Yaraşıqlı Göyçay
Ucadır çinarları,
Yamyaşıldır
bağları,
Çox sevir dostu, yarı
Yaraşıqlı
Göyçayım
Bu mahnının, bəlkə də, yarıməsrlik
tarixi var. Əvvəllər
radioda tez-tez səsləndirərdilər onu. İndi radioya az
qulaq asdığımdandı, ya da, ümumiyyətlə,
efirdə verilməməyinəndi, bilmirəm - hər halda
uşaqlıqdan sevdiyim bu mahnını çoxdan eşitmirəm.
İlk dəfədən ürəyimə yatan bu mahnı
böyük Sabirin «Gəl, gəl a yaz günləri» şeiri
kimi həmişəlik beynimə həkk olundu. Mən
Göyçayı hələ görməmiş, elə bu
mahnıdan sevməyə başladım, desəm,
sözümü qəribçiliyə salmayın.
Ucadır çinarları
Sonralar Göyçayın elə bu mahnının təkcə
nəqarətində dilə gətirilən gözəliklərinin
həqiqət olduğuna dönə-dönə şahidlik
etdim. Gəlin, elə
başdan başlayaq. İlk dəfə məni heyrətləndirən
nəhəng çinarları Göyçayda gördüm.
Onda 10 yaşım olardı. O çinarların üstündəki
balaca dəmir lövhələrdə «Azərbaycan SSR Mədəniyyət
Nazirliyi tərəfindən qorunur» sözlərini oxuyanda lap təəccüblənmişdim:
«Nazirlik ağacı niyə qorumalıdır ki? Bizdə -
İsmayıllıda meşələr doludur belə yekə-yekə
ağaclarla, heç onların üstündə belə
lövhələr yoxdu. Görən niyə?». Əlbəttə,
bu «böyük sirr»dən tezliklə agah oldum...
Sonralar böyüdüm. Dildə,
ədəbiyyatımızda çinarın yerini
ağacların sırasında həmişə yuxarı
başda, ucalarda gördüm. Aran Göyçaya dağ
vüqarı gətirən çinarın neçə-neçə
şeirdə vəsfinə rast gəldim. Mən də bu
ağacın, az qala zamana meydan oxuyan əzəmətinə
vuruldum. Rəsul Rzanın bir şeirindəki
«Göyçaylı çinarlar» ifadəsi oxuduğum
gündən yaddaşıma yazıldı. Şövkət Ələkbərovanın
ifasında eşitdiyim «Əgər ki, yıxılsam,
çinar göstərin» sözləri bu gün də məni
duyğulandırır. Sonralar Gəncədəki
çinarlara da belə heyranlıqla baxdım. 1993-cü ilin
mayında Zəngilanın Ermənistanla həmsərhəd
olan Kolluqışlaq kəndinə,
döyüşçülərimizin yanına Dövlət
Televiziyasından çəkilişə gedəndə, Bəsit
çayının gecə-gündüz laylay
çaldığı məşhur çinar vadisini gördüm.
Öz böyüklüyünə görə, Avropada ikinci
olan bu çinar meşəsini, az da olsa, gəzə bildim. Necə
deyərlər, başı buludlardan nəm çəkən
növbənöv çinarlar gördüm burda... Beləcə,
uşaqlıqdan ürəyimə toxum kimi düşən
çinar sevgisi illər keçdikcə, qollu-budaqlı bir
ağaca çevrildi.
Yamyaşıldı bağları
Aran rayonları içərisində Göyçay
öz yaşıllığı ilə həmişə
seçilib. Hələ
səliqə-sahmanın, təmizliyini demirəm.
