Sofi Həmid
türbəsi
Dizləri üstə
çökmüş ağappaq dəvə heykəli, ətrafda
üzüm ağaclarına bağlanmış parçadan
düzəldilən uşaq beşikləri və bir də dəvə
ilə yer arasında yaranmış aralıqdan keçməyə
cəhd edən çoxlu insanlar…
Bu mənzərəyə
Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində,
Miəcik ərazisində yerləşən Sofi Həmid
türbəsində rast gəldim.
Məlum olur ki, gözdən-könüldən
uzaq bu ziyarətgaha üz tutanlar arasında çoxluğu ana
olmaq arzusuyla yaşayan qadınlar təşkil edir. Bu məkana
pənah gətirmiş insanlar bir qədər
aşağıda təfərrüatı ilə
açıqlayacağım ritualın daha təsirli
alınması üçün onu 3 dəfə etməlidirlər.
Rəvayətə
görə, Sofi Həmid XIV əsrdə bu regiona molla kimi gələn
bir ərəb taciri olub. Ölümünün
yaxınlaşdığını anlayanda öz səyahət
yoldaşlarından xahiş edir ki, onu dəvəsinin
dayandığı yerdə dəfn etsinlər. Yoldaşları
Sofi Həmidin vəsiyyətini yerinə yetirirlər. Deyilənlərə
görə, hazırda ziyarətgahın həyətinin
ortasında qərar tutan ağ dəvə heykəli elə
tacirin dəvəsinin dayandığı yerdə qoyulub. Maraqlıdır
ki, o zaman dəvə dizləri üstə necə
dayanıbsa, heykəli də həmin formada daşdan yonublar. Bu
günə qədər «ağ dəvə» ətrafında bəzi
inanc və adətlər formalaşıb.
İnanca görə,
dizləri üstə çökən «ağ dəvə» ilə
yer arasında yaranmış çox qısa məsafəni
keçə bilən insan öz arzusuna çatır. Görünür,
bu səbəbdən uzun illər axın-axın ziyarətçilərin
çoxluğuna tab gətirməyən heykəlin
altındakı mərmər örtüklü qat bir qədər
aşağı çöküb.
Ziyarətgah quruluş
etibarilə sadədir. Hündür ağ divarlarla əhatəyə
alınmış bu pirə daxil olmaq üçün
kiçik dəmir qapı qoyulub. Ümumiyyətlə, ziyarətgah
Sofi Həmidin dəfn olunduğu türbədən və
ağ dəvə heykəlindən ibarətdir.
İnanca görə, əvvəlcə
dəvə, sonra isə Sofi Həmidin qəbri ziyarət
edilir. Qəbr həyətin baş tərəfində,
kiçik və sadə evə bənzər türbədə
yerləşir. Sofi Həmidin kimliyi haqqında heç bir
tutarlı məlumat yoxdur.
Deyilənlərə
görə, əvvəllər Sofi Həmidin qəbri üzərində
türbə olmayıb. Türbə XVIII əsrdə tikilib.
Sofi Həmid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2
avqust 2001-ci il tarixli qərarı ilə ölkə əhəmiyyətli
tarix və mədəniyyət abidəsi kimi qorunur.
Mədəniyyət.- 2009.- 30 sentyabr.- S. 16.