap edilmişdir.

28 iyunda qəzetdə “Arşın mal alan” filminə görə Üzeyir Hacıbəyliyə, Rza Təhmasibə, Rəşid Behbudova, Leyla Bədirbəyliyə, Ələkbər Hüseynzadəyə, Lütfəli Abdullayevə və Münəvvər Kələntərliyə Stalin mükafatı verilməsi haqqında fərman dərc edilmişdir. Qəzetin 29 iyun sayında Ü.Hacıbəyliyə Stalin mükafatı laureatı adı verilməsi ilə bağlı Ə.Abbasov, F.Əmirov, S.Hacıbəyov, Ş.Bədəlbəyli və S.Rəhmanın təbrik məqalələri, həmçinin Üzeyir bəyin özünün respublikanın gənc bəstəkarlarından söhbət açdığı “İstedadlı sənətkarlar” yazısı verilmişdir. 1947—1948-ci ilin noyabrına qədər “Kommunist” qəzetində Üzeyir bəy, bəstəkarın yaradıcılığı, əsərlərinin tamaşaları, tələbələri barədə müxtəlif səpkili məqalələr dərc edilmişdir

1948-ci ilin 23 noyabrında isə xalqımızı sarsıdan bir xəbər ildırım sürəti ilə yayılmışdı. Dünya şöhrətli dahi sənətkarımız, Şərq musiqisinin atası sayılan Üzeyir Hacıbəyli gecə saat 2-də 63 yaşında dünyasını dəyişərək Haqqa qovuşmuşdu. 23 noyabr tarixli “Kommunist” qəzetində Azərbaycan SSR Nazirlər Soveti və Azərbaycan KP MK-nın Ü.Hacıbəylinin vəfatı haqqında məlumatı dərc olunmuşdu. Qəzetin 2-ci və 3-cü səhifələrində bununla bağlı rəsmi məlumat, başsağlığı, şeir, vida sözləri və digər materiallar verilmişdi. 23—26 noyabr tarixlərində qəzetdə bəstəkarla bağlı çoxlu yazılar verilmişdi. Noyabrın 26-da isə “Kommunist”in 2-ci, 3-cü səhifələri dahi sənətkarın dəfn mərasiminə həsr edilmişdi.

Biz bu yazıda oxucuları, əsasən, Üzeyir Hacıbəylinin öz sağlığında “Kommunist” qəzetində dərc olunan, 28 ili əhatə edən məqalələri, müsahibələri, nitqləri, ümumiyyətlə, böyük bəstəkarla bağlı 400-ə yaxın yazının cüzi bir hissəsi ilə tanış etdik. Bəstəkarla bağlı 90 ildə verilmiş yazılar isə böyük bir tədqiqatın mövzusudur.

 

 

Səadət QARABAĞLI,

 üzeyirbəyşünas

 

Xalq qəzeti.- 2009.- 25 sentyabr.- S. 11.