Göyçaya qədəm basan adamı ən birinci
yaşıl ağacların, daha çox da
gül-çiçəyin xoş ətri vurur. İlin
bütün fəsillərində Göyçay cənnəti
xatırladır. Qış bu aran rayonunda mülayim
keçir. Ağacların yarpaq tökümü dekabra kimi
çəkir. Bir az keçməmiş - fevralın sonuna
yaxın isə artıq nərgizlər torpaqdan baş
qaldırır, söyüdlər elə bir baharın gəlməsi
xəbərini sevincindən tumurcuqlayır. Yəni,
Göyçayda qış o biri fəsillər kimi yerini istilədə
bilmir. Elə gəlişi ilə getməyi də bir olur.
Çünki nəfəsini dərməmiş, bahar
başının üstünü alır. Bir sözlə,
qışın Göyçayda bəxti gətirmir.
Qışın Göyçaylıq işi yoxdur.
Gözümüzün qabağına belə bir mənzərə
gətirin: çılpaq budaqlarda qalıb paçallanan,
içini sərçənin, ya da qaratoyuğun dimdiklədiyi,
rəngi qaraya çalan tək-tük gülöyşə
narlar... Qış, uzağı qrafika rəssamlarının əl
işini xatırladan bu mənzərə ilə
Göyçayda özünü göstərə bilər.
Bundan o yana keçə bilməz. Bir də ki, Göyçay
şəhərinin bağ və parklarına, eləcə də
küçələrinə həmişəyaşıl ağaclar
daim yaraşıq verir. Bəlkə də, bu
ağacların ən çox olduğu yer
Göyçaydır. Şəhərin mərkəzindəki
Sabir bağının yaşıllığı, burdakı
növbənöv ağaclar, çoxu ilboyu solmayan
qızılgüllər, müxtəlif gül-çiçək
kolları, bəlkə də beş bu boyda bağa bəs
edər. Yeri gəlmişkən, qoy bir faktı da deyim: bu
bağın aşağı tərəfindəki yeraltı
keçidin açılışı 50 il əvvəl olub.
Rayon mərkəzində 50 il əvvəl yeraltı
keçidin tikilməsi, burdakı inkişafın, şəhər
mədəniyyətinin parlaq nümunəsi, göstəricisidir.
Göyçayın
torpağı qızıldır, sadəcə kimyəvi tərkibi
başqadır. Dediklərim gəlişigözəl sözlər
deyil. Əllicə nar, yaxud, xurma çubuğu
götürün və torpağa basdırın. Elə yerə
bənd olmağı ilə o çubuqlar kök atacaq, 4-5 ilə
ağac olub, bar verəcəklər. Sonra 40-50 il hər payız o bar-bəhərin puluna
qızıl yox, lap brilliant da ala bilərsiniz. Elə
torpağının barlı-bəhərli olmasının nəticəsidir
ki, Göyçay həmişə çörəkli yer olub.
Çox sevir dostu, yarı
Elə çörəkli olduğu üçün
həmişə dosta qucaq açıb Göyçay. Dostdan çörək əsirgəməyib.
Bakı-Tbilisi şosesinin Göyçay şəhərindən
keçməsi də bu qədim Şirvan torpağının
qonaq-qarasını bir az da artırıb. Yolu bu tərəfə düşənlər də
çörək yemək üçün burda maşın əyləyiblər.
Bəzək-düzəksiz deyirəm: Göyçayda süfrə
mədəniyyəti həmişə yüksək olub. Qonaq bu şəhərdə kafedən, yeməkxanadan,
yəni süfrədən həmişə razı qalıb.
Burdan yolu keçənlərdən elə adam
olmaz ki, «Məmmədrəşidin stalovası»nda kabab yeməsin,
yaxud Ağdaş yolunun üstündəki yeməkxanada Qurbanəli
kişinin bişirdiyi pitidən nuş eləməsin. Dadlı yeməklər bir tərəfə, elə
şəhərə bitişik, Qarabaqqal kəndinə
yaxın, «Gülü bağı»nda qızılgül
kollarının əhatəsində, çinarların
kölgəsində çay içməyin özü
adamın ömrünə bir ömür calayır.
