Kimliyini və
bu dünyada nə axtardığını
yaxşı bilən alim
Soruşma ki, “Mən kiməm?” - çox sevdiyin xalq
bilir!
“Dünyada nə axtarıram?” - axtarış
dünyanın özü kimi sonsuzdur!
Bu sual
mütəfəkkirin, dərin
zəka sahibinin hər an özünə
verdiyi sualdır. XIII əsrdən başlayaraq
bütün Avropanı
fəth edən “Tibb elminin kanonu”
əsərinin müəllifi,
böyük təbib və filosof, islam Şərqinin dünyaya bəxş etdiyi mütəfəkkir Əbu Əli ibn Sina bu
sualın qoyuluşunu
belə dəyişdirmişdir:
“Mən çox istərdim ki, biləm mən kiməm və bu dünyada nə axtarıram?”.
Qeyd etdiyim kimi, bu
sualı bütün dərin zəka sahibləri özlərinə
verirlər. Professor Nizami Cəfərov belə zəka sahiblərindəndir.
Bu sual geniş dünyagörüşünə sahib olan
şəxsiyyəti daim izləyir.
Nizami Cəfərov
haqqında yazmaq sözsüz ki, çox xoşdur, lakin həm
də çətindir. Bu çətinlik onun elm aləmində,
ictimai həyatda, xüsusilə də müasir ictimai fikrimizdə
malik olduğu zəngin dəyərlərlə əlaqədardır.
Bu dəyərləri qiymətləndirmək heç də
asan deyildir. Belə ki, Nizami ensiklopedik alimdir, humanitar və
ictimai elmlərin elə bir mühüm problemi yoxdur ki, o bu və
ya başqa tərzdə onlara öz münasibətini bildirməsin.
Bu dediyimə əmin olmaq üçün onun beşcildlik
seçilmiş əsərlərinin heç olmasa mündəricatına
nəzər salmaq kifayətdir.
Nizami Cəfərovun elmi
maraq dairəsinin mərkəzində Azərbaycan
xalqının tarixi taleyinin problemlərinin
araşdırılması durur.
O, Azərbaycan
xalqının tarixini tədqiq etməkdə orijinal istiqamətlə
getmişdir. Bu istiqamət başlanğıcını
xalqımızın dilinin tarixini öyrənməkdən
götürür. Nizaminin seçdiyi bu yol Azərbaycan
xalqını böyük türk dünyası ilə
bağlayır. Onun “Azərbaycan dilinin milliləşməsi”
adlı monoqrafik tədqiqatı tək dil probleminin deyil, daha
çox Azərbaycan xalqının bir millət kimi
formalaşması prosesinin tədqiqidir.
Nizaminin “Azərbaycanşünaslığa
giriş” irihəcmli monoqrafiyasının təqdimatını
xatırlayıram. Bu əsər respublikamızın elmi
ictimaiyyətinin diqqətini çox cəlb etmişdir. Müəllif
əsərində tarixçi kimi faktlarla, filoloq kimi obrazlarla,
filosof kimi məntiqi mühakimələrlə
danışır. Bütün hallarda da oxucunu inandıra
bilir. Bu əsər elmlərin koordinasiyasının gözəl
nümunəsidir.
Professor Nizami Cəfərovun
dünyaya baxışında və onun dərkində fərqləndirici
cəhətlər sırasında obrazlı təfəkkür
xüsusi yer tutur. Onun “Koroğlunun poetikası”, “Dədə
Qorqud eposunda müraciətlər”, “Eposdan kitaba” və s. əsərləri
məhz obrazlı təfəkkürün məhsuludur.
Nizaminin “bu dünyada nə
axtarıram” fəlsəfi iddiası onu azadlığa
doğru aparmış və aparır. Belə ki, insan həyatı
zəruriyyəti nə qədər və nə səviyyədə
dərk edirsə və onu öz fəaliyyətində həyata
keçirirsə o qədər də azad olur. Bu azadlıq
sosial ədalətlilik, humanizm, cəmiyyət
üçün faydalılıq və s. prinsipləri
özündə birləşdirir. Nizaminin
azadlığında bu prinsiplərin cəminin təzahürünü
görürük.
Professor Nizami Cəfərovun
etik dünyagörüşündə həyatdan zövq almaq
əsas yer tutur. O, zövqün insan əxlaqının, rəftarının
ən yüksək səadəti olması baxışına
tərəfdardır. Zövq və onunla bağlı olan mənəvi-ruhi
tələbatın ödənilməsi xoşbəxtliyin ən
yüksək qayəsi olduğuna inanır. Nizami hər kəsi
xoşbəxt görmək istəyir, onun (və mənim) rəyimcə
insan öz daxili, mənəvi-ruhi aləmini daim nəzarətdə
saxlamalı, gərəksiz əhvaldan qorumalıdır.