«Bu, Göy çaydır,
oğlanlarım»
Bakıdan Göyçaya gələndə ürəyimdə
daha çox söhbət etdiyim, daha çox duyğularıma
qanad verən unudulmaz şairimiz Əli Kərim, onun bənzərsiz
şeirləri idi. Hər dəfə Göyçay
çayının üstündəki körpüdən
keçəndə Əli Kərimin bu şeiri yadıma
düşür:
Bu, Göy çaydır, oğlanlarım,
göy dalğalı.
Bax, o dağlar başındakı
mavi göydən axıb gəlir...
Burda mütləq bir haşiəyə çıxmalıyam.
1970-ci il avqustun son günləri idi. Onda 15 yaşım vardı. Axşamüstü, rayon mərkəzindən gələn müəllim atam, adəti üzrə mənə bir kitab gətirmişdi. Balaca, yaşıl cildli bu kitabın üstündəki adı - «Qaytar ana borcunu» - adama «Məni oxu» deyirdi. Həmin gün o kitabı axıra qədər oxudum. O avqust gecəsi səhərə kimi yatmadım. O kitab, doğrudan da, gecə-gündüzümü bir-birinə qarışdırmışdı. O gecə ilk dəfə mən ayı, ulduzu, Günəşi, ağacı... dünyanı tanımağa başladım. Yaşamağın nə boyda səadət olduğunu anladım. O gecə mən bəlkə də əlli dəfə kitabdakı Əli Kərimin şəklinə baxdım. Onu indiyə kimi tanımadığım üçün özümü qınadım. Onun vaxtsız ölümünə yanıb-yaxıldım. «Qaytar ana borcunu» şeirini elə o gecə əzbərlədim. Özfəaliyyət dərnəyinin üzvü kimi kənd klubundakı konsertlərdə dəfələrlə o şeiri söylədim. O şeir sonralar - əsgərlik, universitet illəri, bir sözlə, ömrüm boyu mənimlə oldu. Əlbəttə, bu sıraya o kitabdakı bir çox əvəzsiz sevgi şeirləri də qoşulmuşdu. Düzü, belə şeirləri də ilk dəfə oxuyurdum. O vaxta qədər oxuduğum şairlərin heç vaxt adamı titrədən belə şeirlərinə rast gəlməmişdim. O gecə ilk dəfə anladım ki, dünyada poeziya deyilən ilahi bir nemət var! Və bu neməti dünyanın heç bir mal-dövləti, pulu-qızılı əvəz edə bilməz. O gündən Əli Kərim dilimin əzbərinə çevrildi. Sonralar - toyda, ad günündə, yaxud hər hansı dost məclisində mənə söz veriləndə bu şeirlər mənə kömək oldu. Əzbər dediyim bu şeirlər mənə «sağ ol» qazandırdı.
Onu da deyim ki, o balaca kitabı o illər 4-5 dəfə məndən oğurladılar. Ancaq hər dəfə onu tapdım. Kənddə məndən başqa o kitabdan heç kimdə olmadığı üçün, onu tapa bilirdim, hardansa sorağı çıxırdı. «Davadan çıxan» o yaşıl cildli kitab indi məndədir. Sonradan Ə.Kərimin ikicildliyini də almışam. Ancaq o kitabın yeri mənim üçün ayrıdır.
Sahib Şükürovun
arayışı
Göyçayın mədəni həyatından
yazı hazırlamaq adı ilə səfərə
çıxmışdım. Ona görə də
birbaşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin
yerləşdiyi R.Rza adına Mədəniyyət
Evinə gəldim. Sahib Şükürovla onu
kabinetində görüşdüm. Sahib cavandır,
iki ildir bu vəzifəyə təyin olunub. Hiss olunur ki,
işləməyə böyük həvəsi var. O,
şöbənin fəaliyyəti ilə bağlı səliqə
ilə yazılmış hesabatı mənə verdi.
Arayış:
Şöbənin tabeliyində 13 mədəniyyət evi, 16
klub, 63 kitabxana, Heydər Əliyev Muzeyi,
Tarix-diyarşünaslıq Muzeyi, R.Rzanın Ev-muzeyi, Uşaq
Musiqi Məktəbi və Ə.Kərim adına mədəniyyət
və istirahət parkı fəaliyyət göstərir. Mədəni-maarif müəssisələrində
402 nəfər işçi çalışır.
Sahib
Şükürov dedi ki, ötən il rayonun Alxasava, Çərəkə,
Potu, Ləkçıplaq, Qarabaqqal, Şəkər,
Çaxırlı, Qızılağac kənd mədəniyyət
evlərində, Müskürlü, Qaraxıdır,
Mırtı, Bəydövü, Alpoud,
Ulaşlı-Şıxlı, Şəkili, Yalman və Qaraman
(adlar gözəl olduğu üçün birbəbir
yazdım - Q.Ş.) Kənd klublarında
kompyuter, fortepiano, qarmon, rəqs, biçmə-tikmə dərnəkləri
yaradılmış və həmin mədəniyyət
ocaqlarında rəsm, poeziya klubları fəaliyyət göstərir.
İkimərtəbəli
Heydər Əliyev Muzeyi binası öz arxitekturasına
görə şəhərə gözəllik verir. Daha
çox məktəblilərin tez-tez üz tutduğu muzeyə
bu il yeni avadanlıq və iniventarlar alınıb. Rayon Mərkəzi
Kitabxanasının fondu 450 min nüsxədən ibarətdir.
Ötən il kitabxanaya 17 min, bu il isə 12 min kitab daxil olub.
Kitabxanada M.Müşfiq, M.C.Paşayev, R.Rza, C.Novruz və N.Rəfibəylinin
yubileyləri keçirilib. Təbii ki, tariximizin bütün əlamətdar
günləri şöbənin təşkil etdiyi tədbirlərlə
qeyd olunub.
Heydər Əliyev irsinin
Araşdırma Mərkəzi
Mərkəzin
tikintisinə bu ilin yazında start verilib. Yeni il ərəfəsində, yəni
2-3 ay sonra binanın istifadəyə verilməsi
planlaşdırılır. Ona görə də burda
ikinövbəli iş təşkil olunub. Sahib
Şükürov mənə tikintiyə getməyi təklif
etdi. Burdakı işin ahənginə yalnız qibtə eləmək
olar. Araşdırma Mərkəzinin binası rayonun daxili
imkanları hesabına tikilir. Tikinti aparılan küçədə
Mərkəzin maketinin böyük fotosunun əks olunduğu
lövhə vurulub. Onun şəklini çəkirəm və
inşaatçılarla sağollaşıb
ayrılırıq.
«Pəncərəmi açdım sabaha»
Min postmodernist olsun, min yeni ədəbi cərəyan
əmələ gəlsin, Rəsul Rzanın bu şeiri yox, elə
təkcə bu sətri o dövr poeziyamız üçün
təzə yox, təptəzə idi. Bu məşhur sətirlə
başlayan şeir, sanki tüstüdən boğulan otağa
açılan bir nəfəslik idi. Mən o vaxtlar bu şeiri
bu cür qəbul eləmişdim. Elə bu düşüncələrlə
də Rəsul Rzanın ev-muzeyinə üz tutmuşdum.
Qapının ağzında rastlaşdığım Tofiq
Abdullayev məlum oldu ki, qonşuluqda yaşayır və
ev-muzeyinin gözətçisidir. O, R.Rzanın oğlu
yazıçı Anarla həmyaşdır. Balacalıqda bir
yerdə çox oynayıblar. Həmsöhbətim dedi ki, Rəsul
Rzanın anası Məryəm xala rəhmətə gedəndən
sonra şairin bura gediş-gəlişi bir az seyrəldi.
Qırmızı kərpicdən tikilmiş bu birmərtəbəli
evin yüz yaşı var. Qışda isti, yayda sərin olur.