İnsan nəyi isə
daha çox arzu edirsə və onun əldə edilməsi
artdıqca həqiqi zövqə, həqiqi xoşbəxtliyə
nail olur.
Qədimdən “həyatın
mənası” problemi filosofların, ədiblərin və
başqalarının qarşılaşdığı problem
olmuşdur və müasir dövrümüzdə də
öz aktuallığını saxlayır. Həyat müxtəlif
çalarlı olduğundan “həyatın mənası nədən
ibarətdir” sualına birmənalı cavab vermək
mümkün deyildir. Nizami Cəfərov bu suala cavab
axtarmır, o, insan həyatının özünə məna
gətirir. Bütün situasiyaları layiqincə mənalandırmasan
yaşamaq mənasız olardı. Nizaminin həyatın mənalandırılmasında
seçdiyi üsul da maraqlıdır. Bu üsul həyatda, təbiətdə,
insanlarda gözəlliyi sezməkdir, qiymətləndirməkdir.
Onun devizi belədir: “Həyatda ancaq yararsızlıqları
axtarmaq sönük, bayağı zövqün məhsuludur”.
Professor Nizami Cəfərov
püxtələşmiş müdrik ictimai-siyasi xadimdir. O, respublikamızın
ictimai, siyasi və mədəni həyatında çox
uğurlu fəaliyyət göstərir. Bu fəaliyyətdə
Nizami üçün xarakterik olan cəhət onun məşğul
olduğu sahəni bütün incəlikləri ilə bilməsidir.
Digər bir cəhət onu hər bir sahə üzrə
mütəxəssisi, hətta adi işçini sonadək dinləmək
bacarığıdır. Nizami üçün dövlətçilik
çox əzizdir. Onun qorunması və inkişafı
üçün yüksək fədakarlıq, vətəndaşlıq
nümayiş etdirir.
Nizami öz xalqına
çox yaxın və ona səmimidir. Mən əminəm ki,
o Azərbaycanın ixtiyari bölgəsindən Milli Məclisə
deputatlığa öz namizədliyini irəli sürsə,
xalq onu məmnuniyyətlə deputat seçər. Bu şəxsdəki
ümumi Azərbaycan istəyi onu bütün regionlara sevdirə
bilib.
Nizami şəxsi
münasibətlərdə, elmi problemlərdə dialoqu
yüksək qiymətləndirir. O, dialoqda höcət deyil,
inadkardır. Müqabil tərəfin də
inadkarlığına hörmət edir, höcət
olmağı acizlik hesab edir. Bu və ya digər elmi məsələdə
öz konsepsiyasını şərh edərkən, müqabil
tərəfin konsepsiyasına qarşı çıxarkən
çox nəcib ziyalılıq nümayiş etdirir. Bu dialoq
fikir mübadiləsi xarakteri alır. Nizami mübahisədə
təhqiri yolverilməz hesab edir. Elmi mübahisələrdə,
istər yazılarında, istərsə də
çıxışlarında etik normalara, sözün tam mənasında,
riayət edir. Nizaminin böyük alim kimi bu keyfiyyətləri
ona elm aləmində hörmət qazandırır. Bu alim
intriqanın düşmənidir. Elmdə intriqa şəxsi
münasibətlər müstəvisinə keçir, hər
iki tərəfin vaxtını alır, ömrünü də
qısaldır.
Nizamidə yüksək
dəyərləndirdiyim bir cəhəti də qeyd etmək
istərdim. O, yaxşılığı, illər ötsə
də, unutmur və bu anları daim xatırlayır. Bununla bərabər
Nizami ona qarşı olan pis əməlləri
bağışlayıb, unuda bilir. Bu xüsusiyyət ancaq
genişqəlbli insana məxsusdur. Bax, Nizami belə bir
insandır.
Nizaminin nəfəsində
və sözündə güclü cəlbedici qüvvə
vardır. O, insanları inandırmağı bacarır. Bu
qüvvənin təsiridir ki, hər bir ailə, hər insan
onun çıxışları, mühakimələri,
sözləri üçün darıxır.
Nizami mənim, mən də Nizaminin dostuyam. Yaş fərqi çoxdur. Bu fərq dostluğa mane ola bilirmi? Bu suala cavabı Aristotelin sözləri ilə verirəm: “Gənclər insanı sevdikləri üçün, qocalar isə özlərinin gücsüzlüyü üzündən mərhəmətli olurlar. Belə ki,onlar bütün bədbəxtliklərə özlərinə yaxın kimi baxırlar”. Nə qədər ki, qayğı özünü yaddan çıxarmayır, dostluq yaddan çıxmaz. Mənim üçün çox rahatlıq doğuran bir sual da vardır. Qohumlarım, yaxınlarım, hətta yadlarım mənim əhvalımı soruşarkən əlavə edirlər: “Nizami necədir?”.
Həmid İMANOV,
professor
Xalq qəzeti.- 2009.- 25 sentyabr.- S. 9.