Tağlı, hündür pəncərələrə qədim,
dəmir şəbəkələr vurulub. İnanmıram ki,
indi bu cür gözəl, mürəkkəb quruluşlu şəbəkələr
hazırlayan ustalar olsun. Divarların içindəki yük
yerləri və bir vaxtlar kasaların sıralandığı
rəflər adamın içində bir xiffət oyadır.
Divarın qalınlığı, yəqin bir metrə
yaxın olar. Adamın gözünə, könlünə
rahatlıq gətirən xoş bir ab-hava var bu həyət-bacada.
Doğrusu, adam heç burdan getmək istəmir. Balaca həyətə
baxıram. Həyətdə gəzən cavan, məğrur Rəsul
Rzanı və nəcib simalı Nigar xanım Rəfibəylini
təsəvvürümə gətirirəm. Onları eyvandan
çaya səsləyən Məryəm ananın səsini
eşidirəm... Tofiq kişi sanki sakit duruşumdan
düşündüklərimi anlayır:
- Fani dünyadır da...
Təzə düzəldilmiş taxta şəbəkəli
balaca qapını açıb küçəyə
çıxıram, Tofiq kişinin əlini sıxıram.
Onu da deyim ki, ev-muzeyini Mədəniyyət və
Turizm Nazirliyi təmir edir.
«Baxsam bu dünyanın ha tərəfinə»
İndiyə kimi bəlkə də, 50 dəfə Ə.Kərimin
məzarının üstünə getmişəm. İsmayıllının cənubunda yerləşdiyi
üçün kəndimizə daha çox Göyçay tərəfdən
gedirik. Və hər
kəndə gedəndə, imkan tapıb Ə.Kərimin
uyuduğu parka - onun məzarına baş çəkirəm.
Sonralar parkda - sağ olsunlar - Əli Kərimin heykəlini
ucaldıblar. Qara mərmər başdaşındakı şəklinin
üstündəki tozu silirəm. Şair Kələntər Kələntərlinin,
Hikmət Mahmudun, Camal Yusifzadənin, Oqtay Şamilin Əli Kərimlə
bağlı danışdıqları xatirələr
yadıma düşür. Fikirləşirəm: görən,
yeniyetmə vaxtlarında bu yerləri gəzən Əli Kərim
heç ağlına gətirərdimi ki, nə vaxtsa bura onun əbədi
ünvanı olacaq. Başdaşının üstündə
1954-cü ildə - 23 yaşında yazdığı şeirdən
bir bənd həkk olunub:
Baxsan bu dünyanın ha tərəfinə,
Bir yerdə qəbrim var, on yerdə sağam.
Göy uçsa, yer qopsa, ölmərəm yenə,
Hələ neçə dəfə doğulacağam.
Ancaq başdaşında həkk olunan bənddə «ha» «hər» sözü ilə əvəzlənib. Bununla da sətrin şirinliyi itib, «hər» sözü fikrə bir rəsmilik, quruluq gətirib. Guya Ə.Kərim şipşirin «ha»nı «hər» sözü yadına düşmədiyi üçün yazıbmış...
Parka bitişik evin qapısı ağzında nurani bir qoca oturub. Yaxınlaşıb salamlaşıram. «Yəqin Əli Kərimi görmüsünüz» Qoca sanki bu sözümə bənd imiş:
- Əligil Göyçayın Hüngütlü kəndindəndir. Qonşu olmuşuq. Atası Paşa kişi sakit, kasıb bir adam idi. Birotaqlı evləri vardı. Nə vaxt baxsaydın. Əlini pəncərə qabağında oturub kitab oxuyan görərdin. Paşa kişinin bir atı və bir arabası vardı. Ona-buna yük daşıyardı, kasıbkarlığını eləyərdi. İki uşağı vardı - Əli, bir də Əminə. Əminə indi şəhərn aşağısında, su idarəsinin yanındakı bağçada işləyir. İndi işə çıxmır, evdə xəstə yatır. Sonra Paşa kişi də, biz də Göyçaya - şəhərə köçdük. Ucar yolunun üstündə hamam vardı, onun yanına. Orda da qonşu olduq.
Söhbətimizin bu yerində həyətin balaca qapısı açılır və bir ağbirçək söhbətimizə qoşulur. O, həmsöhbətimiz Balamirzə Bağırovun ömür-gün dostu Ruziyyə nənədir:
1950-ci ildə toyumuz oldu. Balamirzə «svarşik» idi. Mingəçevirə köçdük. Orda qızğın iş gedirdi. Beş il orda yaşadıq. O beş ildə Əli iki-üç dəfə bizə gəlib, gecə də bizdə qalıb. Əlinin ölüm xəbəri gələndə anasının küçə ilə ağlaya-ağlaya gəldiyi gün indi də yadımdan çıxmır. Hayıf, elə gözəl oğlan cavan getdi.
«Göyçayın narı
gözəl»
Göyçayın güleyşə narı adnan olub həmişə. O yerdə «nar» sözü işlənirsə, mütləq Göyçayın da adı çəkirlir. Bu dadda, bu tamda nar Göyçaydan başqa dünyanın heç bir yerində yetişmir. Bu möcüzəli meyvənin adına üç il əvvəl Göyçayda bir tədbir keçiriblər. Adı da olub «Nar bayramı». Elə o vaxtdan da bu bayramın keçirilməsi ənənəyə çevrilib.
Sahib Şükürov deyir ki, bu bayramın təşəbbüskarı Mədəniyyət və Turizm Nazirliyi olub. Nazirlik Göyçay Rayon İH ilə hər payız belə bir bayramın keçirilməsini razılaşdırıblar. Müsahibim bildirir ki, narçılığın inkişafı, iş adamlarının marağını rayonumuza yönəltmək baxımından bu bayramın əhəmiyyəti böyükdür. Məhz son üç ildə narın emalı üzrə sənaye müəssisələrinin tikintisi artmağa başlayıb. Bu, kəndlərdə adamları təzə nar bağları salmağa həvəsləndirir. Göyçaydakı «Aznar» nar emalı zavodunun fəaliyyəti genişlənib. Müəssisənin məhsulları MDB ölkələrindən başqa, Yaponiya, Almaniya, Zelandiya və Rusiyaya da göndərilir.
Yenə də dünyada
yaxşılıq qalar
Son illər bütün ruspublikamızda olduğu kimi, Göyçayda da mədəniyyət müəssisələrinin, tarixi abidələrin əsaslı təmiri üçün çox işlər görülür. Sevindiricidir ki, dövlətlə yanaşı, bu işlərdə yerli sahibkarlar da fəallıq göstərirlər.
Yenə Sahib Şükürovu dinləyək:
- Şəhərdəki Yuxarı məscidi iş adamı Fərhad Əhmədov əsaslı təmir elətdirib. Tarixi abidə olan Qaraman məscidi də tam təmir olunub. Bu işi də sahibkar Elxan Süleymanov öz vəsaiti hesabına görüb. İmkanlı adamların tariximizə, milli mənəvi, dini dəyərlərimizə belə hörmətlə yanaşması çox ürəkaçan faktdır. Maddi imkan zəngin mənəviyyatla birləşəndə gözəl olur.
* * *
Göyçaydan ayrılıram. Yolum üzü Bakıyadır. Bu şəhər haqqında yazacağım yazı haqqında düşünürəm. Yenə də qulaqlarımda çox sevdiyim «Yaraşıqlı Göyçayım» mahnısı səslənir:
Ucadır çinarları,
Yamyaşıldır bağları,
Çox sevir dostu, yarı
Yaraşıqlı Göyçayım.
Qorxmaz Şıxalıoğlu
Mədəniyyət.- 2009.- 30 sentyabr.- S. 8-9.